Bir ovuc gil
hekayə
Çayın sahilində bir ovuc gil
vardı. O adi gil idi.
Bir az
kobud, ağır. Amma özü haqda çox yüksək fikirdəydi, həmişə
xəyala dalar, nə vaxtsa özünün kəşf
ediləcəyi günü
həsrətlə gözləyirdi.
Yaz fəsliydi. Günəş şəfəqlərini ətrafa
yayır, sanki ağacların yarpaqları
bir-biriylə pıçıldaşırdı.
Elə bil ağacların yarpaqları üstə yaqut və zümrüd
zərrəcikləri vardı.
Güllər, çiçəklər belə havada bir-birinə tərəf əyilib deyirdi:
- Bacılarım, siz nə qəşəng görünürsünüz? Hər tərəfin
belə gözəl olmasınn səbəbkarı
sizsiniz.
Günəşin istiliyini hiss edən
çay buz buxovlarından azad oldu, sular axıb
iri-iri dənizlərə
töküldü, bu dənizlərdə böyük
gəmilər üzdü.
Hələ də əvvəlki
yerində uzanıb qalan gil
yenə də xəyala dalmışdı,
ümidlə öz-özünə
deyirdi:
- Bir gün mənim də bəxtim açılacaq. Allah məni ona görə
yaratmayıb ki, ömrüm boyu çay sahilində itib-batım. Bu fəsil mənim də həyatıma xoşbəxtlik gətirəcək.
Bir gün gil
hiss etdi ki, kimsə onu həmişə uzanıb
qaldığı yerdən
götürdü. Dəmir
bellə onu qazıb götürdülər,
qaldırıb başqa
gil parçalarıyla
bir yerdə arabaya qoydular, sonra onu uzaqlara
apardılar. Araba tozlu, daşlı,
kələ-kötür yollardan
keçib gedirdi.
Buna baxmayaraq gil
heç nədən qorxmurdu, həvəsdən
düşmürdü, özünə
təsəlli verib yenə də öz-özünə deyirdi:
- Yəqin ki, belə lazımdır. Xoşbəxtliyə gedən yol
həmişə kələ-kötür
olur. İndi mən yoldayam-həyatda özümə layiq yer tutacağım günə az
qalıb.
Amma yorucu səyahətdən sonra heç də hər şey gilin ümid etdiyi kimi olmadı. Əzablı günləri başladı.
Gili təknəyə qoydular, onu yoğurdular, döydülər, tapdaladılar,
qarışdırdılar. Ona elə gəlirdi ki, bu əzab-əziyyətə
dözə bilməz.
O əzab çəkə-çəkə
ümidlə yaşayırdı,
özünə təsəlli
verib deyirdi ki, bu qədər
ağrılardan, əzablardan
sonra onu qarşıda daha gözəl günlər gözləyir. Gil buna çox inanırdı. O fikirləşirdi
ki, o xoş günü nə qədər çox gözləsə daha yaxşı mükafat alacaq.
Onu təknədə döyüb,
əzişdirəndən sonra
bir gün onu tez-tez fırlanan
təkərin üstünə
qoyub elə fırladılar ki, az qala
o milyon hissəyə bölünəcəkdi. Hansısa qəribə
qüvvə onu yeni bir formaya
saldı. O özü
də aydınca görürdü ki, yeni bir formaya
düşür.
Sonra naməlum
bir əl onu götürüb isti sobaya qoydu. Ətrafında od-alov dilimləri vardı. Sobadakı istilik o çay
sahilində uzanıb qalanda yayın ən qızmar günündə olan istidən də istiydi. Gil bu
istiliyə də dözdü, özünü
ələ alıb hər sınaqdan çıxdı. Özünə
yenə də təsəlli verib dedi:
- Mənə bu qədər əzab verirlərsə, deməli,
məndən çox
gözəl bir şey hazırlayacaqlar. Mən ya hansısa bir məbədə bəzək, ya da kralın stolu üstündə bahalı güldan olacam.
Nəhayət, gili sobada bişirib
qurtardılar. Onu isti sobadan götürüb bir taxta parçasının
üstünə qoydular
- soyuq havada, mavi səma altında. Əzab-əziyyətləri artıq geridə
qalmışdı. Tezliklə çəkdiyi
əziyyətin mükafatını
alacaqdı.
Onu qoyduqları
taxtanın yanında bir gölməçə
vardı. Çox da dərin deyildi, gölməçənin
suyu o qədər sakit idi ki,
orda hər şey əks olunurdu. İlk dəfə onu taxtadan götürdükləri
an gil özünün
yeni formasını suda gördü. Çəkdiyi bu qədər
əzab-əziyyətdən, ağrılardan sonra o adicə bir dibçək idi. Qırmızı, eybəcər bir
dibçək. Bu vaxt ona aydın
oldu ki, o nə kral sarayında
bahalı vaz, nə də məbəddə bəzək
olmayacaq. O dodaqaltı
mızıldanıb onu
yeni formaya salan naməlum adama dedi:
- Nə üçün sən məni bu hala saldın?
Bir neçə
gün də belə keçdi. O həmişə
qaşqabaqlı olur, həyatından narazılıq
edirdi.
Sonra onun içini qəhvəyi, kobud bir şeylə
- o özü bilmirdi ki, bu nədir
- doldurdular və torpağa basdırıb üstünü örtdülər. Gil bu rüsvayçılığa görə
az qala
üsyan etmək istəyirdi.
- Həyatım boyu mənə bundan böyük pislik etməyiblər. Hələ
başıma bundan betər iş gəlməyib. Bir bax, mənim
içimi zir-zibillə,
toz-torpaqla doldurublar.
Əlbəttə, mən bədbəxtəm.
O istixanadaydı, bura kifayət qədər gün şüaları da düşürdü, onun üstünə su səpirdilər. O səbir edib gözlədi, bir gün özündə dəyişiklik hiss etdi. Onun içində nəsə
tərpənirdi - yeni
ümid. O hələ
çox şey bilmirdi, içindəki yeni ümidin də nə olduğunu bilmirdi.
Bir gün gili həmin yerdən götürüb
böyük bir kilsəyə apardılar. Deyəsən, gec də olsa
xəyalları gerçək
olurdu, deyəsən,
o bu dünyada ən gözəl rolunu oynayacaqdı. O
kilsədə möhtəşəm
musiqini eşidirdi. Onun ətrafında güllər
vardı. Amma o yenə
də nə baş verdiyini yaxşı başa düşmürdü. Buna görə də yanındakı başqa gildən pıçıltıyla
soruşdu:
- Onlar məni niyə bura gətiriblər? Niyə bütün adamlar
bizə belə baxır?
O biri gil
onun sualına cavab verdi:
- Sən heç nə bilmirsən? Sənin içində krallara layiq zanbaq var. Bu zanbağın ləçəkləri
qar kimi ağdır, ürəyi qızıl kimidir. Adamlar ona görə baxırlar ki, bu gül dünyadakı
ən gözəl güldür. Bu gülün kökü sənin ürəyindədir.
Bunu eşidən gil
çox məmnun qaldı, içində belə bir xəzinə
olduğuna görə
onu hazırlayan naməlum adama ürəyində təşəkkür
etdi.
İngiliscədən
tərcümə etdi: Sevil
Gültən
Kaspi.- 2016.- 2 iyul.-
S.24.