Səssiz kinomuzun
“Arşın mal alan”ı
XIX əsrin
80-ci illərində Bakıda
neft hasilatının sürətlə artması,
kapitalist münasibətlərinin
inkişaf etməsi Bakının misli görünməmiş yüksəlişinə
həlledici təsir göstərdi. Bakı az
bir zamanda Rusiyanın iri sənaye-ticarət mərkəzinə
çevrildi.
XIX əsrin
90-cı illərinin əvvəllərində
Bakı artıq dünya neftinin tən yarısını istehsal edirdi. Şəhər öz miqyasını
sürətlə genişləndirir,
burada bir-birindən gözəl imarətlər
salınır, mədəniyyət
ocaqları tikilir, əhali rekord sürətlə artırdı.
Bakı nəinki Azərbaycanın,
həm də bütün Zaqafqaziyanın
mədəniyyət mərkəzi
kimi tanınmağa başlamışdı. Belə bir
vaxtda Azərbaycanda yeni bir sənət
növü - kinematoqrafiya
yaranır.
XX əsrin
əvvəllərindən kinematoqraf
məişətimizə daxil
olur və texniki ixtiradan kütləvi tamaşa növünə çevrilir.
Azərbaycan sovetləşməmişdən beş il
əvvəl belçikalı
sahibkarlar - Pirone qardaşları Bakıda özlərinin kirayə kontorunu açır, kino istehsalını təşkil edirlər. Şəhərin mərkəzində, Birja küçəsi, 3 nömrəli binada (indiki Ü.Hacıbəyov
küçəsi) onların
"Filma” Səhmdar Cəmiyyəti yerləşirdi.
Cəmiyyət 1915-ci ildə bir
neçə bədii
filmin istehsalına başlayır. Filmlərə quruluş vermək üçün Peterburqdan
rejissor Boris Svetlovu və operator Qriqori Lemberqi dəvət edir.
Bakıya gələn rejissor burada bir neçə
filmə - "Neft və milyonlar səltənətində”, "Arşın mal alan”, "Arvad”, "Arvadlar ərlərini mənsəbə
necə çatdırırlar”
və s. bədii filmlərə quruluş verir.
Kinotexnikanın bugünkü inkişafı
mövqeyindən yanaşanda
adama elə gəlir ki, musiqili komediyanın səssiz ekrana çıxarılmasına cəhd
göstərilməsi sadəlövhlükdür.
Lakin bu faktın özü kinomuzun təşəkkül tapmasında,
ədəbi əsərin
ekran üçün
ilk dəfə alınmasında
göstərilən səyləri
təsdiq edir.
"Arşın mal alan” filmi
1916-cı ildə çəkilmişdir.
Film 7 hissədən ibarət idi. O vaxtlar Bakıda fəaliyyət göstərən
"Filma” Səhmdar Cəmiyyətinin rejissoru
Boris Svetlov çəkilişlərə
tanınmış səhnə
aktyorlarını - Hüseynqulu
Sarabskini (Əsgər),
Ələkbər Hüseynzadəni
(Sultan bəy), Mirzəağa
Əliyevi, (Süleyman),
Əhməd Ağdamskini
(Gülçöhrə), Yunis
Nərimanovu (Gülcahan,
titrdə belə yazılıb), Aleksandra (Asya)
və Yevgeniya (Telli) Olenskaya bacılarını dəvət
edir.
Nəyə görə filmdə qadın rollarını kişilər
ifa edirdilər? İnqilabdan əvvəl azərbaycanlı
qadınlar adətə
görə çadrada
gəzirdilər. O vaxtlar
qadınlar nəinki səhnəyə çıxmır,
hətta onların ictimai yerlərdə görünmələrinə də
icazə verilmirdi. Ona görə də qadın rollarını kişilər oynayırdılar.
Rejissor
film üçün Bakıda
fəaliyyət göstərən
rus teatrından qeyri-millətlərdən olan
aktrisaları dəvət
edə bilərdi.
Çünki film səssiz idi,
dialoqlar titrlər vasitəsilə verilirdi.
