Bakıdan Klivlendə uzanan ömür yolu
Bakıdan Klivlendə uzanan
ömür yolu
Abbas bəy Atamalıbəyov
qürbətdə də
Azərbaycan amalı üçün çalışıb
Uzun illər
çar ordusunda qulluq edən Seyfulla bəy Atamalıbəyov general rütbəsinə
qədər ucalmışdı. O, Ərdəhanda
qulluq edərkən (Seyfulla bəy o zaman Ərdəhanda Hərbi Dairənin rəisi idi. Sonralar Qarsda və Zaqatalada da Hərbi
Dairənin rəisi işləmişdi-müəl.) 2 fevral 1895-ci ildə
oğlu Abbas dünyaya gəldi. Abbasın anası Mələk xanım Şamaxı
əsilzadələrindən olan Mahmud bəy İbrahimbəyovun qızı
idi.
Abbas atasının işi ilə əlaqədar ilk təhsilini həm Tiflisdə, həm də Şamaxıda
alır. Hərbçi
ailəsində böyüyən
Abbas atası kimi hərbçi olmaq istəsə də, bu arzusuna nail ola bilmir. Görmə qabiliyyəti zəif
olduğu üçün
onun sənədlərini
hərbi məktəbə
götürmürlər.
1914-cü ildə Abbas
Peterburq Politexnik İnstitutunun dəniz mühəndizliyi fakültəsinə
qəbul olur. Elə həmin ildən də siyasi fəaliyyətə başlayan
Abbas sağ eserlərə qoşulur və qısa müddətə Müsəlman
Həmyerlilər Komitəsinin
sədri seçilir.
1917-ci ilin əvvəllərində
Rusiyada inqilabi hərəkat getdikcə gücləndiyi üçün
Abbas təhsilini yarımçıq qoyub Qafqaza qayıdır. Burada eserlər
partiyasında siyasi fəaliyyətini davam etdirməyə başlayır.
Bu çaxnaşmada
Abbasın qəlbini narahat edən bir fakt da
var idi. O, neçə il
qəlbində pünhan
saxladığı sevgisini
anası Mələk xanıma açır və valideynlərinin xeyir-duası ilə 1917-ci
ilin sonlarında ailə qurur. Sevgilisi Yelizavetpolun general-qubernatoru
olan İbrahim ağa Vəkilovun qızı Tatyana idi.
Tatyana bu evlilikdən sonra islamı qəbul etmək üçün 22 avqust
1917-ci il tarixində ərizə ilə Zaqafqaziya Sünni Ruhani İdarəsinə müraciət
edir. İdarə onun bu müraciətini müsbət
qarşılayır. Bundan
sonra Tatyana özünə
Reyhan adını götürür və ali təhsil
almaq üçün
Bakı Dövlət Universitetinə qəbul olur.
Siyasi fəaliyyəti püxtələşən
Abbas Atamalıbəyov
Azərbaycan Milli Şurasının və Azərbaycan Xalq Cümhuriyyəti parlamentində
"Sosialistlər bloku”
fraksiyasının üzvü
seçilir. O, daha
yaxşı təhsil
almaq üçün
hökumətə müraciət
edir və parlamentin 1919-cu il
1 sentyabr tarixli qərarına əsasən,
təhsilini gəmiqayırma
sahəsində davam etdirmək üçün
Paris Universitetinə göndərilir.
Abbas Parisə
oxumağa getməzdən
əvvəl Azərbaycan
Xarici İşlər
Nazirliyinin qərarı
ilə Paris sülh konfransına yola düşən nümayəndə
heyətində menşevik
Məmməd Məhərrəmovu
baş katib kimi əvəz etməli olur və Parisə yola düşür.
Abbas səfərə çıxarkən
ömür-gün yoldaşı
Reyhan xanımı da aparmaq arzusunda olduğunu anasına bildirir. Mələk xanım gənc gəlinini yad diyara buraxmaq istəməsə də, oğlunun istəyinə qarşı çıxa bilmir.
1920-ci ilin aprel işğalından sonra Reyhan xanımın qardaşı, Azərbaycanın
Gürcüstandakı səfiri
Faris bəy Vəkilov da ailəsi ilə Parisə üz tutmağa məcbur olur.
Parisin gözəllikləri
onlara vətən həsrətini unutdura bilmir. İlk illəri daha
çətin kecir.
