Çalışmaq və öyrənməyə
açıq olmaq uğurun
açarıdır
İlham Məmmədli: “Kənardan
verilən stimul da lazımdır, ancaq əsas olan insanın
özünə verdiyi motivasiyadır”
Onun
fikrincə, çalışmaq və daim öyrənməyə
açıq olmaq hər zaman, hər bir sahədə
uğurun açarıdır. İnsanın özünə
verdiyi motivasiyanı da vacib sayır. Deyir ki, kənardan verilən
stimul da lazımdır, amma əsas olan insanın özünə
verdiyi motivasiyadır. Müsahibimiz MADO kafe və restoranlar
şəbəkəsinin marketinq üzrə meneceri İlham Məmmədlidir.
- İlham bəy, siz balaca olanda
marketinq sözü hələ Azərbaycana gəlib
çıxmamışdı. O vaxt kim olmaq istəyirdiniz?
- O
vaxt məni daha çox valideynlərim yönləndirməyə
çalışır, prokuror, həkim olmağımı istəyirdilər.
Mənsə futbolçu olmaq istəyirdim.
- Bəs necə oldu, futbolçu
olmaq arzunuzu marketoloqla əvəzlədiniz?
-
Ətrafımdakı dostlar bu yönə istiqamətlənməyimə
səbəb oldu. Həm də marketinq Azərbaycanda inkişaf
edən yeni, lazımlı bir sahə idi. Buna görə mən
də marketinq ixtisası üzrə təhsilimi davam etdirməyə
qərar verdim.
- İlk işinizi necə
xatırlayırsınız?
-
Üçüncü kursu bitirdikdən sonra “Delta Group”
Şirkətinin Bismak Qida Sənaye Kompleksində brend
menecerinin köməkçisi kimi işə başladım,
sonra “Totem” reklam agentliyində çalışdım. Amma təcrübə
keçmək üçün aşağı kurslarda
oxuyanda “Azenco”, “Pepsi” şirkətlərində də
çalışmışam.
- Necə oldu MADO-da işə
başladınız?
-
Əsgərlikdən qayıdandan sonra iş üçün
bir neçə yerə CV göndərdim. MADO-dan
çağırdılar.
- İşlədiyiniz restoranlar
şəbəkəsinə hansı qatqılarınız
olub?
- Onu
qeyd edim ki, MADO-Azərbaycanın tarixində marketinq vəzifəsində
ən uzun müddət çalışan şəxsəm.
Əgər burada iki ildən artıq bir müddətdir
çalışıramsa, demək, hansısa
qatqılarım olub. Qısa desəm, müxtəlif korporativ
sosial məsuliyyət layihələri, sponsorluqlar, kampaniyalar,
müştəri məmnuniyyətinin artırılmasına
yönəlik sorğular və s.
- MADO-nun digər
restoranlardan fərqi nədədir?
- Hər bir şirkətin
öz hədəf qrupu, müştəri seqmenti var. Düzdür, bütün kafelər rəqibdir, amma hər bir restoranın
hədəf kütləsi
fərqlidir. Şirniyyatlarımız bizi fərqləndirən
tərəfimizdir. MADO-nu əsas sevdirən onun şirniyyatları, künəfəsi, maraş dondurması,
paxlavasıdır. Düzdür, MADO-nun da dadlı yeməkləri
var, ancaq MADO-nu insanlar daha çox
şirniyyat evi kimi tanıyır.
- İlham
bəy, yaxşı marketoloq olmağın yolları nədən keçir?
- Yaxşı marketoloq olmaq üçün öncə yaxşı təhsil almalısan. Vacib deyil ki, universitet
təhsili olsun, özünüzü kitablarla,
seminarlarla, təlimlərlə,
gündəlik trendləri
izləməklə inkişaf
etdirə bilərsiniz.
Daima təhsil almaq, öyrənmək lazımdır.
Yaxşı marketoloqun özünü
göstərməsi üçün
sağlam rəqabət
bazarının olması
da vacibdir. Müasir texnologiyalardan istifadə, gündəlik
trendləri tutmaq, gələcəyi 2-3 il öncədən görmək qabiliyyətin
də olmalıdır.
- Azərbaycanda, deyəsən,
şirkət rəhbərlərinin
əksəriyyəti marketinq
şöbəsinə o qədər
də önəm vermir...
