KERAMİKANIN FƏLSƏFİ -
DÜŞÜNDÜRÜCÜ QATI
Məzahir Avşar - 60
Etiraf edək ki, çoxəsrlik tarixə
və zəngin bədii ənənələrə malik olan Azərbaycan keramika sənətində, onun
yaradıcılarının ifadə palitrasında hələ
ki, müasirimiz olan Məzahir Avşarın müxtəlif mövzulu əsərlərində, xüsusilə
də onun türk tarixi və
mənəvi dünyası ilə bağlı
kompozisiyalarında rast gəldiyimiz qədər
mürəkkəb və mənalı görüntülərə
rast gəlməmişik. Bunun
milli keramika sənətində
yeni və özünəməxsus ifadə
tərzi olduğunu söyləsək, yəqin
ki, heç bir mübaliğəyə yol
vermərik. Forma-biçim etibarilə kifayət qədər dəyişgən
və ilk növbədə cəlbedici olan bu plastikanın məcmusu
ilə kompozisiyanın ümumi ritminin əldə olunması heç
şübhəsiz hər şeydən öncə müəllifinin
yüksək sənətkarlığının göstəricisidir.
Görünənlərin daha
önəmli bədii məziyyəti isə müxtəlif çalar almış bu
keramikanın ahəngdarlığından yaranan
bədiiləşmiş görüntüləri rəssamın
heyranediciliyi ilə yanaşı, düşündürücü və
obrazlı-fəlsəfi tutuma bələyə
bilməsidir. Lap qədim ecazkar miniatür üslublu əsərlərdə, cəlbedici
və çoxqatlı digər milli bədii
sənətkarlıq nümunələrində olduğu kimi...
Tanışlıq üçün deyək ki, Məzahir Avşar 1955-ci ilin yanvarında Ağcabədi rayonunda anadan olub. İxtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1972-1978), sonra isə V.İ.Muxina adına Sankt-Peterburq Ali Sənaye rəssamlığı məktəbində (1978-1984) almışdır. Bir müddət Bakıda çalışıb. 2000-ci ildən qardaş Türkiyədəki Səlcuq Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. O, azərbaycanlı həmkarları İlham Ənvəroğlu, Orxan Cəbrayıloğlu və ömür-gün yoldaşı Lalə Avşarla Səlcuq Universitetində Gözəl sənətlər fakültəsini qurmuş, bir müddət “Keramika” kafedrasına rəhbərlik etmiş, bir-neçə ildir ki, həmin təhsil ocağında yeni yaradılmış “Sənət və keramika dizaynı” kafedrasına rəhbərlik etməkdədir. Həmin universitetin professorudur. Ötən əsrin yetmişinci illərindən başlayaraq müxtəlif miqyaslı sərgilərin və beynəlxalq simpoziumların iştirakçısıdır. Əsərləri dəfələrlə yüksək mükfata layiq görülmüşdür. YUNESKO nəzdində fəaliyyət göstərən rəssamlar birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür...
Onu bir yaradıcı və bir insan kimi çoxdan və yaxından tanıdığımdan deyə bilərəm ki, bütün varlığı ilə milli mənəvi dəyərlərimizə bağlı olan Məzahir Avşar davamlı yaradıcılığı ilə Azərcaycan incəsənətini, onun çox qədim tarixə və zəngin bədii ənənlərə malik olan keramika növünü yüksək dəyərli əsərlərlə zənginləşdirməyə nail olmuşdur. Ərsəyə gətirdiyi müxtəlif mövzulu əsərlər də onun torpağa, soy-kökə, əski qaynaqlara bağlılığının, xalqının acılı-şirinli tarixini bədiiləşdirməyə yönəli davamlı yaradıcılıq səylərinin ifadəsidir. Bunu onun ötən əsrin səksəninci illərindən başlayaraq bu günə kimi davam edən yaradıcılığının Bakı və Konya mərhələləri də təsdiqləyir. Onun Şərq fəlsəfəsinə, türk xalqlarının çoxəsrlik tarixinə, ədəbi irsinə, maddi və mənəvi abidələrinə sonsuz məhəbbəti əsl vətəndaş təəssübkeşliyi ilə bələndiyindən yaradıcılığı yanğı dolu yaşantılarla zəngindir...
