“Telefonla da kino çəkərəm”
Samir Kərimoğlu: “Bu gün kino sahəsi inkişafa doğru gedir, ancaq hələ ki kiçik addımlarla”
Bir müddət Azərbaycan kinoteatrlarında milli kino qıtlığı yaşandığını dilə gətirirdik. İndi isə bir-birinin ardınca çəkilən komediya filmləri az da olsa özünü doğrultmağa başlayıb. Komediya üslubunda çəkilən “Xoxan” filminin rejissoru Samir Kərimoğlu da Azərbaycanda bu tip filmlərin daha çox izlənildiyini deyir. O, bizimlə söhbətində bir çox məsələlərə aydınlıq gətirdi.
Qeyd edək ki, özünü təkmilləşdirməyə heç vaxt fasilə verməyən Samir böyük risk edərək kiçik büdcəylə 2005-ci ildə lentə aldığı “Sirat körpüsü” filmi ilə tanınmağa başlayıb. Onun ardınca “Qanadlarıma sığal çək”, “Niyyət” və bir sıra başqa filmlərin rejissoru olub.
- “Xoxan” filmini çəkərkən
bu qədər maraq
doğuracağını gözləyirdinizmi?
- Filmin baxımlı və maraqlı olacağını öncədən təxmin edə bilirdik. Filmdə əsas obrazları canlandıran Fərda Xudaverdiyevlə Elməddin Cəfərov çox istedadlı aktyorlardır. Biz ssenaridə bir qədər dinamikliyə üstünlük verdik. Çalışdıq ki, tamaşaçı filmi izləyərkən çox gözəl asudə vaxt keçirə bilsin. Buna nə qədər nail olduğumuzu deyə bilmərəm. Ancaq bu filmə maraq gözlədiyimizdən daha çox oldu.
- Filmin
davamını çəkməyi necə, düşünürsünüzmü?
- Filmin bundan sonrakı
taleyi hələ bilinmir. Mənim başqa layihələrim
var. Hansı daha yaxşı və keyfiyyətli olsa, onun üzərində işləyəcəm. Hələ ki
ssenarilər və təkliflər üzərində
düşünürəm.
- Sizin əvvəllər çəkdiyiniz
filmlərin əksəriyyəti
dram janrındadır. Demək
olar ki, komediya janrına üstünlük vermirdiniz.
O zamanlar elə düşünürdünüz ki, komediya janrına
maraq yoxdur?
- Hər kəsin gülməyə, əylənməyə
ehtiyacı var. Tamaşaçılar
istəyir ki, izlədikləri filmdən
zövq alsınlar və film onlara uzun müddət gülüş bəxş
etsin. Sənət tərəfindən yanaşdıqda, hesab edirəm ki, dram janrına müraciət etməklə daha çox problemlərə toxunub, onları işıqlandırmaq mənim
üçün daha maraqlıdır. “Xoxan” filmini çəkməyimə əsas
səbəb isə həm özümə, həm də tamaşaçılara sübut
etmək istəyirdim ki, mən bunu
da edə bilərəm. Komediya janrında
çəkdiyim bu
film öz müsbət
nəticəsini göstərdi.
Bundan sonra da yaradıcılığımı
əvvəlki istiqamətdə
davam etdirəcəm, yəni dram janrında daha çox film çəkəcəyəm. Mən hər
zaman ağır janrlı filmlərə daha çox üstünlük verirəm.
Hazırda mənə
beş film təklifi gəlib. Onların ikisi komediya janrındadır. Ola bilsin ki, akademik
janrda komediya çəkim və bu sahədə də özümü yoxlayım.
- Bir neçə il
öncə bir müsahibənizi oxumuşdum.
Orada qeyd etmişdiniz ki, yumor janrında heç bir film çəkməyəcəyəm. Fikrinizi dəyişən nə oldu?
- Ola bilər. Əvvəllər komediya janrında
film çəkmək istəmirdim.
Çünki komediyaya ciddi
janr kimi baxmırdım. Hesab edirdim
ki, insanları güldürmək çox
asandır. Çəkməyəcəm deyə bir şey də yox idi. Yaradıcılığımda fərqlilik etmək
istədim və mənə gələn təklifi dəyərləndirdim.
Rejissorun
çəkməyəcəyi bir şey yoxdur.
