“İstəməzdim ki, əsərlərim mənimlə birgə qocalsın...”

 

Tahir Əkbərin 70 illik yubileyi ilə bağlı səsləndirdiyi fikirlər onun arzularının ifadəsinə çevrildi

 

«70 yaş az deyil. Fikirləşəndə görürsən ki, ömrünün çoxu gedib, qalan hissəsi isə Allahın ümidinədir. Mən ömrümün qalanını da səmərəli keçirmək istəyirəm. Arzum budur ki, yaşım yazacağım əsərlərlə ölçülsün. Həm də mən istəməzdim ki, əsərlərim mənimlə birgə qocalsın. Onların daim cavan qalmasını istərəm». Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbərin 70 illik yubileyi ilə bağlı səsləndirdiyi bu fikirlər onun arzularının ifadəsinə çevrildi.

 

Tahir Əkbərin 70 illik həyat yolunu əks etdirən fotolar ekrana gəldi. Uşaqlıq, yeniyetməlik, gənclik və müdriklik illərinin əks olunduğu fotolar bəstəkarın ömür yoluna güzgü tutdu. Tahir Əkbər uşaqlığını xatırladı: «Böyük həyətimiz vardı. Həmişə qonşular yığışardı. Mən də mahnılar zümzümə edərdim. Hamı bir ağızdan: «Bu nədir oxuyursan?» - deyə mənə irad bildirərdi. Ancaq qonşumuz Paşa müəllim: «O, gələcəkdə bəstəkar olacaq, yazacağı musiqiləri zümzümə edir» - deyərdi. O, yanılmamışdı. Mən doğrudan da bəstəkar oldum”.

 

Tahir Əkbər Bakıda anadan olub. Musiqini uşaqlıqdan sevdiyindən 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub. Həyatının müəyyən bir dövrü Özbəkistanla bağlı olduğu üçün 1965-ci ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi məktəbinə daxil olub. Musiqişünas kimi təhsilini başa vurduqdan sonra Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Üzeyir bəyin tələbəsi, tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

 

Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonikkamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan professional musiqisində yeni janrlar sayılır.

 

Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və s. mahnılar Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova kimi görkəmli müğənnilərin ifasında səslənib. Hətta türk müğənniləri də onun mahnılarını ifa ediblər. Nəşə Karaböcək bəstəkarın “Heç küsməyin yeridirmi?“ mahnısı ilə hər zaman repertuarını bəzəyib. Bəstəkarın “Amin“ mahnısı müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb. Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində Tahir Əkbərin “El oğlu, hay ver...“ əsəri 26 ölkədən finala çıxan qaliblərdən biri olub. Bu mahnı dünya azərbaycanlılarına ünvanlanan və onları həmrəyliyə çağıran əzəmətli bir əsərdir. Bunun davamı kimi Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Həmrəylik“ himni xorsimfonik orkestrin ifasında səslənib.

 

Fikirlərin mahnıyla ifadəsi

 

Bəstəkarı yaxından tanıyanlar, sənət dostları onunla bağlı ürək sözlərini bölüşdülər.

 

Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova təmsil etdiyi qurumun təbrikini çatdırdı: «Ən yaxşı sözləri mahnılarda yazırlar. Tahir Əkbər Azərbaycan mədəniyyətinin çox sevilən simalarından biridir. Bundan əlavə, o, hamının sevimli bəstəkarıdır. O, musiqinin bir çox janrında əsərlər yazsa da, Tahir Əkbərin yaradıcılığının böyük hissəsini mahnılar və romanslar təşkil edir. Onun əsərləri mili dəyərlərə söykənir».

 

Tahir Əkbərlə dostluğunun tarixi çox uzun olmasa da, amma səmimi və sıx olduğunu deyən millət vəkili Aydın Mirzəzadə də ürək sözlərini bölüşdü: «Tahir elə bir insandır ki, onunla ünsiyyətdə olandan sonra “Mən bu insanı çoxdan tanıyıram” deməyə qısa bir zaman kifayət edir. Tahir də, mən də – hər ikimiz siyasətçiyik. Mən fikirlərimi sözlə, o isə mahnılarıyla deyir. O, məhəbbətini musiqi ilə ifadə edir. Bu isə əsil sənətdir. Tahir Əkbər o bəstəkarlardandır ki, onun mahnılarını ən tanınmış müğənnilər ifa ediblər və bu günoxuyurlar».

 

Hazırda peşəkar bəstəkarların azlığından gileylənən professor Hamlet İsaxanlı yaradıcı insanları qorumağın vacibliyini vurğuladı: “Biz bu gün belə bəstəkarları qorumalıyıq. Bəstəkar xoşbəxt insandır. O, şairin yaradıcılığını mahnıya çevirir. Sonra da həmin mahnı illər uzunu yaşayır. Tahir Əkbərin yazdığı mahnılar kimi...»

