Zaməddin Ziyadoğlunun
yaradıcılığında yurd sevgisi
Sözümün əvvəlində
onu deyim ki, Zaməddin Ziyadoğlunun dünyaya göz
açdığı Xanlıqlar kəndi ilə bizim Abbasbəyli
kəndini Dəmyə dağı ayırır. Nə zamansa Bir-birindən ayrı
düşmüş, Göyəzən dağının zirvəsindən
baxanda bu yerlərin bir gözəlinin bir cüt hörüklərinə
bənzəyən Ağstafa çayının sahilində
Xanlıqlar, Coğaz çayının sahilində isə
Abbasbəyli kəndi yerləşir.
Zaməddin
Ziyadoğlunun uşaqlıq çağlarında gəzdiyi,
oynadığı, ilhama gəldiyi, sonradan şeirə dönərək
varaqlara köçürüldüyü bu yerlər mənim
üçün də doğmadır, müqəddəsdir, əzizdir.
Bəlkə elə
bu səbəblər mənim şair Zaməddin Ziyadoğlu
yaradıcılığına diqqətimi cəlb etdi. Onun
şeirlərini oxuduqca xəyalən o yerlərə səyahət
edirsən, gözünün önündə yurd yerləri,
üstü həmişə yığnaqlı buz bulaqlar, tər
bənövşələr, mehriban insanlar canlanır.
Xəyal məni
çox uzağa apardı
Gah bürküyə,gah
sazağa apardı,
Qanadında
düz Qazağa apardı.
Köçəsgərdə
xavar aldı bir pəri,
Ağrın
alem,həncərisən,həncəri?
Deyirlər ki: “Şairlərin ömrü onların şeirlərinin ömrü ilə ölçülür” Şeirlərin ömrü nə qədər uzun olursa şairlərində fiziki ömürlərinin nə qədər olmasından asılı olmayaraq mənəvi ömürləri də bir o qədər uzun olur. Bu doğurdan da belədir. Boyük şairimiz Şeyx Nizaminin fiziki yoxluğundan min ilə yaxın vaxt keçməsinə baxmayaraq O, bu gün də yaşayır. Bu gün də aramızdadır. Hələ bundan min illər sonrada yaşayacaqdır.
Bu bir həqiqətdir ki, bu gün aramızda olmasa da Əliağa Vahid nəğmələrimizdə, muğamlarımızda, öz yazdığı qəzəlləri ilə ən çox xatırlanan şairlərdəndir. Bu misalları nə qədər desək çoxaltmaq da olar. Sadəcə fikrimin təsdiqi üçün iki misal gətirdim.
Zaməddin Ziyadoğlunun “Həncərisən” şeiri də müəllifin ömrünə ömür bəxş edən şeirlərdəndir. Əslində şairin bu şeiri müəllifinə şöhrət gətirmiş, onu oxuculara tanıtmış, dillər əzbəri olmuşdur. Şairin özü də bu şeirə bir neçə dəfə müraciət edərək onun təsiri altında neçə-neçə yeni şeirlər yaratmışdır. “Həncərisən” şeiri haqqında onlarca nəzirələr, ithaflar, bənzətmələr yaranıb, maraqlı fikirlər səslənib. Hətta Zaməddin Ziyadoğlu bu şeirə yazılmış nəzirələrdən, bu şeirin təsiri altında yazılmış müxtəlif şairlərin şeirlərindən ibarət “Həncərisən” adlı bir kitab da nəşr etdirmişdir.
Mən də Zaməddin Ziyadoğlu yaradıcılığına səyahətimi bu şeirlə başladım. Zaməddin Ziyadoğlunun “Həncərisən” şeirinin sevilməsinin səbəbi nədir? Niyə bu şeir bu qədər məhşurlaşdı? Nədir bunun sirri? Zənnimcə, şeirin bu qədər populyarlaşmasına səbəb ilk növbədə onun təbiiliyidir. Bu şeirdə yaşının erkən çağlarında şairin cığır-çəhlimdə, dağ-dərədə itirdiyi, Xanlıqlarda qoyub gəldiyi uşaqlığı da var, o yerlərin tarixi keçmişi də, indisi də, Xanlıqlar kəndinin adət-ənənəsi də var. Bu şeirdə Göyəzən məğrurluğu da var, “Sayalı” bulağının saflığı da, elin adət-ənənəsi də ifadə olunur, məşğulluğu da, mətbəxi də.
Ömrüm boyu
erkən durub, gec yatdım,
Çox arzumun
istəyinə mən çatdım,
Qismətimin
ruzusunu oyatdım,
Kim istəməz
bir qurudlu xəngəli,
Ağrın alem,
həncərisən, həncəri?