Etiraf edək ki, xalqımızın yaşanın çoxminillik qürur doğurucu tarixi qarşılığında uzun müddət yaradıcılarımız, o cümlədən də rəssamlarımız bəzən korşaldığı hiss olunan yaddaşımızı titrədə biləcək möhtəşəm əsərlər yarada bilməyiblər. Bunun sovet dönəmində baş tutmamasını çox vaxt mövcud ideologiya ilə əlaqələndirənlərlə razılaşmaq olmur. Çünki, kommunist rejimin süqutundan sonra heç birinin portfelindən və emalatxanasından “sandıq ədəbiyyatı” kimi dəyərləndiriləcək bir əsər belə çıxmadı. Təbii ki, Məzahir Avşar bütün bunları hələ təhsil illərindən bilirdi. Odur ki, onun tarixi keçmişimizə olan marağı, onu bədiiləşdirmək istəyi hələ yetmişinci illərdən başlamışdı. Hələ Bakıda oxuyarkən onun xalq qəhrəmanı Babəkin, Sankt-Peterburqda isə Dədə Qorqudun obrazına müraciət eməsi və onların daşıdıqları milli-mənəvi yükü yaddaqalan biçimdə ifadə etməsi görünür rəssamın sonralar davam etdirəcəyi yaradıcılıq axtarışlarının hələ başlanğıcı idi. Onun zamanında Bakıda açılmış fərdi sərgisində nümayiş etdirdiyi “Danışan daşlar”, “Yaralı daşlar”, Gecə qonağı”, “Xürrəmilər”, “Dədə Qorqud”, “Göyçə qaçqını”, “Döyüşçü”, “Əsgəran”, “Axaltəkə”, “Qarabağ”, “Oğuz”, “Vedi didərgini”, “Avşaran” və s. əsərləri də bunun davamı oldu.
Məzahir Avşarın yaradıcılığının Türkiyə mərhələsində onun türk dünyasına olan bədii münasibətində ciddi dəyişikliklər baş verib, desək, yanılmarıq. Qənaətimizcə, bunu şərtləndirən başlıca səbəb rəssamın tarixi qaynaqlarla canlı ünsiyyətdə olması, nə vaxtsa eşitdikləri barəsində daha tutarlı məlumatlar əldə edə bilməsi olmuşdur. Bütün bunlar heç şübhəsiz ilk növbədə bu vaxta qədər bədii görüntüyə çevrilməyən tarixi mövzuların keramikada obrazlı-fəlsəfi tutumda gerçəkləşməsini şərtləndirmişdir. Əgər desək ki, onun Konya şəhərində ərsəyə gətirdiyi keramik kompozisiyalar bədii-estetik tutumuna görə monumental heykəltəraşlıq əsərləri ilə rəqabət aparmaq gücündədirlər. Təkcə Məzahirin çalışdığı Səlcuq Universiteti şəhərciyində ucaldılan “Təkər” (2001), “Xəbərdarlıq” (2001), “Sarı Qamış şəhidlərinə” (2002) və “Soyağacı (“Totem”)” (2001) əsərləri dediklərimizin təsdiqidir. Bu abidələrin hündürlüyü müvafiq olaraq 400, 450, 300, 550 santimetrdir. Üzəri Orxon-Yenisey əlifbası ilə naxışlanmış təkər, bəyaz-işıqlı bütövlüyü parçalayan qara “paz”, xalqının azadlığını qanı bahasına əldə edən şəhidlərin adlarını yaşadan qayalıq və türkdilli xalqların ucalığını və yenilməzliyini hifz edən totem məcmusu öz möhtəşəmliyini məhz görkəmli keramika ustasının bədii və mənəvi ənənələrimizə bələdçiliyi sayəsində əldə etmişdir, desək, həqiqəti söyləmiş olarıq...
