Turistin yol
yoldaşı
Səyahət
sığortası xarici səfərlər zamanı
yaşanacaq xəstəlikləri, bədbəxt hadisələri
və digər riskləri zəmanət altına alır,
amma...
Xaricə gedən insanın
öz həyat və sağlamlığını
sığortaladığı xüsusi sığorta
proqramı – Səyahət sığortası haqda nə qədər
məlumatlıyıq? Ayrı-ayrı
sığorta şirkətlərinin, turizm agentliklərinin
açıqlamaları ilə tanış
olduqca, bu sənədin hələ bizdə nə təkmil
variantının olmasına, nə də insanların bununla
bağlı mükəmməl bilgiyə malik olmasına rast gəlinir.
Əslində əcnəbilərin özlərinə
yol yoldaşı bildiyi, bizim isə könüllü
yanaşdığımız bu sənəd xarici ölkələrə
səyahət zamanı sağlamlıqla bağlı ortaya
çıxa biləcək bədbəxt hadisə, tibbi xərc
və digər riskləri zəmanət altına alır.
Hazırda dünyanın bir çox ölkəsi
Səyahət sığortası olmayan şəxslərin
öz ölkələrinə daxil olmasına icazə vermir.
Sığorta müqaviləsinin qüvvədə
olduğu müddət ərzində xoşagəlməz hadisə
nəticəsində sığorta olunmuş şəxsin
tibbi daşınma, hüquqi yardım, səyahətin ləngiməsi,
baqajın itməsi ilə əlaqədar çəkdiyi xərclər
sığorta məbləği həddində ödənilir.
İşgüzar və ya turistik səfərlər
zamanı səyahətlərinin zəmanət altına
alınmasını istəyənlər gözlənilmədən
baş verən hadisələr və qəfil xəstəliklərdən
sığortalanmaq məqsədilə təhlükəni
öncədən qabaqlamağa üstünlük verirlər.
Hər 10 saniyədə dünyada bir
sığorta hadisəsi baş verməsi ilə bağlı
statistik məlumatları nəzərə alsaq, onda Səyahət
sığortasından yararlanmağın nə qədər
vacib olduğunu düşünmək çətin deyil.
Ancaq hər şeyin mükəmməl təşkil
olunacağı şəraitdə...
Bizim turizm şirkətlərindən
tur paket alarkən səfər sığortası ilə
bağlı 7-12 AZN pul ödəməli oluruq. Səyahət
sığortasının turistlər üçün şirkət
tərəfindən bonus kimi yazıldığı turizm
agentlikləri də var: "Hər hansı xəstəlik
baş verdikdə Moskva və İstanbuldakı göstərilən
telefon nömrələrinə zəng vurarsınız”- deyə
şirkətlərdə məsləhət də verilir. Amma
Allah eləməmiş, insanın başına bir iş gələcəyi
təqdirdə, həmin nömrələrdən kömək
ummağın nə qədər etibarlı
olub-olmadığını heç kəs bilmir. Ümumiyyətlə, Səyahət
sığortası səfərə çıxanı nələrdən
sığortalayır? Terrorun insanların
həyatını təhdid etdiyi bir zamanda hər hansı
xarici ölkəyə səfər edən insana sağ
qalması üçün və ya dəyəcəyi ziyan
üçün təminat verirmi?
Səyahət sığortası icbari
olarsa
Turistin xaricdə hər
hansı bədbəxt hadisə ilə üzləşəcəyi
təqdirdə xərcləyəcəyi pulun qəbzlərini
yerli sığorta şirkətindən və ya turizm
agentliyindən ala biləcəyi nə qədər realdır?
Səyahət sığortasının
turizm şirkətləri tərəfindən
könüllü həyata keçirildiyini təəssüflə
deyən Azərbaycan Turizm Assosiasiyasının sədrinin
müşaviri Müzəffər Ağakərimov dünyada
baş verən hadisələr, qeyri-müəyyənliklə
bağlı olaraq bu tip
sığortanın icbari olmasının tərəfdarıdır.
Belə ki, bu, insanları xaricdə başlarına gələn
hadisələrdən sığortalaya bilər: "Amma Səyahət
sığortası verilən vaxt müqavilə ilə
bağlansın və sığorta haqqının nəyə
görə alınması sənəddə dəqiq göstərilsin.
Yəni bilinsin ki, Səyahət
sığortası nədən sığortalayır. Məsələn,
hər hansı fors-major vəziyyət yarana, terror aktı ola bilər. Çünki turist
pulu nəyə görə verdiyini və nədən
sığortalandığını bilməlidir. Sığorta şirkətinin də borcudur ki, turistə
təklif etdiyi şərtləri müqavilədə göstərsin.
