«Körpüdə ümid» romanı Yazıçılar Birliyində müzakirə olundu

 

Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı, Əməkdar jurnalist Natiq Məmmədlinin müəllifi olduğu «Körpüdə ümid» romanının müzakirəsi keçirilib. AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirib ki, bundan sonra hər ay yeni yazlan əsərlərin ədəbiyyat adamları ilə müzakirəsi təşkil olunacaq. Bu təşəbbüsün reallaşdırılmasına «Azərbaycan» jurnalının 2014-cü ilin yanvar sayında dərc olunmuş, sonradan isə kitab kimi işıq üzü görən «Körpüdə ümid» romanından başlanılır.

 

İlk olaraq əsərin bədii məziyyətlərdən danışan İ.Fəhmi bildirib: “Bu romanda müəllifin ictimai hadisələrə qəribə bir mistik yanaşma tərzi özünü göstərir. Adətən yazarlar ictimai hadisəni yalnız publisistik dillə təqdim edir, bütün fikirlərini oxucuya çılpaq şəkildə çatdırırlar. Bu zaman isə bədiyyat görünmür. Burada ədəbiyyatın nədən ibarət olduğu sual altında qalır. Natiq Məmmədli isə ciddi yazıçı olaraq, birinci növbədə ədəbi material ortaya qoyub. Təbii ki, ədəbi material üçün ən vacib olan məqam əsərin kompozisiyasının tapıntısıdır. Romanda bütün hadisələr bir nəfərin vəzifə sahibi olması və bunun ardınca da oğlunun dilinin tutulması üzərində qurulub. Bu məqam oxucunu ardınca aparan faktdır. Bununla əsərə çox vacib kompozisiya düyünü vurulub. Yazıçı bunun ardınca ictimai, habelə fəlsəfi məzmun daşıyan bir sıra məsələləri qaldırır. Romanda hadisələr Şərq və Qərb atmosferinin sintezində cərəyan edir. Əsərdə Pirdəli obrazının özü də çox maraqlı tapıntıdır. Biz bu obrazı Kefli İsgəndərə, müasir Hamletə də bənzədə bilərik. Pirdəli obrazı ilə dili tutulan, amma ürəyi ilə danışan 12 yaşlı Ümidin dialoqları da çox maraqlıdır. Bu dialoqlar Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefli İsgəndərlə bacısının dialoqunu xatırladır. Əgər Mirzə Cəlil öz əsərində yalnız bir yerdə kiçik məqamla bunu veribsə, həmin xətti inkişaf etdirməyibsə, Natiq Məmmədli bütün gücü Pirdəli ilə Ümidin söhbətləri üzərinə qoyub. Əsərdə cəmiyyət tərəfindən inkar olunan şəxs yalnız 12 yaşlı uşaq tərəfindən başa düşülür. Romanda ədəbi baxımdan ikinci poetik tapıntı isə hər iki şəxsin susaraq danışmasıdır. Onlar yalnız ürəklərində bir-biri ilə danışır, bir-birlərini anlayırlar. Ümumiyyətlə, bu əsər barədə bir çox incəliklərə varmaq, təhlillər aparmaq mümkündür”.

 

Kefli İsgəndər Pirdəlidən daha xoşbəxtdir

 

