Millətin pasportunu
hazırlayan adam
Yasin Xəlil: “İstərdim ki, evlərdə
mebelləri büllur qablar əvəzinə kitablar bəzəsin”
Deyir ki, tarixdə qalan keramikadır,
millətin tarixi bununla ölçülür. Arxeoloji
qazıntılarda keramika, saxsı nümunələr
axtarılır. Elə buna görə də
millətimizin tarixini yaşatmaq istəyir. 30 ildir ürəyində
gəzdirdiyi arzusunu nəhayət, bu il
reallaşdırıb. Azərbaycan milli obrazlarını, adət-ənənələrini,
milli geyimlərini, tarixi şəxsiyyətlərini
özündə ehtiva edən keramik suvenirlər
hazırlayacaq sex açıb. Sevindiricidir ki, bu sexdə
hazırlanan son dərəcə gözəl, səliqəli,
zərif, keyfiyyətli, hər bir nöqtəsindən millilik
yağan məhsullar Azərbaycanla yanaşı, dünya
bazarına da çıxarılacaq.
Azərbaycanı bu qədər sevən,
millətimizin tarixini yaşatmaq istəyən insanın
görüb-götürülməli tərəfi o qədərdir
ki... İstədik, siz də yaxından
tanıyasınız.
Həmsöhbətimiz 13 il Azbentonit
MMC-yə rəhbərlik etmiş kimyaçı-texnoloq,
texniki elmlər namizədi, 60-dan çox elmi məqalənin,
7 ixtira patentinin, ali məktəblər üçün 3 dərsliyin
müəllifi Yasin Xəlildir...
- Milli keramikamızın
inkişafı üçün xeyli işlər
görmüsünüz. Necə oldu, belə bir iş qurmaq qərarına
gəldiniz?
- Mənim
ixtisasım şüşənin, yoldaşımın
ixtisası keramikanın kimyəvi texnologiyasıdır. Sənətin texnologiyasını, incəliyini bilmədən
onu sevmək çətindir.
Ulu Öndərin vaxtında yoldaşımla Rusiyada
oxumağa göndərildik. Çünki ölkəmizdə o
vaxt da bu sahədə mütəxəssis çox az idi. O vaxtdan həyat yoldaşımla birlikdə
beynimizdə belə bir ideya olub. Tələbəlik
vaxtından kolleksiya yığmağa başladıq. Ad günlərimizdə bir-birimizə keramikadan hədiyyəliklər
(suvenirlər – L.M.) bağışlayırdıq. Dostlarımız da bunu bildiklərindən onlar da bu
cür hədiyyələrlə bizi təbrik edirdilər.
Hansı xarici ölkəyə gedirdiksə,
müxtəlif keramik hədiyyəliklər alırdıq.
Hazırda kolleksiyamızda iki minə qədər
hədiyyəlik var.
Keramikadan hədiyyəliklər istehsal etmək 30 ilin
ideyasıdır. Son illər ölkəmizdə turizmin
inkişafı ilə əlaqədar bu ideyanın üzərində
daha da möhkəm dayandıq.
- Bəs
maliyyə problemini necə həll etdiniz? Çünki
binanı tikmək, texnika almaq, xammal əldə etmək və
işçiləri saxlamaq az maliyyə tələb
etmir...
-
Dostlarımız sağ olsun, onların köməyi ilə
maliyyə problemimizi həll etdik. Bundan başqa,
illərlə halal zəhmətimizlə qazanaraq
topladığımızı buraya qoyduq. Bir il bundan əvvəl bu binanın tikintisinə
başladıq. Qəlibləri, modelləri hazırlamaq,
mütəxəssisləri tapmaq, avadanlıqları əldə
etmək... Bir il ərzində çox
çətin yollardan keçdik və sonda bacardıq.
- Kömək üçün
hökumətə müraciət etməmisiniz?
- Etməmişəm.
Düzdür, görüşdüyümüz
adamların yanında ən azı mənəvi dəstək
hiss etmişik. Bu yaxınlarda İqtisadi
İnkişaf Nazirliyinin nümayəndəsi ilə də
görüşümüz olub. İşimizi
çox böyük sevgi, fərəhlə
qarşıladılar. Rayon rəhbərliyi
rəsmi açılış keçirməyi
planlaşdırır.
Əslində, dövlətdən umacağımız
olacaq. Əl sənəti qonşu ölkələrdə
bütün vergilərdən, hətta işıq pulundan da
azaddır. Düşünürəm ki,
dövlət min manat işıq pulunu bir sexə keçə
bilər. Çünki milliliyimizi
özündə ehtiva edən sənəti başqa cür
yaşatmaq mümkün deyil.
- Mütəxəssisləri haradan
tapdınız?
