“Mən
səni sevirəm”(mi) TEATR???
Bu gün getdikcə
komfortlaşan və modernləşən həyatımızda
gözümüz görə-görə,
qəlbimiz duya-duya, ağlımız kəsə-kəsə
nələrisə itirir,
nələrisə əldən
veririk. Özü də bu itirdiklərimiz heç də həmişə köhnə dünyanın
xıltı olmur, bəzən sahibi olduğumuz elə qiymətli, dəyərli şeylər olur ki, onlar bizi
milli yaddaşımıza
bağlayır, mənəvi
dünyamıza ismarlayır.
Odur ki, getdikcə kütləşən yaddaşımız,
boşalan içimiz artıq bizə pıçıldayır ki,
onlarsız bugünkü
cah-cəlal və şıqlıq içində
belə çox yoxsul və sönük görünürük.
Qəlbimizi ağrıdan, ağlımızı
çaşdıran təhlükələrdən
biri də teatrla bağlıdır.
Sabah içimizdə onun heç nə ilə dolmayacaq boşluğuna qərq olmamaq üçün bu gün onu yaşatmaq
uğrunda çaba göstəririk.
Teatrın dəbdə olmadığı
bir zamanda nə yaxşı ki, hələ aramızda az
da olsa, öz teatrallığını
qoruyub saxlayan, uşaqlığının, gəncliyinin
ona aşıladığı
vərdişlə teartın
qapısını açanlar
var. Bəs sabah necə olacaq? Bu qapı bağlı
bir anbar qapısı kimi pas atacaq, yoxsa onu
açıb səhnənin
cazibəsinə düşmək
istəyənlər tapılacaq?
Sabah qəlbimizi bu bağlı qapıların kədərinə
bürüməmək üçün
bu gün uşaqlarımıza teatrı
sevdirməli, onları
səhnənin cazibəsinə
salmalıyıq. Özü də
bu işdə çapuq olmalı, gecikməməliyik. Nə qədər
ki, ucuz, bayağı şou onları öz ağuşuna almayıb, onların qəlblərinə
teatr sevgisinin toxumlarını səpməliyik.
Əlbəttə, bu sevgi onlarda böyüklərin
teatr xatirələrini
eşitmək, televizordan
“teatra getmək lazımdır” hökmünü
dinləmək və yaxud teatr sənətinin
böyüklüyü və
möhtəşəmliyi ilə
bağlı uzun-uzadı
söhbətlərə qulaq
asmaqla yaranmayacaq.
Çünki, yüz dəfə
eşitməkdənsə, bir
dəfə görmək
yaxşıdır. Uşaqlarımızı teatra gətirək, səhnəni görsədək
ki, onlardan gələcəyin teatral bir insanı kimi arxayın olaq.
Elə bu səbəbdən, mən
həmişə Təhsil
Nazirliyinin məktəblərə
bilet satışı
qadağasının dalısınca
deyinə-deyinə, məktəblərin,
müəllimilərin şagirdləri
teatra gətirmək təşəbbüsünü eşidib-görəndə sevinmişəm,
alqışlamışam. Amma təəssüf
ki, sonuncu dəfə görüb şahidi olduqlarımdan sonra nə Təhsil
Nazirliyinin qadağası
dalısınca deyinirəm,
nə də kiminsə şagirdləri
teatra cəlb etmək təşəbbüsünə
sevinirəm.
Bu yaxınlarda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına
Cənnət Səlimovanın
quruluşunda Əli Əmirlinin “Mən səni sevirəm” tamaşasına baxmaq üçün yollandım
və bu dəfə tamaşaya məktəblilərlə birlikdə
baxacağımı öyrənəndə
çox məmnun oldum. Teatra gedərkən həmişə
içimdə zalı
müşahidə etmək,
tamaşaçı fikri
və reaksiyasını
öyrənmək marağı
olduğundan bu dəfə daha fərqli auditoriya ilə oturmaq məni sevindirirdi. Səd heyf ki,
bu sevincim uzun sürmədi, və çox tezliklə, demək olar tamaşanın ilk dəqiqələrindəcə öz yerini zalı tərk etmək istəyinə verdi.
Ancaq dözmək,
səbr etmək qərarım və ya bəlkə də, müşahidə marağım məni sona qədər burda saxladı. Əlbəttə, qəribə, bəlkə
də, gülməli səslənir ki, teatra gedəsən, amma sən səhnəni
yox, zalı seyr etmək marağı və məqsədi ilə orda oturasan. Bu maraq heç
də ondan yaranmamışdı ki, zalda baş verənlər səhnədəkilərdən
daha maraqlı və əhəmiyyətli
idi. Sadəcə, səhnəni duymaq
və eşitmək imkanının yoxluğu istər-istəməz məni
oturub zalı müşahidə etməyə
vadar etdi. Düzdür,
tamaşanın əvvəlində
hələ ümid edirdim ki, bu
qaynaşan, səs-küylü
məktəblilər, nəhayət
ki, yerlərini rahatlayacaq, getdikcə səhnənin sehrinə düşəcək və
orada baş verənlərlə diqqət
kəsiləcəklər. Amma çifayda! Məktəbli dostlarımızı tamaşanın başlanğıcı
kimi, nə ortası, nə də sonu maraqlandırdı.
