Düşmənlərin qənimi
Erməni separatçıları Əlif Hacıyevin başına 1 milyon dollar qoymuşdu
Həqiqətən də qəhrəmanlar ölmür. Dünyadan köçməsindən
22 il vaxt
keçsə də Əlif Hacıyev əfsanəsi hələ
də ürəklərdə
yaşayır. Qəhrəmanımız
Azərbaycanın Milli
Qəhrəmanı, Xocalı
soyqırımında şəhid
olmuş Əlif Hacıyevdir.
Sovet İttifaqı Qəhrəmanı
olmaq arzusu
1953-cü
il iyunun
24-də Xocalı şəhərində
dünyaya göz açıb. Hələ orta məktəbdə
oxuyarkən həmişə
anasına Mehdi Hüseynzadə kimi Sovet İttifaqı qəhrəmanı olacağından
bəhs edir. Amma bilmir ki, Sovet
vətəndaşları olan
rus və erməni hərbi birləşmələri tərəfindən
atılan güllə
onun həyatına son
qoyacaq və Azərbaycanın Milli Qəhəramanı olacaq.
Əlif 1970-ci ildə məktəbi bitirərək, Xankəndi
şəhərində sürücülük
peşəsinə yiyələnir. 1971-ci ildə isə ordu sıralarına çağırılır. Hərbi xidmətini Minsk şəhərində
çəkir. 1973-cü
ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü
işləyir. Əlif
SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbini
bitirərək təhsilini
SSRİ DİN-nin Akademiyasında
davam etdirir. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) daxili işlər orqanlarında müxtəlif
vəzifələrdə çalışır.
Gələcək həyat
yoldaşı Qalina xanımla da Belorusiyada tanış
olur.
Sibirə
sürgün
1984-cü ildə Belorusiyadan
yenidən Xoclıya qayıdır, sahə müvəkkili kimi çalışır. Qısa zaman
ərzində o, Xocalı
camaatının rəğbətini
qazanır. Xocalı sakinləri
onu qanunsevər bir insan kimi
tanıyır.
O vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin
uzun müddətdən
bəri gizli millətçi mərkəzi
fəaliyyət göstərirdi.
Bu mərkəzə gizli yollarla külli miqdarda vəsait, silah-sursat daxil olurdu. Ə.Hacıyev bu millətçi
mərkəzin fəaliyyətini
qorxub çəkinmədən
ifşa edir. Bu isə ermənilərə
xoş gəlmir, onları narahat edir. Çünki get-gedə Əlif
onlar üçün
böyük təhlükəyə
çevrilirdi. Buna görə də Əlifi hansı vasitəylə olursa-olsun aradan götürmə planlarını cızmağa
və bunu həyata keçirməyə
çalışırlar. Nəhayət saxta ittihamlarla
onu şərləyərək
günahlandırırlar. Guya rüşvət alması
ilə bağlı
DQMV prokurorluğunda cinayət
işi qaldırılır.
Saxta faktlar əsasında qaldırılmış
cinayət işi üzrə aparılan istintaq 9 ay çəkir və qəhrəmanımız
10 il həbs
cəzasına məhkum
edilir. Yaxınlarının
sözlərinə görə,
Əlifi tutmaq üçün onun arxasınca 5-10 adam
gəlmir. Bütün binanı mühasirəyə
alırlar və Əlifin arxasınca BMP, pulemyotla, tankla, topla gəlirlər. Hakimin verdiyi ədalətsiz hökm onu Şuşa
həbsxanasından tutmuş,
uzaq Sibir həbsxanalarına qədər
aparıb çıxarır.
1987-ci ildə Əlifin
məhkəmə işinə
yenidən baxılır
və 10 il
həbs cəzası
6 ilə endirilir. Sibirdə 4 il
həbs cəzası çəkir. Bir az sonra
isə o, tam bəraət
alaraq azadlığa buraxılır.
Ermənilərin istəyi gözündə
qalır
Ə.Hacıyev bəraət alandan sonra 1990-cı ildə yenidən Xocalıya qayıdır və ermənilərə qarşı
mübarizəsini daha
da sərtləşdirir. Yaxınları ona nə qədər
Xocalıya getməməsi
üçün yalvar-yaxar
etsələr də, ermənilərin ondan “yanıqlı” olduğunu desələr də, qəhrəmanımız dediyindən
dönmür. Xocalıda böyüdüyünü
və bu torpaqlar üçün vuruşacağını bildirir.
Beləliklə, Dağlıq Qarabağ
üzrə Təşkilat
Komitəsində, Qarabağa
Xalq Yardımı Komitəsində fəaliyyət
göstərərək erməni
millətçilərinə qarşı mübarizəsini
yenidən davam etdirir. Bu o vaxtlar
idi ki, artıq
Dağlıq Qarabağda
ermənilərin özbaşınalıqları
daha böyük faciələrə səbəb
olmuşdu. O, 1990-cı ilin dekabrında daxili işlər orqanlarına qəbul olunaraq Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinə
rəis təyin edilir. Eyni zamanda, Xocalı
Aeroportunun komendantı
idi. Yaxşı işinə görə
1991-ci ilin dekabrında
ona mayor rütbəsi
verilir.
Məhz Ə.Hacıyevin əzmkarlığı,
təşkilatçılığı nəticəsində 1991-ci ilin
martın sonlarında
Xocalı aeroportu erməni millətçilərinin
nəzarətindən tamamilə
çıxaraq Azərbaycan
hüquq-mühafizə orqanlarının
tabeçiliyinə keçir. Ermənilər üçün bu, faciə sayılırdı.
Qeyd edək
ki, o vaxta kimi Xocalı aeraportunda heç bir azərbaycanlı işləmədiyindən ermənilər
istədikləri qədər
silah-sursatı gətirib
Dağlıq Qarabağın
ərazisinə yığırdılar.
