Sözünü də
axtarırıq, özünü də
Cavad Cavadlı ədəbiyyatımızın,
jurnalistikamızın fədakar, cəfakeş, istedadlı və
həm də dönməz, inadkar nümayəndələrindən
biri idi
Pislərin olması yaxşıları dəyərləndirmək, ilanların mövcudluğu göyərçinləri sevmək üçündür. Bəzən müasiri olduğun şəxsin, yaxınlığındakı insanın məziyyətlərini ya dərindən anlamırsan, ya da onun bütün fəaliyyəti sənə adi gəlir. Əlbəttə, həmişə belə olmur, amma təəssüf ki, bu cür hallar da mövcuddur. Bir də hər bir kəs öz xarakterinin qurbanıdır. Doğrudur, tale yazısı, bəxt ulduzu da var. Çox hallada arxivlərdə axtarışa başlayarıq, elə də ədəbi-bədii dəyəri olmayan hansısa yazını bir heyrətlə təqdim edirik ki… Gözümüzün önündəkini ya görmürük, ya da görmək istəmirik. Nə isə… Özü də sanki əvvəlcədən bunları dəqiq bildiyi üçün yazıb:
Özümü görməyənlər,
Üzümü görməyənlər
Sözümü axtararlar.
Cavad köçəndən sonra,
İllər keçəndən sonra
İzimi axtararlar.
Məhəbbətlə yad ediləcəyinə, unudulmayacağına, hətta tədqiq olunacağına belə tamamilə inanırdı Cavad Cavadlı. Bəlkə elə buna görə ancaq öz işi ilə məşğul idi. Qətiyyətli, ailəsinə, millətinə, doğulduğu yurda, Azərbaycana bağlı, sədaqətli, qələminə sadiq, əyilməz, dözümlü olduğu qədər kövrək, sərt, bəzən də acıdil təsir bağışlayan, əslində sadə və taledən yarımamış, həyatın ağır günlərini görmüş, keşməkeşli ömür sürmüş, gülüşü uşaqlıqdan oğurlanmış, bədbəxtliklə xoşbəxtliyin birliyindən biçilmiş bir libasın sahibi idi Cavad Cavadlı.
Ədəbiyyatımızın, jurnalistikamızın fədakar, cəfakeş, istedadlı və həm də dönməz, inadkar nümayəndələrindən biri kimi yaddaşımda qalmaqdadır. Bədii əsərləri, şeirləri öz yerində maarifçi publisistikamızın yaradıcısı kimi böyük xidmətləri olub. Ömrü boyu həm böyüklər, həm də uşaqlar üçün maraqlı şeirlər, poemalar, pyeslər yazdı. Şeirlərinə musiqi libası biçildi. Akademik İsa Həbibbəylinin təbirincə desəm, Cavad Cavadlı dissident yazıçıdır. İsa müəllim qətiyyətlə yazır: “Cavad Cavadlını tərəddüd etmədən Azərbaycanda dissident ədəbiyyatının ilk yaradıcısı hesab etmək olar”. Bu dəqiq və mükəmməl araşdırmanın nəticəsində əsaslanan qiymətin davamı kimi mən də ürəklə bu fikri paralel şəkildə qələmə alıram ki, ədəbiyyatımızda mənzum dramın banisi Hüseyn Cavid, mənzum romanın yaradıcısı isə Cavad Cavadlıdır. Təəssüf ki, ədəbi tənqiddə bu məsələ heç zaman təhlilə çəkilməmişdir. Ümumiyyətlə, qapı döymək, xahiş etmək, özünü kiminsə yadına salmaq, kimdənsə əməyinə görə nəsə ummaq onun xasiyyətinə çox yad idi. Bu işi görməli qurumlarsa onun sükutundan özləri üçün bəhrələnirdilər. Bu səbəbdən heç bir fəxri adı, titulu, mükafatı olmadı. Halbuki ədəbi mühitdə çox fəal idi, tanınırdı, sevilirdi... Bu yerdə ölkə başçısı İlham Əliyevə bir minnətdarlıq duyğusunu bildirmək istəyirəm. Yadımdadır, 2005-ci ildə Cavad müəllim necə sevinirdi, “Tərəqqi” medalı ilə təltif olunmuşdu, bir il sonra Prezidentin fərdi təqaüdünə layiq görüldü.