Məzahir Avşarın monumental duyumu
həmişə onunladır. Türk
tarixi və mənəviyyətinin zəngin
aurası ilə nəfəs alan
sənətkarın yaratdığı
keramik kompozisiyalar da ənənəvilikdən
çıxmaqla, tikililərin
interyer və eksteryerlərinə cəlbedici
oynaqlıq bəxş
etmişdir. Onun şamotdan hazırladığı
“Dərvişlər” (2001), “Balballar” (2003), “Panno”
(2005), “Sirli yazılar”
(2006), “Doğuluş” (2003), “Bəyaz qarğa” (2003), “Dədə Qorqud” (2001), “Göydən gələnlər”
(2002) və “İlk türklər” (2006) silsilələri,
“Müqəddəs yazılar”
(2000), “Səlcuq döyüşçüsü”
(2002) və “Qazi”
(2006) diptixi, eləcə
də “Səma vazaları” (2003-2004), “Mifologiya”
(2004-2005) və “Ovçular”
(2005) silsilələri onun
“soyuq” keramikaya duyğulandırıcılıq və düşündürücülük
bəxş etmənin
mümkünlüyünü sərgiləyən bənzərsiz
sənət nümunələridir.
Onların hər biri türk mənəviyyatına
verilən bədii-plastik
görüntü kimi,
doğrudan da yeni və maraqlı,
çox vaxt da düşündürücülüyə
yol açan fəlsəfi tutuma malik olduqlarından bütünlükdə Azərbaycan
incəsənətinin çağdaş
saxlancına böyük
töhfədir.
Yeri gəlmişkən
deyək ki, Məzahir Avşar xalqının tarixinə,
türk dünyasına
münasibətini təkcə
plasikada ifadə etməklə kifayətlənməmiş,
onu çoxsaylı qrafik əsərlərdə
də özünəməxsus
bədii tutumda əbədiləşdirməyə nail olmuşdur. Bu mənada
onun papirus və kağız üzərində ərsəyə
gətirdiyi lövhələrin
adını çəkmək
lazımdır. Papirus
üzərində yaradılmış
“Tarixdən məktublar”
(2007) silsiləsini, eləcə
də kağızda gerçəkləşən “Üçüncü
üz”(2007), “Yurd”
(2007), “Damğa” (2007), “Sultan” (2005), “Mövləvi” (2005) və
“Pəri bacaları”
(2005) lövhələri bu
qəbildəndir.
Bu yerdə qısa
da olsa keramika
sahəsində kifayət
qədər milli və dünyəvi təcrübə toplamış
Məzahir Avşarın
istifadə etdiyi materiala münasibətini şərh etmək istərdik. Belə ki, onun ictimailəşdirdiyi əsərlər
materialın texnoloji imkanları ilə düşüncələrindən qayunaqlanan formaları sadəcə qovuşdurmaq
deyildir. Bu mənada ənənəvi
materialın-şamotun onun
nəhayətsiz təxəyyülündə
şaşırdıcı forma və rəng alması, çox ifadəli siluet daşıyıcısına çevrilməsi
heç şübhəsiz
görkəmli sənətkarın
davamlı axtarışlarının
və ekspermentlərinin
nəticəsidir. Başqa
sözlə desək,
o, məhz ifadəli plastik tutuma və orijinal forma-biçimə tamaşaçısını
duyğulandıracaq rəng
və faktura verməklə əsərlərinin
yaddaqalanlığını əldə etmişdir...
Hər bir yaradıcının arxaya
dönmək, elədiklərinə,
daha dəqiq desək, saldığı
“bədii iz”ə nəzər salmaq və dəyərləndirmək
zamanı olur. Düşünürük ki, 60 yaş yaradıcı insan ömrünün məhz belə anlarındandır.
Bu mənada keramika
ustasının arxada qalan 30 illik yaradıcılığı məhsuldarlığı
ilə yanaşı, həm də özünəməxsus bədii
məziyyətləri ilə
seçilir. Məzahir
Avşarın qədim
keramikanı dar məişət çərçivəsindən
çıxarması, ona
fəlsəfi-düşündürücü
mahiyyət bəxş
etməsi onun Azərbaycan incəsənətinə
layiqli töhfədir...
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
kaspi.-2015.-31 yanvar.-2 fevral.-S.16-17.