Yazıçı-jurnalist Etibar Etibarlı N.Məmmədlini hekayələri kimi “Körpüdə ümid” romanını da maraqla mütaliə edib: “Natiq müəllimin “Ləyaqət düsturu” adlı kitabındakı 18 hekayənin hər birini oxumuşam. Bu kitaba «Ön söz» yazan Anar müəllim çox böyük uzaqgörənliklə, müəllifin gələcəkdə daha böyük əsərlər yazacağına ümid bəslədiyini bildirib. “Körpüdə ümid”lə Natiq Məmmədli Anar müəllimin fəhmini təsdiqləmiş olub. Mən əvvəlcə müəllifin “Ləyaqət düsturu” hekayəsinə diqqət çəkmək istərdim. Hekayəni oxuyarkən həm gülməmək, həm də daxilən göz yaşları axıtmamaq mümkün deyil. Müəllif hekayəsində çox böyük ədəbi ustalıqla ləyaqətini hərraca çıxarıb satan rəzil adamların obrazını yaradıb. «Mənim birinci yalanım», «Arzuların qənimi», «Korun gördüyü gələcək» hekayələrində də olduqca maraqlı məqamlar, ədəbi tapıntılar mövcuddur. Mənim fikrimcə, kitabdakı 18 hekayənin ümumi qayəsi “Körpüdə ümid” romanında daha qlobal şəkildə ortaya qoyulub. Müəllifin hekayələrini oxuyarkən, onun çox dəqiq müşahidə qabiliyyətinin olduğunu da sezməmək mümkün deyil. Cəmiyyətdə baş verən neqativliklərin müəyyən obrazlar vasitəsilə hekayələrdə çox dəqiqliklə verilməsi yazıçı duyumunun göstəricisidir».

 

E.Etibarlı Azərbaycan ədəbiyyatına ekskurs edərək, N.Məmmədlinin Pir mövzusuna toxunmasını Nəriman Nərimnovun «Pir» hekayəsindən sonra ədəbiyyatda ikinci hadisə kimi qələmə verib: «Ümid Piri adlanan məkana cəmiyyətin bütün zümrələri gəlir. Daxilən rəzil olan bu insanlar Ümid Pirinə gəlib hansısa təmənna umurlar. Hətta bunu edərkən, utanıb-çəkinmirlər də. Şəhərli bir qadın müqəddəs Pirin üstünə gəlir, Yoğun Minə ilə söhbətində bildirir ki, bizdə bir-birinin yerinə keçmək üçün ya gərək həmin vəzifədəki ölə, ya da onun başına bir iş gətirilə. Pirə gələnlər sırasında yeganə olaraq qoca bir qarı Qarabağın işğaldan azad olunmasını arzulayır. Əsərdəki obrazlar bizim cəmiyyətin yaratdığı antipotlardır. Romanda daha çox bəyəndiyim obraz isə Pirdəlidir. Olduqca mağmun, yazıq obraz olan Pirdəli daxilən zəngindir. Mirzə Cəlilin Kefli İsgəndərini xatırladır. Lakin Kefli İsgəndər Pirdəlidən fərqli olaraq, daha xoşbəxtdir. Çünki Kefli İsgəndəri əhatə edən adamlar cəhalət mühitində, savadsız, qorxu içində olan adamlar idi. Onlar molladan qorxsalar da daxilən Kefli İsgəndərə inanırlar, ümid bəsləyirlər. Amma Ümid Pirinə gələn adamlar müasir, savadlı insanlardır. Əgər qəhrəmanların yaşadığı cəmiyyətlərdə müəyyən dəyişikliklər olsaydı, cahil insanlar cəhalətdən qurtulmaq üçün Kefli İsgəndərin arxasınca gedərdilər. Ancaq “Körpüdə ümid” romanında özlərini dəhşətli dərəcədə ağıllı hesab edən insanlar Pirdəlinin arxasınca getməzdilər. Bu adamlar yalnız öz qazanclarını, öz mənfəətlərini güdürlər. Bu səbəbdən romanda naçar Pirdəli 12 yaşlı uşağa deyir ki, «mən dəliliyimi başa vurdum, cəmiyyəti dəyişmək növbəsi artıq sənindir». Romanda simvolik olaraq Ümid Piri adlandırılan ziyarətgah axırda dözmür, bacasını bağlayır, müxtəlif diləklər yazılan məktubların hamısını ətrafa səpələyir, üsyan edir».

