Üfüqdə əriyən şəfəqlər

 

Bir ana ürəyi hökm eləyəndə qranit qayalar muma dönməlidir

“Məktublar” silsiləsindən

 

Arzuların, xəyalların yolunu itirəndə doğmasını tapmayan çarəsizlər kimi öz-özümlə döyüşdüyüm məqamlarda bir şirin sözə, məlhəm səsə elə ehtiyacım olur ki… Üfüqlərin əlçatmazlığında anamın intizarlı baxışlarını duyuram. Qulaqlarımda isti misralar səslənir, Ana!..

Mən hara baxsaydım üfüqlər kimi

Səni görərdim.

Üfüqlərin yayılan şəfəqləri kimi

Səni görərdim.

Səhərin gözümə açıl deyərdi,

Axşamın gözümdə gecələyərdi.

Hardasa azdırdın gümanımı sən,

İtirdin əbədi ünvanımı sən.

Doğrudan əlçatmaz üfüqlər oldun,

Üfüqdə əriyən şəfəqlər oldun...

Bu itən xəyalların dalınca yüyürə-yüyürə, gəlib sənin şeirlərinlə yenidən baş-başa qaldım, Məmməd ARAZ! Misraların məni öz qanadlarında haralara uçurmadı. Hissimə-duyğuma həsrət yağışı yağdı. Pəjmürdə ovqatımı şeirlərinlə oxşadım. Öz nisgilim bəhanə oldu. Övladlarımın yerinə özümə bir ağı dedim. Həqiqətən də, “Uşaqlıq itirmək, gənclik itirmək, ana itirəndə yada düşərmiş”.

Kitablarını yenidən vərəqlədim. Nə vaxt səni sakit ürəklə oxuya bilirəm ki... Anaya, qadına və qızlarımızın ünvanına yazılmış şeirlərin ruhundakı kövrəklik yenidən titrətdi məni. Ana südü, dağ çiçəyi kimi məlhəm misraların varlığımda yaratdığı təlatümlər məni elə tərpətdi ki... Xəyalım haralara qanadlanmadı... Çoxdan itirdiyim əzizlərimin surəti gözlərimin önündə dayandı. Anan Cahanın- doğmaca bibimin bayatısı gəldi qulağıma: “ Məni görən ağlasın...” Bu fikri mən bir neçə dəfə yazılarımda demişəm. Bibimin şairliyi laylaları, südü və deyimləri ilə ruhuna hopmuşdu. Anaya qismət olmayan şairlik oğulun payında imiş. İlahi bir diktənin, müqəddəs bir məhəbbətin təsiridir ki, qəlbən əmin olmaq istəyirdin: Bir ana ürəyi nəğmə deyəndə laylı buludlar yerə enməlidir.Bir ana ürəyi hökm eləyəndə qranit qayalar muma dönməlidir.” Və buna görə də uzun müddət bir dəhşəti ürəyinə yaxın qoymadın ki, ana dəfn oluna , gözəl qocala. Günlərin birindəcə

Üzümə dəyməyir ana nəfəsi,

Nə bərk yuxudayam, nə bərk yuxuda -

deyərək üzüntülü günlərin içində yuxuların yalanına inandın. Özünü aldatmaq xoşuna gəldi: “ Bu yalanın bir gecəlik doğrusunda anam gələ”. İnanmaq istəmədiyin həqiqətin - ana yoxluğunun qəhəri varlığını göynətdi, misralarını ağlatdı:

Hansı şair qələmindən uçub görən?

Anaları vəsf edən ilk qaranquş şeir?

Hansı qəlbin uçurumundan qopub görən,

“Ana öldü”- haraylayan ilk bayquş şeir?

 

Bilirəm ki, uzun müddət o müqəddəs insanın yoxluğunu özünə yaxın qoymadın. Ayların, illərin həsrətilə razılaşa bilmədiyin acı həqiqət bir gün sənə inandırdı:

Daha gəlməyəcək anamın səsi,

Mənə taleyin yumruğu dəydi.

Fikir yüklü xəyal gəmin qəbiristan limanında qədər lövbər salsa da lal uşaq kimi hönkürdüyün günlər olsa da, yer üzündən üzülmüş o qayğılı səs bir daha eşidilməzdi. “ Ana itirmişəm ana yaşındaharaylayaraq özünü bağışlaya bilmirdin:

Mənə bir dərd olur, dərd olur neçün,

Anamı sinəmdə dəfn etməmişəm.

Bu titrək niyələrin həyəcanındakı oğul məhəbbəti, övlad sədaqəti istər-istəməz adamı düşündürür. Məmməd Araz, “Dağlara qar düşdüadlı şerinin təsir gücü mənim üçün indi tamam başqa mənadadır. Doğrudur, sinəmizi dağlamış ana itkisi bir daha öz əzabı ilə köksümüzü dağıdır, Dünyanı bürümüş bəyazlıq qapqara kədərə dönərək ürəyimizə tökülür:

Dağlara qar düşdü, elə qəmginəm...

Dağlara qar düşdü, bilirəm bu dəm,

Anamın qəbri qar altındadır,

Anamın qəlbi qar altındadır.

 

Özümü qədər tox tutmağa çalışsam da, mənim ürəyimə qapqara kədər, sənin məzarına bəyaz qar yağır ana! Bu doğmaların sırasında indi sən varsan Məmməd Araz! Amma mən səninlə heç zaman keçmiş zamanda danışa bilmərəm. Çünki mənim üçün həmişə varsan. Şeirlərini oxumaq, elə səninlə danışmaq, daha doğrusu dərdləşmək deməkdir.