Lakin Abbas bəylə Reyhan xanımın fransızcanı əla bilmələri onlara işləmək üçün
imkan yaradır. Reyhan xanım kitab mağazasında, Abbas bəy isə qiymətli daşlar birjasında brilyantlar üzrə mütəxəssis
kimi işə başlayır. Getdikcə ailənin
maddi durumu yaxşılaşır. Hətta bir
zaman Abbas bəyə həm maddi, həm də mənəvi dəstək olan Ceyhun bəy Hacıbəyli də xanımı ilə bir müddət onlarla birlikdə yaşayır. Beləliklə, onlar Azərbaycana qayıtmaq arzusu ilə ömürlərini
qürbətdə, Vətən
həsrəti ilə başa vurmalı olurlar.
Vətəninin işğalı ilə barışa bilməyən Abbas Fransa hökumətinin
SSRİ-yə qarşı
çıxan mühacirlər
üçün yaratdığı
əlverişli imkanlardan
istifadə edərək,
Parisdə Siyasi Elmlər Məktəbinə
qəbul olur və oranı əla qiymətlərlə
başa vurur. Abbas Cenevrədə qərargah
yaradır və Millətlər Cəmiyyətinin
əksər siyasi tədbirlərində yaxından
iştirak edir, müzakirələrdə fəallıq
göstərir. O, "Azərbaycan davasını
dünya əfkari-ümumiyyəsinə
çatdırmaq üçün”
inadla mübarizəsini
davam etdirir.
Onu da qeyd edim ki, 1934-cü ildə Ə.M.Topçubaşovun
vəfatından sonra Parisdə cəmləşən
Azərbaycan mühacirlərinə
rəhbərliyi Abbas bəy edib. Abbas bəy həm də Parisdə çap olunan dövri mətbuatla əməkdaşlıq edir,
siyasi fikirlərini, mülahizələrini məqalələrində
də bəyan edir. Daha yaxından əməkdaşlıq
etdiyi "Revyu de Prometey” və "O” jurnalları olur. Burada çap edilən məqalələrinin əksəriyyətinin
mövzusu Cənubi Qafqazın tarixinə, mədəniyyətinə həsr
edilir.
Fransa almanlar tərəfindən işğal
olunan zaman Abbas ailəsi ilə birlikdə Berlinə köçür. O, burada ilk olaraq Qırmızı Xaç
Komitəsində işə
başlayır. Tədqiqatlardan bəlli olur ki, o, burada azərbaycanlı
əsirləri xilas etmək üçün çox işlər görüb. Bununla yanaşı,
siyasi fəaliyyətini
də davam etdirib. Tədqiqatlara görə, Azərbaycan
legionu ilə Hitlerin ordu qərargahı
arasında əlaqə
saxlayan üç nəfərdən ibarət
qrupa (Ə.Fətəlibəyli-Düdənginski
və F.Əmircanla birlikdə) o da daxil imiş.
1944-cü ilin oktyabrında
Qafqaz Şurasının
yaradılması haqqında
təşəbbüsü irəli sürənlərdən
biri də A.Atamalıbəyov olub. Şura yaradıldıqdan
sonra onun ən fəal üzvü olan Abbas bəy 1947-ci ildə Lozannada keçirilən toplantıda
iştirak və çıxış edir.
Ömrünü daha çox siyasi fəaliyyətə bağlayan Abbas bəy bir müddət digər ölkələrdə yaşayır
və 1971-ci ildə
ABŞ-da dünyasını
dəyişir.
1924-cü ildə ailənin bir oğlu dünyaya
gəlib. Atası Abbas
bəydən fərqli
olaraq, Qalib bəy siyasətdən uzaq olub. Parisdə Sorbonna universitetini bitirən Qalib bəy əvvəlcə dərman fabrikində çalışıb. 1947-ci
ildə Çilidə
həmin fabrikin buradakı filialında çalışıb və
sonra elmi-tədqiqat institutunda işini davam etdirib.
1956-cı ildə Qalib
bəy penisilin istehsalı üzrə tanınmış mütəxəsis
kimi dünya ölkələrinə səyahət
edib. Bir müddət Tayvanda,
Yuqoslaviyada, Hindistanda və Misirin İsgəndəriyyə şəhərində
işləməli olub.
1966-cı ildə anası Reyhan xanım vəfat edib. Qalib bəy ailəsi
ilə birlikdə atasının yanına,
ABŞ-ın Klivlend şəhərinə köçüb
və 1971-ci ildə onu da itirib.
Klivlend kimi məşhur bir şəhərdə yaşayan,
yetərincə imkanlı,
adlı-sanlı Qalib bəyi narahat edən bir istək
var idi. Ata-anasının ömrünün
son anlarına kimi həsrət qaldıqları
Vətəni görmək,
gəzmək və onların ruhunu şad etmək. Bu istəklə də
Azərbaycanın ABŞ-dakı
səfirliyinə müraciət
edir və günlərin bir günündə - ömrünün
80-ci ilində ana vətəninə gələ
bilir.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
Kaspi.-2016.-28 aprel.-S.15.