 

E.Etibarlı romanda obrazların bitkinliyinə, obrazlara uyğun olaraq təbiət təsvirlərinin verilməsinə, əsərin dilinə də diqqət çəkib: «Məsələn, Qırmızı Xudunun kətyan kolundan qorxması, qaçmağa üz tutması, qaçarkən yıxılaraq qorxudan şalvarını islatması, əslində bu adamın xarakterinin göstəricisidir. Əsərdən çıxan digər bir simvolik nəticə özlərini ağıllı sayan adamların günbatana, dəli hesab olunan Pirdəlinin gündoğana baxmasıdır. Romanın üslubu, dili isə olduqca səlis, rəvan, aydın, oxunaqlıdır».

 

İdeya böyüdükcə mətnin xəlitəsi də dəyişir

 

Tənqidçi Bəsti Əlibəyli «Körpüdə ümid» romanını 2000-ci illər nəsrinin uğurlarından biri kimi dəyərləndirib. «Romanda mətnin bədii-estetik məziyyətləri ilə yanaşı, cəmiyyətdəki neqativ olaylara görə özünü sorumlu hiss edən vicdanlı bir insanın vətəndaş mövqeyi də aydın görünür. Yetişkin nəsr təfəkkürünə malik olan müəllif ilk planda xurafat kimi qoyulan lokal bir problemi ədəbi kombinasiyalarla ictimai-siyasi və hətta sivilizasiyaların toqquşması kimi dünyəvi problemlər səviyyəsinə qaldıra bilir. Və maraqlıdır ki, hadisələr məişət səviyyəsindən qlobal səviyyəyə yüksəldikcə, yazıçının nəfəsi də genişlənərək şüur axınına çevrilir. Başqa sözlə, ideya, problem böyüdükcə, mətnin xəlitəsi, kateqoriyası da fəsil-fəsil dəyişir. Mənə elə gəlir ki, əsərin ilk fəsillərində hiss olunan publisistik intonasiyanın getdikcə bədii-fəlsəfi düşüncə ilə əvəzlənməsi də bundandır. Çünki ciddi ideyalar daşıyıcısı olan müəllif özünü bu sferada daha rahat hiss edir.

 

Yeni nəsil yazarlarından olan Natiq Məmmədlinin dil yapısı, torpağı, kəndi və onun poetikasını dərindən duyması da məni çox sevindirdi. İsa Muğanna, İsi Məlikzadə, Sabir Əhmədli kimi ədiblərdən sonra köy insanının fəlsəfəsini, Torpağın ətrini, qoxusunu bir daha duya biləcəyikmi deyə pessimist bir düşüncə vardı içimizdə. “Körpüdə ümid” romanıyla, oradakı kənd təsvirləri, hər kolun, meyvənin adını, dadını bilməsi və əyalət düşüncəsini dəqiq müşahidəsiylə Natiq Məmmədli ümidlərimizi yenidən cücərtdi. Eyzən, əsərin sonunda başı kəsilmiş, qol-budağı budanmış armud ağacı kötüyündən yeni pöhrələr cücərdiyi kimi.

 

Sözümün əvvəlində qeyd etdiyim kimi, bu romanın vasitəsiylə indiyə qədər görmədiyim müəllifin kifayət qədər pozitiv bir düşüncə sahibi olduğunu da gördüm. Hesab edirəm ki, çəkisini özü yaxşı bildiyindən, ona təriflə deyil, səmimi düşüncəylə, tənqidi qeydlərlə daha çox dəstək ola bilərik və mən də bir neçə qeydimi bildirmək istərdim.

 

Əsərdə cərəyan edən hadisələr ictimai məzmun kəsb edib qloballaşdıqca didaktik vurğu da artır. Doğrudur, bu vurğu Ümidqovanın dəli hesab olunan filosofu Pirdəlinin dilindən səslənir, amma həm də müəllifin bu vurğu-mesajlarda iştirakı görünür. Vətəndaş mövqeyindən baxdıqda və ciddi, taleyüklü problemlərlə üz-üzə qalan cəmiyyətimizin bu mesajlara çox ehtiyacı olduğunu gözə aldıqda, müəllifə haqq verməli olursan. Sırf bədiyyat baxımından yanaşdıqda isə bu, özünü doğrultmur. Məncə, didaktika, nəsihət mövqeyi qədərində olsa və müəllif obrazı aşırı yükləməzsə, həm onun daşıdığı ideya daha inandırıcı olar, həm də əsərin bədii çəkisi yüksələr.

