Səbət altında kral
Amil Həmzəyev
öz karyera gəmisinin
kapitanıdır
Maykl Cordan, Kərim
Əbdül-Cabbar,
Çarlz Barkli, Skotti Pippen, Kobi Brayant, Lebron Ceyms... Adlar
tanış gəlirmi? Əlbəttə,
bunlar öz idman növlərində
ad çıxarmış, dünyaca məşhur
basketbolçulardırlar. Onları tanımayan idmansevər
yoxdur. Maraqlıdır, bəs Azərbaycanda
necə
yaxşı basketbolçular varmı? Əmin olar
bilərsiniz
ki, var. Fuad Niftəliyev, Aleksandr
Rındin, Rasim Başak, Tahir Baxşıyev və
onlarla başqaları ölkəmizdə
populyarlığı hələ də
çox yüksək olan növün ən
güclülərindəndirlər.
Bu gün isə sizə
adı onlarla yanaşı çəkilən
və
böyük perspektiv vəd edən
biri – Amil Həmzəyevi təqdim
edəcəyik.
Yüz illik
basketbol tariximiz
Ümumiyyətlə, Azərbaycanda basketbolun inkişaf tarixi başlanğıcını digər əksər idman növləri kimi ötən əsrin 20-ci illərindən götürür. O vaxtlar Bakıya xarici neft şirkətlərində işləməyə gəlmiş fəhlə və qulluqçuların təşəbbüsü ilə həyata vəsiqə alan bu idman qısa müddətdə populyarlıq qazanır. Ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində komandalar yaradılır, məşğələlərə cəlb olunan basketbol həvəskarlarının sayı günü-gündən artırılır. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandaların və məşğələlərin fəaliyyət göstərməsi qeydə alınmışdı. 20-ci əsrin sonlarında durğunluq dövrünü yaşayan Azərbaycan basketbolu Olimpiya oyunlarında idmançılarımızın qələbələrinin təsiri ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edildi və bu da komandalarımıza beynəlxalq yarışlarda müstəqil dövlətimizin bayrağı altında çıxış etmək hüququ qazandırdı. 2002-ci ilin avqust ayında Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev basketbol üzrə Olimpiya, Dünya və Avropa çempionu olan məşhur basketbolçu Rimas Kurtinaytisi qəbul edir və onu milli komandaya baş məşqçi təyin edir. Məhz bundan sonra ölkəmizdə basketbolun inkişafına güclü təkan verilir. Belə ki, 2002-ci ildən Yüksək Liqanın yarışları 8 ay ərzində dünya standartlarına uyğun olaraq bir neçə mərhələdə keçirilməyə başlayır. Bundan sonra ölkə basketbolu ardıcıl uğurlarla öz zirvəsinə doğru addımlamağa başlayır. Bugünkü yazımızın qəhrəmanı da bu işlərin nəticəsində könlünü idmana vermiş biridir.
5 günə çempion
25 iyun 1990-cı ildə Gəncədə anadan olan Amil Həmzəyev, elə orada idmana başlayıb. 14 yaşında basketbola gələn gənc buna qədər az qala bütün növlərlə məşğul olub: karate, güləş, boks, futbol... Ancaq son seçimi məhz basketbol olub. Əslində, bu gözlənilən idi. Çünki 14 yaşında təxminən 2 metrə yaxın boyunun olması sonrakı addımını əvvəldən müəyyən etmişdi. Onu zala ilk olaraq atası gətirir. Həmin vaxtlar Rimas Kurtinaytisin ölkədə basketbola böyük maraq artırması da öz, hətta deyərdik, əsas rolunu oynamışdı. Hündürboy idmançının karyerasının ən yaxşı quracağı növ məhz bu idi. Həm də uşaqlığını Maykl Cordanı izləməklə keçirən birisi üçün bu addım təsadüfi sayıla bilməzdi. İlk müəllimi Elçin Süleymanovun rəhbərliyi altında məşqlərə başlayan Amilin cəmi bir il sonra ölkənin gənclərdən, bir neçə ay sonra isə böyüklərdən ibarət milli komandaya dəvət alması bunları sübut edir. Hələ bu harasıdır? Amil basketbola başladığından cəmi 5 gün sonra ilk yarışına çıxıb. Cəmi 2 xal atmasına baxmayaraq, həmin turniri qalibi adını qazanıb. Bundan sonra uğurların ardı gəlməyə başlayır.
