Ruhumuzu titrədən mahnıların müəllifi
Üzeyir Hacıbəylinin yaratdığı məktəbin ən
istedadlı tələbəsi olmuş Cahangir Cahangirov son dərəcə istedadlı və zəhmətkeş
bir bəstəkar olub
Azərbaycan
musiqi mədəniyyətinin
inkişafında xüsusi xidmətləri
olan bəstəkar Cahangir
Cahangirovun yaradıcılığında
əsas yeri mahnılar tutur.
Vətənə, xalqa, millətə,
anaya olan məhəbbət
onun bəstələrində çox munis və ifadəli
şəkildə əks-səda tapdığından musiqi libası biçdiyi
misralar daha təsirli
səslənir. Üzeyir Hacıbəylidən
dərs almış və dahi bəstəkarın
yaratdığı məktəbin ən istedadlı tələbəsi
olmuş Cahangir Cahangirov çox
maraqlı və müxtəlif janrlı musiqi
əsərlərinin müəllifidir. Bununla
bərabər, Cahangir Cahangirov
iki əsəri ilə Azərbaycan musiqi mədəniyyətində əbədi qalmağa layiq bir sənətkar olub. Bunlardan biri böyük Füzuliyə həsr etdiyi "Füzuli
kantatası", ikincisi isə İslam Səfərlinin sözlərinə
yazdığı "Ana"
mahnısıdır.
Həmkarlarından
fərqli olaraq, Cahangir
Cahangirovun musiqisində çox
incə, həssas bir ürək döyünür. Ciddi və
məsuliyyətli sənətkar olduğundan
hər sözə musiqi bəstələməzdi.
Bəlkə də buna görədir ki, yazdığı bütün
mahnılar şövqlə oxunub və əbədiyaşarlıq
tapıb.
Hələ sovetlər dönəmində
Cahangir Cahangirov keçmiş ittifaqın hər yerində məşhur
idi. Onun
yaradıcılığına rəğbət gətirən
xüsusiyyətlər çoxdur. Birinci mühüm cəhət
bəstəkarın folklordan bacarıqla
istifadə etmək qabiliyyəti və onu
çox təbii surətdə müasir həyatın tələblərinə
uyğunlaşdırmaq istedadı idi. Bir sıra instrumental
havaların, operaların, operettaların, dramatik
pyeslərə yazılmış musiqilərin, vokal simfonik əsərlərin,
eləcə də kütləvi mahnıların müəllifi
olan Cahangir Cahangirov son dərəcə
istedadlı və zəhmətkeş bir bəstəkar
olub.
O, 1921-ci ilin yayında Bakının Balaxanı kəndində
neftçi ailəsində anadan
olub. Hələ orta məktəbdə
oxuduğu illərdə özfəaliyyət
dərnəyinə yazılıb, xorda oxuyub, tarda çalıb.
Musiqiyə göstərdiyi maraq onu Bakı Teatr Texnikumunda təhsil almağa
gətirib. 1940-cı ildə Azərbaycan Dövlət
Konservatoriyasına daxil olan
Cahangir Cahangirov
ifaçılığın sirlərini Üzeyir
Hacıbəylidən öyrənib. O, özünü
həmişə xoşbəxt sanırmış ki, müəllimi məhz dahi
bəstəkarımız Üzeyir
Hacıbəyli olub. Bu böyük
şəxsiyyətin təşəbbüsü və bilavasitə
rəhbərliyi altında yaradılmış bir
çox musiqi
kollektivlərində işləmək səadətini də yaşayan Cahangir Cahangirov çox sonralar Üzeyir bəylə
keçirdiyi günləri ömrünün ən qiymətli məqamları
adlandırıb.
Bəstəkarlığa gedən yolun
ilk yaradıcılıq sınaqlarında
bir sıra mahnı və xor
musiqisi yazan Cahangir Cahangirovun Azərbaycan
musiqi mədəniyyətinin görkəmli
simaları Qara Qarayev,
Cövdət Hacıyev, Soltan Hacıbəyov,
Fikrət Əmirov kimi bəstəkarlarla daim təmasda olması, yaradıcılıq ünsiyyətinə
qatılması həyatında dərin izlər salıb.
