Puşkinin Arbatdakı evi
Böyük şairin
Arbatdakı memorial mənzilini hər gün 1000-ə yaxın adam
ziyarət edir
Moskvanın mərkəzində
- Köhnə Arbat küçəsindəki
53 saylı ev. Bu ünvanda görkəmli rus
şairi Aleksandr Sergeyeviç Puşkinin memorial mənzili yerləşir. Bu, böyük şairin Moskvadakı yeganə
muzeyşünaslıq memorialıdır. A.S.Puşkin
adına Dövlət muzeyinin şöbəsi
kimi bina dövlət əhəmiyyətli
mədəniyyət abidələri siyahısına daxil edilib.
Hər gün bu muzeyi minə yaxın adam ziyarət edir. Bu mənzildə əhəmiyyətli mədəni-kütləvi aksiyalar, elmi iclaslar, konfranslar, konsertlər, poetik gecələr, incəsənət festivalları, diplomatik qəbullar, gənclərin nikah mərasimi keçirilir.
Mavi rəngli ikimərtəbəli mülkün qarşısında A.S.Puşkinin məhz bu evdə ailə qurduğu gözəl N.N.Qonçarova ilə abidəsi yer alıb. Bir-birini sevən bu insanlar vaxtilə məhz bu küçədən adlayıblar.
Abidə Köhnə Arbatda 1999-cu ildə qoyulub. Sanki şair öz həyat yoldaşı ilə muzeyin qonaqlarını evinin astanasında qarşılayır.
Şəhərin qonaqları, yerli sakinlər bu abidənin qarşısında foto çəkdirirlər.
1999-cu ilin 18 fevralında A.S.Puşkinin Arbatdakı «Memorial mənzili»nin bərpasından sonra muzey yenidən qapılarını ziyarətçilərinin üzünə açıb.
Divarlarına böyük şairin nəfəsinin hopduğu, əlinin toxunduğu əşyaların yer aldığı bu mənzili Puşkinin kirayəyə götürməsi tarixçəsi də maraqlıdır.
Xoşbəxtliklə dolu ev
1831-ci ildə - öz toyuna qədər Puşkin Arbatdakı evin ikinci mərtəbəsini kirayələyir. Həmin müddətdə evin sahibəsi isə birinci mərtəbədə yaşayır. Puşkinin həmin mənzilə gəlməsinin dəqiq tarixi məlum deyil. Bütün hallarda 1831-ci il 10 fevral tarixində o, N.İ.Krivsovdan Arbatda Hitrovo evi ilə müqavilə bağlamağı xahiş edib. Fevralın 18-də Puşkinin Natalya Qonçarova ilə bu mənzildə toy mərasimi keçirilib. Böyük şair dost və yaxınlarını başına yığıb. Qonaqların arasında P.Vyazemskiy, N.Yazıkov, D.Davıdov, İ.Kireevskiy, A.Yelagin, A.Verstovskiy və başqaları vardı. A.Y.Bulqakov xatirələrındə yazıb: «Puşkin çox gözəl gecə təşkil etdi. Onlar iki göyərçin kimi idilər. Allah eləsin, həmişə belə davam etsin. Hamı çox rəqs elədi. Şam yeməyi çox maraqlı təşkil olunmuşdu. Adama elə gəlirdi ki, Puşkin birdən təsərrüfatla məşğul olmağa başlayıb».
Toy mərasimindən sonra Puşkin öz gənc həyat yoldaşını Nikitski darvazası yaxınlığında yerləşən böyük Voznesenie kilsəsinə gətirir.
Bu evdə Puşkinin xoşbəxtliklə bağlı arzuları həyata keçib. O, ailə həyatının ən xoşbəxt günlərini bu mənzildə yaşayıb.
1884-ci ilin payızından 1885-ci ilin mayına qədərki müddətdə həmin mənzildə Pyotr Çaykovskinin qardaşı Anatoli də mənzil kirayələyir. Məşhur bəstəkar çox nadir hallarda qardaşına baş çəkməyə gəlir. Ancaq həmin ilin 25 aprel tarixində qardaşlar Pyotr İliçin 45 illiyini bu mülkdə qeyd edirlər.
