“Xoşbəxtlik insanın içində
olmalıdır”
Narınc Rüstəmova:
“Ağıllı qadın yoldaşının anasına bənzəməyə
çalışmalıdır”
Elnur Rüstəmov: “Ailəni bir-birinə
bağlayan yalnız uşaq
olsaydı, övladımız olmadığı müdddəti
birgə yürüyə bilməzdik”
Rubrikamızın
budəfəki qonaqları Elnur və
Narınc Rüstəmovalardır. 6 ildir
birgə yol gedir və
bu yolda hər şeyin qaydasında olduğunu
düşünürlər. Qeyd edək ki, müsahiblərimizin Məsud adlı 3
yaşlı oğlanları var. Həmişə
olduğu kimi, bu dəfə də cütlüklərin
tanışlıq tarixçəsindən
başlayırıq...
“Narıncdakı
işıq məni dartıb apardı”
Elnur bəy Narınc xanımı əvvəl qiyabi tanıdığını deyir: “Onun qrup yoldaşları, yuxarı kursda oxuyan uşaqlar mənim təsis etdiyim Psixologiya Mərkəzində kursa gəlirdilər. Narınc haqda danışanda zəki, ağıllı biri olduğunu deyirdilər. Narınc facebook sosial şəbəkəsindəki profilinə oyuncaq siçanı boğduğunu əks etdirən şəklini qoymuşdu. Qrup yoldaşlarına deyirdim ki, o cücə boğanı da mərkəzə gətirin. Hər dəfə də soruşurdum ki, “nə oldu, o cücə boğanı gətirmədiniz?”. Nəhayət Narınc bizim mərkəzə təşrif buyurdu. Gördüm ki, doğrudan da çox ağıllı, bu sahəni bilən adamdır. Bir var psixologiyanı kitablardan biləsən, bir də var, məhz psixoloq olmaq üçün doğulmusan. Narıncdakı o işıq məni dartıb apardı, onun peşəkar xüsusiyyətləri məni cəlb etdi”.
Qrup yoldaşları dəfələrlə təklif etsə də, Narınc xanım mərkəzə getməyə maraq göstərmədiyini bildirir: “Uşaqlar o qədər maraqla danışdılar ki, axırda mən də Elnur müəllimin çalışdığı mərkəzə gedib çıxdım və tədricən bu, mütəmadi hal aldı. Həm uşaq psixologiyası ilə bağlı biliklərimi artırmaq üçün mərkəzdə kurslara gedir, həm də orada çalışmağa başladım. Elnur müəllim də mənim müəllimim idi. İndinin özündə belə mən ona “Elnur müəllim” deyə müraciət edirəm. Sözün doğrusu, çox sərt və qapalı adam olduğundan onun evli olduğunu düşünürdüm. Buna görə də onunla ailə qurmağı heç ağlımın ucundan belə keçirmirdim. O qədər məsafəli, soyuqqanlı idi. Münasibətlərimiz yarananda, Elnur müəllimin mənə olan hisslərini biləndə onun bu xüsusiyyətləri mənə daha çox güvən verdi. Çünki psixoloqun yanına müəyyən narahatlığı olan, həyatdan küskün olan hər tip insan gəlir. Pasiyenti həmişə psixoloqunu ideal görür, ona bağlı olur. Elnur müəllim pasiyentləri ilə distansiyanı qoruyan peşəkar psixoloqlardan biridir. Buna görə də Elnur müəllimə güvənim sonsuzdur”.
Işdə məhəbbət
Elnur bəy Narınc xanımı tanıyanda çalışdığı mərkəzdə psixoloji məsləhətlər verməklə yanaşı, həm də AMEA-da çalışır və ali məktəblərin birində dərs deyirmiş: “Daim insanlarla ünsiyyətdəydim. Amma insanlara çox vasvası yanaşan biriyəm. Narınc xanımı yaxından tanıyandan sonra düşündüm ki, ömrümün qalan hissəsini bu insanla yol gedə bilərəm. 6 ildir birlikdə yol qət edirik. Şükürlər olsun ki, bu yolda hər şey çox yaxşı gedir, hər şey qaydasındadır”.