Turist də turizm şirkəti ilə müqavilə
əsasında tur paket əldə etdiyini bilməlidir. Yəni
o xəstələnsə, başına hər hansı bir qəza
gəlsə və yaxud dünyasını dəyişən
zaman cənazəsinin xaricdən gətirilməsi
üçün xərc ödənilməsi məsələləri
və s. sənəddə yer alsın”. M.Ağakərimov hesab
edir ki, xüsusən dünyada baş verən bugünkü
hadisələr fonunda hər bir insan
sığortalanmalıdır: "Turizm haqqında” qanunda bu
müddəa həllini tapsaydı yaxşı olardı! Yəni məcburi sığorta hər bir turistin
xeyrinədir. Müqavilədə bu
nüanslar dəqiqliklə öz əksini tapmalıdır”.
M.Kərimovun sözlərinə
görə, turist səfərə yola düşərkən
turizm agentliklərində onlara deyilən «Başınıza
bir hadisə gələn zaman filan nömrələrə zəng
edin» sözləri müqavilə əsasında tənzimlənmədiyi
üçün o qədər etibarlı sayılmır. Çünki müqavilə olmayacağı təqdirdə
hansısa xərcləri tələb etmək o qədər
asan deyil. Müqavilə möhürü əsasında
isə müştəri həmin şirkəti məhkəməyə
verə bilər. Bu baxımdan, hüquq müstəvisində
tərəflər arasında müqavilə olmalıdır:
"Səyahət sığortası icbari olarsa müqavilənin
bağlanması da mütləqdir. Elə
sığortalar var ki, fors-major vəziyyət, terror aktı və
digər məsələlərdə sığortanı
boynuna götürmür. Hansı hadisəyə
zəmanət verməsi də sığorta şirkətindən
asılıdır. O zaman sığortanın da qiyməti
artıq olur. Ona görə hər bir sığorta şirkətinin
turistlə müqaviləsi olmalıdır ki, müştəri
gedəcəyi ölkədə başına bir iş gələcəyi
təqdirdə hansı xidmətlərdən istifadə edə
biləcəyini bilsin. Xəstəliklərin də növləri
müxtəlif ola bilər. Elə
xəstəlik var ki, məsələn, 40 gün müalicə
olmalısan. Bu baxımdan, xəstəliklərin
növləri də göstərilməlidir. Əgər
göstərilmirsə, məsələn, sabah
sığorta şirkəti «Mən qrip xəstəliyini nəzərdə
tutmuşdum» - deyə bilər. Turizm şirkətləri
də düzgün işləməli, vətəndaşlar da
öz hüquqlarını bilməlidir».
Yol yoldaşı
Əlbəttə, elə müştərilər
ola bilər ki, hadisə baş verən
zaman getdiyi ölkədə lazım olacaq vəsaitə malik
olmasın. Belə olan halda, o, nə etməlidir?
Hər bir turizm şirkətində xidmətlərin
həyata keçirilməsi zamanı maarifləndirmənin
çox güclü amil olduğunu hesab edən «Millenium
Turizm” şirkətinin rəhbəri Ruslan Quliyevin fikrincə,
sığorta şirkəti öz müştərisi
üçün lazım olan bütün addımları atmaq
məsuliyyəti daşıyır. İlk
növbədə hadisə ilə bağlı məlumat Call
center-ə yönləndirilməlidir. Hətta,
yaxında ilkin yardım göstərən bir müəssisə
yoxdursa, təcili müdaxilə lazımdırsa, məlumat
verildikdən sonra ona yerli müəssisələrə gedib
öz pulları ilə bütün müalicələri həyata
keçirə bilərlər. Və bundan
sonra bütün ödəmə sənədləri
aktlaşdırılıb yerli turizm şirkətinə və
ya onun işlədiyi sığorta şirkətinə təqdim
olunur. R.Quliyev hesab edir ki, Səyahət
sığortası səfərə çıxan hər bir kəsin
yol yoldaşı olmalıdır: "Xaricdə bir insan səfərə
getməmişdən öncə hansı şirkət tərəfindən
sığortalanacağı haqqında düşünür,
həmçinin turizm şirkətinin hansı sığorta
şirkəti ilə işləməsi də önəmli məsələdir.