 

“Körpüdə ümid” romanı “Qanun” Nəşriyyatında kitab halında nəşr olunub. Poliqrafik təqdimat əsərin qiyafəti, üst geyimidir və bu qiyafət standartlar səviyyəsində olmaqla, indiki çağda kütləvi şəkil alan pinti kitabçılıqdan ciddi fərqlənir. Amma üst qapağa mətndən iki manşet çıxarılması, məncə, kitabın simasına bir dağınıqlıq gətirir. Hətta o manşetlər mətnin qayəsini, ideyasını açıqlamağa xidmət etsə belə, lüzumsuzdur, çünki arxa qapaqda əsərin nüvəsindən iki dolğun çıxarış verilmişdir.

 

Daha bir qeydim romanın adıyla bağlıdır. ”Körpüdə ümid” adı mətnin konseptual planında özünü tamamilə doğrultsa da, daha cazibəli bir ad seçmək olardı və bu zaman üz qapağında, bir növ, mətni açıqlayan çıxarışlara da ehtiyac qalmazdı.

 

Ümidqovan - həm irreal, həm də real məkan

 

Tənqidçi Əsəd Cahangir “Körpüdə ümid” romanının müəllifi Natiq Məmmədlinin 40 yaşı haqlamaq üzrə olmasına diqqət çəkib. Bildirib ki, bu yaşda olan insanlar özünün ciddi sözünü deyir. Onun fikrincə, adətən belə zamanda deyilən söz, onu deyənin şəxsi iradəsindən daha çox hansısa irosional məkandan verilən hökm olur: “Bu vaxtlarda insan oxuduqlarını, bildiklərini, gördüklərini, eşitdiklərini, hiss elədiklərini deyir, bir kitabda sığışdırır. Həmin kitab müəllifin «cami-cəmi» olur. Bütün mahiyyəti orada ifadə olunur. Hesab edirəm ki, «Körpüdə ümid» romanı da Natiq Məmmədlinin «cami-cəmi»dir. Bu kitab onun indiyə qədər yazdıqları və bundan sonra yazacaqları arasında həm də bir körpüdür. Bir dövrə yekun vurur, gələcək dövrün perspektivlərini açır. Kitabda müəllifin forma və məzmun baxımından bir yazıçı kimi gələcəyi ifadə olunub. Sırf ideya baxımına gəlincə, roman «Allah» sözü ilə başlayır, insana olan ümidin cücərməsi ilə sona çatır. Əsərin əsas ideyası bundan ibarətdir ki, insan yalnız özünə inanmalı, bu günündə yaşamalı, gələcək və keçmişlə çox uğraşmalı deyil. Əsərin bədii baxımına gəlincə, romanın birinci fəsli sırf realistik üslubda yazılıb. Bu, müəllifin özünəməxsus realist qələmə sahib olmasının, müşahidə qabiliyyətinin, obraz yaratma ustalığının göstəricisidir. Romandakı obrazlar, onların dili, hadisələrin təsviri olduqca şirindir, oxuduqca oxumaq istəyirsən. Müəllif əsərində sözlə səsin birləşməsini reallaşdıra bilib. Kim necə danışırsa, o cür də yazılıb. Romanı oxuyarkən o insanların səslərini eşitdim”.