Cavad Cavadlı 1926-cı il aprelin 12-də Naxçıvan Muxtar Respublikasının Şərur bölgəsinin Dəmirçi kəndində anadan olub. Atası Ələsgər kişi dövrünün tanınmış ziyalılarından biri idi. O uşaqlara təmənnasız olaraq yazıb-oxumaq öyrədirmiş. Hətta sonradan ədəbiyyat sahəsində böyük alimlərdən biri olan Abbas Zamanov da ilk təhsilini məhz Ələsgər Cavad oğlu Qasımovdan alıb. Cavad müəllimdən eşitmişdim ki, atası ərəb, fars dillərini, Şərq ədəbiyyatını mükəmməl bilirmiş, eləcə də gözəl təbi varmış. Şeir də yazırmış. Onu Bakı Dövlət Universitetinə işə dəvət etsələr də, gəlməyib. 1937-ci ildə ölkəni bürüyən qara tufanın- repressiyanın caynaqları Dəmirçi kəndinə də uzanıb. Onların ailəsini Qazaxıstana sürgün ediblər. Əzablara, haqsızlığa tab gətirməyən Ələsgər Qasımov 1938-ci ildə həbs düşərgəsində dünyasını dəyişmişdi. Ərini, övladlarından birini itirən Keysu xanım ölümün onların qapısını tanıdığından vahimələnərək oğlu Cavada “qaç, canını qurtar” demişdi. On iki yaşlı uşağın iki dəfə sürgündən qaçaraq Qazaxıstandan Naxçıvana - Dəmirçi kəndinə gəlməsi həqiqətən möcüzə idi. O qaçışın təfərrüatlarını mənə danışanda Cavad müəllim uşaq kimi ağlayardı. “Ömrüm boyu unutmaram, məni xilas edən Süleyman Rəhimov oldu” - deyərdi. O zaman Şərurda Partiya Komitəsinin birinci katibi işləyən böyük ədib Cavada kömək etmişdi. Hətta ələ keçməsin deyə, Qasımov familiyasını dəyişərək babasının adını soyad seçmişdi: Cavadov.
Mən Cavad Cavadlı ilə 15 il bir redaksiyada çalışmışam. Universiteti bitirdikdən sonra təyinatımı “Azərbaycan müəllimi” qəzetinə verdilər. Ədəbiyyat və incəsənət şöbəsini seçdim. Şöbənin müdiri Cavad Cavadlı idi. Düz 12 il bir otaqda əyləşdik. Hərdən oğlu Ələsgərə deyirəm ki, atanızı mən sizdən də yaxşı tanıyıram. Əslində bu zarafatın ahəngində bir həqiqət də var. İlk dəfə Hüseyn Cavid yaradıcılığını mənə öyrədən Qulu Xəlilov, dərindən sevdirən məhz Cavad Cavadlı olub. Kimləri mənə tanıtmadı? Nahar fasiləmiz sanki ədəbi məclisə çevrilirdi. Yazıçı Əbülhəsən, əruzşünas Əkrəm Cəfər, ədəbiyyatşünas alimlər Abbas Zamanov, Firidun Hüseynov, İnayət Bəktaşi, Camal Əhmədov, Bəşir Əhmədov, alim-pedaqoq İmamverdi Əbilov, şairlərdən Rəfiq Zəka Xəndan, Xəlil Rza Ulutürk, rəssamlardan Mikayıl Abdullayev, Hüseyn Əliyev, bəstəkarlardan Hökümə Nəcəfova, Oqtay Rəcəbov, Oqtay Zülfüqarov, Ramiz Mirişli, o zaman gənc alimlərdən İsa Həbibbəyli, Arif Əmrahoğlu, Kamran Əliyev və daha kimlər...
