Pantomima Teatrında “Adajio”
Bu tamaşa ilk növbədə
xanımlar üçün nəzərdə tutulub
Uzun müddət idi ki, Azərbaycan
Dövlət Pantomima Teatrında "Adajio” adlı bir
tamaşanın məşqlərinin keçiriləcəyini
eşitmişdim. Bu ad mənə çox
maraqlı gəlirdi. Axı bu "Adajio” nədir?
Görəsən tamaşada kimlər rol alacaq?
Teatrın ənənəsinə sadiq qalaraq rəhbərlik
tamaşa öncəsi mətbuat nümayəndələrini
bu barədə məlumatlandırmaqdan imtina etmişdi. Nəhayət, iyulun 1-də Azərbaycan Dövlət
Pantomima Teatrının rəhbəri, əməkdar artist Elman
Rəfiyevin dəvəti ilə "Adajio”-nun
premyerasını izləmək üçün teatra
yollandıq.
Tamaşanın rejissorunun xalq artistimiz Bəxtiyar
Xanızadə və əməkdar artist Nargilə Qəribova olduğunu
öyrəndikdə isə, bizi maraqlı bir tamaşanın
gözlədiyinə tam əmin olduq. Həmin gün ana
teatrımız olan Akademik Milli Dram Teatrında N.V.Qoqolun
"Müfəttiş” əsərinə rejissor Mikayıl
Mikayılovun quruluş verdiyi tamaşanın da premyerası
baş tutacaqdı. Bu tamaşanı izləmək
üçün də dəvət almışdım.
"Adajio” və "Müfəttiş”... Heç
düşünmədən Bəxtiyar Xanızadə dedim.
Çünki mən bu sənətkarı canlı əfsanə
hesab edirəm. Onun tamaşalarını nə qədər izləsən
də, özü ilə nə qədər həmsöhbət
olsan da, doymaq olmur.
Zamanında dəyərli sənətkarımız
Vaqif İbrahimoğlu ilə az ünsiyyətdə olduğum
üçün bu gün özümü qınayıram.
Çünki B.Xanızadə və V.İbrahimoğlu kimi sənətkarlar
hələm-hələm bu dünyaya gəlmirlər.
Onların hər ikisi Azərbaycan teatr tarixində yenilik ediblər:
kimsənin cəsarət edə bilmədiyini həyata
keçiriblər – heç nədən böyük bir teatr
yaradıblar. Vaqif müəllimə Tanrıdan rəhmət,
Bəxtiyar müəllimə isə uzun ömür diləyib,
sizinlə tamaşa barədə təəssüratlarımı
bölüşmək istəyirəm.
Teatrın dəhlizindən içəri
daxil olar-olmaz, Azərbaycan teatrının
say-seçmə simaları - xalq artisti Fuad Poladov, əməkdar
artist Sənubər İsgəndərli, eləcə də Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndələri,
tanınmış film rejissoru Rövşən İsax və
digər sənətkarların tamaşanı izləmək
üçün məhz bu məkanda olduqlarını
gördük. Diqqətimi çəkən başqa bir məqam
isə şou-biznes nümayəndələrindən
"Natiq” ritm qrupunun rəhbəri, xalq artisti Natiq Şirinovun
da bu məkana gəlməyi idi. Axı biz tamaşalarda,
premyeralarda şou nümayəndələrini görməyə
o qədər öyrəncəli deyilik. Onu da qeyd edim ki, bu, alqışa
layiq hərəkətdir.
Budur, işıqlar
sönür və səbirsizliklə
gözlədiyimiz "Adajio” başlayır.
Qaranlıq zala hakim kəsilir və
sükut çökür. Bayaqdan boş olan səhnədə
qara geyimli xanımlar peyda olur. Onlar nə bir kəlmə kəsir,
nə də bizimlə təmas qururlar. Sanki kimsə zamanı
dondurub, xanımlar sükuta qərq olublar. Səhnənin
önündə bir sərxoş başının altına
araq şüşəsi qoyub, sanki qəflət yuxusundan
oyanır. Şüşəni balış əvəzi istifadə
edən içki düşkünü ayılaraq
özünü "yağış, özü də
qısqanc yağış” adlandıraraq yenidən yuxuya gedir.
Bu zaman donu açılan xanımlarımız sözə
başlayırlar. Qara donlu xanımlar sərxoşu dövrəyə
alıb, onu yamsılayırlar. Elə ki saatın əqrəbləri
10:00-ı göstərir, xanımlar dərhal öz yerlərində
peda olurlar.