N.Rüstəmova deyir ki, eyni yerdə
çalışaraq bir-birlərini yaxından tanımaq
şansı əldə ediblər: “Mən Elnur
müəllimin kursuna
yazılmışdım və kursun pulunu ödəmək istəyirdim. Elnur müəllim o pulu götürmədi. Çünki
aktiv tələbə idim,
bununla onun diqqətini
çəkirdim. Borclu qalmamaq
üçün həmin pulu
saxladım ki, Elnur
müəllimin doğum gününə
maraqlı bir hədiyyə alım. Hətta
gedib hədiyyəni gözaltı da etmişdim. Amma doğum günündə
biz artıq evli idik. Elnur müəllimin sərt olması, ona
güvənə biləcəyimə əmin olmam
məni pillə-pillə ona
yaxınlaşdırırdı. Iş
yoldaşlarımız biz “həri”li olanda üzüklərimizin eyni
olmasından bizim münasibətlərimizdən
xəbər tutdular. Etiraf edim ki, ilk vaxtlar
bir müddət qısqanclıqlar da oldu. Amma onu da həll etdik. Hər şeyin arxasında duran səbəbi analiz edə bildiyimizdən heç zaman münasibətlərimiz
problem səviyyəsinə gedib çıxmır”.
Elçiliyini özü edib
Maraqlıdır ki, ilk elçiliyini
də Elnur bəy özü edib: “Elnur müəllim
öz valideynlərindən
əvvəl atamla görüşmək istədi.
Atam seçici olduğundan çox həyəcanlı
idim. Elnur müəllim atamı
necə ovsunlamışdısa,
axşam evə gələndə məlum
oldu ki, atamın gələcək
kürəkəni haqqında
fikirləri müsbətdir.
Bu, məni daha
da cəsarətləndirdi.
Düşündüm ki, doğru
seçim etmişəm”.
Kişiləri özünüzə bağlamaq istəyirsinizsə…
Qayınana-gəlin münasibətlərində Narınc xanım həyat yoldaşını
özünə daha çox bağlamaq istəyən xanımlar üçün bir sirr də açdı:
“Şüuraltı olaraq
biz valideynlərimizi nə
vaxtsa itirəcəyimizi
bildiyimizdən mütləq
onlara bənzər, onların isti münasibətini göstərə
biləcək yar axtarırıq. Yəni kişi çox
zaman anasına, qadın da atasına
oxayan birisini axtarır. Ağıllı qadın yoldaşının
anası ilə çox yaxşı münasibət qurmalı,
ona bənzəməyə
çalışmalıdır. Həmişə deyirəm ki,
Elnur müəllimi evdə hazırlayıb işə apardığım
limonlu piroqlarımla bişirmişəm. Elnur müəllim
də nişanlanandan sonra o piroqların arxasının kəsildiyindən
şikayətlənir. Zarafatla bildirirəm ki, piroqlar evlənənə qədər idi. Ilk növbədə xanım həyat yoldaşı üçün
ana olur. Bu, vacib nüanslardan
biridir. Kişi həmşə ana
qayğısını axtarır.
Bunu qadın doğru şəkildə verərsə,
həmçinin qayınanasına
hörmət göstərərsə,
onunla mehriban olarsa, həyat yoldaşıyla da münasibətləri gözəl
olacaq. Ana və gəlin rəqib deyil. Nəzərə almalıyıq
ki, ömür-gün
yoldaşımız 25-30 il anasının yanında olub. Təbii ki, əsl kişi
xanımına görə
anasını ata bilməz. Əslində mən onun anasına bənzəyirəm
deyə o, məni sevir. Demək, daha çox
bənzəsəm, daha
çox sevəcək”.
“Elnur müəllim oğluma atamın adını qoydu”
Uşağın ailəni bir-birinə bağladığını deyirlər. Narınc
xanım bu fikirlə razılaşmır:
“Ilk növbədə sağlam
münasibət formalaşdırmaq
lazımdır ki, uşaq sağlam mühitdə böyüsün.
Sağlam olmayan mühitdə
uşaq cütlüklər
arasındakı münasibəti
heç vaxt möhkəmləndirə bilməz”.
Elnur bəy də Narınc xanımla razılaşır: “Bizim övladımız bir az gec dünyaya
gəldi. Əgər uşaq ailəni
bir-birinə bağlasaydı,
biz övladımız olmadığı
müdddəti birgə
yürüyə bilməzdik.
Ailəni bir-birinə bağlayan
tərəflər arasında
bir-birinə, ətrafındakı
insanlara hörmətdir.
Bəzən görürük
ki, kişi
xanımını çox
istəyir, amma xanımın valideynlərini
aşağılayır. Bu,
doğru deyil. Yəni hörmət kompleks şəkildə olmalıdır.
Digər
tərəfdən tərəflərin
bir-birindən gizlədiləcək
bir sirri olmamalıdır. Çünki bu, münasibətlərə
mənfi təsir göstərən faktordur.
