YeniKaspiLiseyi açıldı

 

Sona Vəliyeva: “Biz milli təlim-tərbiyəni, ənənəyə sadiqliyi əsas götürərək, beynəlxalq təhsilin ən mütərəqqi metodlarını təhsil sisteminə gətirdik”

«Milli təhsil konsepsiyası ulu öndər Heydər Əliyevin bizə qoyub getdiyi mirasdır. Milli təhsilə önəm vermək ulu öndərin layiqli davamçısı, cənab İlham Əliyevin də tövsiyəsidir”. 15 sentyabr - Bilik Günündə Kaspi Təhsil Şirkətinin Xətai rayonunda ( şəhər) fəaliyyətə başlayanKaspiLiseyinin açılış mərasimində səslənən bu fikirlər ölkənin təhsil sahəsinə özünün milli konsepsiyası ilə töhfə verəcək yeni bir təhsil ocağının fəaliyyətindən xəbər verdi. Sayca 2-ci olan Liseydə 2014-2015-ci tədris ili üçün, 1-ci sinifdən 9-cu sinfə qədər 200-dən bir qədər çox şagird təhsil alacaq.

 

Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva şagirdləri və valideynləri Bilik Günü münasibətilə təbrik edərək «Kaspi» Liseyinin Azərbaycan təhsil məkanında daşıdığı konsepsiya ilə yeni olduğunu bildirdi: “Cənab prezident İlham Əliyevin gözəl bir fikri var: «Biz illərlə imperiyaların tərkibində yaşadıq. Ancaq milli adət-ənənəmizə, dəyərlərimizə sadiqliyimiz imperiya içində assimilyasiya olmağımıza imkan vermədi». Bu, vacib məsələdir. Ona görə biz konsepsiyada əsas xətt kimi milli məsələni götürdük». Milli təhsillə birgə beynəlxalq metodikaya əsaslanan yüksək təhsilli, şəxsiyyətcə mükəmməl şagirdlər, gələcəyin dövlət qurucularını, eyni zamanda, dünyanın ən aparıcı məktəbləri ilə rəqabət apara biləcək peşəkarlar, məsuliyyətli insanlar yetişdirmək amalı ilə Liseyin fəaliyyətə başladığını bildirən təsisçi dövlətin təhsil siyasətinə dəstək olmağın qürurverici hal olduğunu qeyd etdi: «Biz milli təlim-tərbiyəni, ənənəyə sadiqliyi əsas götürərək, eyni zamanda, beynəlxalq təhsilin ən mütərəqqi metodlarını təhsil sisteminə gətirdik». S.Vəliyeva qeyd etdi ki, Liseyi digər təhsil müəssisələrindən fərqləndirən əsas xüsusiyyət 7 bənddən ibarət konsepsiyaya malik olmasıdır: “Konsepsiyanın əsas xətti millilikdən sonra mükəmməllikdir. Valideyn və cəmiyyət qarşısında öz məsuliyyətini, həyata müstəqil başlayandan sonra dövlət qarşısında məsuliyyətini dərk edən gəncliyin yetişdirilməsi çox vacib məsələdir. Bu gün təhsilinə məsuliyyətlə, sabah seçdiyi peşəyə yaradıcı yanaşan gəncliyin yetişdirilməsi əsas məqsəddir. İnnovativ təhsil əsasında yetişmək, eyni zamanda onu gələcək fəaliyyətinə tətbiq etmək, elmi-texnoloji cəhətdən tam savadlı olmaq – dövlətinə, millətinə fayda vermək, bütövlükdə tam sağlam bir gəncliyin yetişdirilməsi nəzərdə tutulub”. Təsisçi Liseyin konsepsiyasının həyata keçirilməsi üçün ilk növbədə müəllim kollektivindən başladıqlarını qeyd etdi: “Müəllimdən sonra məktəbin ikinci göstəricisi onun texniki təchizatıdır. Bütün siniflər ağıllı lövhələrlə, kompyuterlərlə təmin olunub. Biz milli təhsil və tərbiyə ilə birgə innovativ təhsildən danışırıq”. Şərəfli və məsuliyyətli işlə məşğul olmağın fərqində olduqlarını bildirən S.Vəliyeva “Biz Azərbaycan cəmiyyətində bu gün sizin, dövlətimizin arzuladığı övladı böyütmək, gəncliyi yetişdirmək istəyirik”- deyə qeyd etdi: “Bu gün dünya qloballaşır. Bizim uşaqlarımız «Avropa» deyib milli dəyərlərdən imtina edəcəklərsə, onda o təhsil bizə heç nə verməyəcək. Bu məktəb həm də milli tərbiyəni həyata keçirəcək. Sizin övladınız elə böyüyəcək ki, sabah o, ailə münasibətlərinə sadiq qalacaq. Ailə qarşısında borcunun nədən ibarət olduğunu dərk edəcək. Azərbaycanın azadlığı uğrunda şəhid olanların ruhu qarşısında soydaş borcu olduğunu anlayacaq. Əgər biz milli dəyərlərə sadiq ruhda övladlar böyüdəcəyiksə, onda çox xoşbəxtik...» S.Vəliyeva üzünü valideyn və şagirdlərə tutaraq: «Söz veririk ki, sizin etimadınızı həmişə doğrultacağıq. Siz həmişə burada yeniliklərin şahidi olacaqsınız» - deyə çıxışını tamamladı.