1947-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin
800 illik yubileyi ilə
əlaqədar Cahangir Cahangirovun
bəstələdiyi "Gül
camalın" və xor üçün
iki vokal əsəri o dövrün musiqisevərləri
tərəfindən rəğbətlə
qarşılanmışdı. O illərdə müxtəlif
bəstəkarlar tərəfindən irihəcmli əsərlərin
yaranması bir növ
dəbə düşmüşdü. Cahangir Cahangirov da "Arazın o
tayında" adlı vokal simfonik əsərini yazmaqla
geniş şöhrət qazandı. O dövrün bütün
mətbuatı çox aktual
səslənən sərbəst qurulmuş,
lakin milli kökə
bağlı bu simfonik
əsərin orijinal xüsusiyyətlərə
malik olmasından söz
açırdılar. Klassik şairlərin sözlərinə duyumlu
musiqilər qoşan Cahangir
Cahangirovun ötən əsrin
ortalarında bəstələdiyi "Nazənin", "Xəzər",
"Vətən qızları", "Bahar
mahnısı", "Məhsul mahnısı", "Bahar olsun" və s. geniş şöhrət
qazanmışdı. İnstrumental simfonik əsərlər üzərində
müvəffəqiyyətlə işləyən bəstəkarın
"Bayram süitası" da musiqisevərlərin diqqətini çəkmişdi.
Cahangir Cahangirovun ilk operası "Azad" adlanır. Bu əsər 1957-ci ildə Opera və Balet Teatrında səhnəyə qoyulmuş
və ictimaiyyət tərəfindən maraqla
qarşılanmışdı. Operanın librettosunu şair Hüseyn Arif yazıb. Bu opera Mirzə İbrahimovun
"Gələcək gün"
romanı və
"Azad qız" povesti
əsasında bəstələnib.
Bəstəkarın ikinci operası
isə 1978-ci ildə tamaşaya qoyulmuş
"Xanəndənin taleyi"
adlanır. "Təzə gəlin" operettası da 1976-cı ildə bəstələnib.
Azərbaycan bəstəkarının
əsərlərinin sorağı
dünyanın bir çox konsert salonlarından gəlirdi. Bəstəkarı tez-tez xarici
ölkələrə dəvət
edir, ondan yerli ansambllarda işləməsini xahiş
edirdilər. Təbii ki,
olduğu ölkələrdə
Azərbaycan mədəniyyəti,
musiqisi haqqında geniş məlumat verən Cahangir Cahangirov son anda Vətənə qayıtmağı,
burada çalışmağı
daha üstün tutardı.
Məlumdur ki, ötən
əsrin ortalarında
satirik məzmunlu mətnlər əsasında
oratoriyaların yaradılması
yeni hadisə sayılırdı. Cahangir Cahangirov da Azərbaycanın
böyük satirik şairi Mirzə Ələkbər Sabirlə
bağlı oratoriya yazmışdı. Musiqi tədqiqatçıları
yazırdılar ki, Cahangir Cahangirovun bu oratoriyası parlaq ifadəli melodiyaya, sədalı xor fakturasına malikdir və cəlbedicidir. Oratoriyada müğamdan,
improvizasiyalı xalq mahnısı rənglərindən
geniş istifadə edilib.
Cahangir Cahangirovun yaradıcılığında satirik və uşaq mahnı nümunələrinə də
rast gəlmək olur. Həmkarları ən çox diqqəti ona yönəldirdilər ki, bu bəstəkarın mahnılarında rəqs təranələri daha güclüdür. Bir çox
mahnılarının ahəngində
böyük plastiklik,
ehtiraslı çırpıntı
və incə bir oynaqlıq duyulmaqdadır. Vals janrına da müraciət edən Cahangir Cahangirov yalnız lirik təranələrdə deyil,
hətta "Azərbaycan"
adlı mahnıda da Vətənin, əməyin, həyatın
məzmununu vals
sədalarının ritmində
tərənnüm edə
bilib. Müraciət etdiyi müxtəlif
musiqi janrlarında Cahangir Cahangirovun uğur qazanmasının əsas səbəbi onun xalq musiqisinə,
eləcə də muğamlara bağlı olması ilə əlaqədardır. Məsələn, müəllifin "Mərdlik
nəğməsi" adlı
bir mahnısında aşıq havalarının
bulaq kimi çağlayan ruhu duyulur. Milli musiqimizin zənginliklərindən
bacarıqla istifadə
edən bəstəkar
öz duyğu və düşüncələrinin
ifadəsini orijinal surətdə əks etdirməyə qadir olub.