 

Ə.Cahangir deyib ki, romanda birinci fəsildən sonra N.Məmmədli magik realizmə üstünlük verib: “Romanın başlanğıcından müəllif bilərəkdən, yaxud da bilməyərəkdən bir sıra sirlər qoyub. Əsərin yerdə qalan hissələri həmin sirlərin açılışına həsr olunub. Məsələn, uşağın dilinin tutulması, onun nitqinin açılıb-açılmaması, Tellinin qız qarımasının səbəbi, Pirdəlinin dəli olmasının sirri, Telli ilə Minə və Qələm Bəkir arasındakı konfliktin səbəbi və bu kimi bir sıra suallar qoyulur əsərdə. Ümumiyyətlə, romandakı bütün qəhrəmanların hərəsinin bir sirri var. Müəllif əsər boyu ardıcıllıqla bütün bu sirləri açır. Yazıçılığın bir xüsusiyyəti də elə bundan ibarətdir. Natiq Məmmədli öz romanında mətni qurmağı, başlanğıcdan onun sonunu görməyi bacarıb. Bu roman eyni zamanda bir sıra əsərlərlə də səsləşir. Məsələn, Anarın “Otel otağı”nda obrazlar var ki, ataları 1937-ci ildə pantürkizmə qarşı çıxanlar, 1990-cı illərdə türkçü olurlar. “Körpüdə ümid” romanında isə ataları vaxtilə kommunist partiyasının ideoloqları olanlar, sovetlər dağılandan sonra Pirin ətrafına yığılırlar. Yəni, elə bir təbəqə var ki, onlar istənilən dövrdə fəallıq göstərib idarəetməni ələ ala bilir, bir növ hər zaman suyun üzündə qalmağı bacarırlar. Romanda Yusif Səmədoğlunun “Qətl günü” ilə səsləşən məqamlar da var. Orada da iki tarixi zaman qarşılaşdırılır, “Körpüdə ümid” romanında da. Əsərdə qədim Mitridat, Pompey dövrü və müasir dövr qarşılaşdırılır. Bu ədəbi üsuldan Çingiz Aytmatov, Bulqakov, eləcə də bir çox Azərbaycan yazıçıları istifadə ediblər”.

 

Ə.Cahangir bildirib ki, “Körpüdə ümid” romanı Azərbaycan bədii ədəbiyyatına ilk dəfə olaraq Mitridat obrazını gətirib: “Həm ümumi, həm də ədəbi metod baxımından “Körpüdə ümid” romanı Markesin əsərləri ilə də səsləşir. Markesin əsərlərində müəyyən şəxslərin və məkanın simvollaşdırılması, nəsillərin bir-birini əvəz etməsi məsələsi qoyulub, bunun timsalında bütün bəşəriyyətin tarixini vermək cəhdləri ifadə olunub. Misal üçün, “100 ilin tənhalığı”nda 5 nəsildən söhbət getsə də, əslində Adəmin özündən bu günə kimi bəşər tarixi təsvir olunub. Natiq Məmmədli də əsərdə kəndin adını Ümidqovan verib. Simvolik məna daşıyan bu kənd həm irreal, həm də real məkandır. Müəllif bu kəndin timsalında Azərbaycanı bir körpüyə bənzədib və haqlı da edib. Azərbaycan karvan yollarının kəsişdiyi, Şərqlə Qərbin ortasında olan bir ölkədir. Bu, tarixi, coğrafi, zaman və mistik baxımdan bizim ölkəmizin taleyidir. Əsərdə Ümidqovan kəndinin sakinlərinin Şərq, yoxsa Qərb dilemması qarşısında qalmağı Mirzə Cəlilin “Anamın kitabı”ndakı seçimlə də səsləşir. Mirzə Cəlil sonradan bu seçimə «Azərbaycan» deyə cavab vermişdi. Natiq Məmmədlinin romanında bu məsələnin siyasi və ideoloji tərəfi ilə yanaşı, həm də ümumbəşəri tərəfi var. Müəllif deyir ki, biz nə Şərqi, nə də Qərbi seçməliyik, biz yalnız özümüzü seçməli, öz gücümüzə, ağlımıza arxalanmalıyıq. Bu ideya müasir dövrümüzlə çox səsləşir. Ona görə də “Körpüdə ümid” romanı həm də siyasi əsərdir”.