Əgər mən rejissoramsa,
nəyisə çəkməyəcəm
deyə bir kapriz də göstərə bilmərəm.
Mənə elə gəlir
ki, bu, mənim
üçün ayıb
olar.
- İnsanları
ağlatmaq, yoxsa güldürmək daha asandır?
- 2009-cu ildə “Niyyət” filmini çəkmişdim.
Həmin
filmi Heydər Əliyev Sarayında təqdim etdik. Filmə 2000 tamaşaçı baxdı
və sonda tamaşaçılar salonu
gözüyaşlı tərk
etdilər. İnanmıram ki, həmin film kinoteatrlarda davamlı olaraq göstərilsəydi,
insanlar ağlamaq üçün daim gəlib o filmə baxardılar. Ancaq “Xoxan”
filmi göstərdi ki, insanların indi daha çox
gülüşə ehtiyacı
var.
- Dövlət tərəfindən ilk böyük
büdcəli film çəkmək
sifarişi gənc rejissor olaraq sizə həvalə olunmuşdu. Maraqlıdır, bu etimadı
necə qazanmışdınız?
- Mədəniyyət və
Turizm Nazirliyi mənə təsadüfən
film çəkməyi etibar
etməyib. Bunun da öz səbəbi
var. Belə ki,
2006-cı ildə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
keçirilən “Bu meydan,
bu ekran” layihəsində beş
gənc rejissora qısametrajlı film çəkmək
həvalə olunmuşdu.
Mən də Orxan Fikrətoğlunun
ssenarisi əsasında
“Qanadlarıma sığal
çək” filmini çəkdim. Həmin filmlərin
arasında nazir Əbülfəs Qarayev mənim filmimi bəyəndi. Qərar verildi
ki, mən tammetrajlı film çəkim.
Mənə həvalə olunan
ssenarilərin içindən
“Niyyət” əsərini
seçdim, o da çox böyük uğur qazandı. Həmin film sayəsində 2006-cı ildə
“Zirvə” mükafatına
layiq görüldüm.
Hesab edirəm ki, mənə göstərilən
etimadı layiqincə
doğrulda bildim.
- Hazırda hansı filmlər üzərində çalışırsınız?
- “Xoxan” filmini yeni bitirdik. Qış mövsümü
olduğu üçün
hazırda ssenarilərin
üzərində işləyirik.
Hətta
bizim tamaşa layihəmiz də var. İnşallah, hansı daha çox uğurlu olsa, onun üzərində çalışacağıq. Hələ ki gələn təkliflər arasında
seçim etməyə
çalışıram.
- Bir rejissor olaraq bu gün çəkilən
filmləri necə dəyərləndirirsiniz?
- Kinematoqrafiya çox çətin bir sahədir. Bu sahədə
hər şey sırf rejissordan asılı deyil. Kino sahəsində ən çox peşəkarlara və güclü komandaya ehtiyac var. Kinematoqrafiyada
90-cı illərdən yaranan
durğunluq indi də özünü göstərməkdədir. Bu sahədə peşəkar
insanlar çox azdır. Biz komanda şəklində hansısa bir film çəkilişlərinə başlayanda görürük
ki, kadr baxımından çox böyük əskiklərimiz
var. Misal üçün,
ya işıqçımız,
ya operatorumuz, ya da hər
hansı sahədə
mütəxəssisimiz çatışmır.
Aydındır ki, bu gün kino sahəsi
inkişafa doğru gedir, ancaq hələ
ki kiçik addımlarla. Belə bir
şəraitdə rejissorlardan
peşəkar film gözləmək
düzgün deyil.
Bizim möhtəşəm dekorasiyalarımız,
pavilyonlarımız yoxdur.
Uzun müddətdir ki, kinostudiyanın təmir olunacağını deyirlər,
ancaq hələ ortalıqda bir şey yoxdur. Biz də səbir
edib, gözləyirik.
Ümid edirik ki, 5-6 ildən sonra hər şey daha yaxşı olacaq.
- Yenə də ümid…
- Ümid bəsləməsəydim, bu sahədən çoxdan getmişdim (gülür).
- Çəkilən yerli seriallarımızı izləyirsinizmi?
