“Leylinin gətirəcəyi
uğurları gözləyirəm”
Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində
iştirakı və gələcək planları haqqında
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının gənc
və istedadlı aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay
Teatr Məktəbində 1 aylıq təlimi
bitirərək geri dönüb.
Rusiya Federasiyası Teatr
Xadimləri İttifaqı və bu ölkənin
Mədəniyyət Nazirliyinin təşkil
etdiyi yay məktəbi
cari ilin iyun ayının 1-dən 30-dək Moskva vilayətinin Zveniqorod
şəhərində baş tutub.
Biz də
Asya Atakişiyevanı qarşılayanlar
sırasında olduq. O, bizimlə söhbətində
səfər təəssüratlarını bölüşdü:
- Hər il dünyanın bir çox ölkələrindən
olan 90-a yaxın peşəkar gəncin təlimi
həyata keçirilən yay məktəbində
bu dəfə ABŞ, Böyük Britaniya, Almaniya, Azərbaycan,
Fransa, Polşa və
Rusiyanın 40 şəhəri də daxil
olmaqla, ümumilikdə dünyanın 28
ölkəsindən
87 nümayəndə iştirak edirdi. Layihə çərçivəsində
gənc aktyorlara gündəlik təcrübə
ilə yanaşı, tanınmış teatr
xadimlərinin ustad dərsləri keçirildi. Ustad dərsləri
Yay Teatr Məktəbinin
bədii rəhbəri, RF-in Xalq artisti Aleksandr
Kalyagin başda olmaqla, tanınmış teatr
xadimləri Yuri Nikolayeviç
Butusov, Konstantin Arkadyeviç Raykin və Sergey Vasilyeviç Jenovaç tərəfindən keçirildi. Təlim proqramı müddətində
məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki
dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri
- "Tri sestrı. Tretğe
deystvie”, "Puşkin.
Malenğkie traqedii”,
"Tişina”, "Canto
delle ombre- Pesnə teney”, "Malenğkie qvozdi” hazırlayaraq təqdim etdi.
X Beynəlxalq
Yay Teatr Məktəbinin
sonunda diplom və sertifikata, eləcə də gümüş
döş nişanına layiq
görüldüm. Yay Teatr
Məktəbinin bədii rəhbəri Aleksandr
Kalyagin ölkəmizə xüsusi
salamlarını göndərərək, Azərbaycan teatr məktəbinin peşəkar yetirmələrinin
növbəti illərdə də rəhbərlik etdiyi təlimlərdə iştirakının
qarşılıqlı yaradıcılıq mübadiləsi
baxımından uğurlu
olacağını bildirdi.
- İstərdik
bizə bir az da bu məktəbin beynəlxalq
aləmdəki nüfuzundan
danışasınız.
- Start götürdüyü
gündən yaxşı mənada bir çox dəyişikliklərə məruz qalan, iştirakçı
coğrafiyasını genişləndirən Rusiya
Federasiyası Teatr Xadimləri
İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin
əsas məqsədi dəyişməz olaraq
qalıb. Məqsəd müxtəlif ölkə və qitələrdən
olan ən yaxşı aktyorları bir yerə toplayaraq
qarşılıqlı yaradıcılıq mübadilələri
həyata keçirmək, yeni aktyor məktəbinin inkişaf
etdirilməsinə nail olmaqla,
peşəkarlıq səviyyəsinin
artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən
və bugünədək dünyanın 40-dan artıq ölkəsindən
900-dək sənətçinin təlim keçdiyi
Beynəlxalq Yay Teatr Məktəbi
Rusiya Federasiyası Teatr
Xadimləri İttifaqı və RF-in Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə həyata keçirilir.
- Bəs sizin orada iştirakınız
necə reallaşdı?
- Bu məktəb barədə kifayət qədər məlumatlı
idim. Mənim təhsilim tədris aldığım
məktəbin yubileyi
ərəfəsinə təsadüf
etmişdi. Belə ki, bu il həmin məktəbin 10 yaşı
tamam olur. Bizdən əvvəl də yerli həmkarlarım bu məktəbdə dərs alıblar. Onların vasitəsi ilə bu yay məktəbi
haqqında kifayət qədər məlumatlı
idim. Ancaq oraya informasiya
göndərmək üçün
zamanım yox idi, əslində bu məktəbə getməyi çoxdan istəyirdim. Qismət bu
günə imiş.
