Xoşbəxtəm
ki, bu millətin
qızıyam
Aybəniz
Haşımova: “Rəhmətlik Heydər Əliyev mənə
həmişə deyirdi ki,
səni yalnız səhnədə görürəm, sən nə
bilirsən prokuror olmaq
nədir...”
Əməkdar artist, “Bülbüllər” qrupunun
yaradıcısı, səmimi insan Aybəniz
Haşımova yeni ildə ilk
müsahibimiz oldu. Sənətçi
bizimlə söhbətində keçmişə səyahət
edərək, bu günkü
şou-biznesin olmazlarından da danışdı.
- Yeni
ildə xoş gördük
sizi, bayramınız mübarək. Aybəniz
xanım bu ildən nələr gözləyir?
- Çox sağ olun. Bütün dünya azərbaycanlılarının bayramını təbrik edirəm. Qoy bu il hər kəsə ruzi-bərəkət, əmin-amanlıq gətirsin. 2015-ci ildə ən böyük arzum işğal altında olan torpaqlarımızın geri qaytarılmasıdır. Hesab edirəm ki, bunu hər bir Azərbaycan vətəndaşı arzulayır. Bu il solo konsert proqramı ilə çıxış etməyi düşünürəm. Allahın izni ilə bu konsert baş tutsa, çox sevinərəm. Bu ilə olan arzularım çoxdur, onlar saya gəlməzdir. İnşallah, yaşayarıq görərik.
- Necə bir konsert proqramı ilə
çıxış etməyi düşünürsünüz?
- İfa etdiyim əsərlərin üzərində işləyib, yenidən tamaşaçılara çatdırmaq istəyirəm. Mənim ifamda ilk dəfə dinləyə biləcəyiniz mahnılar da həmin konsertdə yer alacaq. Tələbələrimlə səhnədə ustad dərsləri göstərmək niyyətindəyəm. Qoy xalqımız onları tanısın. Tələbələrimin ifasında görsünlər ki, bizim gənclərimiz nəyə qadirdirlər. Səhnədə yalnız solo konsert olacaq. Başqa sənətçilərlə səhnəni paylaşmağı düşünmürəm. Tələbələrim o qədər çoxdur ki, onlardan mənə vaxt qalsa, böyük şeydir (gülür).
- Hazırda
hansısa bir əsər üzərində
çalışırsınızmı?
- Son iki ildə 40-a yaxın mahnı ifa etmişəm. Bu səbəbdən 2015-ci ildə yeni mahnı ifa etməyi düşünmürəm.
Oxuduqlarımı sanballı şəkildə
ərsəyə gətirdikdən
sonra tam rahat olmaq istəyirəm ki, bu mahnılar
xalqa dəqiq çatdırıldı, ondan
sonra yeni mahnılar haqqında düşünəcəm. Bunlarla bərabər, dahi bəstəkarlarımızdan Səid
Rüstəmovun, Emin Sabitoğlunun, Oqtay Kazıminin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Qəmbər
Hüseynlinin və bir neçə bəstəkarların mahnılarını
solo konsertimdə ifa edəcəyəm.
- Aybəniz xanım, prokuror olmağı arzuladığınız
halda, tale sizi ifaçılıq sənətinə
gətirib. Maraqlıdır, o illəri necə
xatırlayırsınız?
- Ailədə dörd uşaq idik. Atam fəhlə olmasına baxmayaraq, bizi yaxşı dolandırırdı.
Məni Heydər Əliyev bəyəndi. O, Gəncəyə
qonaq gəlmişdi. Məni konsertdə bəyənibmiş.
Oxuduqdan sonra mənə yaxınlaşıb alnımdan
öpdü. O zaman
təhsil naziri olan Lidiya Rəsulovaya
dedi ki, bu uşaq mütləq
Bakıya gəlməlidir.
Evə gəldim, anam soruşdu ki, necə oxudun. Dedim heç bilmirəm, deyəsən yaxşı oxumadım, amma əl çaldılar
mənə, ağlayan
kukla da verdilər. O vaxtlar ağlayan kuklanı hər adam
ala bilməzdi, almağa
pulu olanda da tapa bilməzdi.
