Şəlalələrdən doğulan səs
Lütfiyar İmanovun reallaşan və
reallaşmayan arzuları
Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü
Lütfiyar İmanov ömrünün yarım əsrə
yaxın bir dövrünü opera
ifaçılığına həsr edərək musiqi
tariximizdə öz dəsti-xətti ilə seçilən mədəniyyət
xadimi olmuşdur. Sənət fəaliyyəti boyu
qazandığı uğurlar ona geniş şöhrət gətirmişdir.
Lütfiyar İmanov milli və dünya klassik
opera nümunələri ilə yanaşı, müxtəlif
konsert proqramlarında kamera, vokal əsərləri,
romansları, xalq mahnılarını böyük şövq
və ustalıqla ifa etmişdir. Lütfiyar
İmanovda özünəməxsus musiqi duyumu var idi. Bu səbəbdən də oxuduğu bütün
musiqi əsərləri rəğbət və məhəbbətlə
qarşılanırdı.
Lütfiyar
İmanov 1928-ci il aprelin 17-də Sabirabadda
anadan olmuşdu. Uşaqlıq illərindən musiqiyə olan
həvəs onu A.Zeynallı adına
Bakı Musiqi Məktəbinin vokal şöbəsinə gətirmişdir.
Sonra isə indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
teatrşünaslıq fakültəsində təhsil
almışdır.
Lütfiyar İmanov yeniyetmə çağlarında
Sabirabadda şəhər mədəniyyət evində
çalışmış, rayon Dövlət Dram Teatrında
aktyorluq etmişdir. Musiqi məktəbində oxuduğu illərdə isə
Azərbaycan Televiziyası və Radiosu xorunun, Dövlət estrada orkestrinin solisti olmuşdur. Musiqi məktəbini bitirdikdən sonra bir müddət
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
çalışmışdır. Səhnələşdirilmiş
komediyalarda, operettalarda bir aktyor kimi həvəslə müxtəlif
rollar yaratmış, ifaçılıq məharəti ilə
seçilmişdir. Az keçmir ki,
onun istedadı sənət bilicilərinin diqqətini cəlb
edir. 1958-ci ildə onu Azərbaycan Dövlət
Opera və Balet Teatrına dəvət etmişlər. Düz yarım əsr varlığı qədər
sevdiyi bu teatrın inkişafında cəfakeşlik göstərmişdir.
Lütfiyar İmanovun adı opera səhnəsində
aparıcı partiyaların ifaçısı kimi Azərbaycan
musiqi salnaməsinə həmişəlik həkk
edilmişdir. Onun yüksək
ifaçılıq məharəti nəticəsində vokal sənəti
tarixində yeni bir mərhələ
başlanmışdır. O, milli musiqi ilə klassik ənənələri
ustalıqla birləşdirərək musiqi mədəniyyətinin
zənginləşməsində istedad və
bacarığını əsirgəməmişdir.
Lütfiyar İmanov 1965-ci ildə keçmiş
SSRİ-nin paytaxtı Moskvada, 1975-ci ildə isə İtaliyada
təcrübə keçmişdir. Bir maraqlı faktı
musiqisevərlər indiyə kimi xatırlayırlar. YUNESKO-nun xətti ilə ustad dərsləri almaq
üçün Lütfiyar İmanov Milana göndərilmişdi.
Həmin ilin payızında Üzeyir Hacıbəyovun
yubileyi ilə əlaqədar "Koroğlu" operası
nümayiş etdirilməli imiş. Bu vaxt
Lütfiyar İmanovu təcili Bakıya
çağırırlar. Gecə ikən
paytaxta çatan sənətkar səhəri məşqə
tələsərək axşam Koroğlunu məharətlə
ifa etmişdir. Həmin mərasimdə
ümummilli lider Heydər Əliyev də iştirak edirdi.
Tamaşadan sonra Lütfiyar İmanovla görüşən
ulu öndər onun əllərini sıxaraq heyrətlə
demişdir: "Ay Lütfiyar, bu axşam sən neylədin?! Mənə elə gəlir ki, axşam Milana
uçub səhər Bakıya qayıtsan, yenə də belə
gözəl oxuyarsan". Müdrik şəxsiyyətin
bu dəyərli fikirlərini Lütfiyar İmanov həmişə
məhəbbətlə xatırlayardı.
