Formula-1-dəki səfirimiz
Gənc həmyerlimiz Gülhüseyn
Abdullayev arzularına doğru pillə-pillə irəliləyir
Bu il ölkəmizdə
Formula-1 yarışları keçiriləcək. Azərbaycanda
bu idman növünün azarkeşləri
digər idman növləriylə müqayisədə
az olsa
da, maraq kifayət qədərdir. Bir neçə il öncə
televiziya vasitəsilə
San-Marino, Qətər, İstanbul
və s. kimi qran-priləri izləyən
Formula-1 həvəskarları çətin ki, bu yarışın ölkəmizdə, daha dəqiqi paytaxt Bakıda təşkil ediləcəyini ağıllarına
gətirərdilər. Ancaq cəmi
ay yarım sonra Bakının küçələrində
"Ferrari", "Reno", "Mersedes"
kimi Formula-1 komandalarının
bolidləri şütüyəcək.
Hələ mən dünyaca məşhur
Fernando Alonso, Lyuis Hamilton və
s. pilotları demirəm.
Bir vaxtlar digər ölkələrdəki analoji
yarışlara baxanda
bu yarışın ölkəmizdə keçiriləcəyini
ağlımıza gətirmədiyimiz
kimi, milyonlarla dollar qiyməti olan bolidlərin sükanı arxasında azərbaycanlı
pilotun da oturacağını inana bilmirdik. Ancaq deyəsən, Formula-1 xəyalı gerçəkləşdiyi
kimi, yaxın illərdə azərbaycanlı
avtoidman həvəskarlarının
bu arzusu da reallaşacaq. Gənc həmyerlimiz Gülhüseyn
Abdullayevin son illər
avtoidman yarışlarında
uğurlu çıxışı
yerli Formula-1 həvəskarlarına
gələcəyə inamla
baxmağa imkan verir.
Gülhüseyn Abdullayev 1997-ci il, aprelin 2-də Bakıda dünyaya göz açıb. Onun atası Formula-1 həvəskarı
olduğundan Gülhüseyn
ağlı kəsəndən
televiziya ekranlarında
bolidləri görürdü.
Çox
çəkmir ki, Gülhüseyn də atası kimi bu idman növünün
həvəskarına çevrilir.
Onun sevimli pilotu isə heç şübhəsiz, Formula-1-də qələbələri sıralayan
Mixael Şumaxer idi.
Gülhüseynin cəmi 8 yaşı olanda atası onun əlindən tutaraq, paytaxtdakı kartinq mərkəzlərindən
birinə aparır. Özünün dediyinə görə, elə o vaxtdan sükandan ikiəlli yapışıb. Gülhüseynin atası oğlunun kartinqə olan həvəsini görüb,
onu Bakıdakı kartinq mərkəzlərinə
aparmaqda davam edir. Bir müddət sonra
isə oğlunun avtoidmana həvəsi ilə yanaşı, həm də istedadının olduğunu
kəşf edir.
Məhz bundan sonra ata
oğlunun bu sahədə peşəkar
idmançı kimi yetişməsi üçün
yollar axtarır.
Bu yolu isə
Azərbaycanda yox, Türkiyədə tapır.
Gülhüseyn mətbuata açıqlamasında
atasının onun yetişməsində əməyini
bu sözlərlə dəyərləndirir: "Atam
olmasaydı, ümumiyyətlə
mənim karyeram olmazdı".
2006-cı ildə Gülhüseyn
Türkiyə çempionatında
iştirak etmək üçün seçimlərə
qatılır. 163 pilotun
qatıldığı seçimlərdə
Abdullayev ilk "25"-liyə
düşərək, Türkiyə
çempionatında çıxış
etmək haqqı qazanır. Gülhüseyn, həmçinin seçim turunun ən yaxşı 5 pilotundan biri olur.
O, Türkiyə kartinq çempionatındakı ilk mövsümünü
4-cü pillədə başa
vurur. Qardaş ölkənin çempionatında
həmişə ən
yüksək pillələrdə
olan Gülhüseyn burda ən yaxşı
nəticəsini 2013-cü ildə
qazanır. O, Türkiyə
kartinq çempionatının
junior kateqoriyasında mövsümü
ikinci kimi başa vurur. Abdullayev elə həmin ildə Türkiyədə
"Rotax Max Challenge"in
qalibi olur. O, bundan sonra ABŞ-da təşkil edilən dünya finalında iştirak etmək haqqı qazanır. Gülhüseyn həmin yarışda
finala çıxa bilməsə də, ilkə imza atır. Belə ki, o, Türkiyə
və Azərbaycanı
bu yarışda təmsil edən ilk pilot olur.
Növbəti ildə Gülhüseyn yenə Türkiyə kartinq çempionatının
junior kateqoriyasında ikinci
olur. Elə həmin ildə
o, Türkiyə çempionatının
senior kateqoriyasında da
gücünü sınayır
və yarışı
bu dəfə də ikinci pillədə başa vurur. 2014-cü ildə Abdullayev daha bir yarışda
- Bolqarıstan kartinq çempionatında çıxış
edir və mövsümü üçüncü
pillədə başa
vurur.
2015-ci ildə Gülhüseyn
Bolqarıstanın "V1Challange" çempionatında çıxış
edir. O, müəyyən səbəblərdən
ilk iki yarışı
buraxmalı olur. Üçüncü və dördüncü
yarışları isə
birinci pillədə başa vurur. "V1Challange"dəki beşinci
yarışı isə
uğursuzluqla nəticələnir.
