Kişilərin şəklini çəkmək istəmirəm

 

Aygün Həsənovanın sözlərinə görə, rəssam şəkil çəkərkən qəhrəmanının daxilini görməlidir

 

Yaradıcı ruh insanın dünyaya gəldiyi andan başlayaraq onun daxili aləmi xəyal dünyasını realizə edir. Əgər bir insan böyük yaradıcı ruha sahibdirsə, o zaman sevdiyi bir işlə məşğul olub, seçdiyi sahənin dərinliklərinə varsa, həmin yaradıcı ruh mütləq özünü büruzə verəcək. Çünki yaradıcılıq daxildən qaynayan bulaq kimidir, o, qeyri-ixtiyari qaynayır. Müsahibim belə insanlardandır.

 

Gənc rəssam Aygün Həsənova Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin modelyer-rəssam ixtisasını bitirib. Ailədə 3 bacıdırlar. Üçü müxtəlif istiqamətlər üzrə gedərək, özlərinə uğurlu  karyera qurublar. Bacıları da onun kimi uşaqlıqdan rəssamlığa meyil salsalar da, onlar gələcəklərini başqa istiqamətdə görüblər. Aygün deyir ki, rəssamlığı gələcəkdə sevərək çalışacağı ixtisas kimi görüb bu sənətin arxasınca gedib. Universiteti bitirən kimi işə qəbul olunub.

 

Rəssamlıq texnikasını inkişaf etdirməkdə müəlliməsi Aydan Dadaşova ona çox kömək olub. Universitetə qəbul olan vaxt akvarelin bütün detallarını müsahibimə məhz Aydan Dadaşova öyrədib. Gənc rəssam müəlliminə ömür boyu minnətdar olacağını bildirir.

- Universiteti bitirdikdən sonra hansı işlərdə çalışdınız? İxtisasınızı necə təkmilləşdirdiniz?

- Ümumiyyətlə, həyatda bir prinsipim var, öyrənmək lazımdır, öyrənməsən, inkişaf edə bilməzsən. Mən  indi öyrənirəm. İşə yeni qəbul olanda çalışdığım şirkətdə yeni texnologiya hökm sürməkdə idi. Belə ki, orada elektron şəkillər çəkirdik. Mənim o sahəyə böyük həvəsim var idi. İlk işim olaraq elektron planşetlərdə şəkillər çəkməyə başladım. Hər gün mütəmadi şəkildə öz üzərimdə işləyirdim. Hər dəfə özüm üçün nələrisə kəşf edirdim. Bir il orada çalışdıqdan sonra başqa bir işə qəbul oldum. Həmin şirkətdə isə mobil telefonlar üçün oyunlar, proqramlar hazırlanırdı. Mən həmin oyunlar üçün dizaynlar, şəkillər çəkirdim. Bu günə kimi xeyli dəyişmişəm. Çalışdığım sahələrin hamısı da elektron rəssamlığa aid olub. Uşaqlar üçün komedi şəkillər çəkmişəm. Videoproqramlarda çalışmışam. Biz orada animasiyalar hazırlayırdıq. Düzdür, bu birbaşa olaraq mənim sahəm olmadığı üçün çox çətin gəlirdi. Hesab edirəm ki, hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar. İşlədikcə başa düşdüm ki, bu, mən deyiləm. Bir müddət fotostudiyada çalışdım.

 

- Siz modelyer-rəssam ixtisasına yiyələnmisiniz. Bəs moda ilə bağlı hər hansı layihələriniz olmayıb?

- Əlbəttə. İşlərimdən əlavə, moda eskizləri çəkirəm. Moda ilə bağlı müxtəlif şirkətlərlə çalışıram. Hazırda çalışdığım arzularımın işidir. "Hypnotica” şirkəti ilə çalışıram. Bizim komandamız çox peşəkar insanlardan ibarətdir. 4 ildir ki, onlarla işləyirəm, bir-birimizi yaxşı başa düşürük. Belə bir şirkətdə çalışdığım üçün özümü xoşbəxt hiss edirəm.

 

- "Hypnotica” şirkətində nələr edirsiniz? Hansı layihələrə imza atmısınız?

- Orada müasir video-meppinqlə məşğuluq. Video-meppinq az müddətdir ki, yaranıb əsasən Fransa Almaniyada nümayiş etdirilirdi. Son zamanlar bizim video-meppinqlər təkcə MDB ölkələri ərazisində deyil, həm Avropada nümayiş olunub. Bu, ilk növbədə ötən il Praqanın mərkəzi meydanında Xocalı faciəsinə həsr olunan "Winds of Sorrow” layihəsidir. Düzdür, mən orada iştirak etməmişdim, ancaq bu bizim şirkətin uğurudur. "SUR/REALISM” isə İspaniyada "FIMG” festivalında göstərildi. Layihəyə "Münsiflərin seçimiadı verilmişdi. "Light of Time” Moskvada festivalda nümayiş olundu. Biz bunları Azərbaycandan "Hypnoticakimi təqdim edirdik. Bu sahə Azərbaycanda o qədər inkişaf etməyib. Bacardığımız qədər çalışırıq ki, bu sahəni inkişaf etdirək. 4 ildir bizə maraqlı gələn hər cür arxitekturalar üzərində çalışmışıq.

 

- Özünüzün işləmək üçün emalatxananız varmı?

- Dostlarımla bərabər kiçik bir emalatxana götürmüşük. Vaxt tapdıqca orada şəkillər çəkirəm və işləyirəm. Biz onu saymırıq. Bu, incəsənətin ən maraqlı növlərindən biridir. İşə gedəndə demirik ki, ofisə gedirik, deyirik ki, emalatxanaya gedirik. Hər hansı bir sifarişimiz olanda öz işimizi görürük. Ən çox akvarellə, sulu boya ilə şəkillər çəkirəm. Bəzi rəssamlar karandaş qrafikanı çox sevir. Sulu boya təmiz rəngdir. Orada rəngləri kirlətmək olmur.

