Qəddar təlxək...

Uilyam Şekspirin 450 illik yubileyi şərəfinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrınında görkəmli dramaturqun pyesi əsasında hazırlanmış "III Riçard" tamaşasının premyerası baş tutdu. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Rusiya Akademik Gənclər Teatrının baş rəssamı, Rusiya Federasiyasının Xalq rəssamı Stanislav Benediktov, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, bəstəkarı isə Firudin Allahverdi idi.

Təhlilə başlamadan öncə bir-iki kəlmə Şekspirdən deməmək qəbahət olardı. Dahi Şekspir haqqında yazılanlar sırasında ən maraqlı faktlardan biri budur ki, Şekspir son dərəcə real hadisəni gerçək olmayan fikirləri ilə zənginləşdirə bilirdi. Məsələn, inglis taxt-tacının sahibini - III Riçardı eybəcər kimi bütün dünyaya təqdim etmək. Həqiqətdə isə o, yetərincə normal, hətta baxımlı görünüşü olan bir kral olub. Yəqin Şekspiri elə Şekspir edən də heç kəsin görə bilmədiyini görmək, heç kəsin çata bilmədiyi fantaziyalara çatması idi.

Haqqında danışmaq istədiyimiz tamaşa özündə peşəkar rejissor axtarışlarını və Şekspir teatrallığını birləşdirib, kompozisiya halına gətirə bilmişdi. Tamaşanın janrı “iki hissəli qanlı farskimiəyyənləşdirilmişdi. Hadisələrin cərəyan etdiyi bu müddət ərzində tamaşanın əsas qəhrəmanı başlanğıcdan finala qədər olan tarixin qeyd-şərtsiz əsas simasıdır. Bu tarix vahid məntiqlə tamamlanmır. III Riçardın rejissorun səhnə təfsirindən irəli gələn əsas devizi var: “Hakimiyyət ehtirası və əlçatmaz taca əbədi sahib olmaq istəyi istənilən yolu onun üçün maneəsiz edir”. Bu yolda Riçard nə qadınını, nə anasını, nə dostlarını, hətta özünü belə sevmir. Hakimiyyətə, daha doğrusu taxta gedən yolda ona nə sevimli qadını, nə də ki, dost və düşmənlərinin öldürülməsi mane ola bilməz. İstər tamaşanın, istərsə də əsərin qəhrəmanı olan III Riçardın genetik kodlarını araşdıranda onun haqqında daha çox bilgiyə sahib ola bilirik. Kimdir III Riçard? Uşaqlıqdan heç bir zaman sevilməyən, sevgidən və gözəlikdən məhrum olmuş Eybəcər. Rejissorun (C.Səlimova) eybəcər, qozbel kimi təqdim etdiyi III Riçard kəskin xarici forma, quruluşuna görə kraldan daha çox qəddar təlxəyə bənzəyir.

Hakimiyyət - onun yeganə qadınıdır. Hakimiyyəti əldə etsə də, necə davranacağını bilməyən qəddər uşaq kimi o, bu oyuncağı sındırır və hər bir şeyi məhv edir. Riçard (əməkdar artist Şövqi Hüseynov ) əsil tənha varlıqdır. Diqqət mərkəzində qala bilmək üçün onun yeganə vasitəsi gücdür, heyvani qorxu və dəətdir, özünə qarşı nifrət və qəzəb hissidir. Dəətli sevgi... O, düşmənlərinə qarşı, xüsusilə qadın personajlarına sevgi və anlayış göstərə bilməsə də, sonucda onlara (Anna və Yelizaveta) qarşı itaətkarlıq və razılıq hissi aydın görünür.

O, qəddardır-istedadlı və maraqlı qəddardır. O, baxımlıdır. Hər bir hərəkəti baxılan, hadisələri izlənilən qəhrəmandır.

Bu tipli pyes-monoloqlarda mərkəzi personaj, mərkəzi qəhrəman tamaşanın əsas açarıdır, bütün yaradıcı heyətin (rejissorun, rəssamın, aktyorların) məntiqi silahıdır. Rejissor Cənnət Səlimovanın səhnələşdirdiyi III Riçard kimdir? Görəsən bu günün III Riçardı qəhrəman olaraq kim ola bilər? Rejissor zatən bunuəyyənləşdirmişdir. O, geniş miqyaslı Stalindir, Beriyadır, Hitlerdir. III Riçard Azərbaycan səhnəsinin oyunbazıdır, oyunçusudur, gülməli prototipidir. Qəribəsi odur ki, yaxın keçmişin teatr repertuarlarındakı tarixi personajlar-qəhrəmanlar qəddar ola-ola gülməlidir, zalım ola-ola gülüncdür.

III Riçardın (Ş.Hüseynov) paradoksu: o, həmçinin intellektualdır. Şövqi Hüseynovun III Riçardı daha çox psixoloji qatlarda özünü açmağa imkan verir. Onun səhnə görünüşü, səhnə ünsiyyəti III Riçardı bir kodeksdə sistemləşdirir. Cənnət Səlimovanın III Riçardı atılmış uşaqdır, hələ də böyüməmiş körpədir və müdafiəyə ehtiyacı olan Zamanın qəhrəmanıdır. Onu bu hakimiyyətə istəklərindən və ambisiyalarından daha çox Zaman gətirib. Müdafiə olunmaq üçün, əzilməmək üçün onun yeganə təhlükəsizliyi, silahı-TACdır.

