Şairin sevgi dastanı
Xalq şairi Nəriman Həsənzadənin
85 yaşına ithaf olunur
Yaşar Qasımbəyli,
yashargasimov@mail.ru
(Birinci yazı)
Poeziya – könül yaddaşıdır. Şair qəlbinin
yaşantı və sarsıntıları onda əks edir.
Ədəbi növlər və janrlar içərisində,
xüsusən lirika şair ürəyinin ən büllur
aynasıdır. Daha doğrusu, lirika –
şair qəlbinin tərcümeyi-halıdır. Bundan çıxış edərək, əminliklə
söyləyə bilərik ki, bütün sevgi süjetlərinin
və dastanlarının vətəni şairlərin ürəyidir.
Yəni əfsanələşən, əsatirləşən
və nəhayət, dastanlaşan bütün sevgilərin bədii
yaddaşa yolu zamanın ən böyük və sadiq aşiqlərinin
– şairlərin qəlbindən keçir. Xalq şairi Nəriman Həsənzadənin “Mən
səni sevdim ki...” silsiləsini oxuyarkən, qeyri-ixtiyari olaraq,
bu cür duyğusal düşüncələr beynimdə
dolaşdı. Bu silsilədə yer alan
şeirlərin əksəriyyəti şairin həyatında
baş vermiş misilsiz faciədən sonra – 1985-ci ildən
etibarən yaranmağa başlayıb. Amma
şairin bu silsiləni ömür boyu yazdığını
düşünmək daha doğrudur. Yəni şair qəlbinin
sevgi duyğuları təkcə faciəvi yaşantılarla məhdudlaşmır,
az da olsa, onda sevgi sevincləri də əks
etmişdir.
Əslində bəşər tarixinin ən sədaqətli
və fədakar aşiqləri elə şairlərin
özüdür. “Xosrov və Şirin”i, “Leyli və Məcnun”u
insanlığa bəxş edən dahi Nizami həm də
bütün dünyaya eşq dərsini keçmirdimi?!
Dünyanı insani və ilahi eşqin qüdrətinə
inandırmağa can atan böyük sənətkar, eyni
zamanda, özünün aşiqlik qabiliyyətini və
qüdrətini də nümayiş etdirirdi. Xosrovu, Məcnunu
misilsiz aşiqlər kimi bütün cahana məşhur edən
şair özü də onlardan zərrə qədər az sevməyən bir insan deyildimi? Əksinə öz qəhrəmanlarından da
üstün, dərin və güclü aşiqlər deyilmi müəlliflər?!
Nizaminin, Nəsiminin, Nəvainin və başqa dahi aşiqlərin
etiraf etmədiyi bu gözəl həqiqəti bütün
zamanların bənzərsiz aşiqi Füzuli söyləməyə
cəsarət etmişdi. Bəlkə ona görə ki, öz
ustadlarından və bir çox şagirdlərindən fərqli
olaraq, Füzuli özü elə sağlığında həm
dahi şair, həm də daha çox əsl və sadiq
aşiq kimi el içində məşhur idi:
Məndə
Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
Füzulinin təkcə öz müasirlərindən
deyil, həm də sələflərindən və xələflərindən
fərqi, məncə, üstünlüyü onda aşiqlik və
şairlik istedadının bir-birini misilsiz dərəcədə
qüdrətləndirməsidir. Bu meyarla poeziya tariximizə
nəzər salsaq, Füzulinin müqayisəyə gəlməz
bir aşiq olduğu aydınlaşır. Bir
də Füzuliyə bənzərlər də seçilir.
Klassik poetikada Füzuliylə ruhdaş və
sirdaş şairlər məlumdur. Müasir şeirimizdə
isə mənim zövqüm belə bir poetik cərgəni
vurğulamağı məqsədə müvafiq sayır: Səməd
Vurğun, Mikayıl Müşfiq, Əli Kərim, Nüsrət
Kəsəmənli və Ramiz Rövşən. Məncə, Nəriman Həsənzadə də bu
sırada şərəfli yer tutur. Onun poeziyası,
xüsusi ilə də 100- ə yaxın şeirin yer
aldığı “Mən səni sevdim ki...” silsiləsi belə
söyləməyə əsas verir.