Anaya aid şeirlər hamıya əzizdir. Ürəyimizi köksümüzdən çəkən bu şeirlərin hər bəndində, hər misrasında ana intizarı, anasızlıq dərdi gözlərimizi doldurur, uzun müddət biz bu əzablarda qovuruluruq. O unudulmaz insanın həsrəti ruhumuzu dara çəkir. Bircə dəfə anamızın səsini eşidə biləydik. Əlyetməz istəkdir.

Anadan sonra Məmməd Araz yaradıcılığında ikinci sevilən obraz Qadındır. ŞairinNaməlum qadına məktublarsilsiləsində yaratdığı ilahi şeirlərindən söz açmamaq olmur. Məmməd Arazın yaradıcılığında üç müqəddəs varlıq var: ana, qadın övladtaleyin töhfəsi olan qızları. Ana nisgilində çoxumuz ərimişik. Bir ilahi sevdanın həsrətini çəkmişik. Vətən qızlarının qeyrəti önündə çoxumuz əyilmişik. Amma heç birimiz mənim oxuduğum şairlərdən heç biri belə sərrast, mənalı deməyib:

Mənim qara şanım, mənim duzum,

Mənim nar ağacım, azəri qızı!

Şairə görəQadın əli toxunmayan bir masa yağış görməz səhraya bənzər”. LirikO”nun şeirlərdə müxtəlif adı olsa da, ən gözəli İsmi Dönükdür! Şair hərdən o zalımı sanki silkələmək üçün dilə gəlir:

Sənsiz bir anıma dedim bir ildi,

Dərdimi bacı, ana bildi...

Məhz bir gözəlin eşqinə yüzünə biganə olan lirikmən”in əzabları doğma təsirlidir:

Hardasa qab yuyan, ev yığışdıran

Yetim qocalığın qorxudur məni.

 

Ötən günlərin qulağı heç bir ahı-amanı eşitmir. Soyuyub-soluxan qütb ulduzu kimi olub-keçənlərdən bir əlacsızlıq tökülür. bir gün:

Bu necə gəlişdir düşdü meylinə,

Bu qədər mehriban, niyə danışdın?

Mən axı, bu sayaq qadın mehrinə,

Qadın nəfəsinə yadırğamışdım...

Bu həzin etiraf o qədər doğmadır ki, xatirələr dilə gəlir. Bəşəri yangıya çevrilmiş misralar varlığımı titrədir:

Bizim faciəmiz qəhqəhəli qəm,

Bizim komediyamız qəm dolu gülüş.

Məhəbbət körpümüz deyə bilmərəm,

Necə tikilmişdi, necə sökülmüş...

Beləcə, mürgülü günlərin titrək oyanışı baş verir, tərpənmiş göynərti adamın köksünü odlayır. Bir ünvana dönə biləcəyimiz döngədə ayrı səmtə uzanan yolların qəfil peydası sinənə çalınçarpaz dağ çəkməzmi? Ömrün yaşıl köynəyi didiləndə yorğun xatirələrdən başqa nəyə əl yetər?! Yaxşı ki, dərdləşməyə belə ilahi misralar var:

Əl soyudu, könülod qalamır,

Gün gün üstə xəzəl kimi qalanır.

Bir elinən tikdiyimiz qalanı

Bir əlinən oymağın da olarmış.

Düzü kəsən əyri yollar ömrün qürubunda yorğun xatirələrlə üzbəüz qoyur bizi: “ On beş il əvvələ yol yoxdur daha”, “ Təklənən yarpağı şaxta yedəklər”. Onda çəkilən haraylar tüstümüzü təpəmizdən çıxardar:

Bu sevdadanyetirdik, nə üzdük,

Dalğasına nə qərq olduq, nə üzdük.

Axır səni düzdə qoydu bu düzlük;

Unut məni, aldat məni, at məni!

Məmməd Arazın Qızlaradlı şeiri poetik gözəlliyi ilə seçilməyi bir yana, həm nəsihətamizdir:

Eşqiniz olnasın çürük sap kimi,

Əllərdə gəzməyin bir kitab kimi.

Sizə yetim deyən olsa, qızlarım”. Belə bir dolnuş şeiri var Məmməd Arazın. Qəribədir, ilk dəfədir mən bu şerində şairin elə bil ki, meydan oxuduğunu duyuram:

Demək, Günəş Yer üzünə qarğıyıb,

Demək, sənə, Vətən eşqim, qar yağdı,

Demək, kardır Azərbaycan torpağı,

Sizə yetim deyən olsa, qızlarım!

Məmməd Araz bioqrafiyasını poetik şəkildə şeirə çox ustalıqla gətirib: “Sel boğan dərələri bir mərd qadınla keçdim”. Bütün keçilməzlikləri keçmək qüdrətinə malik olduğu üçün xəyanətin mərdanəliyə yorğan olduğu məqamlarda istəkləri həmişə onu yola!” səsləyib. Bu səbəbdən biz onu həmişə ürəyi güzgü görmüşük. Yalanın yalmanına əli dəyməyib. Məmməd Araz təkcə şeirləri, şəxsiyyəti, varlığı, min təəssüf ki, neçə illər az qala adət etdiyimiz sonda ömrünə balta çalan xəstəliyi, bir ona olan sevgisi ilə hamıdan seçildi .Mən kiməm, nəçiyəm?” bu sualı özünə verən Məmməd Araz bir şeirində oxucusuna da yol göstərib:

Məni şeirimdə gəz bir insan kimi,

Qəlbimdə varsa ona demişəm;

Anadan-bacıdan gizlətdiyimi

Kağızdan, qələmdən gizlətməmişəm...

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

kaspi.-2015.-14 oktyabr.-S.13.