1920-ci ildə Arbatdakı mülk bələdiyyə fonduna keçirilir. Mülkün yuxarı mərtəbəsindəki böyük zalda Qızıl Ordunun özfəaliyyət teatrı fəaliyyət göstərir. Teatrın rəhbəri V.L.Jemçujnıy idi. Bədii Şuranın tərkibinə isə Vsevolod Meyerxold və Vladimir Mayakovskiy daxil idilər. Sonradan evi kommunal mənzillərə ayırırlar. Puşkinin məşhur qonaq otağı “Mənzil 5” adı ilə işarələnir. Hündür tavan evi iki hissəyə bölməyə şərait yaradır. 70-ci illərin əvvəllərində burada 72 nəfərdən ibarət 33 ailə yaşayırdı. 1972-ci ilin 29 avqustunda A.S.Puşkin adına Dövlət Muzeyinin icra komitəsi tərəfindən Arbat küçəsi 53 saylı ünvanda Puşkin muzeyinin yaradılması haqqında qərar qəbul edilir. RSFSR Nazirlər Soveti dövlət əhəmiyyətli binanı «Puşkinin Arbatdakı evi» adı ilə siyahıya daxil edir. 1986-cı ilin 18 fevralında A.S.Puşkin və N.N.Qonçorovanın toylarının 155 illiyi münasibətilə muzeyin təntənəli açılışı olur.
Hazırda «A.S.Puşkinin Arbatda memorial mənzili» şəhərin ən tanınmış muzeylərindən biridir. Bu ünvan böyük rus şairinin ədəbi irsinin və 19-cu əsr rus mədəniyyətinin təbliğatını həyata keçirən elmi-mədəni mərkəz kimi tanınır. Hər il muzeyi 50-min insan ziyarət edir. Muzey bələdçisi Sveta Aleksandrovnanın dediyinə görə adi günlər muzeyə 1000-ə yaxın adam gəlir. Bayram günlərində isə bu rəqəm 1000-i ötür.
“Puşkinin yaşadığı, yazıb-yaratdığ yerlər Rusiyada çoxdur. Ancaq şairin həyatının Arbat dövrü yaradıcılığında və şəxsi həyatında xüsusi yer tutur. Axı şair bu şəhərdə doğulub, uşaqlığı da bu şəhərdə keçib. O, məhz bu şəhərdə Natalya Nikolayevna Qonçarova ilə nigah bağlayıb”- deyə bələdçi bildirdi.
Puşkini hər yerdə sevirlər
Muzeyin otaqları geniş, və hündürdür. Pencərələri Arbat keçəsinə açıldığı yerdə kiçik suvenir dükanları yerləşir.
Birinci mərtəbənin vestibülündə yer alan iki şkafda isə A.S.Puşkinin yaxınlarının portretləri, əsərlərinə illüstrasiyalar, dekorativ tətbiqi incəsənət kitabları yer alıb ki, bunlar böyük şairin oxucuları tərəfindən hədiyyə olunub. Bələdçinin dediyinə görə, belə hədiyyələrin sayı şairin müasir oxucuları tərəfindən get-gedə artır. Birinci mərtəbənin divarlarında Moskvanın arxitektor siması və 19-cu əsrin şəhər məişəti əks olunur. Moskva küçələrində insanların gəzintisi, küçə ticarətçilərinin qışqırığı, səs-küyü, fransız dəbi ilə geyinib-keçinənlərin anlaşılmaz danışıqları qravürlərdə yer alıb.
Parket döşəməli və mərasimlərin keçirildiyi böyük zalda bəzəkli ağır pərdə, gümüş və büllur çilçıraq, vazalar, qızılı şamdanlar və qəndillər yer alıb. Şairin ailəsinin vaxtilə istifadə etdiyi soba, memorial əşyalar muzeyin qiymətli eksponatlarıdır.
1-ci memorial otaq şairin
vaxtilə istifadə etdiyi əşyalarla
bəzədilib.
İkinci zal 1820-1830-cu illər Moskvanın teatral, musiqili və bədii həyatına, həmçinin A.S.Puşkinin dostluq və kübar dairələrlə əlaqələrinə həsr olunub. Bu cür qonaq otaqlarında adətən musiqi dinləyir, ev tamaşaları qoyulur, ucadan kitab oxuyur, yenilikləri müzakirə edirdilər. Hər bir zadəgan evində belə bir mühit vardı.