- Bizdə
ənənə zəif olduğuna görə mütəxəssis
tapmaqla bağlı problemlərimiz oldu. Bir ili
gecə-gündüz işlədik. Paralel olaraq
kadrlarımızı yığdıq. Bu
sahədə olan nadir kadrları bir yerə cəmləmək
çox çətin oldu. Gəncədə
Farfor Zavodunun köhnə işçilərindən
tapdıq. Bakıdakı köhnə
Saxsı Qablar Zavodu ilə əlaqə saxladıq, Rəssamlıq
Akademiyasında olduq.
- Yəqin
keramika ilə kağızın, kətanın üzərində
boya ilə işləmək fərqlidir...
- Əlbəttə. Keramikanın üzərində rəsm
çəkmək spesifik, incə işdir. Hər
adamın əli keramikada tutmur. Bir neçə
rəssam bizimlə işləmək istədi, amma
bacarmadıqlarına görə getməli oldular. Hesablamalısan ki, keramika üzərində çəkdiyin
göz sobadə bişəndən sonra nə qədər
yığılacaq.
- Niyə məhz keramika?
- Bizim
sexin baş rəssamı deyir ki, keramika millətin pasportudur. Tarixdə qalan keramikadır. Arxeoloji
qazıntılarda keramika, saxsı nümunələr
axtarırlar. Millətin tarixi bununla
ölçülür.
Turistlər ölkəmizə gələndə hərəsi
bir hədiyyəlik alıb aparmaq istəyir. Hər turistə
bir keramika nümunəsi verməklə dünyaya
çıxırsan. İşçilərimizin
də qarşısında belə bir ciddi şərt
qoymuşuq ki, nə edəcəyiksə, onda milli ruh
olmalıdır. Kinolarımızdakı
maraqlı obrazları, tariximizdən dahi şəxsiyyətlərimizin,
sərkərdələrimizin, dövlət
adamlarımızın obrazlarını yaradacağıq,
tarixi məkanlarımızı, mətbəximizi, adət-ənənələrimizi
keramikaya gətirəcəyik, xalça ornamentlərini, milli
geyimlərimizi keramikaya otuzdurmaq istəyirik. Hər bir hədiyyəliyin üstündə rəssamlarımız
tək-tək əllə işləyir. Ən
müasir texnologiya ilə alınmış min illər solmayan
dayanıqlı rənglərdən istifadə edirik. Keramikada olan bütün müasir, qədim ənənələrin
hamısını göstərmək istəyirik.
- Nə vaxt bazara
çıxmağı düşünürsünüz?
- Bu
günlərdə bazara çıxmağı
planlaşdırırıq. İşimizi də
bazarın tələbatına uyğun quracağıq. Cənab
prezidentin sahibkarlara ciddi dəstəyi hiss olunur. Prezident
çağırış edirsə, ürəyində az da olsa sahibkarlıq həvəsi olan adam
işə girişməlidir. Çünki
ölkəni ən çətin vəziyyətdən həmişə
sahibkarlar xilas edib. Həmişə deyirəm,
bazis deyilən bir şey var, bu iqtisadiyyatdır, qalan üst
qurumdur. İqtisadiyyat inkişaf edəndən
sonra qalan işləri onun üzərində dirçəltmək
mümkündür. Hesab edirəm ki, bu işimizlə
dövlətə, millətə faydalı iş
görmüş olacağıq.
- Orta statistik azərbaycanlı sizin
hazırladığınız məhsullardan ala biləcəkmi?
- Təbii
ki, biz qiymətləri nəzərə alacağıq. Ağlımıza gələn qiymətləri qoymaq
fikrimiz yoxdur. Yeganə arzum odur ki, əldə
etdiyimiz pulla heç olmasa rəssamların maaşını
verə bilək.
Düşünürəm ki, hər evdə milli keramika
nümunəsi olmalıdır. Bir şey ki, beş
dəfə 1200 dərəcə temperaturda olan sobaya girib
çıxır, onda dəhşətli dərəcədə
enerji akkumulyasiya olunur. Bu enerji hər evdə paylaşılmalıdır.
Mən hələ bunun müalicəvi əhəmiyyətindən
danışmıram...
- Deyəsən,
suvenirləri xaricə də ixrac etməyi
planlaşdırırsınız...
- Biz
öz çinimizlə, saxsımızla tərkib
baxımından əcnəbiləri təəccübləndirə
bilmərik, çünki onlar bizdən çox qabaqdadırlar.
Amma bizim naxışlar təkrarolunmazdır və
naxışlarla istənilən Avropa ölkəsinin
bazarını rahat şəkildə tuta bilərik. Avropa ölkələrində kütlə tərəfindən
incəsənətə daha ciddi yanaşma var. Almaniya, Rusiya,
İsveçrə, İstanbul, İranla işləməyi
planlaşdırırıq. Beynəlxalq sərgilərdə
iştirak etməyə çalışacağıq. Hesab edirəm ki, milli keramikamızı bu cür
tanıdacağıq.