 

“Kitab evi” İctimai Birliyinin sədri, yazıçı Salatın Əhmədli N.Məmmədlinin yaradıcılığı ilə tanış olarkən gəldiyii qənaətləri bölüşüb. Bildirib ki, həm hekayələri, həm də romanı oxuyan zaman hiss edib ki, müəllif nənə-baba yanında böyüyüb, filosofları çox oxuyub, onlardan lazımınca bəhrələnib. Bütün bunlar isə N.Məmmədlinin dünyagörüşünə, gələcək fəaliyyətinə müsbət təsir edib: ““Ləyaqət düsturu” kitabındakı hekayələri demək olar ki, su kimi içmişəm. Sonralar bu hekayələrdən aldığım təəssüratı məqalə formasında mətbuatda dərc etdirdim. Hekayələrdəki süjet xətti, obrazlar, onların vasitəsilə cəmiyyətdə baş verənlərin oxucuya çatdırılması çox mükəmməl idi. “Körpüdə ümid” romanı da müəllifin bundan əvvəlki əsərləri kimi olduqca oxunaqlı, maraqlı ədəbiyyat nümunəsidir. Romanda obrazların dili ilə verilən bir çox fikirlər dərin mənalı aforizm kimi yaddaşlarda qalacaqdır”.

 

Psixoloji roman anlayışı

 

Ədəbiyyatşünas alim Əlizadə Əsgərli əsərin mövzusu və süjet xəttini təhlil etdi. Bildirib ki, müstəqillik dövründə belə bir mövzuya müraciət etməsi N.Məmmədlinin həssas yazıçı müşahidəsindən xəbər verir: “Romanın mövzusu olduqca aktualdır. Janra münasibətə gəlincə, romanın özünün ənənəvi çərçivəsi var. Əsərdəki Ümidqovan kəndi dünyəviliyin bir təsəvvür forması kimi qiymətləndirilə bilər. Yazıçı ştrixlərlə, nüanslarla daha çox istəyir ki, özünü bu romanda ifadə etsin. Bu da əsəri ənənəvi romanlar çərçivəsindən kənara çıxarır. Fikrimcə, psixoloji roman anlayışı bu əsərə daha çox uyğun gəlir. Əsərdə mənəvi-psixoloji məqamların daha çox səslənməsi var. Romanda sosial hadisələr sferası deyil, sosial hadisələrin yazıçıda doğurduğu subyektiv, psixoloji-mənəvi dəyərlərin yer alması müşahidə olunur. Natiq Məmmədli romanda daha çox təhkiyə müəllifi kimi çıxış edir. Bununla yanaşı əsərdə hadisələrin əlvanlığı, çoxfaktlılığı yoxdur. Müəllif hər bir obrazın ayamasından tutmuş, onların ideya yükünə kimi hər şeyi özündə saxlayır. Natiq müəllimin özünəməxsusluğu ondadır ki, əsərə kifayət qədər müdaxiləli və münasibətli yazıçıdır. Yəni, hadisə ondan kənarda baş vermir, sanki hadisələrlə üz-üzə, şahid olaraq danışır. Hər bir obrazın özünün tutumu var. Misal üçün, Qırmızı Xudu. Hamı bilir ki, «qırmızı» sovetizmin anlayışıdır. Romanda müəllif Qırmızı Xudunu kadr olaraq sovetlər dönəmindən gətirib müasir dövrə çıxarır. Sovet dövrünün xüsusiyyətlərini həmin obraz vasitəsilə xatırladır. Yazıçının obrazlı təfəkkürü, təxəyyülü kifayət qədər genişdir. Obrazların timsalında bir bunu açıq-aydın görə bilirik. Torpağa münasibət, Vətən, qəhrəman anlayışı yazıçı tərəfindən o qədər obrazlı, təfərrüatlı, detallı, fərdi şəkildə ifadə olunub ki, romanı oxuduqca müəllifə əhsən deyirsən. Romanda siyasi-iqtisadi, sosial baxımdan da diqqət çəkən kifayət qədər məqamlar var».

