“Bu ümidi
mənə oxuduğum ali
təhsil ocağı verir”
BANM-in tələbəsi, Prezident təqaüdçüsü
Fərdin Vətəni:
“Mən özümü gələcəkdə Azərbaycan
xalqına yararlı, yüksəkixtisaslı və ali təhsilli kadr kimi görürəm”
2015/2016-cı
tədris ili üçün
Azərbaycanın ali təhsil müəssisələrinə
həm ödənişli əsaslarla, həm də dövlət
sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində
ali məktəblərə I ixtisas qrupu qəbul üzrə
ən yüksək minimal keçid balları Bakı Ali
Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in “Proseslərin
avtomatlaşdırılması mühəndisliyi” ixtisası
üzrə minimal keçid
balı 673 baldan 679 bala,
“Neft-qaz mühəndisliyi “ixtisası
üzrə - 660 baldan 667 bala,
“Kimya mühəndisliyi” ixtisası üzrə
648 baldan 659 bala
yüksəlib. Bu nəticələrə
görə, BANM minimal keçid
balı üzrə rekordunu təzələyib.
BANM-ə 2015/2016-cı tədris ilində qəbul olan tələbələrin içərisindən 690-700 balarası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan doqquz nəfəri “Neft-qaz mühəndisliyi”, beş nəfər tələbə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, üç nəfəri isə, “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. Hazırda Prezident təqaüdünə layiq görülən tələbələrin əksəriyyəti məhz “Neft-qaz mühəndisliyi” ixtisasına yiyələnir. Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin tərkibində "Neft-qaz mühəndisliyi" kafedrası 2012-ci ilin aprelində yaradılıb. Kafedranın professor-müəllim heyəti Heriot-Vatt Universitetindən olan həmkarları ilə birlikdə "Neft-qaz mühəndisliyi" ixtisası üzrə bakalavrların (BEng) hazırlanması üzrə dərs proqramını tədris edirlər. Təhsil ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə aparılır. Birinci kursda tələbələrə elm və riyaziyyat sahəsində son illərdə tətbiq edilən başlıca anlayışlar öyrədilir, həmçinin neft-qaz və kimya mühəndisliyi üzrə ilkin biliklər tədris olunur. Bu kursda kimya və neft-qaz mühəndisliyi üzrə tədris prosesi tələbələrə, həm daha geniş çərçivədə biliklərin aşılanması, həm də sənaye nöqteyi-nəzərindən müvafiq biliklərin öyrədilə bilməsi məqsədinə xidmət etmə baxımından təşkil olunur. Burada mühəndislik peşəsini anlamağa imkan yaradan müvafiq peşə bilikləri və ən sadə riyazi və elmi prinsiplər öyrədilir. Tələbələrin öyrəndikləri bilik və bacarıqları daha da təkmilləşdirə bilməsi məqsədi ilə tədris prosesinə müəssisələrə praktik səfərlər, kitabxana və laboratoriya layihələri, əlavə mühazirə materialları da daxil edilib. Proqramın ikinci kursu riyaziyyat və kimya üzrə müəyyən biliklərlə yanaşı, maye axını, termodinamika, istilik və kütlə transferi, neft-qaz mühəndisliyi sahəsində isə geologiya kimi başlıca mövzuları əhatə edir. Bu mövzular mühazirələr, həmçinin praktik (tyutoriallar) və laboratoriya məşğələləri şəklində tədris olunur. Kurs müddətində həyata keçirilən müxtəlif layihə və laboratoriya məşğələləri tələbələrə praktik təcrübə qazanmaq imkanı yaradır. Tədris ili ərzində tələbələrə həmçinin öyrədilmiş dərs materialları ilə əlaqədar laboratoriya tapşırıqları, hesablama cədvəllərindən istifadə etməklə kompüter layihələri verilir, layihələndirmə, texniki çertyojlar və tikinti materialları haqqında ümumi ilkin biliklər öyrədilir. Üçüncü kursda tədris edilən bütün fənlər sonuncu kursda tədris olunan və müvafiq diplomun verilməsi ilə nəticələnməsi nəzərdə tutulan fənlərin əsasını təşkil edir. Tələbələr tədris olunan fənlərdən birinin aparıcı elmi istiqaməti üzrə müvafiq ədəbiyyatlara əsaslanan şəxsi elmi-tədqiqat layihəsi həyata keçirməlidirlər. Tədris ili ərzində tələbələrə əsas layihə işi verilir, onlar müvafiq istehsal zavodu/platformasının texnoloji layihəsi üzərində kiçik qruplarda çalışırlar. Bu, tədris proqramının yekunu olub, bütün bu müddət ərzində öyrədilmiş tədris materiallarından əldə olunan biliklərin sənayedə real iş mühitində kifayət qədər dəqiq şərtlər çərçivəsində tətbiqini nəzərdə tutur. Verilmiş layihə tələbəyə dəqiq həlli olmama ehtimalı olan vəziyyətlərdə biliklərini tətbiq edərək kimya mühəndisliyi və neft-qaz mühəndisliyi sahəsində öyrədilmiş biliklərin nə dərəcədə mənimsənildiyini nümayiş etdirmək imkanı yaradır.