Cavad Cavadlını əslində mən tələbə vaxtından tanıyırdım. Təcrübəyə də elə bu qəzetə gəlirdim. Gənclərdən köməyini əsirgəməzdi. Yol göstərərdi, ən başlıcası mövzu seçməkdə, yazı üzərində işləməkdə yardımçı olardı. “İnsanlara sözüm var” (1973) kitabı təzəcə çapdan çıxmışdı. Avtoqrafla mənə bağışlamışdı. Həyat yoldaşını itirmişdi. Bu ağır dərdlə bağlı yazdığı “Getdin” şeri hələ də yadımdadır. Ömür-gün yoldaşının vaxtsız ölümü onu elə sarsıtmışdı ki... Beş övladına analıq etməyi də öz üzərinə götürən şair yazırdı:
Ömrümü sən elə çətində qoydun,
Özün taleyimə ağlayıb getdin!
Ömrü boyu həyatın ən ağır sınaqları qarşısında mətanətlə dayanmağı və qalib çıxmağı bacarıb. “ Xalq düşmənın oğlu” damğası onun rahat, hamar yolla getməyinə uzun illər mane olub. Ailənin qayğısı çiyinlərində ağır yükə çevrilsə də bezməyib, həm bacı-qardaşlarının qayğısını çəkib, həm də təhsil almaq üçün müxtəlif məktəblərdə oxuyub. Kənd Təsərrüfatı Texnikumundan başlayan bu yol Naxçıvan Müəllimlər İnstitutundan keçərək nəhayət, Bakı Dövlət Universitetinin jurnalistika şöbəsində tamamlanıb. O zaman jurnalistika filologiya fakültəsinin tərkibində şöbə kimi fəaliyyətə başlamışdı. İlk buraxılışının məzunları arasında məhz Cavad Cavadlı da var idi. Bir müddət “Kommunist” qəzetində işləsə də repressiya qurbanının övladının burada olması yuxarıların xoşuna getmir. Yalnız 1958-ci ildə atasına bəraət verilib. 1959-cu ildən “Azərbaycan müəllimi” qəzetində 50 ilə yaxın fəaliyyət göstərib. “XX əsr Azərbaycan maarifçi publisistikanın ən yaxşı nümunələri sırasında Cavad Cavadlının “Azərbaycan müəllimi!” qəzetində çap olunmuş onlarla sanballı məqalənin adını çəkmək mümkündür. Onun məktəb həyatından, müəllimlərimizin fəaliyyətindən, proqram və dərsliklərdən, uşaq ədəbiyyatından bəhs edən məqalələrində maarifçi baxışla fəal vətəndaş mövqeyi birləşir. Cavad Cavadlının publisistikası maarifçi mühitin və məktəbin inkişafına kömək edən, ciddi təsir göstərən dəyərli və kəsərli nümunələrdən ibarətdir”. (İsa Həbibbəyli). Bu da bir faktdır ki, Cavad Cavadlı həm də şeirləri ilə məktəbi, müəllimi tərənnüm və vəsf edib. Bu sahədə onun xidmətləri əvəzsizdir. Dəfələrlə təsdiqlənib ki, məktəb, müəllim haqqında şeir yazmaqda Cavad Cavadlını ötəcək ikinci şairimiz yoxdur:
Dünya bir ehkamsa, məbədi sənsən,
Ömrümün əvvəli, mabədi sənsən,
Biz gəldi-gedərik, əbədi sənsən.
Qəlbə yaz gətirib buzun, qarın da,
Hər vaxt yol gedirik işıqlarında.
Cavad Cavadlı
yaradıcılığında əsl müəllim kimi fikirlərini oxucularına yetirirdi. İndi vətənpərvər
olmaq, cəsarətli mövqe nümayiş etdirmək nə çətindir, nə də qəhrəmanlıqdır.