AMEA-nın
müxbir üzvü, prof. Nizami Cəfərov xalq şairi Nəriman
Həsənzadə haqqındakı məqalələrinin
birində böyük şair
yaradıcılığının mahiyyətinə vararaq
yazır: “...Nəriman Həsənzadə haqqında
danışmaq, ümumən, müasir Azərbaycan
poeziyası barəsində danışmaq deməkdir, – XX əsrin
ikinci yarısının sosial-estetik problemlərini
yaradıcılığında bütün miqyası ilə əks
etdirən N.Həsənzadə böyük Səməd
Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir;
şeirində də, nəsrində də, dramaturgiyasında
da, hətta publisistikasında da o məhz şairdir. Şairlik
N.Həsənzadənin stixiyasıdır – o təkcə
şeirində, nəsrində, dramaturgiyasında,
publisistikasında deyil, adi məişətdə də
şairdir, yazanda da, yazmayanda da şairdir...”.
Görkəmli tənqidçinin və ədəbiyyatşünas
alimin bu düşüncələrini şairin bütün
yaradıcılığı, xüsusən də “Mən səni
sevdim ki...” silsiləsi parlaq şəkildə təsdiq etməkdədir.
“Mən səni sevdim ki...” silsiləsi müasir
şeirimizin uğurlu yeniliklərindən biri kimi diqqətəlayiqdir. Amma ötən
yüzildə poeziyamızda ciddi hadisəyə
çevrilmiş və onlarla, yüzlərlə könüllərin
sevincinə səbəb olmuş bu gözəl şeirlər ədəbi
tənqidin nəzər-diqqətindən kənarda
qalmışdır. Bəlkə də
böyük şairin mənsub olduğu poetik epoxanın bədii
müstəvisində yeganə olan bu əsəri dərk etmək
və dəyərləndirmək üçün müəyyən
dərəcədə vaxtın keçməsinə ehtiyac
duyulmuşdur.
İlk öncə bu silsilənin orijinal poetik strukturunu və
məzmununu qeyd etməliyik. “Mən səni sevdim
ki...”də klassik poetikanın ən yaxşı təcrübə
və ənənələri yaradıcı surətdə
inkişaf etdirilmişdir. Məsələn,
biz burada Füzuli “Leyli və Məcnun”unun gözəl təsirini
də, el aşıqlarının və şairlərinin sevgi
dastanlarının həyatbəxş nəfəsini də
sezirik. Silsilənin bəzi şeirlərində
öz sevgilisinin qəbri üstündə fəryad edən
lirik qəhrəman bizə Leylinin qəbri üstündə
inləyən Məcnunu xatırladır. Və yaxud
şairin öz sevimli həyat yoldaşı və qəhrəmanı
Saranın itkisi ilə bağlı yaşantıları məşhur
Xançoban və Sara haqqındakı qəmli sevgi
dastanını yadımıza salır:
Gedin deyin
Xançobana,
Gəlməsin
bu il Muğana.
Muğan
batıb nahaq qana,
Apardı
sellər Saranı,
Bir ala gözlü balanı.
Bu sətirlər mənə məşhur sevgi
dastanının yadigar örnəkləri kimi duyulur. Göründüyü
kimi, bu misralar bayatı deyil, məhz sevgi qissəsini bəyan
edən hansısa bir aşığın və ya el
şairinin düzüb qoşduğu əsərdən
parçanı andırır. “Mən səni sevdim ki...”nin müəllifi bu hadisəni də,
misraları da öz əsəri boyunca xatırlayır. Elə bil ki, Sara rəmzinin və obrazının
faciəvi cazibəsi müəllifi müəyyən dərəcədə
öz orbitində saxlayır. Şair sanki
tarixi-əfsanəvi Saranın nakam qismətindən və
mistikasından xilas olmaq, uzaqlaşmaq istəyir. Amma klassik aşiqlərin tarixi taleyi şairin taleyində
amansızcasına təkar olunur. Müəllif
istəməsə də, onun Sarası öz həyatında əfsanəvi
Saranın taleyindən, bu obrazın əsrləri və nəsilləri
kövrəldən mistikasından qaça bilmir.
Klassik poeziya tarixindən bildiyimiz kimi, bir çox
şairlərin həyatında böyük qadınlar və
unudulmaz sevgilər olmuşdur. Həmin nadir və bənzərsiz
ünsiyyət anları poeziyaya son dərəcə qiymətli
incilər bəxş etmişdir. “Mən səni
sevdim ki...” silsiləsinə daxil olan şeirlər də məhz
həmin qiymətli sevgi dürdanələrini və incilərini
xatırladır. Amma bu şeirlərin əsl
poetik dəyərini düzgün müəyyən etməkdən
ötrü nəzərdən keçirdiyimiz şeiriyyət
nümunələrinə mərd, səmimi və böyük
bir ürəklə yanaşmaq lazımdır. Müəllif silsiləyə daxil olan “Ağrı”
adlı şeirində sanki gələcək yanaşmaları
doğru hədəfə yönəldir. Daha doğrusu,
şeirdə bir silsiləyə münasibətdə
mümkün ola bilən iki cür
yanaşmaya diqqəti çəkir. Birinci və
düzgün, əsl insani münasibət: müəllif
şeirlərini oxuyub son dərəcə mütəəssir
olan oxucu (və ya oxucular) haqqında yazır:
Böyük
bir alimin həyat yoldaşı
təzədən duz səpib bu yaram üstə.