Lakin rejissor B.Svetlov "Arşın
ml alan” operettası
ilə tanış olmaq üçün teatra gedir. Tamaşada rolları
ifa edən aktyorlar, o cümlədən
qadın rollarının
ifaçıları rejissorun
o qədər xoşuna
gəlir ki, bütün truppanı filmdə çəkməyə
qərar verir.
Film ilk dəfə 1917-ci il yanvarın 3-də Bakıdakı "Forum” kinoteatrında
nümayiş etdirilir.
Səssiz olduğuna görə onun təsir gücü az idi. Əsər ekran üçün işlənərkən öz
gözəlliyini, təravətini
və bədii qiymətini xeyli itirmişdi. Buna görə də, salonda yerləşdirilmiş
xalq çalğı
alətlərinin müşayiəti
ilə operettadan musiqi parçaları çalınır, Cabbar Qaryağdıoğlu və
digər xanəndələr
ariyalar ifa edirdilər. Tamaşaçılar filmə böyük maraq göstərirdilər.
Bununla belə, filmin keyfiyyəti Üzeyir bəyi və əsas rollarda çıxış edən
aktyorları narazı
salmışdı.
O dövrün mətbuatında - "Sovqat”
qəzetində belə
bir məlumat dərc edilmişdi: "Bakı. "Forum” teatrı tərəfindən
müsəlman həyatından
alınmış "Arşın
mal alan” adlı komediya tamaşaya qoyulmuşdur. Bu komediya qoyulduğu
gün, Şalyapinə
bilet almaq üçün olan növbə bunun yanında müqayisə ediləcək bir şey deyildi. Bu qədər böyük
müvəffəqiyyətə baxmayaraq, əsərin müəllifi ilə bu filmi çəkənlər
arasında olan narazılıq üstə
film ekrandan götürüldü.
Bizə verilən xəbərlərə
görə, bu film yenidən teatrda tamaşaya qoyulacaqdır”.
Filmin ekrandan çıxarılması ilə
əlaqədar "Forum” kinoteatrının
müdiriyyəti "Kaspi”
qəzetində geniş
elan dərc etdirmişdir. Elanda yazılmışdır:
"Forum” teatrının müdiriyyətindən:
Hər cür dedi-qoduya yol verməmək üçün
"Forum” teatrının müdiriyyəti
bildirir ki, "Arşın mal alan” filmi heç də onun günahı
üzündən ekrandan
çıxarılmamışdır. Müdiriyyət filmi cənab
Belyakovun kinematoqrafik lentlərinin prokat kontorundan almışdır.
Müdiriyyətin belə halda
və ümumiyyətlə,
filmin müəllif hüququna heç bir dəxli yoxdur. Teatrlar filmləri prokat kontorlarından əldə
edirlər.
Bu kontorlar
müəllif hüquqları
ilə əlaqədar
hökumət və müəlliflər qarşısında
cavabdehdirlər. Beləliklə, bu halda
"Forum” teatrının müdiriyyəti
təsadüfən ziyan
çəkən tərəf
olmuşdur. Mövcud işlə
bağlı maddi zərərə düşərək
müdiriyyət ona görə heç cür mənəvi məsuliyyəti öz üzərinə götürə
bilməz. Hörmətlə, "Forum”un müdiri A.İ.Andreyev.”
Buna baxmayaraq,
film sonradan bütün
Qafqazda nümayiş etdirilmiş, tamaşaçılar
tərəfindən maraqla
qarşılanmışdır. Və yenidən Bakı tamaşaçılarının mühakiməsinə verilmişdir.
Bununla əlaqədar,
"Kaspi” qəzetinin
1917-ci il 20 aprel tarixli sayında
xəbər verilmişdir
ki, 4 hissədən ibarət "Arşın
mal alan” komediyası Bakının Malıy teatrında aprelin 20-dən
22-dək göstəriləcək və filmi şərq
musiqi orkestri müşayiət edəcəkdir.
Bu film Ü.Hacıbəylidən gizli surətdə müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə gah
7, gah da 4 hissədə nümayiş
etdirilmişdir.