Anam da dedi
ki, əgər yaxşı oxumasaydın,
əl çalmazdılar,
bahalı kukla verməzdilər, deməli,
yaxşı oxumusan. Heydər Əliyevin göstərişi
ilə müsabiqə
elan olundu. Çətin seçim oldu,
uşaq həddən artıq çox idi. Birinci il müsabiqədə
10 min uşaqdan cəmi
9 uşaq qalib oldu. Baxın, seçim necə
də düzgün idi. Uzaqgörənlik, işdən başı
çıxmaq budur.
Könül Xasıyeva,
Elçin Cəlilov, Zakir Əliyev, Nuriyyə Hüseynova, Könül Kərimova, Gülüstan Əliyeva, mən və iki oğlan seçildik. Həmin iki oğlan
sonra sənətdən
uzaqlaşdılar. Müğənni olmaq istədiyimi eşidəndə valideynlərim
etiraz etdilər.
Sonra gecə ilə ulu öndər Heydər Əliyev məni Bakıya gətirtdi. Atam məni Bakıda
qoyub qayıtdı.
Çox
darıxırdım, o gedən
yola baxıb hey ağlayırdım. Anamgil Bakıya
gəlməyə məcbur
oldu. Onlar Bakıya gəldikdən
sonra rahat dərsimə gedib-gəlməyə
başladım. Ağlıma belə gətirməzdim ki, nə zamansa
müğənni olaram.
Bu gün də
öz-özümə düşünürəm,
necə oldu ki, müğənni oldum. Sənətə gəlmək kimi
məqsədim olmayıb.
Mən Bakı Dövlət Universitetinə qəbul olunmuşdum. Bu xəbər rəhmətlik
Heydər Əliyevə
çatan kimi, bundan narazı qalıb. Göstəriş verib ki, məni oradan çıxartdırıb aparsınlar
konservatoriyaya. Yəni mənim
sənətdə olmağımı
hökumət istəyirdi,
ulu öndərimiz istəyirdi. Rəhmətlik
ümummilli liderimiz mənə həmişə
deyirdi ki, səni yalnız səhnədə görürəm,
sən nə bilirsən prokuror olmaq nədir...
- Yeganə övladınız olan Aynişanla dost, yoxsa ana-övlad münasibətindəsiniz?
- Bu dünyada Aynişan mənim hər şeyimdi, atamdı, anamdı, yol yoldaşımdı. Atası rəhmətə
gedən vaxtlar gecələr ağlamağımı
anlayırdı. Bir gün
axırda dözmədi
və otağa gəldi, onu görən kimi tez özümü yığışdırdım. 2 yaş yarımlıq idi, yanımda oturdu və dedi ki, niyə
ağlayırsan, Xalidə
görə ağlayırsan,
ağlama, o, gələcək.
Mən ondan sonra evdə
ağlamağı tərgitdim
ki, uşaq bundan təsirlənməsin.
Aynişan mənə görə
çox əziyyət
çəkib. Mənim yuxusuz
gecələrimin oğrun-oğrun
kənardan izləyən
şahididir. O uşaq
məni o qədər
anlayır ki... Onun həm atasıyam, həm anası. Aynişan deyir ki, ana,
sənə baxanda elə bilirəm ki, arxamda bir
ordu dayanıb. Doğru da düşünür, çünki mən tək deyiləm, ordum var, bu,
sevən insanlarım və millətimdi. Mən bilirəm ki, hansı an
çətinə düşsəm,
millətim yanımda olacaq. Ona görə də
xoşbəxtəm ki,
nə yaxşı, mən bu millətin
qızıyam.
- Yaşlı sənətçilər deyirlər
ki, bizim zəmanəmizdə tanınmaq
çox çətin
idi, bu gün
isə şou-biznes bir oyuncağa çevrilib. Bu fikirlərlə
razısınızmı?
- Əvvəllər şou-biznes
deyilən bir şey yox idi. Bizim dövrümüzdə
yalnız Azərbaycan
mədəniyyəti və
incəsənəti var
idi. Mənim üçün yenə də bir tək Azərbaycan
incəsənəti var. Danılmaz
faktdır ki, bu gün vətənimizdə
əsl şou-biznes də yoxdur. Şəxsən mən onu görə bilmirəm.