 

Millətə deyiləcək bircə söz var – «Qarabağ amanatı»

 

«Ulduz» jurnalının baş redaktor müavini Təranə Vahid N.Məmmədlini hörmət bəslədiyi yazıçılardan biri kimi təqdim edib. O, müəllifin romanını mütaliə edərkən hiss-həyəcanla, ümidlə, möcüzələr gözləyə-gözləyə əsərin sonuna doğru yol getdiyini dilə gətirib. Deyib ki, onun yazdıqları həyatın bir parçasıdır: “Natiq müəllimin hekayələrində və romanında sünilik yoxdur. Onun əsərlərində hansısa başqa dünyanın insanlarının təfəkkürü cəmləşməyib. “Körpüdə ümid” kiçik həcmli olsa da çoxqatlı romandır. Romanın alt qatında çox mətləblər özünü ifadə edir. Natiq müəllim əsərin hər bir yerində, hər bir detalında gözləntilər qoyur. Misal üçün, Pir məktubları bacadan bayıra atanda məlum olur ki, diləklərin 95 faizi evdə qalmış qızlarını yaxşı bir oğlana ərə vermək istəyən valideynlərin arzusundan ibarətdir. Əsərdəki Pirdəli obrazı yolunu azmış insanların qarşısına çıxan dəlidir. Sözsüz ki, belə şəraitdə onu kimsə eşitmirdi və o, Ümidin yolunu gözləyirdi. Romanda təsvir edilən «üçüncü gecə»ni isə çox səbirsizliklə gözləyirdim. Ehtimal edirdim ki, bu fəsildə mütləq nəsə möcüzə baş verəcək. Lakin həmin yeri mütaliə etdikdə, hadisələrin möcüzə deyil, real şəkildə baş verdiyinin bir daha şahidi oldum. Ətrafa səpələnən məktublar arasından yalnız birində bu xalqa, bu millətə deyiləcək söz var idi – «Qarabağ amanatı».

 

Şair Dayandur Sevgin “Körpüdə ümid” romanını “Azərbaycan” jurnalından oxuduğunu bildirib. Qeyd edib ki, bu əsəri mütaliə edən şəxsin təsirlənməməsi, roman barədə düşüncəsini dilə gətirməməsi mümkün deyil. O, bunu yazıçının uğuru kimi dəyərləndirib: “Yazıçı əsəri elə qurub ki, hər bir oxucu, ədəbiyyat adamı onun barəsində ayrıca fikir bildirir. Elə bugünkü müzakirələrdə bir daha bunun şahidi olduq. Romanda təsvir edilən 12 yaşlı uşaq tək Azərbaycanın deyil, bütün dünyanın gələcəyidir. Müəllif çox böyük ustalıqla hər bir obrazı öz dilində, öz şivəsində danışdırır. Romanı oxuyarkən obrazların dilindən verilən ibrətamiz fikirlər xüsusilə diqqət çəkir”.

 

İ.Fəhmi müzakirələrə yekun vuraraq, bundan sonra AYB-nin bir neçə seksiyaları üzrə müzakirə klublarının fəaliyyət göstərəcəyini xatırladıb. Qeyd edib ki, hər ay müxtəlif əsərlərin daha geniş, daha dərin müzakirəsi təşkil olunacaq, bu barədə fikirlər cəmiyyətə çatdırılacaq, beləliklə də yaxşı əsərlər zəif yaradıcılıq məhsullarının reklamının kölgəsində qalmayacaq.

 

Rufik İSMAYILOV

Kaspi.-2015.-31 dekabr.-2 fevral.-S.22-23.