Mənim öz kiçik dünyam var - İncəsənət
Gənc rəssam
Əfsanə Həbib: “Bütün hissləri
qadınlar daha gözəl ifadə edir”
Rəsm insanı sakitləşdirir, bir anlıq adamı başqa aləmə səyahətə aparır. İnsanları sehrli dünyaya səyahətə çıxarmağı bacaran rəssamlar isə hələm-hələm doğulmur. Müsahibim 27 yaşlı gənc rəssam Əfsanə Həbibdir. Onunla tanış olduqdan sonra öyrəndik ki, əslində yaradıcılıq eşqi nə kitablarla, nə də təhsil ocaqlarında yetişdirilir. Maraqlı əsələri ilə dünyanın müxtəlif ölkələrində sərgiləri təşkil olunan gənc rəssam qonağımız oldu. Söhbət etdikcə, bizə aydın ki, Əfsanənin özünəməxsus sənət dünyası var. O, insanlarla rənglərin dilində danışır.
- İstərdik, ilk olaraq, rəssamlıq təhsili almadan necə belə maraqlı əsərlər yaratmağınızdan danışasınız.
- Əslində uşaqlıqdan hüquqşünas olmaq istəmişəm. Bu mənim xarakterimdən irəli gəlir. Ancaq məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə qəbul oldum. Universiteti bitirdikdən sonra işləməyə başladım. Hiss edirdim ki, çalışdığım iş o qədər də ürəyimcə deyil. Nə qədər yaxşı iş şanslarım yaransa da, bu sahədə irəliləməyə o qədər də can atmadım. Gördüm ki, bu iş mənlik deyil. Atamın çox gözəl əl qabiliyyəti olub. O, boş vaxtlarında gözəl şəkillər çəkirdi. Mən də ona baxıb həvəslənirdim. Atam bu sənətin arxasınca getmədi. O, həvəskar rəssam kimi boş vaxtlarını dəyərləndirirdi. Atam Moskvada təhsil alıb, tamam başqa bir sahə üzrə çalışır. Onun əl işlərinə baxanda seçə bilməzsiniz ki, bunu dahi bir rəssam çəkib, yoxsa mənim atam. Mən öz əl işlərimdən ibarət sərgi açanda atamın da əsərlərini orada təqdim edəcəyəm. Atamın öz daxili dünyası var. O ki qaldı mənim əsərlərimə, həyatda insan sevinir, kədərlənir, deyir, gülür. Belə olan anlarda əlimə fırçanı alıram və o an keçirdiyim hissləri kağıza tökürəm. Əsəbləşəndə, yaxud da sevincli olanda nəsə çəkmək istəyirəm. İndi əsərlərimə baxanda bilirəm ki, o əsəri əsəbi olanda, yoxsa sevincli olanda çəkmişəm. Hirsimi də, sevincimi də əsər çəkməklə soyudurdum. Çalışdığım peşə məni o qədər də məmnun etmirdi. Sonda qərarlaşdırdım ki, bəlkə rəssam sahəsi üzrə ustad dərsləri alım, özümü təkmilləşdirim. Gənc rəssam Diləfruz Bağırova, Azərbaycanın tanınmış rəssamı, gözəl insan Sakit Məmmədovla tanış oldum. Bu yolda ilk onlarla tanışlığıma görə özümü uğurlu hesab edirəm. Rəsmlərimi onlara göstərdim, çox bəyəndilər. Bu mənə stimul verdi. Əsərlər çəkdikcə çevrəmdəki insanlar tərəfindən bəyənildiyini gördüm və daha da həvəsə gəldim. Mənə dedilər ki, bu sənətə ötəri həvəs kimi baxma. Daha sonra Sakit Məmmədovla sərgilərə, qastrollara, festivallara getdik.
- İlk
olaraq hansı şəkillər çəkməyə
başladınız?
- İlk işim milli xalçalarımızın üzərində vazada güllərdən ibarət oldu. İlk işim o qədər maraqlı alandı ki, hər kəsin diqqətini çəkdi. Çəkdiyim əsərlərin hamısının ayrı yeri var. Ancaq nədənsə ilk əsərimin yeri tamam başqadır. Hər stildən bir şey götürürəm. Demək olmaz ki, müəyyən bir stil üzərində çalışıram.
