“İnsan heyvan südü ilə bəslənməz”
Rüstəm
Hüseynov: “Süni qida ilə bəslənənlərin hər
3 nəfərindən ikisi 40 yaşından sonra şəkərli
diabetdən əziyyət çəkir”
Uşaqları
evimizn yaraşığı,
qığıltılarını isə dünyanın ən
gözəl himni adlandırırıq. Bəs evimizin
yaraşığının sağlam böyüməsi
üçün nələr edirik. Ən azı maariflənirikmi?
Körpələrə baxım, onların qidalanmasından
tutmuş yuxu rejiminə qədər suallarımızı
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
Yenidoğulmuşların intensiv terapiya və reanimasiya
şöbəsinin müdiri Rüstəm Hüseynov
cavablandırdı.
- Həkim, analar yeni doğulmuş körpələrə qulluq zamanı ən çox harada səhvə yol verirlər?
- Təkcə analar deyil, atalar da hələ körpə dünyaya gəlməmiş hazırlıqlı olmalıdırlar. Çünki bir canlıya həyat verirlər. Bu, böyük məsuliyyətdir və valideynlərin körpəyə qulluqla bağlı əvvəlcədən maariflənməsi şərtdir. Təəssüflər olsun ki, son illər maariflənmə sistemi zəifləyib. Düzdür, gənc xanımların uşağı saxlamağa həvəsi var, amma əziyyət çəkmək- maariflənmək istəmirlər. Kobud müqaisə olsa da, insan hansısa heyvanı, it, pişik, balıq və s. almamışdan əvvəl ədəbiyyatları oxuyur, İnternetdə axtarış verir, balığı hansı temperaturda, şəraitdə saxlayacağını, necə qidalandıracağını, hansı risklərin olduğunu və s. öyrənib sonra alır. Ailəyə uşaq gələndə isə məsuliyyət min qat artır. Uşaq doğulana qədər valideynlər həvəslə onun otağını hazırlayır, çarpayısını alırlar. Ancaq bu çarpayını otağın hansı tərəfində qoyacaqlarını, otağın hansı gücdə işıqlandırılacağını, pəncərələrin hansı səmtə baxacağını, otağın divarının hansı rəngdə olacağını, temperaturun necə tənzimlənəcəyini və s. bilmirlər. Valideynlər bunu hələ uşaq dünyaya gəlməmişdən öyrənməlidirlər ki, uşağı xəstəxanadan çıxaranda aciz vəziyyətdə qalmasınlar. Bir çox hallarda çarpayını elə qoyurlar ki, uşağın gözünün üstündə intensiv işıq yanır. Bu, uşaqlara ziyandır. Yaxud günün şüasının pəncərədən düz uşağın gözünə vurması çox böyük fəsadlara gətirib çıxarır. Sonra heç kim başa düşmür ki,fəsad nədən yarandı. Yaxud uşağın çarpayısını pəncərə ilə qapının arasına yelçəkən yerə qoymaq olmaz.
-Bəs körpənin
olduğu otağın temperaturu neçə dərəcə
olmalıdır?
- Bu, çox vacib məsələdir. Uşaqlarda ilk aylarda termorequlyasiya sistemi çox zəif inkişaf edir. Otağın temeraturunu bir balaca artıq edəndə, xüsusilə də vaxtından əvvəl doğulan uşaqlar üçün böyük fəsadlatra gətirib çıxarır. Bu zaman körpənin böyrəyinə, ürəyinə, ciyərinə ağır yük düşə bilər. Otaqda temperatur 22-25 dərəcədən çox olmamalıdır. Bir də görürsən, 30 dərəcə temperaturu olan otaqda, yaxşılıq etmək məqsədilə uşağın üstünü möhkəm basdırırlıar. Yaxud oğlunu idmançı görmək istəyən ata pəncərəni daim açıq qoyur. Bu zaman çoxlu geyim ilə körpənin bədənini qızdıra bilərsən, amma soyuq hava tənəffüs yollarında fəsadlara gətirib çıxara bilər.
-Bir az da uşaqların qidalandırılmasıdan danışardınız.
- Uşağın düzgün qidalandırılması Azərbaycanda böyük problemdir. Baxmayaraq ki, neçə illərdir, dövlətimiz körpələrin qidalanmasına aid bir neçə proqram qəbul edib. 14 əsr bundan əvvəl nazil olan Quranın Bəqərə surəsində yazılır ki, ana öz balasına 2 il süd verməlidir. 20-ci əsrin sonunda alimlər bunu təsdiq ediblər. 6 ay körpəyə yalnız ana südü verlməlidir. Yalnız 6 aydan sonra ana südü ilə yanaşı, südü kəsməmək şərti ilə əlavə qidalar verilir.