Üçüncü zalda A.S.Puşkinin dostluq etdiyi, yazışdığı, ümumi ədəbi maraqlarının uyğun gəldiyi Moskva yazıçı və jurnalistlərinin portretləri yer alıb. Otağın interyeri əsl işgüzar xarakter daşıyır. Burda şairin əsərləri və əlyazmaları yer alıb.
Dördüncü zalda 19-cu əsrin birinci
yarısında Moskvada nəşr olunan «Vestnik Yevropı», «Moskovskiy vestnik», «Moskovskiy teleqraf», «Teleskop», «Damskiy jurnal» nümayiş olunur. Bu ekspozisiyalar A.S.Puşkinin Moskva jurnalistikasındakı rolundan
bəhs edir. Həmin dövr
rus ədəbiyyatının
inkişaf etdiyi dövr olub. 1820-30-cu illərdə Moskvada çıxan bütün qəzet və jurnallar Puşkinin əsərlərini
çap etmək istəyiblər.
Beşinci zalda tarixi reallıqlar,
Puşkinin 1830-cu ilin sonu – 1831-ci ilin əvvəlində Moskvadakı
həyatından bəhs
edən illüstrasiyalar
yer alıb. 1931-ci ildə ən əhəmiyyətli yaradıcı
hadisə bu evdə A.S.Puşkinin «Baris Qodunov faciəsini
yazması və əsərin işıq üzü görməsi olub. Əsərin Peterburq və
Moskva jurnallarında çapı böyük əks-səda doğurub.
Puşkinin yazıçı dostları əsərə
çoxlu yazılar həsr ediblər.
Memorial mənzilin altıncı
zalında ekspozisiyaya Hitrovo ailəsinin istifadə etdiyi qədim əşyalar daxil edilib. İkinci Yekatrinanın
“Mis heykəli” kimi unikal eksponat
və N.Qonçarovaya
hədiyyə olunan əşyalar saxlanılır.
Yeddinci zalda Qançarovlar ailəsi ilə əlaqəli sənədlər və əşyalar, portretlər, mebel diqqət çəkir. Zalın daha bir mövzusu isə A.S.Puşkinlə N.N.Qançarovun toyuna həsr olunan sənədlərdir. Nikahın bağlanması haqqında kilsədə qeyd olunan sənəd də bu otaqda saxlanılır. Puşkinin öz əli ilə yazdığı «Mən ailəliyəm və xoşbəxtəm. Təkcə arzum budur ki, həyatımda heç nə dəyişməsin» fikirləri yazılan vərəq də ekspozisiyada yer alıb.
Səkkizinci zalın materialları isə şairin Moskvadakı toyundan sonrakı həyatı və bu illərdə ünsiyyətdə olduğu insanlarla bağlıdır.
“Təkcə Rusiyada deyil, bütün post sovet məkanında və dünyada Puşkini sevirlər”- deyə muzey işçisi söylənir: “İnsanlar rus dilini sevmələrinə görə Puşkinə minnətdardırlar. Rusiyada şairin yaradıcılığını böyükdən-kiçiyə kimi hamı bilir və sevirlər. Uşaqlar böyük şairin xeyirxahlıqla dolu nağıllarını, şeirlərini əzbər bilirlər. Onlar vətənlərini, onun təbiətini sevmələrinə görə Puşkinin yaradıcılığına minnətdardırlar. Gənclər üçün “Yevgeni Onegin”in tarixçəsi əsl sevgi romanıdır. Ona görə də klassikin yaradıcılığı ilə tanış olanlar onun yaşadığı, yazıb-yaratdığı yerləri ziyarət etməyi özlərinə borc bilirlər”.
Muzeyi ziyarət edənlər memorial mənzildən ayrılarkən təəssüratlarını qeyd edirlər. Bu fikirlərdə məmnunluq, şairə, onun böyük poeziyasına məhəbbət və hörmət hissləri yer alır...
Təranə Məhərrəmova
Moskva
Kaspi.-2015.-10-12 yanvar.-S.22.