- Festivallara
gedən yol necə başladı?
- İlk dəfə Sakit Məmmədov əsərimi gördü və çox bəyəndi. O, dünyanı gəzən, gözəl əl qabiliyyəti olan rəssamlarımızdan biridir. Bildirdi ki, Parisdə dünya miqyaslı bir sərgi olacaq. Elə oldu ki, mənim də əsərlərim həmin sərgidə yer aldı. Ora dünyanın müxtəlif ölkələrindən rəssamlar öz əsərlərini göndərmişdilər. İlk uğurum məhz buradan başladı. Əsərlərim bəyənildi, xoş təəssüratlarla geri döndük.
- Qarşıda hər
hansı bir sərgi gözlənilirmi?
- Ötən həftə Rus Mədəniyyət Mərkəzində mənim əsərlərimdən ibarət sərgi keçirildi. Orada 17 əsərim nümayiş olundu. Sərgiyə gələn tamaşaçılar əsərlərim haqqında müsbət fikirlərini bildirdilər. Mayın 26-da Moskvada rəssamlarla bağlı böyük bir festival olacaq. Ora dəvət almışam. Hələ ki orada nümayiş etdirəcəyim əsərləri seçməmişəm. Əsərləri seçdikdən sonra orada iştirak edəcəyik. Gürcüstanda festivala dəvət aldım və orada iştirak etdim. Onlar mənim əsərlərimlə tanış oldular və öz müsbət fikirlərini səsləndirdilər. Amerikada həmyerlilərimizin təşkilatçılığı ilə payızda sərgim olacaq. Oraya təzə əsərlərimi aparmaq istəyirəm. Eyni işlərlə sərgilərə gedəndə yoruluram, elə bilirəm ki, heç işləməmişəm.
- Əsərlərinizdə
nəyə önəm verirsiniz?
- Qadın rəsmi çəkməyi çox sevirəm. Səbəbini bilmirəm. Bəlkə də qadın olduğum üçün qadınları daha yaxşı başa düşürəm. Çəkdiyim qadın əsərlərimdə onun digər tərəfi görsənmir. Qadını tam olaraq göstərmirəm. Qadının digər tərəfini gizli saxlayıram. Hətta onun tərəf müqabilini də göstərmirəm. Əgər qadını orada göstərmişəmsə, əks cinsi göstərməməyə çalışıram. Onu artıq tamaşaçıların ixtiyarına buraxıram. Şəklə baxan qadın özünü onun yerində təsəvvür edir. Elə bir ab-hava yaratmışam ki, tamaşaçı qarşı tərəfi istədiyi adamla təsəvvürünə gətirə bilər. Qadının da əks tərəfinin simasını versəm, hər ikisi aydın, konkret simalar olacaq. Burada maraqlı heç nə olmayacaq. Mənə elə gəlir ki, bütün hissləri qadın daha gözəl ifadə edir. Mesajlarımı insanlara qadınların ifadələri ilə çatdırıram.
- Nələrdən
ilhamlanırsınız?
- Hər şeydən. Hətta pis hadisələrdən belə, ilham alıb şəkil çəkə bilərəm. Göz yaşından, gülüşdən, sevgidən, məhəbbətdən. Toxuna və hiss edə biləcəyimiz bütün məfhumlardan.
- Rəssamlıq
qazanc gətirən sahə deyil. Bu işə kommersiya məqsədi ilə
baxırsınızmı?
- Heç zaman
bu barədə düşünməmişəm.
Bəlkə də nə zamansa olar. Ancaq hələ ki
düşünmürəm. Bir dəfə bir xanım mənim əsərlərimə baxırdı.
Yağışın altında qayıqda
sevgililərin çətirin
altındakı sevgisini
əks etdirən bir əsəri gördü və ağlamağa başladı.
Bu mənə çox təsir etdi. Qadının ağlamasına təbii
ki, pis oldum.
