“O gün
yaxındadır”
Şəhid qızı Leyla
Ramazanlı tezliklə qələbə xəbəri eşidəcəyimizə
əmindir
Son günlər cəbhə xəttində
yaşanan hadisələr bizi
birləşməyə, bir olmağa səslədi. Xalqımız
bir amal uğrunda birləşib, həmrəy olub torpaqlarımızı düşmən
tapdağından xilas etməyə
hazır olduğunu bir
daha sübut etdi. Əsgərlərimizin bir
neçə kəndi düşmən tapdağından azad etməsi xəbərini xalqımız böyük ruh yüksəkliyi
ilə qarşıladı. Bizi kədərləndirən
məqam isə döyüşdə 31 şəhid verməyimiz
oldu. Düzdür,
“Şəhidsiz qələbə mümkünsüzdür”
şüarı ilə çıxışlar edildi. Ancaq məsələnin
digər tərəfi də ondan ibarətdir
ki, 31 evin
çırağı söndü. 31 evdə
ana fəryadı eşidildi.
Biz də xalqımızın döyüş əzmi ilə yaşadığı bu günlərdə tanınmış ifaçı Leyla Ramazanlı ilə görüşdük. Leyla da illər öncə atasını Vətən uğrunda gedən döyüşlər zamanı itirib. Şəhid qızı olduğu üçün qürur duyduğunu vurğulayan müğənni atasını itirərkən 3 yaşının olduğunu dedi.
- Leyla xanım, yəqin ki, son günlər cəbhə xəttində baş verən hadisələrdən xəbərdarsınız.
- Əlbəttə. Davamlı olaraq hadisələri izləyir, hərdən sevinir, hərdən isə kədərlənirdim. Əvvəla, qeyd edim ki, 31 şəhid verdiyimizə görə çox üzgünəm. Onlar Vətən uğrunda həlak oldular. Neçə-neçə ananın gözü yolda qaldı. Acıları dözülməzdir. Onların ailələrinə Allahdan səbir diləyirəm. İndi onları nə ilə ovutsaq da azdır. Onların nələr çəkdiklərini yaxşı anlayıram. Digər tərəfdən isə düşmən tərəfindən işğal olunmuş 2 kəndimiz ermənilərdən geri alınıb. Əslində bu, çox böyük uğurdur. Əsgərlərimizin əldə etdikləri qələbə üçün sevinirəm. Çünki zaman-zaman dinc sakinlərimiz erməni gülləsinə tuş gəlirdi. Bu da günahsız insanların ölümü ilə nəticələnirdi. Bu qələbə də bizi sevindirməyə bilməz. İnanıram ki, bir gün 20 faiz işğal altında olan torpaqlarımızı bütünlüklə geri qaytaracağıq. Biz də orada konsert proqramları ilə çıxışlar edəcəyik. O gün yaxındadır. Buna ümidimiz böyükdür.
- Sizin də atanız müharibədə şəhid olub, şəhidlik zirvəsinə ucalıb. Yəqin ki, hazırda şəhid verən ailələri, övladları heç kim sizdən yaxşı anlaya bilməz.
-Bəli. Atam Nurəddin Ramazanov könüllü olaraq cəbhəyə yollanmışdı. O zaman mənim 3 yaşım var idi. İndi o hissləri dilə gətirmək çox çətindir. Şəhid vermək heç də asan deyil. O hissləri ancaq yaşayan bilər. Mən hər zaman onun kimi bir atam olduğu üçün fəxr etmişəm və bu gün də fəxr edirəm. İstəyirəm ki, torpaqlarımız düşmən tapdağından xilas olsun və atamın qanı yerdə qalmasın. Şəhid övladlarının sayı azalsın. Şəhidlərin ailələrinə başsağlığı verirəm. Düşünürəm ki, bundan sonra da neçə uşaq atasız qaldı.... Atasızlıq çox çətindir. Ancaq atamı torpağıma qurban verdiyim üçün qürurluyam. Təki Vətən sağ olsun!
- Qeyd etdiniz ki, mütəmadi şəkildə cəbhə bölgəsində baş verən hadisələri izləyirsiniz.
- Cəbhə xəttində baş verən hadisələri dövri mətbuatdan, əsasən Müdafiə Nazirliyinin saytından və əhəmiyyəti gücü olan saytlardan izləyirəm. Eyni zamanda, xarici mətbuatın da nələr yazdığını izləyirəm. Gündəlik olaraq efirlərdə telekanalların hazırladığı süjetlərlə tanış olmaq üçün mütəmadi olaraq xəbərləri izləyirəm. Gözüm yoldadır. Onlardan hər an xoş xəbərlər gözləyirəm. Qələbə xəbəri eşitmək istəyirəm.
- Səfərbərlik
elan olunarsa, müharibəyə
gedərsinizmi?
- Səfərbərlik elan olunarsa, ən ön sıralarda yer alacağam. Mən də atam kimi
torpağım uğrunda
canımdan keçməyə
hazıram. Çünki mən bu Vətənin
övladıyam. Damarımda atamın
qanı axır.
Əlbəttə ki, gedərəm.
Təki torpaqlarımız qaytarılsın.