Ta qədim zamanlardan bu günümüzə qədər xalqın canlı danışıq dilinin, elin adət-ənənəsinin, yaddaşının qorunub saxlanılmasında şairlər mühüm rol oynamışdır. Bu baxımdan Zaməddin Ziyadoğlunun bu sahədə xüsusi xidmətləri var. O, şirin Qazax ləhcəsini təkcə şeirə gətirmir, həm də şeiri daha oxunaqlı və yadda qalan edir. O, həm də “Vaqifin şirin dilini” (Səməd Vurğun) qoruyur, yaşadır, gələcək nəsilərə ötürür.
Ustad
şairimiz Hüseyn Arifin məhşur bir deyimi var
:
Istərsən
ki, unutmasın el səni,
El dilini, el səsini unutma.
Ustadın
bu kəlamlarını şeirlərinin epiqrafı kimi qəbul
edən şair şeirdə dilimizin, ləhcəmizin gözəlliyini,
şirinliyini poetik şəkildə aşağıdakı
kimi ifadə edir :
Bal
kimidir mahalımın ləhcəsi,
Ətirlidir torpağında bağçası.
Məclisləri
sazın-sözün boxçası,
Kəsəmənli,
Ağköynəkli, İncəli,
Ağrın alem, həncərisən, həncəri?
Bütün
bu qeyd etdiklərim və bir də şairin poetik istedadı
şeiri bu qədər şirin, oxunaqlı,yadda
qalan və sevilən etmişdir desəm, zənnimcə
yanılmaram.
Şair Zaməddin Ziyadoğlunu fərqləndirən
xüsusiyyətlərdən biri də onun təbiətlə
bağlılığıdır. Bu təbiilik
sözsüz ki, onun yaradıcılığına da
hopmuşdur.
Birdə
nə vaxt görüşərik
Düşər sizə yolum dağlar?
Qınağına
mən də şərik,
Yolu kəsib zalım dağlar.
Yurdda
qalıb binəmiz də,
Qəribsəyib
cığır-iz də,
Həsrətin
də-sinəmizdə,
Dərdinizi alım dağlar.
Zaməddin Ziyadoğlu ilə görüşəndə
bir xoş aura ilə rastlaşırsan. Elə bil
Qazaxdan, Xanlıqlardan təzə gəlib. Ondan, Qazaxın iyisi, Coğazın
şırıltı səsi, Ağstafa çayının
zümzüməsi, Vəlixan meşəsinin ətri gəlir.
Zaməddin Ziyadoğlu yaradıcılığında
ithaflara çox yer vermişdir. Onun görkəmli sənət
adamlarına - Səməd Vurğuna, Hüseyn Arifə, Mirvari
Dilbaziyə, Nəriman Həsənzadəyə həsr etdiyi
şeirlər şairin bu poeziya nəhənglərinə olan
məhəbbətinin təzahürü olmaqla həm də
onların xalqın yaddaşında yaşatmaq istəyindən
doğmuşdur. Onlardan bir neçəsini
nümunə kimi göstərmək istərdim.
Yaddaşa
həkk olan qalar ellərdə,
Könüldən deyilən yaşar dillərdə?
Osman
Sarıvəlli yaşar dillərdə,
Hər şair könlünün öz mövlası
var.
Və
yaxud;
Tanrıdandı
verilən pay,
Tapılarmı
Nərimana tay?
Şeirini
yaz, saydığını –say,
Şeir
yazmaq özü dərd iş,
Həncərisən Şair? Dərdiş
Bununla belə
şairin neftçi yoldaşlarına, əmək
adamlarına, müasirlərinə, dostlarına həsr etdiyi
ithaf şeirləri də az deyildir və bu
şeirlər şairin yaradıcılığında xeyli
yer tutur.
Əslində bu insanlar şairin qəhrəmanlarıdır
və onlara şeir həsr etməklə həmin insanların
sözlə portretini çəkmişdir. Axı
şair özü etiraf edir ki, “İnsan ömründən həyatda
qalan izi onu əbədi yaşadır. Məndə
öz yaşadığım dövrün salnaməsini
yazmağa cəhd etmiş, dostlarımın poetik portretlərini
şeirlə çəkmişəm”. Zaməddin
Ziyadoğlunun neftçi dostlarına, əmək
adamlarına, şairlərə, sənətkarlara həsr
olunmuş çoxsaylı bir-birindən gözəl şeirləri
var. Onlardan bəzi nümunələri diqqətinizə
çatdırmaq istərdim:
Sazın
saz qüdrəti, sözün öz yeri
Şirindil olmağa sən eylə vərdiş.
Odun-od
qiyməti, közün-köz yeri,
Vicdanın sözünü sən söylə dərdiş.