Deyirlər,
qurumur gözünün yaşı,
oxuyub
ağlayır hər misram üstə.
Elə
qurban olum, el saxlayandı,
yıxılsan, əlindən tez tutar sənin.
Təkləyib
əysələr – qucaqlayandı,
saymasan
– el özü unudar səni.
Qanadlı
bir quşdu ömür sən demə,
tez
sınır, bu qanad o qanad deyil.
Hardasa qəm
gəldi mənim şeirimə,
qəm
də sevinc kimi mənə yad deyil.
Şair öz qəlbinin məhrəm və munis kədərinə
yad, doğma olmayan və insana yaraşmayan yanaşmanı da
ürək ağrısıyla duymuş və həmin
iztirabları da öz oxucusuyla bölüşməkdən
çəkinməmişdir. Bu – şair mərdliyidir.
Özünə və öz duyğularının səmimiyyətinə
və əbədiyyətinə inanan, güvənən
şairin mərdliyidir: “Qəzetdə şeirimi görüb
bir nəfər, mənim göz yaşıma gülüb
deyirlər. Şikayət eləyib: gör nələr
yazır, ölən arvadına şeirlər yazır. Nə deyim duyğusuz yaşayan kəsə, yeyir
süfrəmizdə çörəyimizdən – Biz qulaq
asdıqca o ürəksizə, o da nişan alır ürəyimizdən”.
Müəllif öz duyğularının dəyərini,
təbii ki, hamıdan yaxşı dərk edir. Əslində
bu şeirlər insanlıq və sevgi dərsləri kimi
bütün zamanlara və nəsillərə
ünvanlanıb:
Evdən,
ailədən başlayır Vətən,
qadından başlayır, gərək biləydi.
Gərək
millət oğlu əvvəlcə qəlbən
Millətin qızına heyifslənəydi.
Hər iki situasiyanı və yanaşmanı
özünün qəlb süzgəcindən keçirən
şairin çıxardığı mənəvi-əxlaqi nəticələr
də ibrətamizdir. Şairin faciəsini çox adi və
soyuqqanlı qarşılayan insan həqiqətən də
ürəksizdir. Şeirin və şairin
mahiyyətini bilməməkdir. Çünki
şair nəinki bir ailəyə, bir elə, bir xalqa və
millətə, hətta bütün dünyaya məxsusdur.
Və onun kədəri, dərdi və
iztirabları da həmişə ümummilli səciyyəyə
malik olur. Ümumən, böyük ədəbiyyatı
təkcə kişilər yaratmır, millətin qadınları
da bu prosesdə iştirak edir. Hər bir
xalqın mədəniyyət tarixində bu sahədə
qadınların və kişilərin əməyi, zəhməti
yarıbayarıdır. Çox uzağa
getməyək, yalnız XX yüzil ədəbiyyat tariximizi
götürsək, demək olar ki, bütün məşhur
klassiklərimizin həyat və yaradıcılığında
qadınların aparıcı rola malik olduğunu
müşahidə edirik. Bu nöqteyi-nəzərdən
yanaşsaq, ötən əsrin söz sənətini
yaradanların uğurlu ədəbi talyində sevimli
qadınlarının misilsiz xidmətlərini unutmaq
insafsızlıq olardı. Bəli, Mirzə Cəlilin Həmidə
xanımı, Hüseyn Cavidin Müşkünazı, Əhməd
Cavadın Şükriyyəsi, Cəfər Cabbarlının
Sonası, Mikayıl Müşfiqin Dilbəri, Səməd
Vurğunun Xavəri, Rəsul Rzanın Nigarı, Balaş Azəroğlunun
Mədinəsi, Əli Kərimin Elzası, Məmməd
Arazın Gülxanımı, Xəlil Rza Ulutürkün Firəngizi
və başqa böyük xanımlarımız XX yüzil ədəbiyyatımızın
bərabərhüquqlu cəfakeşləri sayılmaqda
haqlıdırlar. Nəriman Həsənzadənin
Sara xanımı da bu müqəddəs və zərif silsilənin
davamıdır.
Kaspi.-2016.-4 mart.-S.6.