- Çox vaxt analar südlərinin olmamasından şikayətlənirlər…
- Azərbaycandan başqa tək-tək
hansısa bir ölkədə uşağı yeni doğulan
ananın südünün olub olmaması mövzusu müzakirə
edilə bilər. Bu, gülüncdür. Əgər ana
dünyaya uşaq gətiribsə, deməli, südü var və
uşağı qidalandırması üçün yetərlidir.
Süddən kəsilmə ya bisavad həkimlərin, ya da
valideynlərin səhvi ucbatından baş verə bilər.
Dünyada heç kim, insan da daxil olmaqla, məməliləri
südsüz görməyib. Ancaq süni rejimlər, süni əmziklər
uşağı süddən kəsir. Doğuşa aid
protokolda belədir ki, ilk 2 saatda doğuş zalında körpə
mütləq ananın döşünə qoyulmalıdır.
Bu zaman döş vəzisi qıcıqlanır və
ananın mərkəzi sinir sisteminə xəbər gedir ki,
“ay ana, artıq mən doğulmuşam, sən süd “istehsal”
etməyə başla”. Doğum evlərinin əksəriyyətində
isə səbəbsiz yerə elə olur, uşağı
ananın döşünə bəzən 2-3 gündən
sonra qoyurlar. Körpəyə ilk gündən süni qida
verilir və körpə üçün təbii olmayan hallar
yaradırlar. Bir var
uşaqda, anada hansısa problem ola, bir də
var, heç bir problem olmadığı halda bunu edirlər. 20 ildən çoxdur dünyada sübut olunub ki, əmzik
ziyandır. Çünki əsas səbəblərdən
biri odur ki, əmzik uşağa əmmənin yerinə sormanı
öyrədir. Döş vəzisi süngər
kimi bir şeydir. Süngəri suya
salıb çıxarıb əmzik kimi sormağa başlasan,
su gəlməyəcək, sıxmalısan ki, su axsın.
Boş əmzik verəndə, həmçinin
süni qidanın hazırlandığı butulkanın
başındakı əmziyi soranda əmmədə iştirak
edən çənə əzələləri bir tərəfdə
qalır, yalnız dodaq ətrafı əzələlər
işləyir və uşaq sormanı öyrənir. Sonra həmin uşağı döşə qoyanda,
o, gilənin ətrafından tutub süngər kimi
sıxmır, yalnız gilədən tutur və sormağa
başlayır. Ilk növbədə bu,
ananı incidir. İkinci növbədə
uşaq döşün giləsini sorduğundan süd vəzilərindən
südü çəkmir, süd vəzilərdə qalır
və hər gün süd axarlarının bir neçəsi
tutulur. Nəticədə 2-3 aya ananın
südü kəsilir. Buna görə də
südlərinin kifayət qədər olmasını istəyirlərsə,
ilk növbədə analar uşaqlarına süni əmzik
verməsinlər. İkinci növbədə
körpəyə nə qədər tez-tez döş versələr,
süd bir o qədər çox yaranacaq. Ilk
aylarda hətta uşaq sutkada 20-30 dəfə döşə
gedə bilər, uşaq nə vaxt ağladı, döşə
qoyulmalıdır ki, süd də kəsilməsin.
- Həkim,
ən pisi odur ki, qadınların bir çoxu forma saxlamaq məqsədilə
körpələrinə süd verməkdən imtina edirlər…
-
Bütün dünyada analar uşaqlarını əmizdirəndə
arıqlayırlar. Çünki bədəndən bir adam yox, iki nəfər qidalanır. Azərbaycanda isə uşaq əmizdirən analar
kökəlir. Səbəb odur ki, ətrafdakıların
hamısı anaya məsləhət verirlər ki, südü
çox olmaq üçün çox da yeməlidir. Bu zaman isə orqanizmdə maddələr mübadiləsi
pozulur və piylənmə gedir. Nəticədə
ananın südü kəsilir. Əslində
qadın ana olmamışdan əvvəlki həyat tərzini,
qidalanma rejimini davam etdirməlidir. Analar bilməlidir ki, bədən
ən yaxşı indikatordur: acdın gedib yeyirsən,
susadın-içirsən.
- Ana südü və
qarışıqlarla qidalandırılan uşaqlar arasında
hansı fərqlər var?