Və
yaxud;
Sözü
ağayana, özü- vüqarlı,
Dəniz fatehidir dostum Ağalar.
Sözü
kişi sözü, özü
vüqarlı,
Beşiyi
əzəldən mavi dalğalar,
Dəniz fatehidir, dostum Ağalar.
Zaməddin Ziyadoğlu şeirlərində bir təmizlik,
paklıq var. Ola bilər ki, müəllif təbiətə,
el-obaya həsr etdiyi şeirlərdə böyük ədəbiyyat
yaratmamışdır. Bununla belə dilin sadəliyi, ləhcənin, şivənin
yerli- yerində işlədilməsi , onun
şeirlərini maraqlı və oxunaqlı edir.
Vətən haqqında çox əsərlər
yaranıb, çox mahnılar oxunub, çox şeirlər
yazılıb.
Şairlər, bəstəkarlar, musiqiçilər,
yazıçılar bir sözlə yaradıcı insanlar
şah əsərlərini vətənə həsr ediblər.
“Öncə Vətəndir” deyimi təsadüfən
yaranmayıb və bu gün insanlığın, xüsusilə
hər bir azərbaycanlı üçün müqəddəs
hesab edilən mənəvi və maddi varlıqlar içində
birincisi Vətəndir. Mən uşaq
olanda elə bilirdim ki, vətən elə mənim dünyaya
göz açdığım evimiz, həyətimiz,
bağçamız, vətən bizim kəndimizdi. Elə
bilirdim mənim vətənim kəndimizi dövrəyə alan dağlarla əhatə olunub, hər səhər
yuxudan oyananda gördüyüm Göyəzən
dağıdır. Sonradan böyüyüb
yaşa dolduqca başa düşdüm ki, vətən elə
bu sadaladıqlarımdan başlayırmış. Zaman
keçir insan yaşa dolur və yaşa dolduqca bax o səni
ovsunlayan başlanğıc, sənin qəlbinə hakim kəsilir
, səni qırılmaz tellərlə özünə
bağlayır və sənin dünyaya göz
açdığın, gördüyün müqəddəs
yerlər səndən bir az uzaq olanda qəlbindən keçən
istənilən arzular şeirə, nəğməyə,
bayatıya çevrilir. Şair Zaməddin Ziyadoğlunda
olduğu kimi:
Gəldim
ziyarətə doğma yerləri,
Hara yurd yerimdi- orda qalam var.
Aveydən
seyr etdim doğma yerləri,
Yaxından
uzaqdan yurda salam var
Hara yurd yerimdi, orda- qalam var.
Zaməddin Ziyadoğlu Qazaxda dünyaya göz
açıb.
Onun uşaqlığı, gəncliyi bu yerlərdə
keçib. Qazax mahalının ədəbi
mühiti Azərbaycan folklorunun zənginliyi, nənələrin
bayatı, oxşama nağıl və söyləmələri,
uzun qış gecələrində aşıqların dastan
danışması Zaməddin Ziyadoğlunun
yaradıcılığına təsirsiz ötüşməyib.
Qazaxda dünyaya göz açıb bu mahalda boya-başa
çatan, burada yaşayıb-yaradan, poeziya səmasına pərvazlanan
çox saylı şairlər kimi Zaməddin Ziyadoğlu da məhz
həmin ənənələrə söykənərək
özünün poeziyasını yaratmışdır.
Bəs nədir Zaməddin Ziyadoğlunun şeirlərini
fərqləndirən? İlk növbədə onun şeirlərinin
səmimiliyi və təbiiliyi. Zaməddin
Ziyadoğlu sözə əziyyət vermir, söz
özü-öz yerini Zaməddinin şeirlərində
tapır.
Onun şeirləri təbiətlə həmahəng səslənir. Bu şeirlərdə bahar təravəti
var, ilıq bir mehi var, qədim Azərbaycan torpaqlarından
olan Dilcan dərəsindən, Şinkardan, Ağstafa
çayı boyunca sularla bir yerdə axaraq Qazaxa qədər gəlib
çatan xəfif bir mehi var və bu mehdə bir şeiriyyat
var.
Şairin şeirləri Avey dağının
vüqarından, Vəlixan meşəsinin dərinliyindən,
Ağstafa çayının sərinliyindən qidalanıb. Zaməddin
Ziyadoğlunun şeirlərində bənövşənin, nərgizin,
qaymaq çiçəyinin ətri var. Onun şeirlərinin
mayası bayatılar, laylalar, oxşamalar, nağıllar və
əsatirlərlə yoğrulub.