 

«Bu gün yeni bir məktəb açılır, yeni bir təhsil ocağının bünövrəsi qoyulur. Məktəb açılması, gələcək vətəndaşlarımızın yetişdirilməsi vətənin, millətin yaşaması deməkdir» - deyə çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, millət vəkili Yaqub Mahmudov təhsillə bağlı çoxlu arzularının olduğunu dilə gətirdi: «Çoxları bilir ki, mən Azərbaycanın ilk Təhsil qanununun müəllifiyəm. Təhsillə bağlı çox böyük arzularım var. İlk arzum Azərbaycan təhsilinin milli dəyərlərə söykənməsi ilə bağlıdır. Hər bir təhsil ocağını bitirən Azərbaycan gənci öz milli dəyərlərinə və varlığına bağlı olmalıdır. Təhsil milli tərbiyə sistemini yaşatmalıdır. Təhsil ocağı o qədər müqəddəs olmalıdır ki, orada heç bir mənfi hal baş verməməli, istedadın yolu açıq olmalıdır. Mən təhsillə bağlı bütün düşüncələrimin təntənəsini məhz bu Liseydə görürəm”. Millət vəkilinin sözlərinə görə, dəyərlərimizin hamısı gələcək istedadların üzərində qurulmalıdır: “Ancaq bilik hər şey demək deyil. Bilik vətənin ziyanına da işləyə bilər. Bilik öz vətəninə, məmləkətinə xidmət də edə bilər. Bilik o zaman öz məmləkətinə xidmət edir ki, öz məfkurəsinə söykənir. Təhsil sistemimizdə bu məsələyə böyük ehtiyacımız var. Sevinirəm ki, Liseydəki təhsil konsepsiyası Azərbaycançılıq məfkurəsinin üzərində qurulub. Azərbaycanda bu məktəblə yeni bir cığırın əsası qoyulub. «Kaspi» Liseyində bütün sistemin istedad üzərində qurulmasını alqışlayıram». Y.Mahmudov bildirdi ki, təhsil tərbiyə ilə sıx bağlı olmalıdır: “Əgər mili ənənələr, tərbiyə sistemi təhsildə bariz nəzərə çarpmırsa, o uşaqlar da bizimki deyil. Bu baxımdan, “KaspiLiseyinin önəmli cəhətlərindən biri təhsilin tərbiyə ilə sıx əlaqədə olmasıdır. İstedada hər bir şərait yaradılmalıdır. Lisey bizim ənənələrimizi yaşadacaq. Bizim gələcəyimizi istedadlar müəyyənləşdirəcək».