- Təəssüf ki, izləmirəm. Kino individual xarakter daşıyır. Rejissor öz ambisiyasını göstərmək üçün nə istəsə edə bilər. Filmdə əsas yük rejissorun üzərinə düşür. Ancaq serial elədir ki, hər şey tez müddətdə hazır olub sürətli şəkildə təqdim olunmalıdır. Əks halda, komanda uduzar. Digər tərəfdən, seriallara ayrılan maliyyə həddindən artıq azdır. Mənə tez-tez sual edirlər ki, nə üçün serial çəkmirsən. Hər zaman qeyd edirəm ki, bir reklam üçün mənə verilən pul ilə bir bölümlük serial çəkə bilmərəm. O pulu necə böləsən ki, beynində olan işi ərsəyə gətirəsən? Heç cür alınmır. Əgər “action” janrlı bir serial çəkiriksə, bir maşının partlaması elə bizim serialın büdcəsi qədər pul edir. Bundan əlavə, serial çəkmək üçün yaxşı komanda yığmağa külli miqdarda pul lazımdır. Azərbaycan kinematoqrafiyasının bir zəif nöqtəsi də var ki, o da keyfiyyətli ssenarilərin olmamağıdır. Dramaturqlarmı deyim, ssenaristlərmi deyim, mükəmməl bir ssenari ortaya çıxarmırlar.
- Qeyd edirsiniz
ki, pul az
olduğu üçün
seriallarımız keyfiyyətsizdir. Ancaq
mütəxəssislər deyirlər ki,
yaxşı film çəkmək üçün külli miqdarda pula ehtiyac
yoxdur. Yaxşı bir rejissor və
bir ssenarist kifayət edir ki, gözəl bir film ortaya gəlsin.
- Doğrudur, misal üçün, “Xoxan” filmi bunun ən
bariz nümunəsidir.
Az bir
büdcə ilə gözəl bir film ərsəyə gəlib.
Hətta
pulsuz da film çəkmək olar.
Süjeti, dramaturgiyası yaxşı
olarsa, hətta telefonla da kino
çəkərəm və
o da baxımlı olar, sevilər də. Ancaq serialda bunu etmək mümkün deyil. Mütəxəssislər bu sözü
kino ilə bağı deyirlər.
Ancaq
serial aləmi tamam başqadır. Az büdcə ilə serial çəkmək
mümkün deyil. Serial aləmində rejissorluq da heç nə yoxdur. Hər hansı bir
serialı izlədikdə
orada əsas məsələ hekayəni
gözəl şəkildə
anlatmaqdan ibarətdir.
O zaman gözəl kadr, aktyorluq qabiliyyəti artıq ikinci planda qalır.
Serialda ən önəmli olan hekayə və serialın davamiyyətidir ki, tamaşaçını özünə
cəlb edə bilsin. Misal üçün, amerikanlar serial çəkərkən
mövsümlə işləyirlər.
1 mövsümdə 12 seriyanı çəkirlər
və ona da külli miqdarda
pul sərf edirlər.
- Sizcə, Azərbaycan kinosunun bu gün ən
çox nəyə ehtiyacı var?
- Əlbəttə ki,
ilk növbədə ssenariyə. Bu sahədə hər şey bir-birinə bağlıdır. Ən əsas
ssenari, gözəl komanda və ən son standartlara cavab verən texnika olmalıdır ki, gözəl film ərsəyə gətirəsən.
Yaxşı kino ərsəyə
gətirmək üçün
mütləq şəkildə
peşəkar komandaya
ehtiyac duyulur. Rejissor nə qədər yaxşı olursa-olsun, filmi izlədikdə orada nəyinsə çatışmadığını hiss edirsiniz. Sonda isə deyirlər
ki, rejissor filmi yaxşı çəkməyib və
ya tam dolğun bir film alınmayıb.
Mən “Niyyət” filmini çəkərkən istəyirdim
ki, onu ən
son avadanlıqlarla işləyək.
O zaman film üçün
ən son standartlara cavab verən texnika Bakıda yox idi. Onun Bakıya
gətirilməsi çox
baha başa gəlirdi. Filmə baxanda hiss olunurdu ki, nə qədər
gözəl film olmasına
baxmayaraq, keyfiyyətli
avadanlıqlarla çəkilməyib.
Xəyalə Rəis
Kaspi.-2015.-10-12 yanvar.-S.8.