Azərbaycanın dünyaya verdiyi əsas
dəyər
Qədim Odlar
Yurdu bütün etnik və dini qrupların eyni hüquqlara
malik olduğu, dinc yanaşı yaşadığı bir
multikultural tolerantlıq adasıdır
İlham
Əliyev: “Azərbaycan müasir, inkişaf edən, ancaq
öz köklərinə sıx bağlı olan dövlət
və cəmiyyətdir. Ölkəmizin müstəqil həyatı
üçün bu, əsas şərtdir”
Bu gün dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün hər cür şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq nümunəsinə çevirib. Bu təcrübə bəşəri dəyərlərlə milli dəyərlərin bir-biri ilə ziddiyyət təşkil etmədən birgə mövcud ola bilməsini və bu halda daha üstün cəmiyyət modeli formalaşdırmasını özündə ehtiva edir.
Multikulturalizm sosial-mədəni
inkişafın əsas dəyəri kimi
Tarixdən məlum olduğu kimi, ta qədimlərdən
indiyədək Azərbaycanda dini və etnik tolerantlıq
hökm sürür. Odlar Yurdunda çoxsaylı etnik qrupların, dini
konfessiyaların nümayəndələri mehriban qonşuluq şəraitində öz milli kultural ənənələrini
saxlamaqla,
qaynayıb-qarışmış ortaq dəyərlər
əsasında yaşayırlar. Dini, milli, sosial
azadlıqlar, tolerant mühitin təmin edilməsi milli-mənəvi
dəyərlərin qorunması kontekstində vətəndaş
cəmiyyəti üçün lazım olan bütün vacib
normalar ölkəmizdə mövcuddur.
Son illərdə
dünyada baş verən proseslər mədəniyyətlərin
birgəyaşayışı və inkişafının nə
qədər mühüm olduğunu ortaya qoyub.
İndiki dövrdə iqtisadi, hərbi və
ya texnoloji cəhətdən üstün olanlar yox, məhz
multikultural dəyərləri qoruyan, nümunəvi birgəyaşayış
şəraiti olan ölkələr üstün
sayılır. Bəşəriyyət
üçün belə bir nümunələrdən biri də
Azərbaycandır. Artıq Azərbaycanın
dünyaya verə biləcəyi əsas dəyəri təqdim
etməyin vaxtı çatmışdı. Ölkəmizin dünyaya verdiyi əsas dəyər
neft deyil, multikultiral dəyərlərdir. Məhz bu səbəbdən
də bu il ölkəmizdə
“Multikulturalizm ili” elan edilib.
Ölkə
prezidenti İlham Əliyevin 2016-ci ili
“Multikultiralizm ili” elan etməsi bir daha sübut etdi ki, multikulturalizmin
ən yaxşı modeli olan Azərbaycanın tarixi ənənələri
ilə yanaşı, davamlı inkişaf tələbatları
ilə elmi cəhətdən əsaslandırılıb. Azərbaycanın
siyasi, iqtisadi inkişafı ilə yanaşı, mədəni inkişafı, fərqli din mənsublarının
burda azad şəkildə
yaşaması, onların seçiminə və
hüquqlarına hörmətlə yanaşılması
dövlətin siyasətinin əsas müddəalarıdır.
"Multikulturalizm ayrı-seçkiliyə yol
vermir,
əksinə, bütün xalqları birləşdirir"
Məsələyə
münasibət bildirən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Məşvərət Şurasının üzvü Niyaz
Niftiyev bizimlə söhbətində bildirdi ki, bu gün
dünya üçün multikulturalist dəyərlər nə
qədər yeni olsa da, Azərbaycan bu dəyərlər
sisteminə- yəni, eyni bir ölkədə yaşayan
müxtəlif xalqların mədəni hüquqlarını
tanıyan humanist dünyagörüşü və ona
uyğun siyasəti ilə uzun illərdir bəşəriyyətə
nümunə göstərməkdədir: “Azərbaycanda belə
bir gerçəklik dərk edilir ki,
düşünülmüş multikulturalizm siyasəti
olmadan ölkə sabit inkişaf yoluna qədəm
qoya bilməz. Azərbaycanın birgəyaşayış
modelini formalaşdırması və dünyaya təqdim etməsi
isə bunun əyani təzahürlərindəndir. Ölkəmizin milli mədəniyyətinə
uğurla inteqrasiya edən müxtəlif xalqların nümayəndələri
harmonik inkişaf edirlər.”
