Ən böyük vəzifənin
adı “Ana”dır – Mənim balam
Aybəniz Haşımova: “Dünyanın ən məşhur ifaçısı ola bilərəm. Ancaq evdəki vəzifəmi doğru yerinə yetirmirəmsə, deməli ən yararsız adamam”
“Gənclik qəzetinin” “Mənim balam” rubrikasının bu dəfəki qonağı əməkdar artist, sevilən ifaçı Aybəniz Haşımovadır. İfaçı bizimlə söhbətində gənc xanımlara tövsiyələr etməyi də unutmadı. Beləliklə, əməkdar artistin qız analarına deyəcək sözü var.
- Aybəniz
xanım, sizi yeni layihəmizdə
xoş gördük.
İstərdik bizə, gənc xanımlarımıza öz tərbiyə üsulunuzdan
danışasınız. Ümumiyyətlə,
övladınızın tərbiyəsində nələri əsas
götürürsünüz?
- Çox sağ olun. Əvvəla, bu çox gözəl bir layihədir. Hazırda belə bir mövzunu cəmiyyətimizə təbliğ etmək özü təqdirəlayiq haldır. Bunun üçün ilk növbədə sizə və rəhbərliyinizə təşəkkür edirəm. Bilirsiniz ki, mən musiqiçiyəm. Sənət adamlarının ailədə övladları ilə mütəmadi birlikdə olmaları bir qədər mümkünsüzdür. Bu, bizim işimizlə bağlıdır. Ancaq mən istənilən halda, heç zaman vacib bir vəzifənin daşıyıcısı olduğumu unutmamışam. Bu vəzifənin də adı “Ana”dır. Nə qədər məşhur, xalqın sevimlisi olsam da, heç zaman üzərimə düşən vəzifədən yayınmamışam. Hər şeydən öncə övladıma dost olmuşam. Bu, valideyn üçün çox önəmli amillərdəndir. Övladlarınız sizə inanmasa, güvənməsə, onlar həmin güvəni, dostluğu başqa yerdə axtaracaqlar. O zaman da bilmək olmaz ki, uşaqların qarşısına hansı tərbiyədən yararlanmış həmyaşıdı çıxacaq. Belə olan halda, onlar övladlarınızın zəif yerindən istifadə edib onlara zərər yetirəcəklər. Belə hadisələrin baş verməməsi üçün sadaladığım amillər mütləq şəkildə valideynlə övlad arasında baş verməlidir. Qeyd edim ki, incəsənət adamlarının övladları ilə gərək özləri məşğul olsunlar. Bilirsiniz ki, biz sənət adamlarının vaxtları çox az olur. Mən dünyanın ən məşhur ifaçısı ola bilərəm. Ancaq evdəki vəzifəmi doğru yerinə yetirmirəmsə, deməli mən bu dünyada ən yararsız adamam. Bu günə qədər qətiyyən övladımı nəzarətsiz qoymamışam. İndinin özündə də qızımın nə yeyib-içdiyi ilə maraqlanıram. Baxmayaraq ki, mənim taleyim yaxşı gətirmədi. Ancaq mən qızımla hər zaman fəxr etmişəm. Bütün hallarda özümü xoşbəxt hiss edirəm. Uşaq yaşımdan məşhur olmuşam. Amma şükürlər olsun Allahıma ki, bu günə qədər o ulduz havasında olmamışam.
- El
arasında məşhur bir deyim var: “Qızını
döyməyən dizini döyər”. Sizcə,
döymək tərbiyə üsuludurmu?
- Övladı döyməyə ehtiyac yoxdur. O, uşaqlara böyük psixoloji zərbə yetirir. Uşağı döydükdən sonra bu, öz acı fəsadlarını göstərir. Övladı döyəndə o həm fiziki, həm də mənəvi olaraq travmalar alır. Uşağı döymək olmaz, onu başa salmaq lazımdır. Səhvsiz insan yoxdur, hamının səhvi var. Uşaqların beyni ağ vərəq kimidir. Ona hər şeyi uşaqların dili ilə başa salmaq lazımdır. Onlara səhvlərini elə şəkildə izah etməlisən ki, övladınız ikinci dəfə nəyisə etdikdə anadan qorxaraq deyil, həqiqətən də etdiyi əməlin səhv olduğun anlayaraq bunu etməsinn. Anlasın ki, onu bir daha təkrarlamasın.
- Qız övladını tərbiyə etmək daha çətindir deyirlər. Çox valideyn isə qız uşağını sərbəst buraxmağa ehtiyat edir.