Amma sovet rejiminin sərt qanunlarının,
hökmlərinin basqıları
altında daxili azadlığını ifadə
etmək, həqiqəti
şeirə gətirmək
məharət və dəyanət idi. Sovet hakimiyyəti dövründə
Cənubi Azərbaycan
mövzusunun üzərinə
xüsusi qadağa qoyulmuşdu. Yadımdadır,
ədəbiyyatşünas alim Abbas Zamanovla
birgə “Azərbaycan
müəllimi” qəzetində
“Cənubdan səslər”
rubrikası altında
o tayda yaşayan şairlərimizin yaradıcılığından
nümunələri oxuculara
çatdırırdı. Bu
yerdə Allah Şahin
Səfərova da rəhmət eləsin, qəzetin baş redaktoru kimi heç nədən çəkinmədi. Cavad
müəllimin öz
misraları da yadımdadır:
Bizi həsrətdə qoyan,
Ayrı
salan
Bir sarı iblisdir,
Bir qara ilan!
Cavad Cavadlı
oxucunu düşündürməyi
və onu ayıltmağı bacaran söz ustadı idi. Bütün varlığı ilə türk mənəviyyatına bağlı,
Turan aşiqi idi. Şeirlərində
bu istəyini, xiffətini elə incə şəkildə qələm alırdı ki...
Xəyalımın şirin yeri Kür ucu,
Kahkəşandan uzaqdadır bir ucu.
Sovet həyat tərzinin sıxıntılarını “Qəfəsdə
doğulan pələng”
şerində görün
necə ifadə edib: “Yaşamaq arzusu puç olar, sönər, qəfəsdə pələng
də tülküyə
dönər...”
Cavad Cavadlının
yarıcılığında sürgün mövzusu xüsusi yer tutur. O, üç dəfə
repressiyaya məruz qalıb. 11-12 yaşlarında
iki dəfə sürgündən qaçmağa
nail olub. Üzləşdiyi əzab və
məşəqqətlər barəsində əvvəlcə
gündəliklər yazan
Cavad Cavadlı sonradan gördükləri,
şahidi olduğu ağır günlərlə
bağlı şeirlər,
poemalar, mənzum
roman, bayatılar, ağılar,
oxşamalar... yazıb.
Müəllifin “Sürgün” əsəri
məlun və məşhur otuz yeddinci illərin bədii salnaməsidir.
Cavad müəllim eyni adlı nəşrin əvvəlində
oxucusuna bir daha xatırladıb: “Bu kitab kamilliyə, haqqa, ədalətə, çağırışdır, işığın zülmət
üzərində qələbəsidir”.
Adamın qanını
donduran bu əsəri oxuduqca mənim də qulağıma Xocalıda qətlə yetirilən soydaşlarımızın, ermənilər
tərəfindən həyatlarına
min bir vəhşiliklə
son qoyulan analarımızın
harayını eşitdim:
Yurdumda bir quş gördüm,
Zülmü zülmə tuş
gördüm,
Yurdlar yıxan zalımın
Yurdunda bayquş
gördüm.
Əslində, illər fərqlidir, zaman və məkan
dəyişib. Düşmənin niyyəti qocalsa
da, ölməyib.
Başqa
rəngdə, başqa
geyimdə üstümüzə
gəlməkdə, bizi
qətlə yetirməkdə
israrlıdır. Dəyişməyən iradəmiz, qətiyyətimiz,
dəyanətimiz, Turan
sevgimiz və Türk birliyimizdir. Bax bu möhtəşəmliyin
önündə bütün
qaniçənlər həmişə
məğlubdurlar. Allah
sənə rəhmət
eləsin, Cavad Cavadlı, bir tələbən kimi səni bu şəkildə
ehtiramla anmaq könlümdən keçdi.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
Kaspi.-2016.-12 aprel.-S.14.