 

Ürəkləri vərəqləyən mahnılar

 

Gecə boyu bəstəkarın dillər əzbəri olan mahnılarından çələng hörüldü. Bu mahnıların içərisində illərdən bəri sevə-sevə eşitdiyimiz, yaddaşımızda saxladığımız mahnılar da vardı, yeni yazılan nəğmələr də. «Mahnı yaratmaq hər adama nəsib olmur. Mahnını o adamlar yazır ki, insanların ürəklərini vərəqləyə bilsin. Əgər biz o mahnıları daim zümzümə ediriksə, daim o mahnılar qulağımızda səslənirsə, demək, qəlbimizə yol tapıb, demək sevilib» - deyə bəstəkarın yaradıcılığı haqqında səslənən bu fikirləri köhnə illəri nostalji ilə yada salan mahnıları bir daha təsdiqlədi. Gah «Heç küsməyin yeridirmi?» səsləndi, gah «Dərdin alım» oxundu. Gah «Şirin xəyallar»dan danışdılar, gah «Saçımın qarası geri qayıtmaz» deyə oxudular, gah da «İlahi, amin» dedilər…

 

Xalq artistləri Mələkxanım Əyyubova, Azər Zeynalov, Aygün Bayramova, Samir Cəfərov, Mübariz Tağıyev, Zöhrə Abdullayeva, Gülyanaq Məmmədova, Flora Kərimova yubilyarı təbrik etdilər. Gənc müğənnilərdən Ehtiram Hüseynov, Mirələm Mirələmov, Arzu Əliyeva bəstəkarın şirin mahnılarını gecə iştirakçılarına ərməğan etdilər. Məhz yubiley gecəsi üçün yazılmış əsər də «Abşeron» qrupunun ifasında səsləndi.

 

Müğənni Mübariz Tağıyev: «Sənin dostların tərəfindən sevilməyinin bir sirri var: səmimiliyin. Məhz bu xüsusiyyətin səni xalqa sevdirib. Xalq isə böyük bir ordudur» - deyə yubilyara ürək sözlərini bildirdi: “Sizin nəğmələriniz həmişə sevilir. Bu nəğmələr məhəbbət, vətənpərvərlik hissləri üzərində köklənib”.

 

Xalq artisti Mələkxanım Əyyubova 1984-cü ildən mahnılarını oxuduğu bəstəkarla dostluğunun tarixini vərəqlədi: «Tahir Əkbərlə Xalq Çalğı Alətləri Dövlət Orkestrində çalışdığım illərdə tanış olmuşam. O zaman «Ey Vətən» mahnısını oxudum. Sonradan onunla birgə mahnılar işlədik. Yaxşı ki, Tahir Əkbər kimi bəstəkarlar var! Onların yazdığı mahnılar xalq mahnılarımızla bir sırada sevilirmusiqi mədəniyyətimizi zənginləşdirir».

 

Müğənni Azər Zeynalov bəstəkarın vətənpərvərlik mahnılarından söz açıb dedi ki, Tahir Əkbərin Qarabağ döyüşlərinə, orada vuruşan hərbçilərimizə həsr olunan silsilə mahnıları var: “Bu mahnılar zəfər nəğmələridir. Əsgər və zabitlərimiz bu mahnılardan ruh alırlar. Torpaqlarımızın işğalda olduğu bir zamanda bizim bu cür mahnılara çox ehtiyacımız var. Bunun üçün də vətənpərvər bəstəkar olmaq lazımdır. Tahir Əkbər də məhz vətənpərvər bəstəkardır. İnanıram ki, Tahir Əkbərin yaradıcılığı uzun illər davam edəcək”.

 

Gəlin zəfər mahnısı yazaq...

 

Tahir Əkbər yubileyinin keçirildiyi səhnəni – Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsini müqəddəs adlandırdı: «Bura mənimçün müqəddəs səhnədir. Mən bu səhnədə görkəmli müğənni Rəşid Behbudovla mahnı məşq etmişəm və o, yazdığım mahnını bəyənib. Mənim uğurlu sənət taleyim da elə o illərdən başlayıb”.

 

70 yaşlı bəstəkarın üzünü gecə boyu təbəssüm tərk etmədi. Bu, həm də «Ömrü boşuna yaşamamışam» hissindən doğan ifadə idi. Bəstəkar əslində bunu haqq edirdi. Ancaq bu təbəssümə bir nisğil də qarışmışdı: düşmən əlində olan yurd yerlərimizin nisgili... Bəstəkar üzünü zala çevirdi: «Xoş bir təsadüfdür ki, yubileyim keçirilən vaxt dövlətimizin ruh yüksəkliyi var. Rəşadətli əsgərlərimiz torpaqlarımızı qoruyurlar, uğrunda mübarizə aparırlar. Üzümü həmkarlarıma tuturam – gəlin hamımız zəfər mahnısı yazaq. Həmin mahnılar o torpaqlarda səslənsin. O gün üçün hamımız «İlahi, amin» deyək».

 

Bəstəkarı təbrikə gələn sənət dostları, ziyalılar, media nümayəndələri də bu çağırışa qoşuldular. Ancaq təəssüf doğuran bir məqam da iştirakçıların gözündən qaçmadı. Mahnıları ilə Azərbaycan musiqi tarixinə töhfələr verən, mədəniyyətimizin zənginləşməsinə xidmət göstərən qocaman bəstəkarı təbrikə Mədəniyyət və Turizm Nazirliyindən heç kəs gəlmədi...

 

Gecədə iştirak etdi

Təranə Məhərrəmova

 

Kaspi.-2016.-20 aprel.-S.10.