Hazırda “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan gənclərdən biri də Fərdin Vətənidir. Vətəni Fərdin Fərhad oğlu 1998-ci il aprel ayının 29-da Gəncə şəhərində anadan olub. 2004-cü ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. Müxtəlif siniflərdə oxuyarkən məktəb tərəfindən fəxri fərmanlara layiq görülüb. 2010-cu ildə Türk Liseyinin Gəncə üzrə filialında ümumi biliklər üzrə imtahan verərək, Gəncə üzrə birinci, Gəncəbasar zonası üzrə 8-ci yerə çıxıb. O cümlədən 2014-cü ildə Gəncə şəhərində keçirilən “Bilik yarışı”ında “Fərqlənmə” diplomu ilə təltif olunub. 2015-ci ildə 11-ci sinifdə oxuyarkən “Məktəblilərin Fənn Olimpiadasında” Fizika fənni üzrə iştirak edib və qərb regionu üzrə mərhələdə 1-ci yerə layiq görülüb. Eyni zamanda, “Beynəlxalq Kimya Olimpiadası”nda zona turunun mütləq qalibi olaraq Azərbaycan üzrə təsnifat mərhələsinin finalında iştirak edib. Təhsilindəki uğurlarına və nümunəvi davranışına görə Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov tərəfindən “Fəxri Fərman”la təltif olunub. Fərdin Vətəninin təhsildən başqa, idmana da böyük marağı var. Boks, üzgüçülük və KarateDo ilə məşğul olub. Xüsusən, 2013-cü ildə Azərbaycan Respublikası Karate-Do Federasiyası Assosiasiyasının keçirdiyi imtahanlarda uğurla iştirak edib, “7-ci Kyu”ya layiq görülüb. 2015/2016-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanında 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.
- Qəbul
imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla
yadda qalıb?
- Qəbul imtahanından qabaq ciddi şəkildə hazırlaşmışdım. Qəbul imtahanı yüksək səviyyədə və şəffaf şəkildə keçdi. İmtahana girərkən heç həyəcanlı deyildim. İmtahandan 690 bal yığdığımı biləndə sevincimin həddi-hüdudu yox idi.
- Sınaq
imtahanlarında nəticələrin necə olub?
Qəbul imtahanında yüksək bal
toplayacağına özün və
yaxın ətrafın inanırdımı?
-Sınaq imtahanlarında 600 baldan yüksək nəticə göstərmişdim, ələlxüsus da sonuncu sınaq imtahanının nəticəsi 667 bal olduğunu biləndən sonra yüksək nəticə göstərəcəyimə hamı inanırdı.
- Niyə məhz
bu ixtisası və BANM-i
seçdin və bu seçimi etdikdə qarşına hansı məqsədləri
qoydun?
- Mühəndislik ixtisası məni əvvəldən cəlb etmişdi. BANM-də olan yüksək səviyyəli təhsil və keyfiyyətli tədris mənim bu ali məktəbi seçməyimdə böyük rol oynadı. Həmçinin valideynlərimin arzusu da mənim istəyimlə üst-üstə düşdü. Çünki biz ailəliklə BANM-ə böyük rəğbət bəsləyirik.
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə
nə məsləhət görərdin?
- BANM-də təhsil almaq istəyən abituriyentlərə məsləhətim budur ki, bu ali məktəbi seçərkən bilməlidirlər ki, dayanmadan öz üzərlərində çalışacaqlar. Buradakı təhsil isə Azərbaycanda olan ən ciddi və yüksək səviyyəli təhsildir.
- Özünü
gələcəkdə harada görürsən
və gələcək üçün
planların nədir?
-Magistr təhsilini xaricdə almaq və Azərbaycanı digər dövlətlərdə lazımınca təmsil etmək istəyirəm. Mən özümü gələcəkdə Azərbaycan xalqına yararlı, yüksəkixtisaslı və ali təhsilli kadr kimi görürəm. Bu ümidi mənə oxuduğum ali təhsil ocağı verir.
- Boş
vaxtlarında nə ilə məşğul olursan?
Hansı əlavə məşğuliyyətlərin və hobbin var?
-Boş vaxtım, demək olar ki, olmur,
olanda isə, asudə zamanımı idmana sərf edirəm. İndi
məşğul olmağa vaxtım olmasa da, üzgüçülük
mənim hobbimdir.
Nigar Abdullayeva
Palitra.-2016.-5 mart.-s.11.