Müdrik alim,
qayğıkeş ana
Müdrik alim, qayğıkeş ana
Akademik Zərifə Əliyevanın
xatirəsi sonsuz məhəbbətlə yad edilir
O, insan
kimi ətrafdakılara nümunə idi. O, qayğıkeş
ana, vəfalı ömür-gün yoldaşı, işini
mükəmməl bilən həkim idi. O, nursuz gözlərə
işıq paylayan, Günəşin, Ayın hüsnünə,
təbiətin çoxçalarlı rənglərinə,
füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat
eşqini qaytaran idi. O, Ümummilli lider Heydər Əliyevin həyat
yoldaşı idi. Aprelin 28-də o böyük
insanın, görkəmli oftalmoloq-alim, akademik Zərifə
Əliyevanın anadan olmasının 93-cü
ildönümü tamam oldu. Bu hadisə
ölkəmizdə geniş qeyd edilir, onun əziz xatirəsi
sonsuz məhəbbətlə yad edilir.
Zərifə
Əliyevanın ömür yolu zəngin elmi fəaliyyət, qazanılan
uğurlarla zəngindir. Zərifə
xanıma həmkarlarının, yetirmələrinin, xəstələrinin
hörmət və məhəbbətini qazandıran onun həkim
fədakarlığı, yüksək vətəndaşlıq
mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi.
Son dərəcə xeyirxah insan olan Zərifə
xanım Əliyeva yaşamaqdan, işləməkdən
xüsusi zövq alırdı, nikbin insan idi, ətrafında
xeyirxahlıq və etimad abı-havası yaratmaq
üçün çox çalışırdı. Bu parlaq şəxsiyyət xeyrin təntənəsi,
xalqın xoşbəxtliyi üçün əlindən gələni
edirdi.
Zərifə
xanımın fitri istedada malik novator alim, pak və nadir bir
insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli
həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər
bir alim və həkim üçün həyat və mənəviyyat
dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif
sahələri üzrə apardığı tədqiqatlar,
qazandığı nailiyyətlər, yaratdığı
fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Zərifə
xanım Əliyeva 1923-cü il aprelin 28-də
Azərbaycanın dilbər guşəsi olan Naxçıvan
Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində
dünyaya göz açıb. 23-cü ilin yazı
dövrünün görkəmli dövlət və
ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət
Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində
onilliklər sonra ailənin adını daha da ucalıqlara
qaldıracaq, Vətənə layiqli övlad olacaq, xalqına
xidməti hər şeydən ümdə biləcək parlaq
bir simanın gəlişi ilə yaddaqalan olub. Orta
təhsilini başa vurduqdan sonra gələcək taleyini tibb
elminə həsr etməyi qarşısına məqsəd
qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət
Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə
daxil olub və 1947-ci ildə institutu əla qiymətlərlə
bitirib.
Qeyd edək ki, məhz həmin dövrdə Azərbaycanda
gözü zədələyən və ağır nəticəyə,
hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi
geniş yayılıb. Ona qarşı təsirli müalicə
üsulları isə olmayıb. Ona görə
də bu infeksiya və onun ağır nəticələri ilə
effektiv mübarizə təkcə oftalmologiya elmi
üçün deyil, bütövlükdə respublikanın
səhiyyəsi üçün mühüm əhəmiyyət
daşıyıb. Belə bir dövrdə Zərifə
xanım traxoma xəstəliyinə qarşı aparılan
müalicəvi və profilaktik tədbirlərin təşkilində
və keçirilməsində fəal iştirak edib, konkret
müalicə təcrübəsindən başqa Azərbaycanda
traxoma xəstəliyinin daha geniş yayıldığı
rayonlara gedib, həkim-oftalmoloqlara məruzələr oxuyub, əhali
arasında çoxlu söhbətlər aparıb. Amma ağır xəstəliklə mübarizədə
bu kifayət etməyib. Respublikada regional əhəmiyyət
kəsb edən göz xəstəliklərinə, o cümlədən,
gözün peşə xəstəliklərinə dair
fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli
müalicə üsullarını və profilaktika tədbirlərini
işləyib hazırlamaq tələb olunub.