Belə ki, Gülhüseyn qəza törədərək,
yarışı yarımçıq
dayandırır. Altıncı yarışda isə o, ikinci olur. Üç yarışı boşa verməsinə baxmayaraq, Abdullayev mövsümü
ikinci pillədə başa vurur.
Bu il isə
Gülhüseyn Formula Gulf 1000 seriyasında iştirak etməyə başladı.
O, ilk altı yarışı
buraxdıqdan sonra yeddinci - BƏƏ-də keçirilən yarışda
iştirak etdi. Gülhüseyn bu seriyada keçirdiyi ilk (sayca yeddinci) yarışı üçüncü kimi
başa vurur. Daha sonra keçirdiyi dörd yarışın ikisində ikinci, ikisində isə birinci olur. Bu seriyada keçirdiyi
sonuncu -13-cü yarışda
isə o, qəzaya uğrayır.
Əslində, Gülhüseynin Formula Gulf 1000-də iştirak etməsinə səbəb Formula-3-ə hazırlıq
idi. Bəli, Abdullayev artıq
Formula-1-ə doğru ilk addımını
atıb. O, bu il ilk dəfə
Formula-3 yarışı seriyalarından
Euroformula Opendə iştirak edib. Formula Gulf 1000-dəki çıxışının
səbəbi də məhz Formula-3-ə yaxşı
hazırlaşmaq idi.
Formula-3 gələcəkdə
Formula-1-də iştirak edəcək
pilotlar üçün
əsas məktəblərdən
biri sayılır.
Gülhüseyn Euroformula Opendə İspaniyanın "Kampos
Rasinq" komandasında
çıxış edir. İspanlar onu
testlərə dəvət
edirlər. Testlərdən sonra isə "Kampos Rasinq" komandasının rəhbərliyi
Gülhüseyndən razı
qalır və onunla 1 illik müqavilə bağlayırlar.
Təmsilçimizin çıxış etdiyi
"Kampos Rasinq" komandası 1997-ci ildə İspaniyanın Valensiya şəhərində yaradılıb. Bu il Formula-1-də debüt
edən indoneziyalı
Rio Haryanto məhz
"Kampos Rasinq"in
yetirməsidir. Komanda keçən
mövsümü 2-ci yerdə
başa vurub. "Kampos Rasinq"in
sürücüsü Konstantin Tereşenko da 2-ci olub.
Artıq Abdullayev "Kampos Rasinq"in sükanı arxasında ilk yarışını
da keçirib. Təmsilçimiz Portuqaliyanın Eştoril şəhərindəki Euroformula
Open yarışında "Kampos Rasinq"də ilk yarışına çıxıb.
Ancaq təəssüf ki, təmsilçimiz ilk çıxışında
22 pilotun iştirak etdiyi yarışı
21-ci pillədə başa
vuraraq xal qazana bilməyib. Gülhüseyn bu seriyada növbəti yarışını
21-22 mayda Belçikada,
Spa-Frankorşam trasında
keçirəcək.
Gülhüseyn bu il
Bakıda baş tutacaq Formula-1 üzrə Avropa qran-prisində də iştirak edəcək. Yox, təmsilçimiz hələ ki, hansısa komandanın bolidinin sükanı arxasında ölkəmizi
təmsil etməyəcək.
O, Azərbaycanda keçiriləcək
ilk Formula-1 yarışında ölkəmizin səfiri olacaq.
Gülhüseyn yarışdan yarışa
qaçmasına, gərgin
rejimdə çalışmasına
baxmayaraq, təhsilinə
də vaxt ayrır. Belə ki, Abdullayev pilot olmaqla yanaşı, həm də tələbədir.
O, İstanbul Medipol Universitetinin stomatologiya fakültəsinin ikinci kursunda oxuyur. Özünün dediyinə görə,
təhsillə yarışlara
eyni anda diqqət ayırmaq çətin olsa da, ikisində də müvəffəqiyyət
əldə etməyə
səy göstərir.
"Gələcəkdə özünü bacarıqlı
həkim, yoxsa məşhur pilot kimi görmək istərdin"
sualına Gülhüseynin
cavabı çox qısa oldu - Pilot.
Abdullayevin əsas hobbisi isə ölkələri gəzmək, film izləmək
və ailəsi ilə vaxt keçirməkdi.
Qarşıdan Avropa qran-prisi gəlir. Paytaxtımızda təşkil ediləcək
bu yarışda hələ ki, təmsilçimiz yoxdur.
Ancaq bu o demək deyil ki, gələcəkdə
də olmayacaq. Bəlkə də yaxın gələcəkdə Alonso, Hamilton kimi pilotlarla bir trasda azərbaycanlı
pilotu da görəcəyik. Bəlkə
də bir neçə il
sonra bu yarışa həvəskar
kimi yox, azarkeş kimi baxacağıq. Bu yöndə azərbaycanlı
avtoidman həvəskarlarının
əsas ümidi olan Gülhüseynin də məqsədi məhz budur. O, həyatda əsas məqsədi barədə
danışarkən bunları
deyib: "Həyatda əsas məqsədim Azərbaycanı dünyaya
tanıdıb, tarix yazmaqdır".
Gülhüseynə bu məqsədinə çatmasını arzulayır
və yarışlarda
uğurlar arzulayırıq. Sükanı möhkəm
saxla!
Kaspi.-2016.-6 may.-S.15.