Aeroportu
əldə saxlamaq üçün fənd
Xocalı Aeroportunun strateji əhəmiyyətini başa
düşən ermənilər
aeraportu zor gücü ilə ələ keçirməyə
çalışırlar. Bunun üçün
Xankəndindən içərisində
100-ə yaxın erməni
döyüşçüsünün olduğu iki avtobus gəlir. Quldurlar aeraportu mühasirəyə
alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün
azərbaycanlılara vaxt
verirlər. O zaman
aeroportda növbədə
cəmi 30-a yaxın əməkdaş var idi. Aeroportu əldən verməmək
üçün Ə.Hacıyev
siyasət işlədir.
Aeraport binasındakı otaqların
birində səsgücləndiricinin
qarşısına keçir
və əmr veririr ki, “filan
batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s.
keçsin”. Ermənilər
elə başa düşür ki, burada azərbaycanlılardan
ibarət böyük
bir polk
var. Buna görə də
aeroportu tərk etmək məcburiyyətində
qalırlar.
Baş tutmayan sui-qəsdlər
Əlif erməniləri çox gözəl tanıyırdı. Həm də
Sovet millisi sıralarında çalışdığından
ermənilərin silah
bazalarının hansı
səmtdə yerləşdiyini
bilirdi. Həmin dövrdə silah
anbarlarının dağıdılması,
uzaq mənzilə vuran topların yerlərinin təyin edilib götürülməsi
məhz Ə.Hacıyevin
təşkilatçılığı sayəsində həyata keçirilirdi.
Ermənilərlə mübarizə Əlifi onların gözündə
güclü və yenilməz düşmənə
çevirir. Vəziyyət o həddə çatır
ki, ermənilər onun başına 1 milyon dollar pul qoyub ölümünü
sifariş verirlər.
Dəfələrlə Ə.Hacıyevə qarşı sui-qəsd təşkil edilir. Əlifin maşınına
Xankəndində mina quraşdırırsalar
da, qrantamyot, snayperdən istifadə edərək onu öldürmək istəsələr
də, istədiklərinə
nail ola bilmirlər.
Buna görə də düşmən çox çalışırdı
ki, onu Xocalı
aeroportunun komendantlığından
çıxarıb başqa
vəzifəyə aparsın.
Amma buna da müvəffəq
olmurlar. Ona Moskva
şəhəri üzrə
komendantın 1-ci müavini
təklif etsələr
də, Əlif getmir.
“Girov düşsəm, güllələyin”
Döyüş yoldaşlarının dediyinə
görə, Əlif girov götürülən
ermənilərə qarşı
heç vaxt qəddar davranışa icazə verməz, bizim əsir və girovlarla dəyişdirildiyi günə
qədər onlara zamin durarmış. O, insanlığa
sığmayan hərəkətləri
qəbul etmirdi.
Azərbaycana qanıyla, canıyla bağlı olan Əlif həmişə döyüş yoldaşlarına
deyərmiş ki, “Xankəndinə Azərbaycan
bayrağını taxsam,
ölsəm də, dərdim olmaz”.
Onun komandanlığı
altında vuruşan döyüş yoldaşlarına
isə Əlif həmişə bir nümunə olur. Tabeçiliyində olan əsgərlər heç vaxt onun bir sözünü
iki etmir. Qəhrəmanımız döyüşə gedərkən silah yoldaşlarına məsləhət
görürmüş ki,
“döyüşə gedəndə
heç vaxt fikirləşməyin ki, öləcəm, fikirləşin
ki, öldürəcəm”.
Bir dəfə
hadisələrin qızğın
vaxtında qəhrəmanımız
366-cı alayın rəhbərliyi
ilə danışığa
gedir. Döyüş yoldaşlarına da tapşırıq verir ki, kənardan
“görsəniz ki, onlar məni girov götürürlər,
məni güllələyin,
qoymayın ermənilərə
girov düşüm”.
Son döyüş
Xocalı faciəsi baş verməmişdən əvvəl
o, ermənilərin dinc
əhaliyə hücum
edəcəyini bilirdi. Bu barədə tədbir görülməsi üçün
hər gün, hər saat Bakıya
xəbər ötürsə
də, paytaxtdan heç bir kömək almır.
Xocalının blokadaya düşdüyü
vaxtda dəfələrlə
blokadanı yararaq əhaliyə yemək gətirir, mümkün olduqca milis işçilərinin
silahlanmasına çalışırdı.
Faciə
baş verəndə Əlif və dəstəsi səhər
saat beşə qədər azğınlaşmış
rus hərbiçiləri
və erməni yaraqlıları ilə vuruşur. Döyüşlər qeyri-bərabər qüvvələr arasında
getsə də, qəhrəmanımız qanlı
döyüşdə misilsiz
qəhrəmanlıqlar göstərir.
Dəstəsiylə birgə tanka,
BTR-ə qarşı avtomatla
vuruşur. Bir dəstə
dinc əhalini Ağdamın Şelli kəndinə tərəf
təhlükəsiz yerə
çıxarır və
bir daha geriyə dönərək,
yenidən döyüşə
atılır. Avtomatın darağını
dəyişərkən düşmən
gülləsi Qarabağ
cəngavərinin qəlbinə
sancılır.
Ölümündən bir neçə gün sonra Əlifin tabutunu Bakıya gətirib Şəhidlər Xiyabanında
dəfn edirlər. Milli qəhrəmanın
özündən sonra
iki qız övladı - Zərinə
və İradə, bir də ürəklərə
həkk edilən adı, şərəfli ömür yolu qalır.
Lalə MUSAQIZI
Kaspi.-2015.-9 yanvar.-S.21.