Çoxmillətli respublika olan Azərbaycanın milli
siyasətində bütün etnik qrupların mədəni dəyərlərinin
qorunması üçün hər cür şəraitin təmin
edilməsi daim diqqət mərkəzindədir. Respublikada multikulturalizm bir
kampaniya deyil, Azərbaycan dövlətinin milli-mənəvi,
ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və
ardıcıl siyasi kursudur. Prezident İlham Əliyev də
multikultural dəyərləri bütün xalqları birləşdirən
faktor kimi qiymətləndirib: "Öz dininə hörmət
başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə
yol vermir, əksinə, bütün xalqları birləşdirir".
Azərbaycan: dövlət-cəmiyyət-din
münasibətlərinin uğurlu həll modeli
Dünyanın
müxtəlif
bölgələrində din və milli zəmində
baş verən qarşıdurma
və münaqişələr, dini konfensiyaların, təriqətlərin,
institutların cəmiyyətin siyasi həyatına, ayrı-ayrı
dövlətlərin idarəçilik sisteminə təsir
göstərmək cəhdləri bu gün də din-dövlət
münasibətlərini aktual saxlayır. Azərbaycanda
bu sahədə ciddi tənzimləmələrin şahidi
oluruq. Bu məsələlərə həsr olunmuş
beynəlxalq səviyyəli tədbirlərdə
dünyanın müxtəlif ölkələrinin din xadimlərinin
səsləndirdiyi fikirlər də ölkəmizin təqdim
etdiyi modelin optimallığını göstərir.
Müasir dünyaya nəzər yetirsək, milli və mənəvi
dəyərlərin qarşılıqlı inteqrasiyası əvəzinə,
onların süni yaradılmış qarşıdurması
çoxlu problemlər yaradıb. Təəssüf ki,
XXI əsrdə də inkişaf etmiş dünya din və məzhəb
qarşıdurmalarının, etnik toqquşmaların,
faşizm meyllərinin şahididir. Yaxın və Orta
Şərqdə dinin siyasiləşməsi prosesləri,
konfessional təəssübkeşlik, etnik qarşıdurma və terror aktları, müxtəlif etnik
qrupların və fərqli din mənsublarının birgə
yaşadığı ölkələrdə bəzi Qərb
dairələri tərəfindən
qızışdırılan vətəndaş müharibələri
davamlı xarakter alıb.
Azərbaycanda da hələ ötən əsrin 90-cı
illərindən başlayaraq dini və etnik qrupları
qıcıqlandırmaqla ölkədə dini qarşıdurma
yaratmağa çoxsaylı cəhdlər edilib, amma bu məsələlər
dövlət və cəmiyyətin birliyi fonunda Ümumilli
lider Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində
yüksək ustalıqla yoluna qoyulub.
“Müstəqilliyin ilk illərindən (1991-1992) təbii
şəkildə bir millətçilik dalğası ortaya
çıxmışdı və bundan da kənar qüvvələr
istifadə edərək milli azlıqları
qıcıqlandıra bilmişdilər. 1993-cü ildən sonra isə
Ulu öndər Heydər Əliyev xarici siyasət
kursunda balanslaşdırılmış siyasətdən istifadə
etdiyi kimi, ölkə daxilində milli münaqişələrin
olmaması üçün vahid ideologiya ilə
çıxış etdi. Bu isə azərbaycançılıq
idi. Deməli, dünənə qədər
hər kəs özünü azərbaycanlı hesab edirdisə,
bundan sonra da bu ahəng bərpa edilməli idi və edildi də.
Bununla da daxili siyasətlə xarici siyasətdə bir harmoniya
yarandı”- deyə Niyaz Niftiyev bildirib
Dövlətimizin dini siyasəti həm vətəndaşların
sosial azadlıqlarının qorunması, həm də
onların yad ölkələrdən qaynaqlanan dini fanatizm
meyillərindən gələn təhlükələrdən
sığortalanması məqsədini yerinə yetirir. Dini
azadlıqların təmin edilməsi və qorunması istiqamətində
işlər keçən əsrin ortalarından başlayaraq
inkişaf etdirilib.
Hakimiyyəti
illərində Ümummilli lider Heydər Əliyev Azərbaycanda
dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini,
eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin
qorunmasına böyük əhəmiyyət verəcəyini
bildirdi: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”. Bu
kiçik fraza dövlətimizin din siyasətini tam şəkildə
özündə ehtiva edir.
Bir sözlə, Azərbaycanda dini və ya etnik
qarşıdurma üçün heç bir əsas yoxdur. Əksinə,
xalqımız qədimdən gələn ənənələrini
yaşatmaqla ölkədə ictimai-siyasi sabitliyin
qorunmasında dövlətin siyasətinə dəstək
verir.
Beləliklə, dünyadakı vəziyyəti nəzərdən
keçirdikdə aydın olur ki, ölkəmiz
özünün dövlət-din, cəmiyyət-din münasibətləri
modeli ilə dünyanın ən yaxşıları
sırasındadır. Bu, düşünülmüş və
uzaqgörən siyasətin konkret və real nəticəsidir.