Zaməddin Ziyadoğlunun şeirlərində bir vətən
sevgisi var. Onun şeirlərini Xanlıqlarsız, Qazaxsız
(neftçilərə aid olan şeirlərini nəzərə
almasaq) təsəvvür etmək mümkün deyildir.
Hazırda
qloballaşan dünyada getdikcə dövlətlərin, millətlərin,xalqların
bir-birinə inteqrasiya etdiyi bir zamanda, müxtəlif
svilizasiyaların, mədəniyyətlərin bir-birinə
qarışdığı bir dövrdə, kiçik
xalqların, balaca dövlətlərin yavaş-yavaş
dünya xəritəsindən silindiyi bir zamanda millətin,
xalqın yaddaşını, ruhunu yaşatmaq, onun mənəvi
mənini özünə dərk etdirmək mühüm əhəmiyyət
kəsb edir.
Zaman-zaman yaradıcı insanların, şairlərin,
yazıçıların, musiqi xadimlərinin ən
böyük vəzifəsi millətin, xalqın ruhunu
yaşatmaq olmuşdur və tarixdə onların bu xidmətləri
şəksizdir. Indiki dolaşıq zamanda isə bu daha
müstəsna əhəmiyyət kəsb edir. Zaməddin Ziyadoğlu şeirlərində millətin
adətini, ənənəsini, ruhunu yaşadır və gələcək
nəsillərə ötürür. Bu
onun yaradıcılığında mühüm faktordur.
Diqqət
yetirin:
Xəyalım
dolanır yurdum Qazaxı,
Baxıram bəzənib bayramsayağı.
Bağda
bənövşəni, dağda sazağı,
Baharın sorağı güllərdən gəlir.
Lopalar bəzəyir
göyün üzünü,
Gecə yaxasında tonqal düzümü.
Zaməddin,
ilhamla söylə sözünü
Baharın sorağı ellərdən gəlir.
Zaməddin Ziyadoğlunun yaradıcılığında
torpağına, elinə, obasına, dünyaya göz
açdığı qədim Xanlıqlar kəndinə, ana
yurdu Qazaxa həsr etdiyi şeirlər də mühüm yer
tutur. Bu şeirlər təkcə mənə yox,
yalnız Qazaxda dünyaya gəlmiş insanlara yox, dünyaya
göz açdığı kəndə bağlı olan
insanların hər birinə xoş gəlir. Insanı uzaq keçmişə, gəncliyinə
aparır.
Cığırı
burma-burma,
Qığıldar göydə durna.
Qıy
çəkər qara zurna,
Kənd yadıma düşəndə.
Başlasa
dirədöymə,
Heç
vaxt döşünə döymə
Ay
qağa, mənə dəymə
Kənd yadıma düşəndə.
Və ya;
Göyəzən
qamətli, Avey vüqarlı,
Damcılı nəğməli, Vurğun ilqarlı.
Dilican həsrətli,
Didvan qubarlı
“Divani” üstümdə sazımdır Qazax.
Zaməddin Ziyadoğlu dilimizin gözəlliyini təkcə
şeirə gətirmir. O, həm də zaman-zaman şirin Qazax ləhcəsində
işlədilən az qala yaddan
çıxmış qədim sözlərdən bir
lüğət də tərtib edib. Mən həmin
lüğətdən bəzi sözləri oxucunun diqqətinə
çatdırmaq istəyirəm:
Dərdiş
– dərdin alım
Dambat – təkəbbürlü
Varıf
getmək – çıxıb getmək
Həncəri - necə, nətəhər
Haqqannəs – doğru, düzgün
Qıjıt vermək – öyünmək və s.
Zaməddin Ziyadoğlu xarakterində incə yumor var. Bu
yumor onun təkcə şeirlərində yox, qələmə
aldığı “Turşməzə əhvalatlar “ında daha
maraqlıdır.
Mən Zaməddin Ziyadoğlunun dramaturgiyasından, onun
poemalarından, qıfılbəndlərindən söz
açmadım. Bu kiçik yazıda onlar barədə ətraflı
danışmaq da mümkün deyil.
Maraqlı
yaradıcılığı olan, şair Zaməddin
Ziyadoğlunun poeziya və söz aləmindən elə
böyük iddiası da yoxdur və bu barədə öz
düşüncələrini o aşağıdakı
misralarla ifadə edir:
İzim
qalsa bu dünyada,
Qağa demək yaşamışam.
Sözüm
qalsa el-obada,
Qağa demək yaşamışam.
Varaqlansa
həzin yaddaş,
Yada salsa bircə sirdaş.
Gilələnsə
gözlərdə yaş,
Qağa demək yaşamışam.
Ramiz
Göyüşov
Kaspi.-2015.-27 yanvar.-S.10.