- Elədir, Azərbaycan şirkətlərində işlər
yaxşı gedəndə
marketinqə o qədər
də fikir verilmir, işlər düyünə düşən
kimi marketoloqlar axtarılır. Düşünürəm ki, hər zaman marketinqə önəm verilməlidir.
Hətta
qlobal, milyardlarla gəliri olan şirkətlərin belə
marketinqə ehtiyacı
var, bu sahəyə
kifayət qədər
pul ayırırlar.
İnanıram ki, bizdə
də yavaş-yavaş
marketinq sahəsi öz yerini tutacaq.
- Marketinq şöbəsinin
işlərinin yaxşı
getməsi müştərilərlə
birbaşa ünsiyyətdə
olan işçilərdən
– satıcılar, ofisiantlar,
satış menecerlərindən
–asılıdır. MADO-da qarsonlar necə
motivasiya edilir?
- Marketinq şöbəsi şirkətdə olan digər bütün şöbələrlə sıx
əlaqədədir. Hansısa şöbənin
işi yaxşı getmirsə, birbaşa marketinqə təsir edir. Buna görə
marketinqin şirkətdə
bütün şöbələrlə
əlaqəsi yaxşı
olmalıdır.
Qarsonları işə İnsan resursları üzrə menecerimiz götürür. Təlim menecerimiz
isə onlara təlim keçir. Əgər bizim qarson peşəkar
təlim keçməsə,
insan resursları üzrə menecerimiz peşəkar qarsonları
işə götürməsə,
müştəriyə pis
xidmət göstəriləcək
və müştəri
narazı gedəcək.
Bu isə birbaşa
marketinqin işinə
təsir göstərəcək.
Buna görə də biz digər şöbələrlə əlaqəli
işləməyə çalışırıq.
Qarsonlar üçün müxtəlif
motivasiya proqramları
hazırlanır. Onların qarşısında müxtəlif satış
hədəfləri qoyulur.
O hədəfləri keçdikdən
sonra bonuslar, hədiyyələr verilir,
ayda bir neçə dəfə kollektiv şəkildə əyləncə mərkəzlərinə
göndərilirlər. Çünki müştərilərlə birbaşa
təmasda olan onlardır. İşimiz onlardan keçir.
Əgər mətbəxdə yemək gec hazırlanırsa, müştəri
heç vaxt arxa bölümdə nələr baş verdiyini düşünmür,
sifarişi gec gətirdiyinə görə
qarsonu günahlandırır,
söz birbaşa mətbəxdə işləyənlərə
deyil, qarsonlara deyilir. Buna görə
hər zaman onlara təlim keçir, gülərüz
olmalarının vacibliyini
izah edirik. Müştəri bura istirahət
etmək üçün
gəlir. Çalışırıq ki, dincəlmək
üçün gələn
insanların rahat istirahətlərini təmin
edək.
- Özünüz
üçün müəyyən
etdiyiniz hansısa bir hədəf varmı?
- Qeyd etdiyim kimi,
əvvəllər un məmulatları istehsal edən Bismak Qida Sənaye Kompleksində işləmişəm.
Buna görə də özümü daha çox yeyinti sənayesi, kafe-restoran şəbəkəsində
görürəm. Hədəfim gələcəkdə özümə
aid hər hansı bir restoran, ya
kafe açmaqdır.
Ola da bilər
ki, tamam başqa bir sahəyə keçim.
Ancaq hələ ki, özümü daha çox bu sahədə
görürəm.
- Sizcə, insan özü-özünə
motivasiya verməlidir,
yoxsa ona motivasiya verən ətrafı olmalıdır?
Hansı
daha vacibdir?
- Sağlam rəqabət bazarında hansısa rəqib uğurlu bir iş həyata
keçirəndə səndə
stimul yaranır ki, ondan daha
yaxşısını gerçəkləşdirə
bilərsən. Bu, insan üçün ən böyük motivasiyadır. Kənardan verilən
stimul da lazımdır. Ancaq əsas
olan insanın özü-özünə verdiyi
motivasiyadır.
- Uğurunuzun sirri nədədir?
- Nə dərəcədə
uğurlu olmağıma
müştərilər və
rəhbərlik qərar
verə bilər. Əgər müştərilərimiz
MADO-nun fəaliyyətini uğurlu
hesab edirsə, bizdən razı qalırsa, deməli, bu uğurda az da olsa payım var. Çalışmaq və
daim öyrənməyə
açıq olmaq hər zaman, hər bir sahədə
uğurun açarıdır.
Lalə MUSAQIZI
Kaspi.-2016.-5 fevral.-S.15.