Serial çəkilişlərim
bitdikdən sonra mən özüm haqqında məlumat kitabçası göndərdim.
Oraya tamaşalarımdan qısa
parçalar göndərmişdim.
Belə bir məktəbdə dərs almaq üçün münsiflər
heyəti ən yaxşılarını seçirlər.
Həmin
məktəbə kifayət
qədər müraciət
edənlər var idi. Mənə qəbul olduğum
cavabı gələndə
bu xəbərə o qədər də çox sevinmədim.
Eşidəndə ki, mənimlə
birlikdə həmkarım
Ruslan İsmayılov da həmin məktəbə
qəbul olub, o zaman çox sevindim. Çünki yad bir ölkədə 1 ay mənim
üçün darıxdırıcı
keçəcəyini düşünürdüm.
Yanımda dostumun da mənə yol yoldaşı olacağını
eşidəndə orada
darıxmayacağıma sevindim.
- Vətəndən kənarda, xarici iştirakçılar, müəllimlər,
yad bir kollektiv...
Çətinlik çəkdinizmi?
- Əlbəttə,
bir qədər çətin idi. Onlara çox çətinliklə
uyğunlaşdım. Uzun müddətdir ki, teatrda, serialda məni tanıyan insanlarla birlikdə çalışmışam. Onlar mənim hansı xarakterə malik olduğuma və potensialıma da bələddirlər. Burada isə
müəllimlər və
iştirakçılar məni
tanımırdılar. Hamımız tamam başqa
bir mühitdən çıxıb gəlmişdik.
Orada öz istəyimlə plastikanı seçmişdim.
Çünki plastikamı daha
da peşəkarlaşdırmaq
istəyirdim. Məktəbə daxil olarkən müəllimlər hansı
yönü istədiyimi
soruşdular. Mən isə sırf
plastikaya görə oraya gəldiyimi bildirdim. Onlar mənim xoreoqrafik
potensialıma baxıb
həmin qrupa qəbul etdilər.
- Bəs bu məktəbdə nələr öyrəndiniz?
- Səhərlər tanınmış sənət
adamlarından ustad dərsləri keçir, axşamlar isə məşqlər edirdik. Bu yay məktəbində
mən çox şey öyrəndim.
Biz orada səhnə
danışığı, hərəkəti, plastika,
xoreoqrafiya və sair haqqında biliklərə yiyələndik.
Ümumiyyətlə, dörd
il universitetdə
keçdiyimiz dərsləri
ətraflı şəkildə
1 ay ərzində mənimsədim.
Orada fərqli metodlardan istifadə edirlər.
Hansı
ki, həmin yeni metodlar bizə
tədris olunmayıb. Bu bir
ay mənə indiyə
qədər öyrəndiklərimin
təkrarı kimi oldu. Sanki beynim
boşalmışdı, yenidən
doldu.
- Yəqin ki, bu məktəbdə
yeni tanışlıqların
və dostluqların əsası qoyuldu.
- Əlbəttə,
mənim Yakutiyadan,
Sankt-Peterburqdan, Sloveniyadan,
Slovakiyadan, Britaniyadan,
Hindistandan, dünyanın
müxtəlif ölkələrindən
dostlarım oldu. İndiyə
qədər onlarla əlaqə saxlayıram.
Biz oradakı iştirakçıları ölkəmizə
dəvət edir, tamaşamız haqqında
informasiyalar verirdik.
Bir-birimizi tamaşalarımıza baxmağa dəvət edirdik. Adamın pulu olsa, həmin
ölkələri bir-bir
gəzib, həm də istirahət etmək olar (gülürük).
- Elə bir simanız var ki, sizə
baxanda Şərq qadınlarını xatırladırsınız.
Orada yəqin ki, sizin qafqazlı olduğunuzu həməncə
duyublar.
- Orada mənə
deyirdilər ki, sən Azərbaycan ulduzusan. Mənə "Ulduz” deyirdilər.