- Şəhid
qızı olduğunuza
görə sizi getdiyiniz yerlərdə hörmətlə qarşılayırlarmı?
- Bəli. Atam torpağımız uğrunda, onun azadlığı yolunda canından keçib.
Onun bizə ərməğan etdiyi bu şərəfli
ad bizim üçün
əzizdir. Mən atamla,
soyadımla fəxr edirəm.
- İfaçı
kimi repertuarınızda
vətənpərvər mahnılara
yer ayırırsınızmı?
- Valideynini torpaq uğrunda şəhid verən övlad o torpağın uğrunda mahnı oxumazmı? Mənim repertuarımda yer alan
mahnıların içərisində
vətənpərvər mahnıların
xüsusi yeri var. Hesab edirəm ki, vətənpərvər
ruhda yazılmış
mahnılar əsgərlərimizə
bir növ stimul verir. Onların döyüş
əzmini gücləndirir.
Düşünürəm ki, hər bir müğənninin repertuarında Vətəninə,
onun torpaqlarına həsr olunmuş mahnılar yer almalıdır. O mahnılarda
əsgərlərimizi qələbəyə,
döyüşə, mübarizəyə
səsləməlidir. Ölkəmizi vəsf edən mahnılar yazdırmalıdır.
Repertuarımda yer alan “Azərbaycan”,
“Qələbə” mahnıları
buna ən bariz nümunədir. Ən böyük arzularımdan
biri də budur ki, mahnılarımızı
işğal olunmuş
torpaqlarımız geri
qaytarılanda gedib Qarabağ torpaqlarında oxuyum. Mənim üçün mahnıların təsir gücü o zaman bambaşqa olacaq.
- Müharibənin
acısını yaşamış
bir vətəndaş
olaraq torpaqlarımızın
sülh yolu ilə, yoxsa müharibə ilə geri qaytarılmasının
tərəfdarısınız?
- Torpaqlarımızın sülh
yolu ilə geri qaytarılmasının
tərəfdarıyam. İstəmirəm ki, övladlarımız atasız, valideynsiz qalsın. Sırf şəhid verməmək
üçün sülh
danışıqları ilə
torpaqlarımızın geri
qaytarılmasını istəyirəm.
Bir şəhid bir ailənin atasız, oğulsuz qalması deməkdir. Mənsə bunu istəmirəm.
Hər zaman sülh tərəfdarı olmuşam.
O torpaqlar bizimdir və bizim olacaq.
Bu, danılmaz faktdır. Ancaq sülh yolu
ilə qaytarılsa, qan tökülməsə,
daha yaxşı olar.
- Atanızı necə xatırlayırsınız?
- Hər kəs onun yaxşı, mehriban biri olduğunu
söyləyir. Atamı
sonuncu dəfə mənimlə birlikdə oynayarkən xatırlayıram...
Gülüşü gözümün qarşısında canlanır.
O, bizi, ailəsini çox sevirdi. Bacardığı qədər vaxtını
bizimlə keçirirdi.
Atam Mədəniyyət Nazirliyində
çalışırdı. Mədəniyyət işçisi olub.
İşinin çox olmasına
baxmayaraq, bizi hər şeydən üstün tuturdu. Bizimlə oynayırdı, əylənirdi.
O, ziyalı ailəsində
dünyaya gəlmişdi.
Babam professordur. Atam ailəsini sevən,
ona bağlı bir insan olub.
Onun uzun kiprikləri vardı. Yadımdadır ki, onun kipriklərini ovcuma qoyurdum, ovcumun içi qıdıqlanırdı.
Uşaq idim, mən də gülməyə başlayırdım. Bu mənim xoşuma gəlirdi. Yaşım
az olsa
da, bu heç
vaxt yadımdan çıxmır. İndi
də gözlərimi
yumanda onun kipriklərini ovcumda hiss edirəm...Atamı xatırlayıram.
- Xalqımızın
şəhid verdiyi bu günlərdə toya gedən müğənnilərimiz də
az olmadı.
Bəs siz necə, toylar və ya hər hansı
şənliklərdə iştirak
etdinizmi?
- Bu müddət ərzində
heç bir el şənliyinə getmədim.
Vətən uğrunda şəhid
verdiyimiz bir vaxtda mənə şənlik etmək yaraşmazdı. Ancaq düşünürəm
ki, bundan sonra cəbhə bölgələrinə səfərlərə
gedib, əsgərlərimizə
konsert proqramları təşkil edək.
Yaxın
zaman ərzində bu layihəni də həyata keçirəcəyik.
- Konsert demişkən, bildiyimiz qədər Mədəniyyət Sarayına
rəhbərlik də
edirsiniz.
- Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoruyam. Orada yaradıcı kollektivlə konsert proqramları təşkil edirik. İşimi çox sevirəm. Yaxın zamanlarda kollektivimizlə birlikdə cəbhə bölgələrinə gedəcəyik. Şəhid qızı olduğuma görə əsgərlərimizin əhatəsində özümü çox rahat hiss edirəm. Onların əhatəsində elə hesab edirəm ki, sanki atam yanımdadır.
Xəyalə Rəis
Kaspi.-2016.-7 aprel.-S.13.