Müştərilərinin əksəriyyəti gənclər olan mağaza

 

ya musiqi alətləri satılan məkandan reportaj

Konfutsi deyir ki, “o insanın ki, içində musiqi duyğusu yoxdur qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır”. Həqiqətən musiqi insanın duyğularına qanad verir. Bəzən söz ilə ifadə edə bilmədiklərimizi musiqi ilə rahatlıqla ifadə edə bilirik.

 

Musiqi kimi üçün əyləncə, kimi üçün istirahət, kimi üçün isə öz dünyasına dərin-dərin səyahətdir... Bəzən isə musiqi sadəcə dərdə çarədir, bağlı qapıların açarıdır, ruhun qidasıdır... Bəli, gitaranın xoş səsi sevgiyə qarışıb çox insanları bir-birinə qovuşdurub, saz sözün sehrinə girib insanları düşündürüb, bir balaban, tütək səsi... Qarmonla dəfin həmahənginə qoşulub az oynamamışıq...

 

İndi bütün bunların bir yerə yığıldığı, müştəriyə təqdim edildiyi məkandayıq. Bizi bizdən alan musiqi alətlərimizin satıldığı, səsin sehrinə qapılıb, sehrin aləmə car çəkdiyi bir məkandayıq. Bura “Royal” musiqi alətləri salonudur. Hansı ki, bu məkanda musiqi alətlərinin alışı, satışı, kreditlə satışı köklənməsi həyata keçirilir.

 

Birbaşa idxal

 

Mağazaya daxil olduqda gitaranın səsi insanı feyzyab edir. Musiqi alətlərinin çoxluğu, fərqli işıqlandırma, dizayn insanı başqa dünyaya aparır.

Gitarada müşayiət edən mağazanın işçisi Talehdir. Söhbətimiz zamanı məlum olur ki, Taleh 9 ildir, bu sənətlə məşğuldur: “Musiqi duyumu olan insan özü gitarada ifa etməyi bacarır. Əgər bu istedad varsa, müəllim yanına getmədən öz üzərində işləməklə öyrənmək mümkündür. Məsələn, 9 ildir ki, gitarada ifa edirəm. Heç bir müəllim yanına da getməmişəm”.

 

Söhbətləşmək üçün mağazanın marketinq üzrə meneceri Samir İsmayılova yaxınlaşırıq.

Həmsöhbətimiz deyir ki, burada bütün musiqi alətlərinin satışı həyata keçirilir: “Simli, nəfəsli, klavişli, zərb milli alətlər, elektron alətlər, bütün aksesuarlar, müxtəlif musiqi avadanlıqlarının satışını təşkil edirik. Dünyanın aparıcı şirkətləri ilə müqavilə bağlamışıq musiqi alətlərini birbaşa idxal edirik. Alətləri əsasən Avropa, İndoneziya, Çin, Yaponiya nadir hallarda Türkiyədən gətiririk”.

 

Gənclərin musiqi sevdası

 

Mağazada alıcılar arasında gənclərin çoxluğu diqqətimizi çəkir. Həmsöhbətimiz təsdiqləyir ki, son illər gənclər musiqiyə çox maraq göstərir: “Müştərilərimizin əksəriyyəti gənclərdir. Daha çox gitaraya tələbat var. Ən çox tələbat olunan mallar arasında birinci yeri klassik gitara, daha sonra akustik, elektron gitara kaman tutur. Milli musiqi alətlərimizə maraq isə ümumilikdə götürdükdə, pis deyil, amma klassik gitara ilə müqayisədə çox azdır. Milli musiqi alətlərindən ən çox satılan tar kamançadır”.

 

Menecer bildirir ki, düşünüldüyü kimi, musiqi dükanlarının müştərisi əsasən musiqiçilər olmur. Onun sözlərinə görə, musiqi ilə hobbi kimi məşğul olanlar daha çoxdur: “Əslində, bizim müştərilərin əsas hissəsi gənc nəsildir ki, onlar ya musiqi məktəbini vaxtında bitiriblər, ya da musiqi məktəbini bitirəndən sonradan musiqi ilə maraqlanıblar. Yəni peşəkar musiqi ilə məşğul olmayanlardılar”. 16-30 yaş arası müştərilərimiz daha çoxdur”.