Əsas tamaşa sərxoşun səhnəni tərk etməsindən sonra
başlayır. Belə ki, sən demə, bu xanımların dünya
boyda dərdləri varmış. Əslində onlar bizim
xanımlarımızın tipajıdırlar. Xanımlar
çox həssas və incə qəlblidirlər.
Qarşı tərəfdən səsləndirilən hər
bir acı söz, kobudluq onları sarsıdır. Sevdiyi şəxsin
soyuqluğu, qəddarlığı, laqeydliyi ilə
rastlaşan xanımlar üsyan edirlər. Bu hər
xanımın yaşadığı və başına gələ
biləcək hadisədir, bütün xanımlara xasdır.
Kimisi sevdiyi şəxs, həyat yoldaşı tərəfindən
tərk edilir, kimisi başqa fikir ayrılıqları
yaşayır.
Rejissor bu xanımları daha
çox xalqın sevdiyi, sevilərək ifa olunan və dillər
əzbərinə çevrilən şeirlərlə
tamaşaçıya təqdim edir. Onlar bu şeirlər vasitəsilə
özlərini, daxili aləmlərini, yaşadıqları
hiss-həyəcanı büruzə verirdilər. Aktrisalar əsl
sənət nümunəsi yaratmağa
çalışırdılar. Tamaşada müxtəlif
şairlərin şeirlərindən istifadə olunmuşdu.
Hansı ki, həmin şeirlərdə qadın
düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə
əsərində qadın-kişi münasibəti, kişilərin
qadınlara nə qədər xoş münasibət göstərməsi
və digər məsələlər də
qaldırılıb.
Səhnədə rolları teatrın
istedadlı aktyor və aktrisalarından
Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov,
Elnur İsmayılov, Ceyhun Dadaşov, Solmaz Bədəlova, Səbinə
Hacıyeva, Səbirə Həsənova, Rafiz Mehdizadə, Nuridə
Musabəyli, Cavad Nuriyev və Leyla Atayeva canlandırırlar.
Tamaşada rol alan
kişi aktyorlar inciməsin, bu yazımda
ancaq xanımların işlərindən bəhs edəcəm.
Səhnədə Nargilə Qəribovanı görən anda
yaddaşım mənə "Maska” tamaşasını
xatırlatmağa çalışır. İstedadlı
aktrisanı məhz bu tamaşa ilə beynimə həkk
etmişəm. O tamaşanı bəlkə 15-20 dəfə
izləmişəm (Yenə də imkanım olsa, baxaram). Ancaq
bezməmişəm. Sanki hər dəfə yeni bir obraz, yeni
Nargilə kəşf edirəm. Tələbə vaxtı ən
çox izlədiyim səhnə əsərlərindən olan
"Maska” mənim ən sevimli tamaşalarımdan idi. Hər
aktyoru xalqa tanıdan, sevdirən bir obrazı olur. Nargilə Qəribova
da sevimli tamaşamın günahsız, saf sevgi
axtarışında olan qəhrəmanıdır. Bu dəfə
o, yağışın altında sevdiyi şəxsdən
ayrılan, ondan uzaq düşən sadə bir qadın idi. Qəlbi
qırılmış, məyus qadın...
Aktrisa
Solmaz Bədəlovanı isə "Pantomima Buketi”, "No
Comment”, Ə.Abdullayevin "Çərçivə”, Abdulla
Şaiqin "Tıq-tıq”, Dədə Qorqud
dastanının "Dəli Domrul” tamaşalarından
yaxşı tanıyırıq. O, xanımların içərisində
sarışınlığına görə daha çox diqqət
çəkirdi. Teatrın sarışın gözəli
özünəməxsus ifası ilə tamaşaya xüsusi
bir gözəllik qatmışdı.
"Bir ailəm
var” serialından
tanıdığımız teatrın aktrisası Səbirə
Həsənova isə sevdiyi şəxsə məktub yazmaqla
ona qarşı olan hisslərini bəyan edirdi. Deyir ki:
"Sənə
bir məktub yazacağam
Sevgidən
başqa hər şeydən:
yerdən,
göydən,
güldən,
çiçəkdən
Bir də
sinəmin altında
yaralı
quş kimi çırpınan,
sındıqca
sınan
arzularına
qısılan
yetim bir ürəkdən”.
Teatrın
ən gənc aktrisalarından olan Nuridə Musabəyli isə
səhnədə hazırlanan dekorativ gölün ətrafında
əyləşərək yarının gəlişini
gözləyir. Sevdiyi şəxs isə onunla kağızdan
hazırladığı kiçik qayıqlarla münasibət
qurur.