Məni
ilk dəfə görəndə
dedilər ki, bu, Qafqaz qızıdır.
Hərdən məni hindlilərə
də bənzədirdilər.
Orada hindli iştirakçı
Raca deyirdilər ki, bu sənin
bacındır, ancaq Azərbaycandan gəlib (gülürük).
- Teatrın repertuarında yer alan əksər
tamaşalarda obrazlar canlandırırsınız. Bu məktəbə gedərkən
teatrdakı obrazlarınızla
bağlı hər hansı problem yarandımı?
- Bunu iki
ay qabaqcadan bilirdim. Teatrın rəhbəri mənə dəstək oldu. Bildirdi ki, bizim belə
kadrlara ehtiyacımız
var. Yay məktəbinə
getmək üçün
teatrımızın direktoru,
Əməkdar incəsənət
xadimi Mübariz Həmidov mənə hər cür şərait yaratdı.
Tamaşalarımda dublyorlarım yer
aldılar. Onlar mənə
çox böyük kömək oldular. Mənə heç bir problem yaratmadılar. Bunun üçün
onlara təşəkkür
edirəm.
- Sizi hər
zaman dramatik obrazda görürük. Bəs komediya janrı sizin ifanızda necə alınır?
- Nədənsə
serial təklifləri daha
çox dramatik janrda olur. Əgər hər
hansı bir komik obraz təklifi
gəlsə, oynayaram.
Ancaq teatrda komik obrazlarım
var. Bu obrazları çox
sevirəm. Canlandırdığım hər bir obraz
mənə əzizdir.
- Bir mövsümü
geridə qoyduq. Geridə qoyduğunuz bu mövsüm uğurlu, yoxsa uğursuz tamaşa kimi yaddaşda qaldı?
- İki tamaşada - "Turpun nağılı” və "Qohumlar” tamaşasında rol
aldım. Bu mövsüm
çəkildiyim "Həyat sən nə qəribəsən”
serialında maraqlı hadisələr yaşandı.
Ümumilikdə götürəndə geridə qoyduğumuz mövsüm
mənim üçün çox
məhsuldar keçdi. Mövsümü
"Leyli və Məcnun”
tamaşasında Leyli obrazına dəvət
aldım. Bu, mənim üçün
çox xoş oldu.
- Sizə
elə gəlmirmi ki, "Leyli
və Məcnun” kifayət qədər müxtəlif teatrlarda səhnə həlli tapıb?
- Bizim teatrda
hazırlanan tamaşa
tamamilə fərqlidir.
Əslində bu, çox
çətin tamaşadır.
Teatrımızın istedadlı aktyoru,
rejissoru, əməkdar
artist Nicat Kazımov bu tamaşanı tamam başqa üslubda hazırladı.
Bildiyiniz
kimi, "Leyli və Məcnun” operadır. İndiyə kimi səhnə
həlli tapan tamaşalar opera şəklində
səhnələşdirilib. İlk dəfədir bu opera tamaşa şəklində
təqdim olunacaq.
"Leyli və
Məcnun” çox klassik əsərdir.
Hesab edirəm ki, bu gün də
ən aktual məsələlərin yer
aldığı tamaşalardan
biridir. Hazırda tamaşa üzərində
məşqlər gedir.
Məzuniyyətdən döndükdən sonra yenə də məşq prosesinə başlayacağıq.
- Yeni mövsümdən nə gözləyirsiniz?
- Yeni mövsümdə də Leylinin
gətirəcəyi uğurları gözləyirəm (gülürük). Hələ ki
serial və ya filmə
dəvət gəlməyib. Təklif gəlsə, dəyərləndirməyə
çalışacağam. İstirahət edib
bol enerji ilə gələn
təklifləri dəyərləndirəcəyəm.
-
İstirahəti harada keçirməyi düşünürsünüz?
-
İstirahət üçün iki ölkəni nəzərdə tutmuşam. Onlardan biri İtaliya,
digəri isə Tailanddır. Hələ
tam dəqiq qərar verməmişəm. Viza məsələsini
həll edən kimi istirahətə gedəcəyəm.
Xəyalə Rəis
Kaspi.- 2016.- 13 iyul.- S.8.