Mark Tven

Təmsil

 

Bir gün bir rəssam çəkdiyi balaca və gözəl şəkli elə yerə qoydu ki, onu güzgüdə aydın görə bilsin. O öz-özünə dedi:

- Şəkil indi ikiqat gözəl görünür.

Rəssamın pişiyi bu xəbəri meşədə olan pişiklərə çatdırdı. Heyvanlar ev pişiyini oxumuş, tərbiyəli ədəbli bir pişik kimi tanıyırdılar. Onlar pişiyin gətirdiyi bu xəbəri eşidib bu barədə ona çoxlu suallar verdilər. Onlar pişikdən rəssamın nə şəkli çəkdiyini soruşdular. Pişikonlara belə izah etdi:

- Bu, yumşaq bir şeydir. Hədsiz gözəl, incə bir şeydir. Ah, elə gözəldir ki!

Pişik şəkli elə təriflədi ki, heyvanlar şəkli görmək istədilər, onlar dedi ki, nəyin bahasına olursa-olsun gedib o şəkli görəcəklər.

Birdən ayı soruşdu:

- Şəkli gözəl edən nədir?

- Şəkildəkinin baxışları, - pişik dedi.

Bu sözlərdən sonra heyvanlar yenə də çox həyəcanlandılar, hələ görmədikləri şəklə heyran oldular.

Sonra inək pişikdən soruşdu:

- Bəs güzgü nə deməkdir?

- Güzgü divarda bir deşikdir, - pişik dedi. - Sən o deşiyə baxanda orda bir şəkil görürsən. Və bu şəkil o qədər gözəl, valehedicidir ki, ona baxanda sənin başın fırlanar, hətta özündən gedərsən.

Eşşək pişiyə qulaq asırdı, amma hələ ağzını açıb bir kəlmə də deməmişdi. Pişiyin son sözlərindən sonra o şübhələnməyə başladı. Dedi ki, bu vaxtacan elə bir gözəl şəkil olmayıb ki, kimsə bu şəkli görəndə heyrətdən ürəyi getsin.

Hiss olunurdu ki, eşşəyin sözləri o biri heyvanlara da təsir edib, onlarda da belə gözəl şəklin olmağına şübhə yaranıb. Beləliklə, pişik heyvanlardan incidi. Bir neçə gün bu mövzuda söhbət olmadı, amma eyni vaxtda heyvanları maraq bürümüşdü. Bundan sonra heyvanlar eşşəyin üstünə hücum çəkdilər ki, niyə onlara mane oldu şəkli gedib görməyə, yoxsa bu şəkli görüb həzz alardılar. Eşşək onlara qulaq asıb sakitcə öz fikrini dedi. O dedi ki, pişiyin, yaxud özünün haqlı olub-olmadığını bilmək üçün tək bircə yol var, o da gedib şəklə baxmalıdır, ordagördüyünü gəlib onlara deyəcək. Heyvanlar onun qərarına razı oldular, ondan xahiş etdilər ki, gedib şəklə baxsın. Eşşək dərhal onların xahişini yerinə yetirdi.

 Eşşək pişiklə birgə rəssamın evinə getdi. Amma eşşək harda dayanıb şəklə baxacağını bilmədi və o şəkillə güzgü arasında durdu. Nəticədə də şəkil güzgüdə əks olunmadı. O meşəyə qayıdıb heyvanlara dedi:

- Pişik bizə yalan deyib. Onun güzgü hesab etdiyi deşikdə eşşəkdən başqa heç kim yox idi. Mən orda yastı heç nə görmədim. Deşikdəki eşşək çox gözəl idi, səmimi, amma eşşək idi. Vəssalam!

Fil eşşəkdən soruşdu:

- Sən deşikdəki eşşəyi yaxşı gördün? Sən o eşşəyə çox yaxın idin?

- Hə, mən onu çox yaxşı və aydın gördüm. Ah, heyvanların şahı, mən ona elə yaxın idim ki, hətta burnumu ona toxundurdum.

- Bu çox qəribədir, - fil dedi. - Axı bu pişik əvvəllər bizə heç vaxt yalan deməyib. O həmişə həqiqəti söyləyib. Elə isə qoy başqa heyvan getsin. Ayı, bu dəfə sən get, gəlib bizə məlumat verərsən.

Beləcə, bu dəfə ayı getdi rəssamın evinə. Meşəyə qayıdıb heyvanlara dedi:

- Həm pişik, həm də eşşək bizə yalan deyib. O deşikdə ayıdan başqa heç kim yox idi.

Heyvanlar arasına çaxnaşma düşdü. Onlar çaşıb qaldılar. Hər biri gedib o deşiyə özü baxmaq, həqiqəti bilmək istəyirdi. Fil hər dəfə bir heyvanı rəssamın evinə göndərdi.

Əvvəlcə inək getdi. Gəlib dedi ki, deşikdə inəkdən başqa heç nə görmədi.

Pələng gəlib dedi ki, deşikdə pələngdən başqa bir şey görə bilmədi.

Şir də yalnız şir gördüyünü bildirdi.

Bəbir də yalnız bəbir gördüyünü dedi.

Dəvə yalnız dəvə gördü.

Fil onların sözlərini eşidib çox qəzəbləndi, heyvanlara dedi ki, bu dəfə özü gedib deşiyə baxacaq. Geri dönəndə bütün heyvanları yalan danışmaqda günahlandırdı.

Ən çox da pişiyə qəzəbləndi, onu zehni korluqda qınadı. Bir sözlə, dedi ki, hətta ən axmaq da o deşikdə yalnız filin olduğunu görərdi.

Pişiyin gəldiyi nəticə:

Ola bilər ki, siz güzgü qarşısında elə dayanarsınız ki, qulağınızı görə bilməzsiniz. Amma siz görməsəniz də qulaqlarınız yerindədir.

 

İngiliscədən tərcümə etdi: Sevil Gültən

Kaspi.- 2016.- 2 iyul.- S.24.