Dünənimizin acı həqiqətləri
1918-ci ildə Bakıda törədilmiş
qırğınların mahiyyəti tarixçilər tərəfindən
kobudcasına saxtalaşdırılırdı
Tədqiqatçı
alim, professor Ş.Hüseynov yazır: “Öz
tarixi keçmişini
bütün çalarları ilə bilmək
üçün xalq öz dostunu, düşmənini
tanımalı, onun tərəqqisinə,
irəli getməsinə maneçilik
törədən, daxili bədxahlar və
xarici düşmənlərin fitvası
ilə nadanlıq edən böhtançı və iftiraçıları da yaxşı tanımalı, onlara
Yezidə oxunan kimi lənət
oxumağı da bacarmalıdır”.
***
Dövrünün görkəmli ictimai-siyasi xadimi və publisisti Səmədağa Ağamalıoğlu 1918-ci ilin mart ayında Bakını “barıt anbarına” bənzədərək yazırdı: “Biz inqilabdan və onun bizim respublikada edəcəyi partlayışdan qorxmuruq, ona görə ki, biz çox yaxşı bilirik ki, kim məhv olacaqdır.Tarix nə edərsə, ona heyfslənməyəcəyik”.
Təəssüflər, çox təəssüflər ki, tarixin etdiyinə heyfsləndik və hələ uzun illər də heyfslənəcəyik... S.Ağamalıoğlu da çox yaxşı bilirdi ki, məhv olanlar onun soydaşları olacaq...
Unutmayaq ki, tarix obyektivlik və dəqiqlik tələb edir. Ona görə də bu gün 1918-ci ilin martında baş vermiş hadisələrlə əlaqədar hər bir qaranlıq mətləb işıqlandırılmalı, doğru-dürüst xalqa çatdırılmalıdır.
Arxiv sənədlərindən belə bəlli olur ki, 1918-ci il martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və çoxdan planlı şəkildə hazırlaşdıqları soyqırımına başladılar. Bunu soyqırımına rəhbərlik edən S.Şaumyan özü də etiraf edib: “... biz ilk fürsətdən istifadə edərək bütün cəbhə boyu hücuma başladıq”.
Professor Ş.Hüseynovun tədqiqatlarından: “1918-ci il martın sonu və aprelin əvvəllərində Bakıda və ölkənin digər şəhər və qəzalarında daşnak-bolşeviklərin həyata keçirdikləri qətliam sayəsində 30 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik rus, erməni daşnak qüvvələri Bakı şəhəri və quberniyasını azərbaycanlılardan təmizləyib Sovet Rusiyasına ilhaq etmək məqsədilə yerli müsəlman əhalisinə qarşı kütləvi qırğın-genosid siyasətinə əl atdılar. On minlərcə günahsız dinc əhali qətliama məruz qaldı”.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına, xalqına qarşı törədilən bu mənəvi soyqırımına onu törədən və birbaşa bu işə rəhbərlik edən S.Şaumyan da “vətəndaş müharibəsi” adı verirdi, özümüzün də ən görkəmli akademiklərimizdən tutmuş ən sadə yazarlarımıza qədər çoxları uzun illər “vətəndaş müharibəsi”, “müsavatçıların antisovet qiyamı” adlandırırdılar. Hətta sonralar bu milli fəlakəti yaradanlara poema, şeir yazanlarımız da oldu (Unutmayaq ki, 1918-ci ilin mart faciəsini yaradanların əksəriyyəti 26 Bakı komissarları idi. O 26 Bakı komissarları ki, 17-si erməni, cəmi 3-ü azərbaycanlı olub).
Tarixə Mart faciəsi kimi düşən bu dəhşətli soyqırımı haqqında Azərbaycan SSR Elmlər Akademiyası Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap olunan “Azərbaycan tarixi” (üç cilddə, birinci hissə. Bakı-1973) dərsliyində Azərbaycan SSR EA-nın akademikləri İ.A.Hüseynov, M.A.Dadaşzadə, Ə.S.Sumbatzadə, müxbir üzvləri Z.İ.İbrahimov, Ə.N.Quliyev, əməkdar elm xadimi Y.A.Tokarjevski yazırdılar:
“Bolşeviklərin vətəndaş müharibəsinə yol verməmək cəhdləri heç bir nəticə vermədi. Əksinqilabçılar getdikcə həyasızlaşırdı və 1918-ci ilin martında hücuma keçdilər. Müsavatçılar Bakı quberniyası qəzalarında hərbi əməliyyata başladılar. Müsavatçılardan ibarət quldur dəstələri Muğan Lənkəran qəzası kəndlərinə basqınlar təşkil etdilər. Müsavatçılar həyasızcasına sovet hakimiyyətinə meydan oxuyurdular. Martın 30-da axşamüstü şəhərin bir çox məhəllələrində səngərlər qazılmışdı. Müsavatçılar Suraxanıda Qızıl Qvardiya dəstəsini tərksilah etmişdilər. Antisovet qiyamı bu cür başlamışdı. Müsavat əksinqilabına qarşı aparılan mübarizəyə rəhbərlik etməkdən ötrü martın 30-dan 31-nə keçən gecə S.Şaumyan, M.Əzizbəyov, P.Caparidze, Q.Korqanov, İ.Suxartsev, A.Avakyan, A.Mikoyan və T.Mikaelyandan ibarət Bakı və onun rayonlarının İnqilabı Müdafiə Komitəsi təşkil edildi. Müsavat quldur dəstələrinə qarşı mübarizədə A.Mikoyanın Qızıl Qvardiya dəstəsi xüsusilə fərqlənmişdi”.