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev bu gün məktəbə qədəm qoyan uşaqların çox xoşbəxt olduqlarını söylədi: “Kaspi» Liseyi onlar üçün gözəl şərait yaradıb. Məktəbin texniki təchizatından tutmuş müəllim seçiminə qədər hər şey o qədər dəqiqliklə həllini tapıb ki, şagirdlər və valideynlər seçimdən yalnız razı qala bilərlər. Bu Liseydə elə müəllimlər var ki, övladlarınızı onlara etibar edə bilərsiniz. Azərbaycanda çoxlu biznes sahələri qurulur, amma məktəb tikintisi müqəddəsdir». Millət vəkili böyüyən nəslin milli ruhda tərbiyəsinin vacib amil olduğunu diqqətə çatdırdı: «Şagirdlər ilk növbədə vətənpərvər ruhda böyüməlidirlər. İnsan vətənini sevməsə, ondan vətəndaş olmaz. «Kaspi» Liseyi şagirdlərin milli ruhda təhsil alması və tərbiyələnməsi üçün hər cür şərait yaradıb».

«Kaspi» Liseyinin fəaliyyətini gələcəyə uzanan yolun astanası adlandıran millət vəkili Hüseynbala Mirələmov qeyd etdi ki, bu uşaqlar oxuyub məktəbi bitirəndən sonra ölkəmizin ən istedadlı mütəxəssisləri olacaqlar: «Liseyin məramnaməsi ilə tanış oldum. Azərbaycançılıq, milli təfəkkürə söykənən bir Liseydir. Övladlarının təlim-tərbiyəsi ilə valideynlər özləri də məşğul olmalıdır. Məktəb-valideyn əlaqəsi olmasa təlim-tərbiyə kompleks şəkildə həll oluna bilməz».

 

«Kim savadlı millət görmək istəyirsə, diqqətini təhsilə verməlidir. Kimlər diqqətini təhsilə verirsə, o millət yaşayır. Çünki onlar gözəl bir nəsil yetişdirirlər. Bu baxımdan mən «Kaspi» Liseyin fəaliyyətini təhsil sistemimizdə hadisə hesab edirəm» - deyə AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı qeyd etdi: “Təhsilin inkişafında onun texniki təchizatı da mühüm rol oynayır. Bu baxımdan Lisey müasir, innovativ texnoloji avadanlıqlarla təchiz olunub. Uşaqlara təhsil verən müəllimlərdir. Hər kəs bu Liseydə müəllim işləyə bilməz. Yüz nəfər içərisindən 1-2 nəfər seçilərək bu təhsil ocağında müəllim kimi çalışa bilir. Ona görə siz övladlarınızı bu Liseyə göndərəndə rahat olacaqsınız. Bu məktəbdə yalnız biliyin, tərbiyənin rəqabəti olacaq”.

 

Xətai rayon icra hakimiyyəti başçısının müavini Rafiq Quliyev rayon ərazisində belə bir təhsil kompleksinin fəaliyyətə başlamasına görə Lisey rəhbərliyinə təşəkkürünü bildirdi. O qeyd etdi ki, rayon ərazisində 37 ümumtəhsil məktəbi fəaliyyət göstərirsə, onlardan 5-i liseydir. Məktəblərdən 31-i dövlət proqramına uyğun olaraq əsaslı təmir olunub və istifadəyə verilib: «Bu yaxınlarda prezident İlham Əliyevin iştirakı ilə 264 saylı ümumtəhsil məktəbində və 5 saylı texniki liseydə açılış oldu. «Kaspi» Liseyinin bu rayonda açılması və fəaliyyətə başlaması düzgün seçimdir. Çünki Xətai rayonu böyük təhsil ənənələrinə malikdir”.

 

Sonda çıxış edən Liseyin direktoru Asif Əzizov açılış mərasiminə qatılan hər kəsi salamlayaraq mənəvi dəstək üçün onlara təşəkkür etdi.

 

Liseyin birinci sinif şagirdlərinin aparıcılığı ilə keçirilən mərasim Ana, Vətən, müəllim və məktəb haqqında şeirlərlə, hikmətli sözlərlə rövnəqləndi. «Kaspi» Liseyinə həsr olunan mahnı isə şagirdlərin vətənə, millətə layiq vətəndaş kimi böyümələrinə, təhsilin həyatlarında mühüm yer tutacaqlarına inam kimi səsləndi.

 

Təranə Məhərrəmova

Kaspi.-2015.-16 sentyabr.-S.9.