Mövzunun onlara yaxın olması: məktəb həyatından
götürülməsi, məktəblilərin
problemlərindən danışılması
da heç veclərinə gəlmədi.
Ancaq yəqin ki, teatr rəhbərliyi bu mövzunun onlar üçün daha uyğun və maraqlı olacağını nəzərə
alaraq, xüsusi təşkil olunmuş seansa məhz bu tamaşanı daxil etmişdi.
Amma insafən
deyim ki, tamaşa boyunca zalın səssizliyə büründüyü, səhnəyə
diqqət kəsildiyi,
biz böyüklərin isə
dincəldiyi məqamlar
da oldu. Tamaşada
yer alan
mahnı, meyxana və rəqs ifalarında məktəbli
dostlarımız öz
hay-küylərini unudub
səhnəyə diqqət
kəsildilər. Və yenə
insafən qeyd etməliyəm ki, bu musiqi nömrələri
ilə yanaşı bəzi hadisələr də məktəbli tamaşaçılarımızı cəlb edə bildi. Sinif yoldaşlarının yanlış
olaraq “xain” deyə üz döndərdikləri Nazının
intihar
cəhdi səhnəsində,
nəhayət ki, auditoriya öz hay-küyünü kənara
qoyub kiçicik bir şeyi bu
qədər dramatikləşdirən
bu zavallı qızcığazın öləcəyi,
yoxsa qalacağı ilə maraqlanmağa başladı. Amma həmin anda
otağa daxil olan sinif yoldaşları
boğazı artıq
kəndirə keçmiş
qızı xilas edən kimi, azyaşlı tamaşaçıların
da marağı alt-üst oldu.
Bunu da yazmasam, yəqin aktyorlara qarşı haqsızlıq etmiş olaram ki, onlar
bu məktəbli dostlarımızı maraqlandırmaq
üçün əllərindən
gələni edirdilər. Amma nə
yazıqlar ki, ifaçılar dəridən-qabıqdan
çıxıb səhnədə
nə qədər çığırıb-bağırsalar, atılıb-düşsələr, əlinə su alıb fışqırsalar,
stulları yerə çırpsalar da, şagirdləri yalnız əllərindəki telefon,
yediyi bulka, etdiyi söhbətlər maraqlandırıb məşğul
edirdi. Hətta müəllimənin hərdənbir
çevrilib vurduğu
dürtmə də onları səhnədə
iri hərflərlə
yazılmış M.S.S.-in altınnda
gizlənmiş müəmma,
rüşvətxor müəllimin
aqibəti, Orxanla Reyhanın saf məhəbbətinin taleyi
ilə maraqlanmağa vadar edə bilmədi.
Yanımda əyləşən qadın
onları tərbiyə
edənlərin qarasınca
deyinə-deyinə narazılıq
etsə də, mən əslində onlardan şikayətlənə
bilmədim. Çünki səhnədəki şagirdlərin sevimli
Sabah müəllimələrinin qarşısında dərsdəcə
çıxardığı “oyunları” görəndə
zaldakı şagirdlərə
şükür etdim.
Düzdür, mən tamaşanı daha çox səssiz düyməsi basılmış monitorda
olduğu kimi, aktyorların hərəkətlərindən
seyr etsəm də, bu gün
teatra gəlməyimə
yox, bir şeyə təəssüf
edirdim. Təəssüf
edirdim ki, teatr bu azyaşlı
balalarımızın yaddaşında
o ki var söhbətləşdiyi, hətta
gəzişdiyi, bulkasından
doyunca yeyib, telefonunu qoşub musiqiyə arxayınca qulaq asa bildiyi
(arxayınca dedim, amma hərdənbir ağbirçək qadının
çönüb etdiyi
nəsihətlər və
töhmətlər olmasa
idi, bu sözü
lap əminliklə demək
olardı), səhnə
isə aktyorun qışqırıb-bağırdığı,
atılıb-düşdüyü, “yeraz-kamaz”, “lider, yox bir space” sözlərinin döyüşdüyü
yer kimi qaldı. Tamaşa bitsə də
bu təəssüf məni bürümüşdü,
məktəbli dostlarımızsa
məmnun görünürdülər.
Hər halda teatr onların az da olsa qorxub çəkindikləri
məktəbdən fərqli
bir yer idi,
burada yalnız fasiləyə vurulan zəngin sevinci və bir də
sonu gözləməyə
məcbur edən zalın bağlı qapıları onlara məktəbi xatırladırdı.
Təhsil
Nazirliyinin məktəblərə
teatr biletlərinin satılmasını qadağa
edən edən qərarının kim tərəfindən
verilməsini bilməsəm
də, o gün teatrı o şəxsin ölənlərinə rəhmət
diləyə-diləyə tərk
etdim.
Aynurə Mustafayeva
Kaspi.-2015.-10-12 yanvar.-S.9.