Cahangir Cahangirovun "Füzuli kantatası" ona çox böyük şöhrət
gətirdi. Bəllidir ki, Azərbaycanda ilk kantata 1934-cü ildə Üzeyir Hacıbəyli tərəfindən yaradılıb.
Bu kantata qədim
Şərqin filosof-şairi
Firdovsinin 1000 illiyinə
həsr olunmuşdu.
Sonralar isə - 1938-ci
ildə Qara Qarayev Azərbaycanın ikinci kantatasını -
"Ürək mahnısı"nı yazır. Üçüncü kantata Cövdət
Hacıyev tərəfindən
yaradılır. Bu ənənəni Rauf Hacıyev, Niyazi davam etdirirlər. Bu sırada Cahangir
Cahangirovun da töhfəsi məzmununa,
səslənmə tonuna,
emosionallığına, muğamın
improvizasiyalı motivlərinə
görə fərqləndi.
Xüsusilə də Şövkət
Ələkbərovanın həzin,
məlahətli səsi,
xoş avazlı nəfəsi kantatanın dərin hisslər, sevinc və kədər ifadə etmək imkanlarını daha da artırdı.
60 ilə yaxındır ki,
"Füzuli kantatası"
dinləyici ürəyini
fəth etməkdə,
onun hisslərini təlatümə gətirməkdədir.
Mahnıları ilə qəlblərdə özünə
əbədi abidə qurmuş Cahangir Cahangirov həmişə yaşamaqdadır. Həmkarları, musiqi tədqiqatçıları,
dinləyicilər nə
fikirdədir, deyə bilmərəm. Bircə
onu bilirəm ki, vaxtilə unudulmaz müğənnimiz
Rəşid Behbudovun ifasında eşitdiyimiz
"Ana" mahnısı daim
bizimlə olan, ruhumuzu dara çəkən,
hisslərimizi öz ahəngində əridən,
bizi uşaqlığımıza
aparan, bir sözlə, ananın qüdrətinə layiq bir şah abidədir.
Nə qədər ki, yer üzündə
ana adlı varlığın laylasından
can alan, həsrətindən üzülən,
sevgisindən ucalan insanlar var, bu
mahnı da dilimizin əzbəridir:
Gozümün nuru, canım ana!
Böyütdün sən məni, yana-yana,
Saçının ağına,
qarasına qurbanam,
Könlünün o həzin
nəğməsinə qurbanam!
Dünya dağılsa da, bu nəğmə
bitib sona yetməz. Çünki ana məhəbbəti
heç zaman ürəklərdən çəkilməz.
Ananın nəvazişi səadət,
yoxluğu dərddir.
Sözləri unudulmaz İslam
Səfərliyə, musiqisi
də Cahangir Cahangirova məxsus olan bu sənət
incisi əbədiyaşardır.
Uzun müddət Azərbaycan Dövlət Konservatoriyasında dərs
demiş Cahangir Cahangirovun musiqi mədəniyyətimizin inkişafında
göstərdiyi xidmətlər
sağlığında layiqincə
qiymətləndirilib. Müxtəlif orden və medallarla təltif edilən bəstəkar Xalq artisti fəxri adına layiq
görülüb. Hələ tələbə
ikən dövlət mükafatları laureatı
idi. 1990-cı ilin
martında dünyasını
dəyişmiş görkəmli
bəstəkarımız həmişə
bizimlədir, mahnıları
yurdumuzun sərhədlərini
aşmaqdadır.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
Kaspi.- 2016.- 5 iyul.- S.15.