Monoetnik və monokultural
cəmiyyətlərin problemləri
Milli və dini tolerantlıq mədəniyyətlərin
problemsiz dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini,
tarixini və nailiyyətlərini öyrənmədən,
onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə
hörmət mümkün deyil, qarşılıqlı
anlaşma, mədəniyyətlərin və
sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.
Hazırda Avropa və bəzi Qərb dövlətləri
milli və dini müxtəlifliyi idarə etməyin kifayət
qədər mürəkkəb kulturoloji vəzifə
olmasını anlayaraq ondan imtina ediblər. Müasir
multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan
düşünülmüş multukulturalizm siyasəti olmadan
sabit inkişaf edə bilməzlər.
Multikulturalizmdən imtina etmək yaxşı heç nə
vəd etmir, çünki bu, təəssüf ki,
bütün dünyada getdikcə artan
anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya, milli və
dini münaqişələrə aparıb çıxaran
yoldur.
Antropologiya
üzrə elmlər doktoru AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun şöbə müdiri Əliağa Məmmədlinin
fikrincə, multikulturalizm mövzusu ətrafında müxtəlif
siyasi, ideoloji toqquşmalar baş verir: “Belə bir vəziyyət
multikulturalizm anlayışının hələ də tam
müəyyən olunmaması ilə bağlıdır. Bəziləri multikulturalizmdə tərəqqini,
azadlığın, insan haqlarının, bərabərliyin
inkişafında yeni mərhələni, polietnik postmilli
qloballaşmış gələcək dünyada ahəngdarlığın
bünövrəsini görürlər. Başqaları
üçün isə multikulturalizm tələdir, məhvedici
seçimdir, millətləri, mədəniyyətləri,
Avropa dəyərlərini və demokratiyanı
dağıdandır”.
Monoetnik və monokultural cəmiyyətlərin, dövlətlərin
bəzilərində bəşəri dəyərlərə
zidd fikirlər formalaşır və qonşularla münasibətlər
məhz bu prizmadan baxılır. Bir sözlə bu
naqislik dövlət siyasətinə sirayət edir. Buna ən pis numunə kimi faşizm meyillərinin
gücləndiyi, bütün digər xalqların ölkədən
qovulduğu Ermənistanı göstərmək olar.
Azərbaycan isə öz numunəvi dövlət və
cəmiyyət modeli ilə tamam fərqli ölkədir. Prezident İlham Əliyev hər
zaman milli-mənəvi dəyərlərə böyük
hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi
tolerant ölkə imicini qazanmasında əsas rol oynayıb. Burda əsas məqam ondan ibarətdir ki,
qloballaşma və inteqrasiya şəraitində milli-mədəni
dəyərlərin qorunması, bəşəri dəyərlərin
inkar edilməməsi şəraitində yaşayır və
hətta bu dəyərlər bir arada daha yaxşı nəticə
verir.
Azərbaycan dünyaya ən
uğurlu inkişaf modeli təqdim edir
Göründüyü
kimi, Azərbaycan dövlətinin bu məsələdə
rəyi ölkə ictimaiyyətinin rəyi ilə eynidir. Elə bu istiqamətdə aparılan siyasət də
bu tezisin üzərində qurulub. Nəticə
olaraq deyə bilərik ki, əgər bəzi ölkələrdən
öyrənəsi nələrsə varsa, onların da bizdən
öyrənəcəyi nələrsə var. Həqiqi
inteqrasiya budur.
Qloballama isə yalnız bütün cəmiyyətlər
tərəfindən qəbul edilən bəşəri dəyərlər
üzərində qurulmalıdır, hansısa cəmiyyətin
öz milli-mənəvi dəyərlərini bütün
dünyaya qəbul etdirilməsi üzərində yox.
Bəli, Azərbaycan öz qədim, möhtəşəm
milli-mənəvi dəyərləri üzərində öz
inkişafını davam etdirir və dövlətimiz
dünyaya milli mədəniyyətini müasir elmi-texniki
inkişafı bir arada tutan bir Azərbaycan modeli təqdim edir. Azərbaycan
bu gün dünyaya belə numunəni göstərə bilən
cəmi bir neçə ölkədən biridir. Dünyanın bizdən öyrənəcəyi
çox şey var.
Dünyada davam edən etnik və dini münaqişələrin
fonunda qədim Odlar Yurdu bütün etnik və dini
qrupların eyni hüquqlara malik olduğu, dinc yanaşı
yaşadığı bir multikultural tolerantlıq
adasıdır. Dünyaya bu sahədə əyani nümunə olan əlvan
ada...
Elçin Bayramlı
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
edilir
Kaspi.- 2016.- 5 iyul.- S.11.