- Müəyyən vaxta qədər qız uşaqlarına sərbəstlik vermək olmaz. Övladınız etimadı doğruldandan sonra ona sərbəstlik vermək lazımdır. Çünki hər bir övlad ayağı üstə sərbəst dayanmağı öyrənməlidir. Əgər o, öz ayaqları üzərində dayanmağı öyrənməsə, gələcəkdə valideynsiz yaşamaq onun üçün çətin olacaq. Həyatın qanunu budur ki, valideynlər ömür boyu övladlarının yanında ola bilmirlər. Hər kəsin həyatının tükənən, dayanan bir nöqtəsi var. Biz valideynlər övladlarımıza elə bir şərait yaratmalıyıq ki, biz olmayanda onlar öz ayaqları üzərində dayana bilsinlər. Özünü sərbəst həyatın ağuşuna atanda özlərini itirməsinlər. Həyatda sağlam addımlarla irəliləsinlər. Mənim oğlum olmayıb, ancaq buna baxmayaraq, bilirəm ki, oğlan uşaqlarını tərbiyə etmək qız uşaqlarından daha çətindir. Oğlanları daha fərqli - qorxmaz, igid böyütmək lazımdır. Qız uşağını böyütmək o qədər də çətin deyil. Oğlan uşaqlarını böyütmək çox çətindir. Bunu ətrafımda olan valideynlərdən görmüşəm.
- Cəmiyyətimizdə
tək qadının qız övladı böyütməsi yəqin
ki, çətin olar.
- Burada elə də bir çətinlik yoxdur.
Ailəmdən aldığım tərbiyəyə əsasən
övladımı o cür
böyütdüm. Deyirlər ki, “uşaqlarınızı başqa
cür tərbiyə etməyə
çalışmayın. Onsuz da o böyüyəndə
sizin özünüzə oxşayacaq”.
Məhz buna görə gənc
xanımlara məsləhət görürəm ki, ilk növbədə tərbiyə
etməyi özlərindən başlasınlar. Valideyn özünü tərbiyəli
apararsa, o
övladın gələcəkdə heç
bir qorxusu olmayacaq. Tələbəlik illərində kimlərsə
məni qonaq çağıranda düşünürdüm ki,
evdə valideynlərim xəbərsizdir. Onlardan xəbərsiz necə gedə bilərəm? O zaman mobil telefonlar yox idi. Bizim tələbəlik
illərimizdə telefonlar
ancaq poçt məntəqələrində olurdu.
Evlə əlaqə saxlamaq üçün poçta
gedib zəng etməli idim. Əgər kiməsə zəng edirəmsə poçta pul salmalı olurdun. Mən də tələbə adam idim
və o qədər də pulum yox
idi. Ona görə də
dəvət aldığım
yerlərin 99 faizinə
getmirdim. Tələbəlik illərindən birgə gəzdiyim, günümü
keçirdiyim yeganə
insan dəyərli sənətçimiz Nuriyə
Hüseynova olub.
Nuriyyəyə o qədər inanıram
ki, övladımı
ona həvalə edə bilərəm.
Hər zaman çalışmışam
ki, özünə hörmət edən insanlarla münasibət qurum. Bir insan ki, öz ruhunu əqidəsinə qıyır,
o insanlardan qorxmuşam.
Qətiyyən o insanlara yaxın
getməmişəm. Əqidəsinə hörmət edən insanlar ətrafdakı adamlara da hörmət
edər, cəmiyyətə
ancaq xeyir verərlər.
- Müğənnilər
müsahibələrində ifaçılıq sənətinin
çətinliyindən gileylənirlər.
Qızınızın bu keşməkeşli
yolda addımlaması
ilə bağlı narahat olursunuzmu?
- İnsanın adına ləkə gətirən onun sənəti deyil, davranışıdır. Heç bir sənət insanın adına ləkə gətirə bilməz. Övladlarımız hansı sənətin yiyəsi olarsa-olsun, unutmasınlar ki, onun adını yüksəldən öz əqidəsinə, ruhuna olan münasibətidir. İnsan istəsə özünü alçalda da bilər, ucalda da. Dünyanın ən məşhur insanı ola bilərsən. Əgər ruhun zədəlidirsə, heç vaxt hörmətli qala bilməyəcəksən. Bütün övladlarımıza cəmiyyətə yararlı olmağı arzu edirəm. Əslində, Aynişan uşaqlıqdan bu sənətdə olub. Bilirsiniz ki, o, “Bülbüllər” qrupunun solisti olub. Həmin qrupda fəaliyyət göstərməsinin də səbəbi vardı. Açığı, onu evdə kimsəsiz, dayələrin yanında qoymamaq üçün hara gedirdimsə, yanımda aparırdım. Özümlə aparırdım ki, gözümün qabağında olsun. Aynişanı gözümün qabağından bir dəqiqə də olsun kənara buraxmamışam. Ömrümdə bir dəfə onun özümdən kənarda yaşamasına imkan vermişəm. O da universiteti bitirdikdən sonra magistraturaya Türkiyədə qəbul olandan sonra. Aynişan ona qədər mənim yanımda özünü doğrultdu, mən də ona bu etimadı göstərdim. Qızıma kənardan nəzarət etdim və anladım ki, dünyanın ən ucqar nöqtəsinə belə qızımı tək göndərə bilərəm. O, mənim bütün xarakterlərimi mənimsəyib.
Xəyalə Rəis
Kaspi.-2015.-9 oktyabr.-S.17.