Bizim şou-biznesdə qalmaqaldan
başqa heç nə yoxdur. Belə şou-biznes olar? İstəməzdim ki, musiqi mədəniyyətimizin adı
dəyişilib şou-biznes
olsun. Düzdür, hazırda dünyada
şou-biznes deyilən
bir sənət yayılıb. İstədilər ki, bizdə də elə bir şey yaratsınlar.
Amma bu gün sənət
aləmi oyuncağa çevrilib, kimin pulu varsa, özünə
sərmayə qoyub səsinin olmamağına
rəğmən, efirlərdə
mütəmadi olaraq görünür. Adını müğənni
qoyub, öz aləmində guya oxuyurlar. Mən tamaşaçıları da qınaya bilmirəm. Necə ki keçid
dövrü oldu, insanlar yaşam tərzlərini dəyişdilər,
mədəniyyət aləmində
də qulaq tərzi dəyişdi.
İnsanlar düşünür ki, əgər kimsə efirə çıxıb nəyisə
müzakirə edirsə,
deməli o, yaxşı
ifaçıdır. Ancaq kimsə
efirə çıxırsa,
bu o demək deyil ki, yaxşı
ifaçıdır. Azərbaycan mədəniyyətində
belə bir qanun yoxdur. Əslində efirə yalnız
dəyərli sənətçilər
yol tapmalıdır.
Bu xalq dahi
sənətkarları sevən,
onları göylərə
qaldıran, qəlbində
yaşadan xalqdır.
İndi nə dəyişdi, nə baş verdi?
Hər şeyi xalqın üstünə atmaqla da deyil. Bu gün xalqa
nəyi təqdim edirsənsə, onlar onu o şəkildə də qəbul edirlər. Nəzərə almaq lazımdır
ki, efiri izləyən tamaşaçıların
əksərinin musiqi savadı yoxdur. Musiqi savadı olan insanlar ifaçını
dinlədikdə bilirlər
ki, hansı notu düz oxudu,
hansını yanlış.
Ona görə tamaşaçılar
düşünür ki,
əgər bu, efirə çıxıbsa,
deməli səsi mükəmməldir ki, onu bizə örnək
göstərirlər.
Əzizim, pul qazanmaq yaxşı şeydir. Biz də pul qazanmaq istəyirik, ancaq baxır nəyin bahasına. Ən
azından hamımız bu millətin
övladıyıq. Gəlin, bir az da dövlətin mənafeyini
düşünək. Pul qazanmaq
naminə, veriliş daim
gündəmdə olsun deyə onu pullu edib
yerli-yersiz adamları efirə
çıxarmaq olmaz axı. Bu, iş deyil.
O zaman özləri televiziyaları da ucuzlaşdırıb hörmətdən
salmış olurlar. Nəinki televiziyaları,
belələrinə görə hətta bütün
müğənnilərin adlarını da
ucuzlaşdırırlar. Sizcə, bu nə
qədər doğrudur?
- Yəqin məhz elə buna görədir ki, son zamanlar sizi şou xarakterli verilişlərdə görmürük.
- Ümumiyyətlə, mən çalışıram ki, bir çox verilişlərə getməyim. Bunu özümə yasaq etmişəm. Əksər verilişlərə getmirəm. Hər kəs verilişlərimizin necə və hansı səviyyədə olduğunu gözəl bilir. Efir vasitəsilə verilişlərimizin ümumi səviyyəsini görürəm və orada iştirak etməməyə çalışıram. Hansı verilişdə ki qalmaqal yoxdur, məhz sənətkarın yaradıcılığına köklənib, o verilişlərdə iştirak edirəm. Qalmaqal olan verilişlərdə mənim nə işim var? 5-10 gün ömrüm qalıb. İşim-gücüm qurtarıb ki, gedim vaxtımı ona sərf edim? Ondansa, bir əsər götürüb onun üzərində çalışaram. Bilərəm ki, vaxtımı boşuna sərf etməmişəm.
Xəyalə Rəis
Kaspi.-2015.-7 yanvar.-S.12.