Riçardın (Ş.Hüseynov) oyun anında istər hərəkətləri, istər oyun mativasiyası texniki imkanlarla zəngindir. Seyirci çox asanlıqla oyunçunun rahat olduğunu və oyundan həzz aldığını hiss edir. Riçard sehirbazdır, hadisələrin illizionisti, kuliminasiya nöqtəsidir. Digər personajlar isə onun varlığının, mahiyyətinin təcəssümüdür. Riçard onları varolma hüququ ilə mükafatlandırır.

Səhnədə qurulan dekorasiya da əksliklərlə dolu olan Riçardın oyun-əyləncə məkanı idi. Zatən bir anlıq tamaşaçını bir sual düşündürür: Belə də Riçard olar? Yəqin ki, bu sual tamaşaçıların təhtəlşüurundan yan keçmirdi. Bu tamaşada insan həyatı ilə “oynanılırdı”... İnsan ölümü ilə “oynanılırdı”... Rejissorun Şekspir əsərinə münasibətdə istifadə etdiyi minimalizm illərin tarixi-xronologiyasına peşəkar bir baxışdır.

III Riçardın oyununu bəzəyən Kraliça Yelizavet (əməkdar artist Leyli Vəliyeva) incə, rəngarəng, teatral işlənmişdir, Ledi Anna (əməkdar artist Gülər Nəbiyeva) həqiqi oyun üslubuyla fərqlənirdi. York hersoqinyası (Nuriyyə Əliyeva) bütün fəci elementləri oyununda birləşdirmişdi.

Səhnədə çıxış edən kişi rollarının ifaçılarına gəlincə, hersoq Bekingem ( xalq artisti Ağaxan Salmanlı) səhnədə böyük planda çıxış edərək, baş qəhrəmandan heç də asılı olmayan - onun kölgəsində yer almayan bir oyun sərgiləyir. Sonucda onun ayaqda qalmasına səbəb də özgürlüyü olur.

Riçardın öz həqiqəti var idi ki, bütövlükdə bu ona istər seyrçi, istərsə də müasir gənclər tərəfindən bir haqq qazandırırdı. Riçard yaşamağa hüququnu güclü olmaqda görürüdü və tamamilə də haqlı idi. Zəif olsan, əziləcəksən, öləcəksən. Tamaşada Kral IV Eduard (Elşən Çarhanlı) Riçarda nisbətdə zəif idi. Onun taxta, əzəmətli taca haqqı daha az idi. Taxt-tac gücü sevir, qəzəbi, nifrəti, qeyri-insanlığı qəbul edir. Aktyorun mizan kimi sərgilədiyi oyun üslubu öncə sadalanan bütün keyfiyyətləri, oyun xarakterini görükdürə bilirdi.

Tarixi-xronikadan ibarət olan tamaşanın yaradıcı heyəti əlbəttə ki, genişdir. İsimləri kral, hersoq, şahzadə titullarından ibarət olan aktyorların ümumi fonu səhnə tərtibatının, geyimlərin köməyilə örtülürdü. Uels şahzadəsi (Hüseyn Nağıyev), York hersoqu (Süleyman Abbasov), Klarens hersoqu (əməkdar artist Nofəl Vəliyev, Elşən Rüstəmov), Riçmond (Elnur Kərimov), Borçer-kardinal (əməkdar artist Vahid Əliyev), Yepiskop (Eyvaz İbrahimov), Rivers (Ədalət Əbdülsəməd), Qrey-lord (Ramil Məmmədov) və digər hələ bir bu qədər də aktyor səhnədə çıxış edir. Onların hər birinin üzərində dayanaraq, təhlil etmək çox çətindir. Bu aktyorların hər biri mərkəzi (baş qəhrəman III Riçardı) gücləndirməyə çalışır, Günəşin ətrafında olan cisimlər kimi prosesin stabil cərəyan etməsinə kömək edirdilər.

Tamaşanın musiqi tərtibatı (İradə Muradova) yetərincə III Riçardın qanlı hekayətini səsləndirə bilirdi. Bu musiqi bir mizanda vahimə doğurur, digər mizanda qanlı tacı lazımsız edə biləcək əyləncəyə çevirirdi.

İstər adi tamaşaçı üçün, istərsə də peşəkar seyrçi üçün tamaşadan sonra bir sual yaranır. III Riçardın bu günkü aktuallığı, səhnəyə gətirilmə aktuallığı nədədir? Sözsüz ki, rejissorun təqdimatında “III Riçardəsərinin tamamilə fərqli analitik təhlili və sonucda ortaya qoyulan bu əsəri quru tarixilikdən çıxardaraq məhz Zamanımız ilə danışa bilən fakta çevririr. Biz də bu səbəbdən onu III Riçard deyil, o zümrədə dövran edən taxt-tac sahiblərini “qəddar təlxək” kimi qəbul etdik.

Sonda qeyd etmək istərdim ki, tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimovanın 75 illik yubileyi də premyera gününə təsadüf edirdi. Artıq qəti şəkildə söyləmək olar ki, Azərbaycan teatr mədəniyyətində C.Səlimova kimi isimlər tək-təkdir. Görkəmli rejissorun uzaq dünəndən ta bu günə kimi Azərbaycan tamaşaçısına hörmətlə və sədaqətlə xidmət edib. Böyük Sənətkarı bizlər də təbrik edirik. Doğum gününüz mübarək!

Aygün Süleymanova

Teatrşünas

Kaspi.-2015.-30 yanvar.-S.12.