İfa etdiyim mahnıların şahı muğamdır

 

Gülyaz Məmmədova: “Teatra obrazların şahı olan Leyli ilə gəlmişəm”

 

Şou aləmi elə bir dünyadır ki, burada sözün əsil mənasında düzgün şəkildə tanınmaq, insanların yaddaşında qalmaq çox çətin məsələdir. Bu aləmdə yaxşı mənada tanınmaq illər, böyük əziyyət, zəhmət tələb edir. Müsahibimizuzun müddətdir ki, xalq mahnılarını ifa edərək, bacısı ilə birgə bu yolda addımlayır, sənət aləminin bütün çətinliklərinə birlikdə sinə gərirlər.

 

Xalq artisti Gülyaz Məmmədova bizimlə söhbətində yaradıcılıq planlarından danışdı.

 

- Yeni ildə sizi xoş gördük. 2015-ci ildən nələr gözləyirsiniz? Ümumiyyətlə, bu il hansı layihələri həyata keçirməyi düşünürsünüz?

 

- Hazırda bacım Gülyanaq xanımın oynayacağı tamaşanı səbirsizliklə gözləyirik. Tamaşadan sonra isə Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının birgə hazırladıqları V Beynəlxalq Muğam Müsabiqəsi başlayacaq. Eyni zamanda, digər Muğam müsabiqəsi də start götürəcək ki, mən də tələbələrimi həmin müsabiqə üçün hazırlaşdıracam. Hazırda yeni mahnılar üzərində çalışıram. “Sevgi yağışı” adlı mahnı ifa etmişəm. Bir sıra təkliflər var ki, onlar üzərində düşünürük. Bu il solo konsert verməyi də düşünürük. Konserti doğulub boya-başa çatdığımız, doğma torpağımız olan Şəkidə verməyi planlaşdırırıq. Qismət olsa, bu arzumuzu da həyata keçirəcəyik.

 

- Gülyaz xanım, Opera Teatrının səhnəsinə çıxmaq, orada aparıcı obrazlardan birini canlandırmaq hər bir xanəndənin arzusudur. Siz bu arzuya necə nail oldunuz?

 

- Tələbəlik illərimdə sevimli xalq artistimiz Səkinə xanım bizim muğam sinfinə gəlirdi. Məni göstərib, Nəriman müəllimə söyləyirdi ki, bu qızın üzünə yazılıb ki, o, Leyli obrazı üçün yaranıb. Səsi sonradan düzəltmək olmur, bu səs Allah vergisidir. Həqiqətən Səkinə xanım məndə bu səsi görməsəydi, məni heç zaman Leyli obrazına layiq görməzdi. Bir gün sinfimizə Gülxarə Həsənova gəldi və o da bildirdi ki, Gülyazdan gözəl Leyli alınacaq. Məktəbi bitirdikdən sonra teatrda OperaBalet Teatrının direktoru Akif Məlikov və teatrımızın bütün solistləri Qəndab Quliyeva, Səkinə İsmayılova, Canəli müəllim, Hafiz Quliyev, Elxan Mansurov və teatrın yaradıcı heyəti səsimi dinlədikdə qərar verdilər ki, bu ifaçıdan Leyli alınar. Onlarla bərabər, həmin teatrda Leyli və Məcnun obrazlarını yaradan bütün solistlər ifamı çox bəyəndilər. Ondan sonra məni həmin teatrın ştatına qəbul etdilər. Yəni mənim operaya gəlişim təsadüfən alınmayıb. Hər kəs səsimi dinlədikdən sonra mənim bu obrazı oynaya biləcəyimi söylədi. İfamı bəyəndikdən sonra 1993-cü ildə bu obrazı mənə həvalə etdilər. Mənim ilk tərəf müqabilim Mənsur İbrahimov oldu. Xatırladım ki, bu da onun ilk Məcnun obrazı idi. İkimizin baş rollar aldığı bu tamaşa çox uğurlu alındı.

 

- Xanəndələrin ən böyük arzusu odur ki, Leyli obrazını canlandırsın. Artıq siz bu obrazı dəfələrlə oynamısınız. Hazırda hansı obrazları canlandırmaq istəyərdiniz?

 

- Bəli, mən Opera Teatrında biri-birindən maraqlı obrazlar canlandırmışam. Teatra obrazların şahı olan Leyli obrazı ilə gəlmişəm. Onun ardınca “Aşıq Qərib”də Şahsənəm, “Arşın mal alanda Telli, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Gülbahar, “Vaqif”, “Koroğlu” operalarında, “Natavanda, “Rast baleti”ndə xanəndə qız kimi obrazlarımı misal gətirə bilərəm. Canlandırmaq istədiyim obraza gəlincə isə, elə hesab edirəm, rol almadığım ən önəmli operalardan olan “Əsli və Kərəm” tamaşası qalıb. Əgər qismət olarsa, gələcəkdə həmin tamaşada da rol almaq istəyərəm.