4 hissədən ibarət olan "Arşın mal alan”
filminin hər hissəsinin öz adı var idi:
"Cavan Əsgər
ilə Vəlinin macərası”, "Gəlin
seçmək”, "Arşın
mal alan”, "İkisi
axtardı, dördü
evləndi”. Bu variant nümayiş etdirilməzdən
əvvəl 1-ci seansların
bütün biletləri
bir neçə saat ərzində satılıb qurtarmışdı.
Bundan xəbər tutan Ü.Hacıbəyli rəsmi
dairələrə müraciət
edərək, öz müəlliflik hüququ ilə bağlı etirazını bildirdi və müqəssirlərin
məsuliyyətə cəlb
olunmasını tələb
etdi. Məsuliyyətdən
yaxa qurtarmaq istəyən sahibkarlar
"film yandı” deyib
onu Bakıdan çıxartdılar.
Hadisədən bir neçə
gün sonra Aşqabadda "Modern” kinoteatrında
"Arşın mal alan”
filminin göstəriləcəyi
yerli qəzetlərdə
xəbər verildi. Müəllif xəbər
tutmağa macal tapmasın deyə "yalnız bircə gün nümayiş etdirildiyi üçün
seans gündüz
saat 4-də başlanacaqdır”
sözləri də elana əlavə edilmişdi.
Film Aşqabadda da bircə gün
göstəriləndən sonra
Orta Asiyanın başqa yerlərinə aparıldı. Sonralar filmin elə
həmin şəraitdə
Tiflis, Gəncə və
başqa şəhərlərdə
göstərildiyini qəzet
elanları xəbər
verirdi. 1918-ci ildə
Üzeyir Hacıbəylinin
İrana getdiyini bilən sahibkarlar filmi Bakıda da göstərdilər…
Haşiyə. Sovet dövründə "Arşın
mal alan” operettası iki dəfə ekrana çıxarılmışdır: Birinci dəfə 1945-ci ildə, ikinci dəfə 1965-ci ildə.
"Arşın mal alan” kinokomediyasının
ikinci variantı
1946-cı ildə Stalin mükafatına
(sonralar SSRİ Dövlət
mükafatı adlandırılmışdır
– A.K.) layiq görülmüşdür.
Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan
sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir
göstərmiş sovet
filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş
xarici ölkə filmlərinin arasından
"100 sevimli film” seçilmişdir.
Həmin
filmlər üç
hissəyə - Qızıl,
Gümüş və
Bürünc siyahılara
ayrılmışdır. 1945-ci ildə istehsal
olunmuş "Arşın
mal alan” kinokomediyası
məşhur kino mütəxəssislərinin yekdil
rəyi ilə "Qızıl siyahı”ya daxil edilmişdir.
Bundan başqa "Arşın
mal alan” Heydər Əliyev Fondunun təşəbbüsü,
"Ata Holdinq”in dəstəyi
ilə ABŞ-da rənglənərək, hazırda
ekranlarda ikinci həyatını yaşayır.
"Arşın mal alan” 1937-ci ildə
Amerikada ermənilər
tərəfindən də
çəkilib. Film ekranlara
həmin il
martın 5-də buraxılıb.
Filmə
Setraq Vartiyan quruluş verib. O, həm də Əsgər rolunu ifa edib.
Ermənilərin çəkdiyi filmin titrlərdə Ü.Hacıbəylinin adı
yox idi. Bunun əvəzinə yazılmışdı: "Şərq
əfsanəsinin motivləri
əsasında”.
50-ci illərdə Los-Ancelesdə erməni dilində tamaşaların
birində rejissor S.Vartiyan Ü.Hacıbəylinin
müəllifliyini qeyd
etmişdi, lakin proqram və afişada "Arşın
mal alan” erməni operettalarının
kralıdır” sözləri
çap olunmuşdu.
Göründüyü kimi, ermənilər
nəinki bizim mahnıları, həm də tamaşalarımızı
öz adlarına yazmaqdan çəkinmirlər.
Bax belə.
Bu gün 100 yaşı
tamam olan "Arşın mal alan”
filminin ilk variantının
başına gələn
əhvalatlar bunlardan ibarətdir.
Aydın Kazımzdə,
Azərbaycanın əməkdar
incəsənət xadimi
Kaspi.-
2016.- 13 iyul.- S.7.