Tarixçi alimlərimizin hər cümləsində “həyasız”, “quldur” adlandırdıqları millətpərəst, vətənpərvər soydaşları, xalqının, vətəninin azadlığı uğrunda mübarizə aparan azərbaycanlılar idi. Lakin bununla da kifayətlənməyən tarixçilərimiz hətta düşmənlərimizin törətdikləri bu faciəni qələbə adlandırırdılar: “Mart qələbəsinin tarixi əhəmiyyəti bundan ibarətdir ki, bu qələbə Bakıda sovet hakimiyyətini möhkəmləndirərək müsavatçı nökərlərin planlarını pozdu”.
Bu gün çoxları qəbul etsə də, etməsə də, bu sətirlərin müəllifləri çox təəssüflər ki, əsasən öz soydaşlarımızdır və uzun illər məktəblərdə, universitetlərdə bu yalanlar bizə həqiqət kimi təbliğ edilib. Görkəmli alim Ataxan Paşayev demiş: “Bu bizim proletar beynəlmiləlçiliyinə sonsuz sədaqətimizin məntiqi nəticəsidir. 70 il müddətində bizim xalqımızın böyük itkiləri olubdur. Biz bunları bilməliyik, gələcək nəsillər də bilməlidirlər ki, Azərbaycana qarşı bir daha belə xəyanətlərin, təcavüzlərin qarşısı alına bilinsin”.
Əslində 1960-70-ci illərdə bu sətirləri yazanlar həqiqəti çox gözəl bilirdilər. Çünki onların əksəriyyətinin ata-babaları bu faciəni görmüş, yaşamışdılar. Amma leninizm-stalinizm-kommunizm “məhəbbəti” gözlərini-qulaqlarını elə kar-kor etmişdi ki, həqiqəti nə görə, nə də eşidə bilirdilər. Belə olmasaydı, 1980-ci illərin sonlarında mart faciəsi haqqında soyqırımı siyasəti əvəzinə “Ümumrusiya vətəndaş müharibəsinin tərkib hissəsi, sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əksinqilab üzərində böyük qələbəsi” kimi yazılmazdı.
Qocaman yazıçı Qılman İlkin yazırdı: “Bazar küçəsində ermənilər hücuma keçmişdilər. Onlara Mikoyan və Məşədi Əzizbəyov rəhbərlik edirdilər. Tüfənglərdən və pulemyotlardan “İsmailiyyə”nin binası müttəsil atəşə tutulurdu. Onlar “İsmailiyyə” binasını yandırdılar”.
Gözəl memarlıq nümunəsi və milli məfkurə məbədi olan “İsmailiyyə”nin yandırılması, məhv edilməsi Mikoyana ləzzət verib. Bəs görəsən M.Əzizbəyova necə? Bəs onun milli hissləri? Ola bilməzdi ki, o, ətrafda imdad diləyən, günahsız soydaşlarının fəryadını eşitməsin. Axı o zaman M.Əzizbəyov S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində quberniya komissarı idi. “Burjua” deyə topa-tüfəngə tutduğu H.Z.Tağıyevin maliyyəsi ilə Peterburq Texnologiya İnstitutunda ali təhsilə sahib olmuşdu. Nənəmin sözü olmasın: “Əli çörəyə çatmışdı”.
M.Əzizbəyovdan fərqli olaraq, bolşevik yoldaşı S.M.Əfəndiyev etiraf edirdi: “...mart hadisələri zamanı daşnaklar yalnız müsavatçıları deyil, ümumiyyətlə, bütün müsəlmanları qırırdılar. Onlara qarşı çox amansız idilər”.
Tarixçi alim Fizuli İbrahimzadə “Ermənilər tərəfindən həyata keçirilən tarixi cinayət” sərlövhəli məqaləsində çox haqlı olaraq qeyd edir: “Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur. Unutmayaq ki, deportasiya və soyqırımı nəticələrinə və icra motivlərinə görə eyni məna və məqsəd güdən anlayışlardır. Ən acınacaqlısı, narahatlıq doğuranı odur ki, soyqırımı da, deportasiya da siyasi partiyalar, qurum və təşkilatlar tərəfindən qızışdırılır və həyata kecirilir”.
1918-ci ilin mart soyqırımı da Azərbaycanda Daşnaksütyun və Bolşevik partiyaları tərəfindən həyata keçirildi. Amma çox heyif ki, Bakıdakı bolşeviklərin əksəriyyəti azərbaycanlılar idi və onlar bu qırğında düşmənə dəstək oldular. Təəssüf ki, bu dəstək əsasən savadsız soydaşlarımızdan deyil, Əzizbəyov kimi təhsilli “ziyalılarımız”dan gəldi.
Burada yadıma Nəriman Nərimanovun “Bəsirət” qəzetinin 5 iyul 1914-cü il tarixli 11-ci sayında çap edilən “Əqidə” sərlövhəli yazısı düşdü. Müəllif məqaləsinin sonunu belə tamamlayırdı: “Əqidə inanılan şey, etiqad, imkan deməkdir. Həqiqət hərdənbir oturub fikir edirsən: bir millətin müəyyən bir yolu, məqsədi olmadısa, o millətin istiqbalı dəhşətli bir fırtınaya düçar olacaqdır, deyilmi? Düz bir yol, saf, sağlam, dəyanətli bir əqidə kimdən gözləmək? “Əlbəttə oxumuşlardan” ...deyib xəcalətinizdən başınızı aşağı salacaqsınız...Və ürəkdən ah çəkib deəcəksiniz: Ax bədbəxt millət! Müqəddəs bir əqidəni sən kimdən gözləyirsən?”
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
Kaspi.-2016.-14 aprel.-S.15.