- İşçi heyətiniz
o qədər də çox deyil, 15-ə yaxındır. Hər bir qabın üzərində tək-tək
işləndiyini nəzərə alsaq, bu qədər
işçi heyəti ilə bazarın tələbatına
cavab vermək çətin olmayacaq ki?
- Etiraf
edim ki, bazarın tələbatını ödəməkdə
çətinliyimiz olacaq. Çünki tələbat
böyükdür. Düşünürəm
ki, bizə baxıb bu cür şirkətlər yaranacaq və
bu, rəqabətə gətirib çıxaracaq. Rəqabət olan yerdə isə keyfiyyət
qaçılmazdır. Bu iş elədir ki, diqqətimizi
məhsulun sayına yönəltsək, keyfiyyətdən
uzaqlaşacağıq. Rəssama deyə bilmərəm
ki, hər gün 50 çarığın üzərinə
naxış vur. Burada elə bir şərait
yaratmışıq ki, işçilər istədikləri
vaxt istirahət etsinlər. Düşünürəm
ki, yaradıcı işdə insanları sıxmaq olmaz.
- Yasin müəllim, kimya sahəsində
kifayət qədər uğurlarınız var, yeddi ixtira
patentinin müəllifisiniz. Bu ixtiralardan
hazırda istifadə olunanı varmı?
- Dörd
ixtiram Rusiyada aspiranturada oxuyarkən ərsəyə gəlib.
Onlardan üçü Permdə Metallurgiya
Zavodunda hazırda da tətbiq olunur. Zavodda
istehsal edilən qaz, elektrik sobalarının mina örtükləri,
emal işləri mənim ixtiralarım əsasında
aparılır.
Azərbaycanda Sealit yatağı var. Sealitin sənayeyə
tətbiqi ilə bağlı 3-4 patentim var.
İlk dəfə Azərbaycanda antibakterial
spatliyovkaların əsasını qoymuşam. Belə bir
şey dünyada yoxdur. Bu
şpatliyovkanı divara çəkəndə otağa
heç bir bakteriya, mikrob yığışmır.
İlk dəfə Azərbaycanda xüsusi yapışqan
olan dekstrinin əsasını qoymuşam. Nəşriyyatlarda
kitabların yapışdırılması əvvəllər
yalnız bu məhlulla aparılırdı. İndi başqaları da çıxıb, amma bu
texnologiya da işləyir.
1994-cü ildə Rusiyada təhsil alıb Azərbaycana
qayıdandan sonra yazı təbaşirinin istehsalına da
başladım. O dövrlər yazmağa təbaşir
tapılmırdı. Mahirə xanımla birlikdə
evimizi-eşiyimizi dekstrin yapışqanı və təbaşir
istehsalı ilə qurduq. Bir neçə il
Azərbaycanı təbaşirlə biz təmin etdik. Bir az ağır iş idi, amma halal yolla pulumuzu
qazanırdıq.
Azbentonit MMC-də ilk dəfə kalsit istehsalını mən
qurdum.
Doğrusu, 500-ə yaxın patentlik işim var. Sadəcə,
bunları patentləşdirməyə vaxt yoxdur.
Mən həmişə həftənin bir
gününü laboratoriyada keçirməyə
çalışmışam. Çünki
laboratoriyada olmasam, ortaya yenilik çıxmır.
-
Bildiyimiz kimi, iqtisadiyyatımız neftin üzərində
qurulub. Amma neftin qiymətinin bazarda birdən-birə
düşməsi qeyri-neft sektorunu inkişaf etdirməyin
qaçılmaz olduğunu ortaya qoydu. Bu
baxımdan kimya sahəsində hansı işlər görmək
olar?
- Bu sahədə
iqtisadiyyatımıza bəhrə vermək üçün həddindən
artıq böyük imkanlarımız var. Tovuz rayonunda
böyük Sealit yatağı var, amma istifadəsizdir. Qeyd edim ki, sealitdən bir çox məhsulun tərkibində,
məsələn, yağların təmizlənməsi,
üzvü yuyucu tozların hazırlanmasında istifadə
edilir. Böyük gips yataqlarımız var. Qazaxda nəhəng
daş yatağımız var.
Kimya sahəsində xammal bazası minlərlədir. Qazaxın
Daşsalahlı kəndindəki bentonit yatağı
dünyada ən böyük 3 yataqdan biridir. Düzdür, istifadə olunur, amma o səviyyədə
deyil. Məsələn, neft
quyularımızın qazılmasında bizim bentonitimiz demək
olar, istifadə edilmir.