Digər
tərəfdən də
sevindim. Çünki anladım ki, insanların qəlbinə
toxuna bilirəm.
Həmin
əsəri xanıma
verdim. Bəlkə də kimsə
o əsərə pul verib alsaydı, mənim üçün bu qədər dəyərli olmazdı.
Ancaq o xanım bu əsərə
isti yanaşdı və oradakı qəhrəmanlar ona təsir etdi. Elə ola
bilər ki, əsərlərimi hədiyyə
də verə bilərəm. Yetər ki, əsərlərimi
sevərək izləsinlər.
- Rəssamların
çoxu nədənsə
ailə üzvlərinin
şəkillərini çəkməkdən
imtina edirlər. Sizdə necə?
- İndiyə
kimi ailə üzvlərimin şəkillərini
çəkməmişəm. Bir insanı tanımayanda, o daha maraqlı gəlir. Sözün düzü, indiyə
kimi elə bir istəyim olmayıb. Tanımadığın
insanı çəkə-çəkə
onunla tanış
olursan.
- Hədəfləriniz
nələrdir?
- Mənim öz kiçik dünyam var. Həyatın nələr
göstərəcəyini deyə
bilmərəm. Bu işin peşəkarcasına
təhsilini almaq istəyirəm. Nə qədər
maraqlı əl işlərim olsa da, ancaq bunun
çox dərin incəlikləri var və onlara tam olaraq yiyələnmək istəyirəm. Onları mənimsəsəm,
daha gözəl əsərlər çəkə
bilərəm. İstəyirəm ki, özünəməxsus
bir stilim, dəst-xəttim olsun.
Əsərlərimə baxanda desinlər
ki, bu, Əfsanənin
əl işidir.
- Rəsmlərinizdə
öz işarələrinizi
qoyursunuzmu?
- Çəkdiyim
rəsmlərdə, sadəcə
altdan öz imzamı – Əfsanə Həbib yazıram. Həbib atamın adıdır.
Mənə elə gəlir
ki, bu həvəs
mənə ondan gəlib. Özümə borc bildim ki, əsərlərimdə
onun adını qeyd edim. Həbib mənim ən böyük işarəmdir.
- Emalatxananız varmı?
- Şəxsi emalatxanam
yoxdur. Ancaq gələcəkdə xüsusi bir emalatxanamın olmasını
istəyərəm. Hazırda Sakit
Məmmədovun emalatxanasında
çalışırıq. İnsanın emalatxanası onun
öz evi kimidir. Gecə-gündüz, istədiyin vaxt
şəkil çəkə
bilirsən.
- Bir müddət ABŞ-da yaşamısınız. Orada rəssamlıq
sənətinə olan
maraqla burada olan maraq arasında
nə kimi fərqlər var?
- Çox fərqlər var.
Bilirsiniz, insanlar müxtəlifdir. Amerikanın əhalisi
çoxdur. Orada dünyanın
müxtəlif ölkələrindən
insanlar var. Onlar rəssamlığı çox
sevirlər. Bəzi ölkələrə
baxanda Amerikada bu sənəti daha çox sevirlər. Onların da çox gözəl rəssamları
var. İstənilən işdə
uğur əsas rol oynayır. Bizim sahədə də elə. Bəzən Nyu-Yorkun küçələrində
rəssamlar 5-10 dəqiqə
ərzində insanların
rəsmlərini çəkirlər.
Baxırsan ki, dahi rəssamların əsərlərindən
heç də geri qalmır. Orada ən yaxşıları seçilir.
- Amerikada tanınan rəssamlardan biri olmaq istəyiniz
varmı?
- Nəinki Amerikada, bütün dünyada. Tanınmış rəssam olmağım
üçün heç
olmasa xaricdə yaşayan həmyerlilərimiz
məni tanısın.
Bu da böyük
bir şeydir. Çox çalışmaq lazımdır.
Mənim
ağlıma belə gəlməzdi ki, görkəmli rəssam Sakit Məmmədovla bir yerdə çalışaram.
Xəyalə Rəis
Kaspi.-2016.-6 may.-S.11.