Həkim olmaq arzusu onu Moskva şəhərinə
aparıb və Zərifə xanım Ümumittifaq Mərkəzi
Həkimləri Təkmilləşdirmə İnstitutunda iki
illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına
yiyələnib. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə
başa çatdırdıqdan sonra Vətənə
qayıdıb, 1949-cu ildən başlayaraq, Azərbaycan Elmi Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda elmi işçi
kimi fəaliyyətə başlayıb. 1950-ci
ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim
fəaliyyəti ilə yanaşı, elmi
axtarışlarını da davam etdirib. Müxtəlif
göz xəstəliklərinin müalicə və profilaktika
tədbirlərinin işlənib hazırlanması ilə məşğul
olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini
traxoma infeksion xəstəliyinin müalicəsinə həsr
edib. Beləliklə, Zərifə
xanımın ilk elmi araşdırmalarının mövzusunu
həyat özü müəyyənləşdirib.
Azərbaycanda traxomanın kökünün kəsilməsini
qarşısına məqsəd qoyan Zərifə xanım bu
problemin nə qədər çətin və mürəkkəb
olduğunu çox yaxşı bilib. Lakin işin çətinliyinə
və məsuliyyətinə baxmayaraq, o, tezliklə
böyük uğurlar əldə edib. Zərifə
xanım tədqiqat işini traxomanın müalicəsində
və onun ağırlaşdığı hallarda daha təsirli
vasitələrin öyrənilməsinə, o dövr
üçün yeni olan antibiotikdən – sintomisindən istifadə
olunmasına həsr edib. Bu dövrdə Zərifə
xanım yalnız çalışdığı institutda fəaliyyət
göstərməklə kifayətlənməyib, o,
respublikanın şəhər və rayonlarını bir-bir gəzərək,
xəstəliyin yaranma səbəblərini
araşdırıb və xəstəlik ocaqlarında kompleks
şəkildə müalicə-profilaktik tədbirləri həyata
keçirib. Böyük alim uşaq evlərində tərbiyə
alan kimsəsiz uşaqlar arasında
yayılan traxoma xəstəliyinin qarşısını
almaqda xüsusi xidmət göstərib. Uğurlu
tədqiqatların nəticələri Z.Ə.Əliyevanın
1960-cı ildə müdafiə etdiyi "Traxomanın digər
terapiya üsulları ilə birlikdə sintomisinlə
müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını
təşkil edib. Bu sahə üzrə ixtisaslaşaraq,
elmlər namizədi dərəcəsinə yüksələn
Zərifə xanımın təklif etdiyi müalicə metodu
tezliklə bütün respublikada tətbiq edilib və ölkəmiz
bu xəstəlikdən xilas olub. Buna
görə də Azərbaycanda traxomanın sosial xəstəlik
kimi ləğvi məhz Zərifə xanımın adı ilə
bağlıdır.
1960-cı ildən 1967-ci ilədək Zərifə
xanım Oftalmologiya İnstitutunda böyük elmi
işçi vəzifəsində çalışıb. 1963-cü ildə
SSRİ Ali Attestasiya Komissiyası ona "Oftalmologiya”
ixtisası üzrə böyük elmi işçi adı
verib. 1967-ci ildə Z.Əliyeva Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun göz xəstəlikləri kafedrasına dosent
vəzifəsinə dəvət olunub. Həmin
dövrdə Zərifə xanım həkimlik fəaliyyəti
ilə məşğul olaraq, bir çox cərrahiyə əməliyyatları
aparıb, xəstələrə məsləhətlər
verib, üstəlik onun fəaliyyəti yalnız öz
klinikasına qapanıb qalmayıb, bütün oftalmologiya təşkilatlarını
və şöbələrini əhatə edib. Bununla
yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə
kurslarının dinləyici həkimləri ilə pedaqoji
iş aparıb. Tibbi təcrübə və
kadr hazırlığı məsələləri ilə
çox ciddi məşğul olmasına baxmayaraq Z.Əliyeva
elmi tədqiqat işlərinin davam etdirilməsinə
böyük əhəmiyyət verib. Həmin
dövrdə o, oftalmologiyanın bir sıra aktual məsələlərinə
diqqət yetirib. Bu məsələlər arasında
diaqnostika, qlaukomanın və görmə orqanının
iltihabının müalicəsi və s. xüsusi yer tutub.
Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi –
görmə orqanının patologiyası da cəlb edib. Bu problemin aktuallığı yalnız kimya və
elektronika sənayesinin geniş inkişafı ilə yox, həm
də bir çox yeni kimyəvi birləşmələrin
görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə
tədqiq olunmaması ilə əlaqədar idi.
1968-ci ildən başlayaraq Z.Əliyeva məqsədyönlü
şəkildə görmə orqanının patologiyası ilə
məşğul olmağa başlayıb. Çoxillik
müşahidələrin, klinik tədqiqatların və
eksperimentlərin nəticələri Zərifə xanım
Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil
edib. O, "Azərbaycanın bir sıra kimya müəssisələri
işçilərinin görmə orqanının vəziyyəti”
mövzusunda yazdığı dissertasiya işini
dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən
birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Z.Əliyevanın dissertasiya işi
alim-oftalmoloqların yüksək qiymətini alıb,
oftalmologiyanın bu sahəsində ilk işlərdən biri
olub. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri
doktoru elmi dərəcəsi verilib.
Doktorluq dissertasiyasını müdafiə etdikdən bir
qədər sonra Zərifə xanım Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun
oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü
ildə isə həmin kafedranın müdiri olub. Elə ilk
gündən Z.Əliyeva ətrafına istedadlı gənc həmkarlarını
toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi
işçilərin hazırlanmasını müvəffəqiyyətlə
təşkil edə bilib.
1981-ci ildə
oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə
– görmə orqanının peşə patologiyası sahəsində
apardığı elmi tədqiqatlara görə professor
Z.Əliyeva oftalmologiya aləmində ən yüksək
mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.İ.Averbax adına mükafatına layiq
görülüb. Bununla da professor Z.Əliyeva həmin
mükafata layiq görülən ilk qadın kimi tarixə
düşüb. 1983-cü ildə
Z.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən
sonra onun fəaliyyəti daha da genişlənib. Səhiyyə sahəsindəki böyük xidmətlərinə,
çoxillik elmi-tədqiqat işlərinə görə
professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan
Respublikası Elmlər Akademiyasının akademiki
seçilib. Z.Əliyeva fəaliyyəti
müddətində bir sıra orden və medallara layiq
görülüb, Azərbaycanın əməkdar elm xadimi fəxri
adını alıb.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı,
Zərifə xanım eyni zamanda övladlarına
qayğıkeş ana, ümummilli lider Heydər Əliyevə
vəfalı ömür-gün yoldaşı olub. O, ömrünün 62-ci
baharında, 1985-ci il aprelin 15-də Moskva
şəhərində dünyasını dəyişib.
Zərifə Əliyevanın adı bu gün də Azərbaycanda
böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə
ana adının ucalığı, ömür-gün
yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi
onun adı ilə əbədiləşir. O, tibb elmimizin
zirvəsində parlayan əbədiyyət Günəşi
kimi səciyyələndirilir.
Zərifə xanım Əliyeva qədirbilən
xalqımızın, onu yaxınlardan tanıyanların, qohum və
doğmalarının yaddaşında görkəmli
ziyalı, elm xadimi, gözəl insan, vəfalı
ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz
vətəndaş kimi qalmışdır. Ömrünü
insanların sağlamlığının qorunmasına həsr
etmiş bu nəcib xanım, həm də körpələri,
balacaları sonsuz məhəbbətlə sevir, onları
Tanrının ən müqəddəs payı hesab edirdi.
Məhz bütün bu keyfiyyətlərinə
görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən
sevilir, əziz xatirəsi ehtiramla yad olunur.
Zərifə xanım eyni zamanda müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, bütün mənalı
ömrünü Vətəninin və xalqının tərəqqisinə
həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider
Heydər Əliyevin vəfalı ömür-gün
yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı
olub.
F.ABASOĞLU
Kaspi.-2016.-28 aprel.-S.7