Mütəxəssislər təsdiqləyirlər ki,
Bülbüldən sonra Koroğlunun ən yaxşı və
yaddaqalan ifaçısı məhz Lütfiyar İmanov olub. Maraqlıdır
ki, özü də bu obraza torpaq, Vətən anlamında
bağlanmışdı. Koroğlu onun
üçün hər şey idi. Yaşamaq,
oxumaq, qürur, məğrurluq kimi nəcib keyfiyyətlərin
hamısını o, ürəkdən sevdiyi bu qəhrəman
obrazda görürdü. Hər şeyin əlindən
alınmasına dözərdi, Koroğludan başqa. Koroğlusuz qalmaq onun ən böyük dərdi idi.
Bu hadisəni də özü mənə
danışmışdı: "Mən ilk dəfə
Koroğlunu ifa edəndən sonra mətbuatda bir dostluq
şarjı dərc edilmişdi. Unudulmaz
Bülbül əlindəki sinidə Koroğlunun
libasını, qılınc və qalxanını mənə
bağışlayır. Həqiqətən
də böyük sənətkarımız mənim ifamı
çox bəyənmişdi, əlimi sıxaraq uğurlar
arzulamışdı".
Lütfiyar İmanovun Koroğlusu dünyanın 60-dan
çox ölkəsində söz deyib, saz tutmuşdu,
qılınc oynatmışdı. Azərbaycan mədəniyyətinin
təbliğində danılmaz xidmətləri olan Lütfiyar
İmanovun obrazlar qalereyası çox genişdir. O, əsasən
opera səhnələrində baş rolların
ifaçısı kimi diqqət çəkmişdir. Neçə-neçə ustad sənətkarlarla
birlikdə çiyin-çiyin çalışan Lütfiyar
İmanov həm də bir sıra opera və operettalarda nəinki
baş rolların ifaçısı, həm də
quruluşçu rejissoru olmuşdu. Şəmsi
Bədəlbəyli və Vasif Adıgözəlovun
"Ölülər", Əfrasiyab Bədəlbəylinin
"Söyüdlər ağlamaz", Süleyman Ələsgərovun
"Bahadur və Sona", Ramiz Mustafayevin "Vaqif"
operalarını və başqa əsərləri
hazırlamışdı.
Müasir Azərbaycan mədəniyyətinin çox
görkəmli nümayəndəsi sayılan Lütfiyar
İmanovun zəngin yaradıcılığı yeni sənətkarlar
nəsli üçün əsl örnəkdir. O, uzun illər pedaqoji fəaliyyətlə
məşğul olaraq opera müğənnilərinin
yetişdirilməsində əmək sərf etmişdir. Təcrübə və biliyini gənc musiqiçilərdən
əsirgəmirdi. Həmişə deyərdi
ki, musiqimizin getdikcə inkişafı, coğrafiyasının
genişləndirilməsi gənclərdən
asılıdır. Bir müddət Azərbaycan
Teatr Xadimləri İttifaqına sədrlik edən Lütfiyar
İmanov ictimai həyatda da çox fəal idi. Azərbaycan Ali Sovetinin deputatı kimi
çalışdığı illərdə də həmişə
xalqın içində olar, seçicilərinin problemləri
ilə maraqlanar, arzu və təkliflərini öyrənərdi.
Harada çalışmağından
asılı olmayaraq, Lütfiyar İmanov seçilməyi və
sevilməyi bacarırdı. Tanınmış
sənətkar yüksək səhnə mədəniyyətinə,
aktyorluq məharətinə, güclü səsə, geniş
repertuara malik idi. Onun ifa etdiyi partiyalar,
yaratdığı obrazlar, oxuduğu mahnılar, el nəğmələri
ifa kamilliyi ilə səciyyələnirdi.
Lütfiyar İmanovun vaxtilə yaşadığı mənzildə
otaqlarının biri əsl mədəniyyət muzeyini
xatırladırdı. Bura onun iş otağı idi. Divarlarda
kimin əksi yoxdur? İncəsənətin
bütün sahələrinə maraq göstərən
unudulmaz sənətkar böyük şəxsiyyət idi.