Səbinə Hacıyeva – "Maska”
tamaşasının ikinci qəhrəmanı (Onun ifası "Maska”-ya
tamam başqa bir ab-hava qatmışdı) isə bu tamaşada
ən uzunsaçlı xanım idi. Hündür boyu ilə
seçilən aktrisa sevdiyi şəxsə daha həssas
yanaşırdı. Gözlərindəki dəhşət
bizi qorxutmaya bilmirdi.
Digər aktrisa Leyla Atayevanın
da özünəməxsus ifası var idi. O da digər həmkarları
kimi yarından küskün, incik düşmüşdü.
Tamaşanın quruluşçu rəssamı
və musiqi tərtibatçısının
əməkdar artist Nargilə Qəribova olduğu həmən
duyulurdu. Rəqslərin
quruluşçusu Elnur İsmayılova isə "əhsən”
demək yerinə düşərdi. Çünki qəhrəmanlarımız
rəqslərin dili ilə xarakterlərini ortaya qoymağı
bacarmışdılar.
Xanımlar nakam sevgi hekayələrini
tamaşaçıya çatdırdıqdan sonra səhnədə
bardaş quraraq özlərinə bir də güzgüdən
baxmağa başlayırlar. Bu səhnədə hesab etdim ki,
rejissorların diqqətindən bir
məqam yayınıb. Azərbaycan xanımı hər
nə yaşayırsa-yaşasın, o, güzgü
qarşına keçdikdə özünü məyus,
gözündə yaş gördükdə, daha da
ağlayıb kişilərə, onları bu hala salanlara lənət
oxumur. Bizim xanımlarımız əlinə güzgü
aldımı, tamamilə başqalaşırlar. Kimlərəsə
görə güclü görünməyə
çalışırlar və bunu da çox gözəl
bacarırlar. Kimsə bilməz o xanımın
yaşadıqlarını, üzləri gülsə də, bəlkə
də daxilən qəlbləri qan ağlayır. Süni boya
ki qəlbi qan ağlayan üzləri bəzədi, xanımlar
dönüb olurlar məğrur, möhkəm bir qaya.
Hadisələrin kulminasiya nöqtəsindən
sonra düyünlər bir-bir
açılmağa başlayır. Bayaqdan üsyan edən xanımlar
sevdikləri şəxslərin bir gülüşünə,
xoş sözünə yaşadıqları bütün əzabları
unudurlar. Yenidən aşiq-məşuq həyatlarına davam
edirlər. Hə, sonda rejissor sərxoşu da unutmur, o da
öz əzəli sevgisi olan arağa qovuşur.
Özünü yenə də qısqanc yağış
adlandırır. Tamaşa xoşbəxt sonluqla bitir.
Tamaşa bitir, rejissor alqış sədaları
altında səhnəyə
daxil olur. Tamaşada əsas
obrazları canlandıran
xanımları bir-bir
təbrik edir. Tamaşaçılar Bəxtiyar Xanızadənin
çıxışını gözləyir. Ancaq bədii
rəhbər "Bitdi”
deyərək tamaşaçılarla
görüşür.
Tamaşanın sonunda aydın oldu ki, "Adajio” poetik düşüncə deməkdir. Düşünürəm ki, bu tamaşa
ilk növbədə məhz
xanımlar üçün
nəzərdə tutulub.
Məyusluq yaşayan, qarşı
tərəfdən hər
hansı bir haqsızlıq görən
xanımlar bu tamaşanı izləsələr,
orada özlərini də görəcəklər.
Tamaşa bitdikdən sonra
həyat yoldaşımla
yollandığım teatrdan
mübahisə edərək
ayrılırıq. Onun
fikrincə, əslində
rejissor demək istəyir ki, tamaşa sərxoşun həyatı üzərində
qurulub: "İnsanlar
hər şeyin mənfi tərəfini düşünür. Kişilər xanımların azadlıqlarını
əllərindən alıblar,
onları əsir ediblər. Sonluq hər nə
cür xoş bitsə də, vəziyyət əvvəlki
kimi davam edir. Çünki qısqanclıq elə
bir məfhumdur ki, o, xanımlara imkan verməyəcək ki, onlar yenidən
xoşbəxt olsunlar.
Burada cəmiyyət və insan faktorunun da böyük rolu var. Rejissor nahaq yerə sərxoşun dili ilə "qısqanc yağış” demir.
Əslində "Adajio” ağır
tempdə ifa edilən, adətən lirik xarakterli musiqi pyesi, yaxud
bir musiqi əsərinin bu tempdə ifa olunan hissəsidir”.
P.S: Mübahisələrimiz
hələ də davam edir. Deməli,
tamaşanın yaradıcı
heyətinə təbrik
düşür!
Xəyalə Rəis
Kaspi.- 2016.- 5 iyul.- S.12.