 

- Fəxri ada layiq görüldünüz, xalqın sevilən ifaçısısınız, Opera Teatrının solistisiniz. Bu qədər nailiyyətlərdən sonra Gülyaz xanım yaradıcılığını əvvəlki templə davam etdirməyi düşünürmü?

 

- Həyatda ən əsas can sağlığıdır. Can sağlığı olsa, insan daima özündə işləməyə güc tapar. Canımda oxumağa o qədər həvəs var ki, dayanmadan işləmək istəyirəm. Təbii ki, teatr gəncliyi sevir. Hazırda teatr gənclərə böyük etimad göstərir. Gənc istedadlı ifaçılarımız özünü teatrda realizə edirlər. Hər bir xanəndənin arzusu teatrda səhnəyə çıxmaq baş qəhrəmanları canlandırmaqdır. Ancaq hər bir xanəndə o əsərləri oxuya bilmir. Leyli elə bir obrazdır ki, oradakı həzinlik, lirikalıq, səsin tonunun yaraşması, aktrisalıq - hamısı bir yerdə cəmlənir. Bunların hamısı vəhdət təşkil etdikdə, gözəl obraz alınır. Bu yaxınlarda Arzu Əliyeva adlı gənc xanəndəmiz Elnur Zeynalovla səhnəyə çıxacaqlar. Fevralda Gülyanaq Mənsum müəllimlə eyni səhnəni bölüşəcək. Teatr hər zaman gözəlliyi, yeniliyi sevir. Mən teatrımızı kollektivimizi çox sevirəm onlara cansağlığı arzulayıram.

 

- Səhnə, sənət dəyişikliyi sevir. Ancaq siz uzun müddətdir ki, öz stilinizə, repertuarınıza sadiq qalırsınız. Sənətinizdə yenilik etmək istəmirsinizmi?

 

- Xanəndələrin içində bizim repertuara nəzər yetirsəniz, onun rəngarəng olduğunun şahidi olarsınız. Biz yeniliyi sevirik. Opera sənətçisi olmaqla yanaşı, xalq mahnılarını, xalq musiqisini ifa edirik. Bu bir kənara. Şahnaz bir neçə muğamları müasir musiqi ilə sintez şəklində tamaşaçılara təqdim etdik. Teatrda müxtəlif obrazlarda çıxış edirəm, bunun özü bir fərqlilikdir. Bu yaxınlarda Gülyanaq növbəti bir italyan mahnısına müraciət etdi. Mən özüm solo şəkildə fransız mahnısı ifa etdim. Qızlarla birlikdə fransız mahnısına rəqs qurmuşuq. Yəni deməyim odur ki, bizim repertuarımız da zəngindir. Biz bu mahnıları da ifa etməyi bacarırıq. Ancaq hara getsək, ilk növbədə öz milli xalq, bəstəkar mahnılarımızı ifa edirik. Çünki biz bu mahnılarla sevilmişik. Bizim üçün ifa etdiyimiz mahnıların şahı muğamdır.

 

- Bu gün tanınan müğənnilərin əksəriyyəti sponsorla işləyir. Sponsorsuz işləyib gündəmdə qalmağı necə bacarırsınız?

 

- Hər zaman deyirəm ki, Allah qismətimizə necə yazıbsa, elə olacaq. Daima öz üzərimizdə işləmişik. Hara getmişiksə, hörmətlə qarşılanmışıq. Hər şey ailədə gördüyümüz tərbiyədən irəli gəlir. Sponsorsuz işimizi isə Allah-təala özü qurub. Hərdən düşünürük ki, sponsorumuz olsaydı daha böyük işlər görərdik. Olub ki, yaradıcılığımızda hansısa yeniliklər etmək istəmişik, ancaq ona gücümüz çatmayıb. Hər hansı bir konsert təşkil etdikdə, səhnə dekorasiyası, geyimə görə sponsora ehtiyac duyulur. Hər bir ifaçının sponsora ehtiyacı var. Müğənniyə sponsor ona görə lazımdır ki, onun qastrol səfərlərini təşkil etsin, kliplər çəkdirsin. Ancaq dövlətimiz bizə o qədər dəstək olub, səfərlərə, qastrollara göndərib ki, biz sponsorumuzun yoxluğunu hiss etməmişik. Biz dövlətimizin bütün geniş miqyaslı musiqi layihələrində iştirak etmişik.

 

Xəyalə Rəis

Kaspi.-2015.-14 yanvar.-S.12.