O, təkcə müğənni deyildi, rəssamlıq qabiliyyətinə
malik idi. Gözəl rəsmlər çəkərdi.
Yaratdığı obrazların demək olar ki, əksəriyyətinin
rəsmlərini çəkərək evində həmin
otağın divarından asmışdı. Gözəl dərzilik qabiliyyəti var idi. "Bəzən yaratdığım rolların
paltarlarını da özüm tikərdim", - söyləyən
Lütfiyar İmanov bir vaxtlar gözəl ayaqqabılar da tikərmiş.
Bütün bunlar isə tələbatdan yox,
maraqdan irəli gəlirmiş. Lütfiyar
İmanov tikməkdən, yaratmaqdan, nəsə bir yeniliyə
çatmaqdan, yaxşı mənada fərqlənməkdən
zövq alardı. Son illər bitkin
şeirlər yazardı. Bu poeziya nümunələrinə
də maraqlı musiqi yozumu verərək şövqlə
oxuyardı. Səliqəli geyinməyi
çox sevərdi. Maraqlıdır ki, səsi
heç zaman öz məlahətini itirməmişdi.
Vəfatından bir qədər əvvəl bir
kitabın təqdimatında görmüşdüm onu. Cavan müğənnilər
öz "ifaları"nı gətirdikləri
disklərlə təqdim etdilər. Xalq artisti
Lütfiyar İmanov isə ömrünün müdrik
yaşında həm canlı, həm də yeni mahnılar
oxudu. 80 yaşlı bir müğənninin
səsi elə bil şəlalələrin qoynundan
süzülüb gəlmişdi.
Lütfiyar İmanov gözəl ailə
başçısı idi. Onun mehriban ata
olması, övladlarını ürəkdən sevməsi təəccüblü
deyil. Bu, hər bir nəcib şəxsə
mənsub olan yüksək məziyyətlərdir. Ömür-gün yoldaşı Nina xanımla
izdivaclarının 50 illik yubileyini təntənə ilə
keçirirdi. Dəvətlilər
arasında olmağım indi mənə qürur gətirir (Qəribədir
ki, biz insanı əbədi itirəndə onun
böyüklüyünü anlayırıq). Lütfiyar
İmanov həyatdakı bütün uğurlarını
ömür-gün dostunun adına və cəfakeşliyinə
bağladı. O "Qızıl toy"un
xoş sədaları xeyli müddət eşidildi.
Lütfiyar İmanov nümunəvi insan idi. Həyatda da,
sənətdə də örnək cəhətləri
çox idi.
Sovet dövründə Lütfiyar İmanovla
apardığımız bir müsahibədə bildirdi ki, ən
böyük arzularından biri Təbrizdə konsert verməsidir. 2003-cü ildə
o bu arzusuna qovuşdu. Lütfiyar
İmanovun Təbrizdəki konserti böyük coşqunluqla
keçdi.
1998-ci ildə Lütfiyar İmanovun 70 yaşı tamam
oldu. Ümummilli lider Heydər Əliyev görkəmli
opera müğənnisini Azərbaycan mədəniyyətində
göstərdiyi xidmətlərə görə
"İstiqlal" ordeni ilə təltif etdi. Geniş səs
diapazonuna malik olan, Azərbaycan musiqi mədəniyyətinə
gözəl obrazlar bəxş edən Lütfiyar İmanovun
bu dəfə ən böyük arzusu 80 illik yubileyinin azad
olunmuş, düşməndən təmizlənmiş
Qarabağda keçirilməsi idi. Təəssüf
ki, böyük sənətkarın bu arzusu həyata keçmədi.
Amma bir təsəlli var ki, nə qədər Azərbaycan
musiqisi, mədəniyyəti yaşayırsa, Lütfiyar
İmanovun lent yazılarında əbədi ömür
tapmış yadigar səsi də qalmaqdadır. Gün gələr
ki, onun vaxtilə can verdiyi Koroğlu partiyaları Cıdır
düzündə, Laçın dağlarında, Kəlbəcər
yaylaqlarında səslənər. Milli Ordunun əsgərləri
də sevinc dolu avazla Koroğlusayağı qalibiyyət nəğməsi
oxuyarlar...
Flora
XƏLİLZADƏ,
əməkdar
jurnalist
kaspi.-2016.-16 aprel.-S.7.