 

- Çəkdiyiniz qadın obrazlarında qışqıran, hayqıran, dəlisov, qəhrəman qadın rəsmlərinə üstünlük verirsiniz. Bunun səbəbi nədir? Bəlkə həmin qəhrəmanın yerinə özünüzü qoyursunuz?

- Özümü o qədər də güclü qadın hesab etmirəm. Elə şəkillərim var ki, insanlarda neqativ hisslər yaradır. Deyirlər ki, nə üçün belə şəkillər çəkirsən? Deyirəm ki, mən insanlar ondan pis enerji alsın deyə çəkmirəm. Hansı ki, o şəkillərdə qəhrəmanların əli-ayağı olmur. Mən həmin şəkillərdə qəhrəmanlarımın daxili aləmini göstərməyə çalışmışam.

 

- Nə üçün kişi obrazına müraciət etmirsiniz?

- Çünki qadınları daha yaxşı tanıyıram. Qadın qadını daha yaxşı başa düşür. Hərdən olur ki, hər hansı hekayəni oxuyanda ağlımda qadın obrazı yaranır və onu çəkməyə başlayıram.

 

- Qeyd etdiniz ki, o qədər də güclü qadın deyilsiniz. Rəsmlərinizə baxanda isə bunu demək çox çətindir.

- Heç kim özünə güclü insan deyə bilməz. Şükürlər olsun ki, o qədər də böyük çətinliklər görməmişəm. Qadınlar fiziki cəhətdən zəif olmasına baxmayaraq, kişilərdən çox güclüdürlər. Faktor kimi qadınlar kişilərə nisbətən çox güclüdürlər. Bu, feminist bir fikir deyil. Mən qadını daha yaxşı başa düşürəm. Kişilərin daxilini bilmirəm deyə, hədər yerə onların şəklini çəkmək istəmirəm. Bir-iki dəfə cəhd etdim kişi şəkli çəkəm, gördüm ki, içimdən gəlmir. Gördüm ki, adi, mənasız bir şəkil alındı.

 

- Nədən ilhamlanırsınız?

- Hər hansı bir hekayədən, gündəlik gördüyüm hər şeydən. Ancaq daha çox fantaziyamı işə salıram.

 

- Şəkillərinizin çoxuna buynuzlu qadın işarələri qoyursunuz.  Bununla nə demək istəyisiniz?

- Buynuz bir simvoldur. Bütün şəkillərimdə simvollardan istifadə edirəm. Buynuz mərdlik, müharibəyə hazır, həyatda döyüşkən, mübarizə aparan, qalib gələn qadın deməkdir. Çox zaman mənə deyirlər ki, sən satanistsən. Mən bunu eşidəndə çox gülürəm. Daha sonra dedim ki, nə fikirləşirlər fikirləşsinlər.

 

- Tez-tez divarda divar boyu rəsmlər çəkirsiniz. Çətin deyilmi?

- Əksinə, divar boyalarından istifadəni çox sevirəm. Bizdə divar boyaları ilə məşğul olan çox az adam var. Bu işə 2012-ci ildən başlamışam. İlk dəfə müdirdən xahiş etdim ki, onların studiyalarında rəsm çəkim, o da razılıq verdi. Və çox razı qaldılar. Sonra davamlı olaraq çəkməyə başladım. Ondan sonra sifarişlər gəlməyə başladı. Elə şəkillər var ki, bir aya, eləsi də var ki, 3 günə çəkirəm. Böyük işlər gec həll olur. Divarda şəkil çəkmək çox maraqlı işdr.

 

- Ev dizaynerliyində sizə müraciət edirlərmi?

- Əlbəttə, edirlər. Hər rəssamın öz fərdi xətti olur. Mən də öz dəst-xəttim üzrə çəkirəm. Çalışıram ki, öz seçdiyim istiqamətdə qalım. Dostumla öz sahəmizdə yeniliklər etməyə çalışırıq. Mən modaya aid nəsə etmək istəyirəm. Nəsə etməsəm, düzgün olmaz.

 

- Bu sənəti seçərkən valideynlərinizin sizə münasibəti necə oldu?

- Onlar mənə dəstək oldular. Onlar incəsənəti çox sevirlər. Bu sənəti seçmək üçün özləri mənə məsləhət gördülər.

 

- Ailə üzvlərinizin şəklini çəkirsinizmi?

- Yaxın adamların şəklini çəkirəm. Onları yalnız cizgi filmləri obrazlarında çəkə bilərəm.

 

- Evdə divarlarınızı necə, boyayırsınızmı?

- Buna icazə vermirlər. Həyətin divarına kiçik kəpənəklər çəkmişəm. İndi deyirlər ki, həyətdə nəsə çək, mənim isə ona vaxtım olmur.

 

- Cəmiyyətimizdəki qızlardan fərqlisiniz, bu, nədən irəli gəlir?

- Əslində ailədən , çevrədən çox şey asılıdır. Əgər fərqlənmək mühitdən asılı olsaydı, mən çox sıxıcı olardım. Öz üzərimdə çalışıram, yeniliklər axtarışındayam. Dünyada baş verən hadisələri mütəmadi olaraq izləyirəm. Hesab edirəm ki, rəssam ətrafa diqqət yetirməlidir ki, obrazlar beyninə həkk olunsun. O, şəkil çəkərkən qəhrəmanının daxilini görməlidir.

 

Xəyalə Rəis

Kaspi.-2016.-12 may.-s.14