Bu gün, demək
olar, bizim istirahətimiz də, gəzməyimiz də birdir. Günümüz planlı şəkildə
gedir. Iş vaxtı ayrı, işdən sonra bir yerdə oluruq. Sonuncu dəfə tək harasa getdiyimi xatırlamıram. Biz ailə qurandan sonra ailə dostlarımız yaranmağa
başladı. Görüşəndə də ailəlikcə görüşür, əylənirik.
Ailədə bu balans qorunmalıdır. Ola bilər ki, ayda bir dəfə
mən, ya Narınc dostlarımızla
ayrıca görüşə
bilərik. Ancaq bu,
xroniki hala keçmir. Mən heç vaxt təqdir etmirəm ki, kişi
gəzməyə getsin,
dostları ilə restoranda, kafedə otursun, xanımı da pəncərədən
asılı qalıb yoldaşının nə
vaxt evə gələcəyini gözləsin.
Buna normal hal kimi
baxmıram”.
Narınc
xanım oğlu Məsudun onun atasının adını
daşıdığını deyir: “Bu da Elnur
müəllimlə gözəl
münasibətimizin sübutudur.
Yeri gələndə
kişi oğluna öz atasının adını
qoyur. Mənim atamın oğlu
yoxdur. Bu, Elnur müəllimin atama, mənə hörmətidir ki, atamın adını oğluma qoymaqla onun adını yaşatdı”.
Problemin
arxasında duran səbəbi bilmək vacibdir
Bütün ailələrdə olduğu
kimi, arada Rüstəmovların ailəsində
də kiçik konfliktlər olur. Bunu necə həll etdiklərini özlərindən
eşidək: “Indiyədək
xüsusi konfliktimiz olmayıb. Qısa bir müddətdə
toqquşma olduqda isə günahı olan ilk addımı atır. Çox vaxt söhbəti
işdən salırıq,
işdə olanları
müzakirə edirik, başımız qarışır,
bir də görürük ki, barışmışıq. Ümumiyyətlə, mübahisə zamanı
problemin arxasında duran səbəbi bilmək çox vacibdir. Bu gün
ailələrdəki davaların
səbəbi kimi maddiyyat qabardılır, amma onun arxasında
duran səbəblər
fərqlidir. Qadın xoşbəxtdirsə,
hər gün kartof da qızardıb
yeyə bilir. Əslində pozulan münasibətlərdir
ki, bu gün
maddiyyatda qabardılır.
Həyat
yoldaşı ilə münasibətlərində soyuqluq
olan xanım xırda bir problemi də böyütməyə başlayacaq.
Burada önəmli olan ilk növbdə problemi həll etməzdən əvvəl münasibətləri
yoluna qoymaqdır”.
“Hər gün evdən bərabər çıxırıq”
Müsahiblərimiz xoşbəxtliklərinin formulasını
da bizimlə bölüşdülər. Narınc
xanımın fikrincə,
xoşbəxtlik ilk növbədə
insanın özünü
doğru tanıması,
nə istədiyini bilməsidir: “Əgər bunu biliriksə, sağlam həyat sürəcək, sağlam
karyera sahibi olacağıq. İnsan həm də
özünü tərbiyə
etməyi bacarmalıdır
ki, övlad tərbiyə edə bilsin. Gözləntilərimizi də bilməliyik.
Təbii
ki, həyat yoldaşım sevgili, nişanlı olduğumuz vaxtlardakı kimi hər gün mənə gündə 15
dəfə zəng etməyəcək. Bu mərhələləri aşmağı,
anlamağı bacarmalıyıq.
Bunlar olsa, heç bir konfliktə gedib çıxmırsan”.
Elnur bəy deyir ki, xoşbəxtlik sevdiyin insanla bir yerdə olmaq, doğmalarının, yaxınlarının və sevdiyin bir işin olmasıdır: “Narınc və oğlumla hər gün evdən bərabər çıxırıq. Öncə Narıncı işə qoyuram, sonra Məsudu bağçaya aparıram. Axşam üçümüz bir yerdə evə gedirik. Əslində xoşbəxtlik budur. Xoşbəxtlik üçün çox yerə baş vurmaq, axtarış etmək lazım deyil. Bir də insan şükr etməyi bacarmalıdır. Insanın istəkləri heç vaxt bitmir. Xoşbəxtlik istəklə ölçülməməlidir. Xoşbəxtlik insanın içində olmalıdır, nə evə, nə maddiyyata bağlanmamalıdır. Xoşbəxtlik maddiyyatla ala bilməyəcəyimiz bir şeydir”.
Lalə MUSAQIZI
Kaspi.-2015.-30 yanvar.-S.19.