- 21-ci əsrdə
analara ana südünün süni qarışıqlardan
üstün olduğunu izah etmək hesab edirəm ki, ananı
savadsızlıqda ittiham etməkdir. Insan heyvan
südü ilə bəslənməz. O demək deyil ki,
qarışıqlarla bəslənənlərin 100 faizi də
xəstə olacaq. Dünyada sübut edilib ki,
qarışıqlarla bslənənlərin 70-80 faizində fəsadlar
olur. Qarışıqlar əsasən inək
və keçi südü ilə hazırlanır. Alimlərin
araşdırmaları sübut edib ki, kobud heyvan zülalı
yeni doğulmuşun bədəninə daxil olanda onun qaraciyərinə,
böyrəyinə, ürəyinə, damarlarına və s. mənfi
təsir edir. Süni qarışıqlarla qidalandırılan
körpələrin xolestereni ilk günlərdən qalxır.
Heyvan zülalı bizə yad olduğundan
mübadilə proseslərini pozur, sonradan atereskleroz,
işemiyalara, infarkta səbəb olur. Süni qida ilə
bəslənən insanların hər 3 nəfərindən
ikisi 40 yaşından sonra şəkərli diabetdən əziyyət
çəkir, ömürləri qısalır, bir sıra
orqanlarında böyük fəsadlar yaranır. Beyinlə, intellektlə bağlı maddələr
yalnız ana südündə var. Buna görə də insan
südü ilə böyüyənlərin intellektual
potensialı, zəkası, dərrakəsi eyni şəraitdə
qarışıqlarla böyüyən uşaqdan daha
çoxdur. Həmçinin, ana
bütün immunitetə cavabdeh faktorları övladına
süd vasitəsilə ötürür. Buna
görə ana südüylə qidalandırılanların
immuniteti daha möhkəm olur.
Qeyd edim ki, dustaq koloniyalardakı uşaqlar, yeniyetmələr
arasında araşdırma aparıblar. Məlum olub
ki, onların 80 faizdən çoxu süni qida ilə bəsələnənlərdir.
O uşaq ki, ana südü ilə böyüyür, o, həmişə
sakit, təmkinli, mehriban, ağıllı olur. Onun
anaya olan mehribançılığı ataya, nənəyə,
bibiyə, xalaya, sonra da cəmiyyətə yayılır.
- Südlərinin artması
üçün analar nə etməlidirlər?
-
Südün artması üçün heç bir dərman,
qida yoxdur. Ilk növbədə ana normal həyat
tərzi keçirməli, normal istirahət etməlidir. Həm yatmağına, həm gəzməyinə, həm
yeməyinə fikir verməlidir. Ana
özünü hərşeydən məhrum etməməlidir
ki, bu yemək qaz yaradır və s. Belə bir şey
dünyada yoxdur. Bu, ancaq savadsız həkimlərin
məsləhətidir. Ananın qida rasionu nə qədər
zəngin olsa, onun südünün bol olacağına o qədər
təminat var. Ananın orqanizmi elə qurulub ki, əgər
hansısa bir maddə çatışmasa, insan bədəni
südün keyfiyyətini korlamayacaq, ancaq südün
miqdarı az olacaq. Ola bilər
ki, paxlalılar köpü artırsın, ancaq onların tərkibində
olan bitki zülalının xeyiri çox olduğundan,
uşağın 15-20 dəqiqəlik narahatçılığına
göz yummaq olar. Bəzi qidalara
qadağalar, əmziklər, yeni doğulmuşun guya 6 saat gecə
yatmalı olduğunu demək - bunlar hamısı ananın
süddən kəsilməsinə gətirib
çıxarır.
- Bəs övladlarını
qarışıqlarla böyüdən valideynlərə nə
məsləhət görərdiniz?
-
Qarışıq hazırlayarkən analar diqqətli
olmalıdırlar. Hər
qarışığın özünün həll olma
temperaturu var. Buna riayət etməyəndə qidanın tərkibindəki
maddələr tam həll olmur. Yaxud elə
qarışıq var ki, əvvəlcə qida tozu qaba
tökülüb su əlavə edilir, bəzilərində isə
əksinədir. Buna görə süni
qidaların qablarının üzərində yazılanlara
diqqət etmək lazımdır.
- Həkim, ilk 2-5 ayda uşaqlar qaz
problemindən əziyyət çəkirlər. Bunu aradan qaldırmaq üçün yol varmı?
- Yeni
doğulmuşun bağırsağı tam
formalaşmadığından, həzm problemi olduğundan ilk
aylarda qazdan əziyyət çəkir. Ancaq
müəyyən ziyansız dərmanlar var ki, qazın
qarşısını alır. Bir də
klassik şüyüt, razyana, cirə suyu həzmə, köpə
kömək edir. Bunların heç bir fəsadı
yoxdur.