 

Atası ilə gitara almağa gələn Cəmil deyir ki, ən böyük arzusu gitarasının olması idi. Atası da onu bu arzusuna çatdırmaq üçün mağazaya gətirib: “Gitarada ifa etməkdən zövq alıram. Xüsusilə boş vaxtlarımda parkda oturub uşaqlarla oxuyuruq”.

 

Əcnəbilərin vurğun olduğu tar

 

Bildiyimiz kimi, istər dünyada, istərsə ölkəmizdə Azərbaycan tarı, kamançası, balabanı öz sözünü deyib. Menecer təsdiqləyir ki, əcnəbilərin milli alətlərimizə marağı çoxdur: “Hətta Cefri adında bir amerikan tez-tez mağazamıza gəlirdi. Azərbaycan dilində çox sərbəst danışır tarı o qədər gözəl ifa edir ki, bizim tarzənlərdən fərqlənmir. O amerikalı bizim tara vurğundu hər yerdə bu aləti təbliğ edir. Hətta öz ölkəsində beləİran vətəndaşları var ki, tara, balabana maraq göstərirlər. Bəzən olur ki, xaricilər deyir, bu, erməni alətidir. Balabana duduk deyirlər. Biz izah edirik ki, bunun adı duduk deyil, balabandır bizim öz alətimizdir. Bacardığımız qədər təbliğatını aparırıq”.

 

Musiqi alətlərinin qiymətlərinə gəlincə, müsahibimizin sözlərinə görə burada hər kəsin cibinə uyğun alət var: “Burada hər qiymətə alət var. Amma təbii olaraq keyfiyyətli, brend malın öz qiyməti olur. Hətta bəzi musiqi alətləri var ki, onlar çox baha olduğu üçün biz sifarişlə gətiririk. Ən ucuz milli alətimiz tütəkdir, 10-12 manata satılır. Ən baha isə royaldır, 17 min manata qədər qiyməti olur. Musiqi alətlərini elektron şəkildə, görmədən almaq fikrimcə, düzgün deyil. Çünki musiqi alətini əlində ifa etdikdən sonra onun səsini hiss etmək olur. Ona görə elektron ticarət bu sahədə o qədər uğurlu alınmır. Hesab edirəm ki, hər bir alətin öz qəlbi var. O qəlbi ancaq əlində ifa etdikdə hiss etmək mümkündür”.

 

Bizdə pis musiqi yoxdur

 

Mağazada Azərbaycan Televiziyasının estrada orkestrinin solisti, zərb alətlərinin ifaçısı Ələddin Əliyevə rast gəldik. Ələddin müəllim 38 ildir, bu sahədə çalışır heyfsilənir ki, Azərbaycan gəncliyi bizim musiqinin qədrini bilmir. Ancaq müəyyən yaş həddini keçdikdən sonra Azərbaycan musiqilərinin necə dəyərli olduğunu dərk edirlər: “Çayxanalarda oturub söhbət etməkdənsə, hobbi kimi musiqi ilə məşğul olmaları daha yaxşıdır. Düzdür, professional musiqi kənarda qalır. Amma zaman keçdikcə o da düzələcək”.

 

Peşəkar musiqiçi düşünür ki, insan onda olan istedadın fərqinə vardıqdan sonra onun ardınca getməlidir: “Gənclərin mahnı seçimi xoşuma gəlmir. Bizdə pis musiqi yoxdur. Azərbaycan musiqiçiləri dünyada öz sözlərini deyiblər. Amma bugünkü gənclər musiqinin dərininə getmir, üzdən məşğul olurlar. Əgər sənə bu istedad verilibsə, onun ardınca düşmək lazımdır”.

 

Menecer deyir ki, mağazada ən bahalı alətləri musiqiçilər yox, sadə vətəndaşlar alır: “Avropadakı partnyorlarımız da dəfələrlə deyib ki, sizdə bazar inkişaf etdikcə özünüz görəcəksiniz ki, ən bahalı alətləri musiqiçi almayacaq. Ən bahalı aləti həkim, hüquqşünas, hansısa dövlət işində çalışan insan alacaq. Mən işlədikcə görürəm ki, bu, həqiqətən belədir. Çalışırıq, hər kateqoriyadan olan insanların marağını təmin edək”.

 

Aygün ƏZİZ

Kaspi.-2016.-5 fevral.-S.18.