Əsas odur ki, insanlar Səyahət
sığortasını özlərinə yol yoldaşı
hesab edir. Bəzi insanlara «Bədbəxt
hadisələrdən də sığortalanırsınız»
deyəndə «yazmayın, bunun düşər-düşməzi
olar»- deyə fikirləşirlər. Önəmli
olan odur ki, sığortanı yazan mütəxəssis
müştəriyə bütün nüansları ətraflı
izah etsin”. Şirkət rəhbərinin sözlərinə
görə, bəzən səfər zamanı baş verən
hadisə barədə turist turizm şirkətinə və ya
sığortanı hazırlayan şirkətə heç bir
məlumat vermir: "Gələndən sonra hadisə
haqqında məlumat verəndə isə heç bir
sığorta ödənişi təmin olunmur. Onda
da insanlar sığorta məsələlərinə
inamsızlığı ifadə edirlər”. R.Quliyev
bildirir ki, səyahət zamanı sınıq,
çıxıq, zəhərlənmə, günvurma və
s. kimi hadisələr baş verərsə, sığorta
mütəxəssisinə və ya turizm şirkətinin
nümayəndəsinə məlumat verilməlidir. Həmçinin sığorta polisinə və ya
bölgədə mövcud olan beynəlxalq Call center-ə zəng
vurub məlumat verilməli, sığorta müəssisəsinin
həmin ölkədə xəstəxanası və ya
hospitalı varsa, xəstə ilkin halda ora yönəldilməlidir.
Həmçinin aptekdən alınan
bütün dərmanların və göstərilən tibbi xidmətin
ödənişi ilə bağlı sənədlər və
qəbzlər götürülməli və dönüşdə
sığorta şirkətinə təqdim olunmalıdır.
Yalnız bu şərt daxilində
sığorta ödənişi təqdim oluna bilər. R.Quliyevin sözlərinə görə,
sığorta haqqı hansısa ağır xəstəliklərlə
bağlı təmin olunmur. Həmçinin şirkət
sığorta əldə edən turistin hansısa ölkədə
əməliyyat olunmaq məsuliyyətini daşımır:
"Sığorta mütəxəssisi müştəriyə
nüanslar barədə ətraflı məlumat verməlidir
ki, hadisə baş verən zaman o hansı addımı
atacağını bilsin”.
Xəstəliklər qeyd olunmur
«Atəşgah» Sığorta
Şirkətinin əməkdaşı Cəfər
Tağıyevin sözlərinə görə,
sığortanın qiyməti turistin getdiyin ölkənin səfirliyindən,
həmin ölkədə qalacağı müddətdən
asılıdır. Xüsusi risk qrupuna aid olanlar
üçün - yəni idmançılar, yaşı 70-dən
yuxarı olanlar və xroniki xəstəlik
daşıyıcılarına görə isə qiymətlər
bir qədər yüksəkdir.
Səyahət
sığortasına gəlincə, siyahıya qeyri-xroniki xəstəliklər,
səfərin ləğvi və baqajın qaytarılması
daxildir. Ancaq sığortanın hansı xəstəliklər
üzrə olması sənəddə qeyd olunmur: «Xəstəliklər
çoxdur, elə bir xəstəlik var ki, adını
yazarıq, ancaq siz onun hansı xəstəlik olduğunu bilməyəcəksiniz.
Bu Avropa Sığorta Assosiasiyasının
qanunudur və xəstəliklər siyahısına nə
daxildirsə, onlar qeyd olunur. Həmçinin
çamadan itən zaman onun dəyərinin bir neçə
faizi müştəriyə qaytarılır”.
Azərbaycan Sığorta
Assosiasiyasına mövzu ilə bağlı
açdığımız telefon zəngi isə cavabsız
qaldı. Qurumdan Səyahət
sığortası ilə bağlı sualların
sığorta şirkətlərinə
ünvanlanmasını məsləhət gördülər:
«Bu cür suallara biz cavab vermirik, şirkətlərlə əlaqə
saxlayın».
Səyahət
sığortasının insan həyatının
sığortalanması ilə bağlı vacibliyini vətəndaşa
anlatmaq üçün təbii ki, ilk növbədə xidməti
təklif edənlərin öz vəzifələrini
düzgün bilmələri və yerinə yetirmələri
vacibdir. Yazı boyunca əlaqə
saxladığım qurum nümayəndələri isə elə
dolayısı ilə Səyahət sığortasının
hələ təkmil olmadığını anlatdılar.
İş təkcə vətəndaşın
özünün ayıq-sayıq olmasına qalır. Yəni
sığorta xidməti mükəmməl deyilsə, bizi
xoşagəlməzliklərdən yalnız Tanrı qorusun...
Təranə Məhərrəmova
Kaspi.- 2016.- 5 iyul.- S.9.