Bentonitdən 200 cür məhsul almaq
mümkündür. Qadınların işlətdiyi ənlikdən
tutmuş, dərman preparatlarına qədər bir çox məhsulların
tərkibində istifadə edilir. Bentonit
bütün Rusiyanın metalurgiyasında geniş istifadə
olunan materialdır. Sahibkarlar
üçün böyük perspektivlər var. Bir sözlə,
imkanlarımız, potensialımız, əmək
resurslarımız yetəri qədərdir. Daşdan pul
çıxara bilən adamlarımız var. Hesab edirəm ki,
bir-iki il çətinliyimiz olacaq. Dövlətin sahibkarlara dəstəyi bu səpkidə
davam edəcəksə, Azərbaycan yaxın gələcəkdə
böyük nailiyyətlərə imza atacaq.
- Yasin bəy, kimyaya olan məhəbbətinizdən
danışıb şeirə, qəzələ olan sevginizdən
danışmamaq günah olardı. Kimya hara, qəzəl hara?
- Balaca
vaxtı şeir yazmışam. Rusiyada
qaldığım dövrlərdə hərdən azərbaycanlı
uşaqlar bir yerə yığışanda şeir deyərdim.
Yenidən şeirə qayıtmağım tam təsadüf
nəticəsində oldu. Bir dəfə təsadüfən
Əliağa Vahid adına bağdan
keçirdim, Vahid çay evində televiziyalardan
tanıdığım qəzəlxan Həkim Qənini
gördüm. Mən də onlara qoşuldum.
Şeir deyirdilər. O vaxt əruz vəznində
bir beyt də yazmamışdım. Amma məclisdən
ilhamlanaraq mən də bir beyt dedim. Həkim Qəni
haradan olduğumu soruşdu və Ənvər Nəzərliyə
tapşırdı ki, mənimlə məşğul olsun.
İki il ərzində heç kim əruzu
mənə öyrətmək istəmədi. Kimdən
soruşdumsa, dedilər ki, özün oxu, öyrənəcəksən.
Amma hiss edirdim ki, yaza bilərəm. Axırda qəzəlxan
Əvəz Qurbanlının sayəsində əruz vəznini
öyrəndim.
- Yəqin
gözəl qəzəllər yaza bilməyinizdə
Şamaxıda doğulub boya-başa
çatmağınızın, oranın suyundan içməyinizin
də rolu var...
- Ana
babamın babası Şamaxıda tanınan sufilərdən
olub. Hər şeyin başında eşq durur.
Bir şeyi sevin, əl çəkməyin, Allah
sizi mükafatlandıracaq. Deyirlər, sufilərlə
imamlara gizli biliklər verilib. Elə o
sevgiyə görə verilib. Onlar Allaha o qədər
vurğundular ki, Allah onları mükafatlandırıb. Bəlkə
də babamın babasının Allahdan aldığı
mükafatdan bizim də üzərimizə
sıçrayıb...
- Ötən
ilə qədər Azbentonit MMC-nin direktoru kimi
çalışmısınız. 12 il bu
vəzifəni icra etmisiniz. Eşitdiyimizə görə, o qədər
gözəl idarəçi olmusunuz ki, işçiləriniz
sizin işdən ayrılmağınızı istəmirmiş...
-
2003-cü ildən 2015-ci ilə qədər Azbentonit MMC-də
gözəl bir kollektiv yaratdım, onların
maaşlarını vaxtlı-vaxtında verdim. Heç vaxt
iş otağımın qapısını bağlamadım,
üzərinə qəbul saatlarımı yazmadım.
Bu gün Azərbaycanda çoxlu beton, yaxma, boya
zavodları var ki, orada mənim zamanımda Azbentonit Zavodunun
laboratoriyasında yetişən işçilər
çalışır.
- Həmişə gənclərlə
çalışmısınız. Həm əvvəlki
iş yerinizdə, həm də indi. Memarlıq
və İnşaat Universitetində də dərs deyirsiniz.
Gənclərimizdə nəyi görmək istərdiniz?
- Harada
işləməyimdən asılı olmayaraq, hər zaman
qadınlara və gənclərə üstünlük
vermişəm. Düşünürəm ki,
kollektivdə bacarıqlı qadın və gənclər
çox olmalıdır. İstərdim ki,
evlərdə mebelləri büllur qablar əvəzinə
kitablar bəzəsin. Kitab insanı
saflaşdırır. Digər millətlərdən
o qədər də qabaqda deyilik, çoxundan geriyik. Çünki kütlə olaraq kitab oxumayan millətik.
Rusiyada metroda, avtobusda kitabsız adam
görməzsən. Oxuyanımız çox
olsa, bu qədər şairmiz, yazıçımız olmaz.
Gənclərə tövsiyə edərdim ki,
bacardıqları qədər çox oxusunlar.
Lalə MUSAQIZI
Kaspi.-2016.-5 fevral.-S.21.