İstedad və əzm çempionluqlar gətirir
2006-cı il Avropa C divizionunun - İnkişaf Kubokunun qalibi olan Amil, iki il sonra bu uğuru təkrarlayır. Bu arada U-18 Avropa Çempionatının "C" divizionu və U-20 Avropa Çempionatının "B" divizionunda iştirak edir. Son turnirdə o, ən yaxşı müdafiəçi seçilərək böyük perspektivini reallaşdırmağa başlayır. 2011-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən "Novruz-2011" beynəlxalq turnirin qalibi adını əldə edir. İranın Sarab şəhərində İslam İnqilabının 32-ci il dönümünə həsr edilmiş beynəlxalq turnirində və Avropa Çempionatının "B" divizionun B dəstəsində 2-ci yer tutur. 2012-ci ildə "Novruz-2012"-də yenidən qalib olur, AvroBasketin seçmə mərhələsinin iştirakçısı olur. 2013-cü il İslam İnqilabının 34-cü il dönümünə həsr edilmiş beynəlxalq turnirdə çempionluq sevinci yaşayan Amil, "Gəncə" klubu ilə XX Azərbaycan çempionatında gümüş medallara sahib çıxır. Ümumilikdə, gənclər və kişilərdən ibarət çempionat daxil olmaqla 8 qat Respublika çempionu olan Həmzəyev son illərdə daha 3x3 basketbolunda böyük uğurlar qazanıb. 3x3 basketbol üzrə "BAKI" komandası tərkibində "TBF Türkiyə turu"nda 22 komandanın qatıldığı turnirin qalibi (Antalya, Türkiyə), Türkiyə Basketbol Federasiyasının (TBF) təşkil etdiyi 3X3 Abdi İpekçi Kubokunun qalibi (İstanbul, Türkiyə), "3X3 Kiyev Open Celenc"in dünya turunun seçmə mərhələsinin iştirakçısı, 3x3 üzrə 2 qat respublika çempionu, 3x3 basketbol üzrə Avropa turunun qalibi, dünya turunun bürünc mükafatçısıdır. Bu qələbələri sayəsində o, bu il Bakıda keçiriləcək Avropa Oyunlarında çıxış etmək hüququ qazanıb. Bununla yanaşı, o, 1x1 basketbol üzrə “Redbull king of the rock”-2013-ün Azərbaycan çempionu, ABŞ-dakı final mərhələsinin iştirakçısıdır.
Maraqlıdır...
İdmanla yanaşı, təhsilinə də ciddi fikir verən Amil 16 yaşında daxil olduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını uğurla bitirib. Bununla da o, anasının onu savadlı görmək arzusunu yerinə yetirib.
Amil
haqqında daha bir maraqlı məqam onun rekordudur. O, “Araz”ın heyətində çıxış etdiyi
oyunlardan birində komandasının atdığı 147 xaldan 114-nü təkbaşına səbətə salmışdı.
Səbət altında əvəzedilməzdir
Basketbol komanda oyunu olsa da, məsələn, futbolla müqayisədə fərdlər daha çox önəm daşıyır. Yəni komandanın lideri formasının zirvəsində olanda qələbə şansı daha böyük olur. İstedad, bu istedaddan maksimum yararlanma böyük önəm daşıyır. Amil Həmzəyev forvarddır. Düzdür, basketbolda meydançadakı rol bölüşümü çox vaxt nisbi xarakter daşıyır. Çünki öz səbətindən rəqib səbətinə qədər məsafə çox qısadır və komandanın bütün üzvləri hücumda iştirak edirlər. Buna baxmayaraq, boy, çeviklik, texnika, güc və atletizm nəzərə alınanda müdafiə və hücum sahələrində olanlar fərqləndirilə bilinir. Amilin daha üstün olduğu yer səbətin altıdır. Burada rəqiblərindən daha çevik və sürətli olan Həmzəyev, təkbətək mübarizələrdən qalib ayrılmağı bacarır. Komandasına qısa məsafəli, yəni 2 xallıq atışlarda xeyli xal qazandırır. Daha uzaqlardan da hədəfi düzgün nişan ala bilir. Ancaq məhz yaxın məsafədən yaxşı oyunu onu digərlərindən fərqləndirir. Basketbolda belə bir deyim var: səbət altının qalibi kimdirsə, oyunun da qalibi odur”. Bu səbəbdən Həmzəyevin çox vacib oyunçu olması, eyni zamanda böyük məsuliyyət altına girməsini rahatlıqla söyləyə bilərik. Səbət altında mübarizə zamanı bloklar və ribaundlar (geri dönən topların qazanılması) da böyük əhəmiyyət daşıyır ki, Amil bu baxımdan da çox güclü basketbolçudur. Bir sözlə, universal oyunçu kimi özünü ən yaxşı tərəfdən göstərən qəhrəmanımız “Səbət altının kralı” ləqəbini haqq edir.
Portret
Ardıcıl zədələr üzündən dəfələrlə
karyerasına məcburi
ara verməli olan,
bacarığının tamını ortaya qoya bilməyən Amil üçün basketbol
böyük sevinc mənbəyidir. Onun
üçün meydanda keçirdiyi hər
andan həzz
almağa çalışır. Ən
kiçik yaşlarından böyüklərlə
məşq edən, onlara ayaq
çatdırmağa çalışan gənc üçün bu asan iş
deyildi. Hətta
bacarmayacağını düşündüyü anlar da
olub. Ancaq sonra basketbolu sevgisi ona güc gəlib və
qələbələr
özünü gözlətməyib. Daima
komandasının liderlərindən biri olan Amilə verilən “peşəkar idmançı
olmasaydın, indi harada (nə
ilə məşğul)
olardın” sualına verdiyi “Yəqin
ki, Dəniz
Akademiyasını bitirib, hansısa bir gəminin kapitanı olardım”
cavabı onun portretindəki
əsas cizgiləri ortaya
çıxarır. Formasının zirvəsində
olan Həmzəyev öz
karyerasının iplərini
əlində möhkəm saxlayır.
Qarşıda onu çox sayda çempionluqlar, zəfərlər
gözləyir.
Gülərüz
kapitan öz karyera gəmisinin
göyərtəsindən uzağa - gələcəyə nəzər
salır. İstiqamət
doğru seçilib, əlindəki topu isə maneələri aşmaq üçün ideal
silahdır.
Kənan
Məstəliyev
Kaspi.-2015.-30 yanvar.-S.23.