- Bəs körpənin yuxu rejimi necə
olmalıdır?
- Ilk
günlərdə körpə 20-22 saat yatır, sonra bu, 18, 16
saata düşür. Yəni tədricən
azalır. Ancaq hər körpədə
yuxu rejimi fərqli olur. Biri az, biri
çox yatır, bir passiv, digəri aktiv olur. Ümumiyyətlə,
insanlar ana bətnindəykən artıq bir-birindən fərqlənirlər.
Ananın və uşaq həkiminin savadı
olmalıdır ki, adi fizioloji halı pataloji haldan seçə
bilsin. Bəzən valideynlər gəlirlər
ki, uşaq gecələr yatmır, gözlərini
açır, baxır. Bu zaman savadsız həkimlərimiz
körpəyə lüminal, ketatifen və s. kimi yuxu gətirən
dərmanları təyin edirlər və sonra fəsadları
üzə çıxır. Körpəykən
sakitləşdiriciləri çox qəbul edənlərin
beynində onlar böyüyüəndən sonra bəzi
pozulmalar, süstlük yaranır. Baxırsan
savadlı uşaq, yeniyetmə və yaxud cavan adamdır, amma
söhbət etdiyi yerdə fikri dağılıb başqa səmtə
gedir. Lüminal hətta cinsiyyət
hormonlarını da bədəndən xaric edir. Indiki qadınların sonsuzluğunun səbəbini
araşdırsan, bəlkə də hansısa faizinin
lüminaldan istifadəsi ilə əlaqələndiriləcək.
Dünyanın heç bir ölkəsində
lüminal bizim ölkədə işləndiyi qədər
istifadə olunmur. Yalnız uşaqlarda
qıcolmalarda müalicə məqsədilə istifadə
edilir. Uşaq yatmır, sakitləşdirici
dərman yazırlar. Uşaq yatmayanda onun səbəbini
tapmaq lazımdır. Məsələn,
ayağı ağrıyırsa, niyə başına dərman
təyin edilməlidir.
- Həkim,
digər ölkələrdə kəllədaxili təzyiq
nadir uşaqlarda rast gəlinirsə, bizdə körpələrin
əksəriyyətinə kəllədaxili təzyiq diaqnozu
qoyulur...
- Elədir,
heç bir millətdə uşaqların 80-90 faizinə kəllədaxili
təzyiq diaqnozu qoyulmur. Ən pisi odur ki,
mövcud olmayan kəllədaxili təzyiqi müalicə edir,
uşağın orqanizmini lazımsız dərmanlarla zədələyirlər.
Yaxud “timus vəzi” problemi də bizdə dəbdədir.
Timus adi vəzdir və bütün körpələrdə
var. Birində bir az böyük, birində
balaca olur. Bizim bəzi “ professor”lardan fərqli
olaraq, nə İngiltərədə, nə Fransada, nə
Amerikada timus vəzisini müalicə etmirlər. Uşağınızda “timus var” ifadəsi anaya
uşağının qulağı və ya burnu
olmasını xəbər vermək deməkdir. Birinin
qulağı bir az böyük, digərininki
kiçik olar. Timus vəzisinin də fərqli
ölçüləri problem deyil və bir ilin içərisində
öz-özünə sorulub gedir.
- Bizdə
əmgəyin balaca, böyük olmasına görə də
həkimlər müalicə yazırlar...
- Təəssüf
ki, həkimlərin çoxu elə bilir ki, ana öz körpəsi
ilə qəbula gələn kimi həkim uşağın əmgəyinə
baxıb, ölçülərinin balaca ya da böyük
olduğu “faciəli xəbər”i anaya
çatdırmalıdır. Allah körpənin
başında əmgəkləri ona görə yaradıb ki,
kəllə sümükləri hərəkətli olsun və
doğuş zamanı başda sıxılma olanda heç bir
problem yaranmasın. Doğulandan sonra isə
əmgəyin tez, ya gec bağlanmasının problemi yoxdur.
Orta hesabla 6-18 aya əmgək bağlanır.
Nevropatoloqlar bir uşaq göstərsinlər ki,
əmgəyi tez, ya gec bağlandığına görə
sinir sistemində problem yaranıb. Yaxud
pediatrlar timusa görə kiminsə problemlə
rastlaşdığını göstərsinlər. 30 illik həkim praktikamada belə bir hallara rast gəlməmişəm.
Timusu böyükdür deyə, uşaqları
sünnətdən, peyvənddən saxlayırlar. Axı timusun sünnətə nə dəxli var?
Timusun böyük olmasının problem
yaradacağına keçmiş, köhnə rus ədəbiyyatında
rast gəlmək olur. Bizim də həkimlərimizin
əksəriyyəti yalnız rus dilini bildiyindən rus ədəbiyyatını
oxuyurlar. İngilis, alman dilində
yazılan ədəbiyyatları oxusalar, görərlər ki,
dünya inkişaf edib və timus, əmgək problemi
hazırda yoxdur.
- Bir çox valideynlər 3-4
aylıq uşaqlarını televizorun qarşısına
qoyurlar. Uşaq üçün rənglər, dəyişən
kadrlar maraqlı olduğundan diqqətlə televizorda göstərilənləri
seyr edir. Bunun fəsadları varmı?
- Nəinki
televizor, 2-3 yaşlı uşaqların əlinə planşet,
telefon verirlər. Dörd yaşına qədər
uşaqların nə televizor, nə də dediyim cihazlarla təmasda
olması düzgün deyil. Ümumiyyətlə,
elektron əşyalar olan yerdə müsbət ionlar
yaranır. Bu da sinir, endokrin və s. sistemlərdə fəsadlara
gətirib çıxarır. Bundan başqa,
televizorun işığı uşağın gözünə
mənfi təsir edir. Uşağın dərrakəsi
kadrların tez-tez dəyişməsini qəbul etmir. Ekrana yeni kadr gəldiyi halda, uşağın fikri
köhnə kadrda qalır. Sonra uşaq
ikinci kadrı həzm etmək istəyəndə
üçüncü kadr gəlir. Kadrları sona qədər
tuta bilmədiyindən nəticədə beyində
böyük stress problemi yaranır. Ancaq
uşaqlara rəngli şəkilləri göstərmək
olar. Çünki gözləyirsən
1-ci şəkili tam dərk edir, sonra kitabı vərəqləyirsən,
ikinci şəkilə baxır.
- Pediatrların əksəriyyəti
uşaq anadan olandan 20 gün, 1 ay sonra ona dərman
formasında D vitamini məsləhət görürlər. Bu, nə dərəcədə vacibdr?
- Ana
südündə D vitamini az olduğundan məsləhətdir.
- Valideynlər
çox vaxt yeni doğulmuş körpələrinin qəbizlikdən
əziyyət çəkdiyini deyirlər...
- Qəbiziyi çox adam düzgün başa
düşmür. Qəbizlik bayıra gec-gec getmək demək
deyil. Ana südünün süni qidadan bir
üstünlüyü də ondan ibarətdir ki, ana
südünün şlaqı çox az olur, bədənə
tam sorulur. Buna görə də ana südü
ilə qidalanan uşaqlar bayıra 2-4 gündən bir gedir.
Əgər uşağın nəcisi sarı rəngdə,
yumşaq, sıyıq kimidirsə, qarnı
ağrımırsa, köp vermirsə, lap 5 gündən bir
bayıra getsə də, qorxusu yoxdur. Ola bilər insan hər
gün bayıra getsin, amma bərk getsin - qəbizlik budur.
- Həkim, hələ də bəzi
valideynlər özlərindən böyüklərin məsləhəti
ilə körpələrini bələyirlər. Uşağı bələmək
düzgündürmü?
-
Araşdırma zamanı bələnmiş uşaqların
xarici qulaq keçəcəyi, qida borusu, mədəsi, düz
bağırsağında temperaturu ölçüblər və
məlum olub ki, bələkdə olanda qan dövranı
yaxşı hərəkət etmədiyindən uşağa
soyuq olur. Uşaq özünü ancaq sərbəst
hərəkəti ilə qızdıra bilir. Hərəkət məhdudlaşanda kalori, istilik əmələ
gəlmir. Bələkdəki uşaq isinmək
üçün şəkər deposunu parçalamağa
başlayır. Bu zaman şəkər
aşağı düşür və uşağın beynində,
zəkasında, intellektində problem yaranır. Çünki beyin hüceyrələri şəkərin
azlığına ən həssas hüceyrələrdir.
Bələnməmiş uşaq hərəkətləri
ilə öz bədənini qızdırdığından
depoda olan şəkərə ehtiyacı olmur.
- Həkim, bu sahənin
gələcəyi ilə bağlı nə deyərdiniz?
- Ümidvaram ki, valideynlərin maariflənməsi, tibb içşilərinin savadlanması, professional səviyyəsinin yüksəlməsi körpələrimizin, gələcəyimizin sağlamlığını təmin edəcək. Ümidvaram ki, Azərbaycan tibbi heç bir ölkə üçün gülünc hədəf yox, nümunə olacaq.
Lalə MUSAQIZI
Kaspi.-2015.-16 yanvar.-S.22.