12 illik təhsilə hazırlıq mərhələsi

 

Ekspertlər təmayülləşmənin təhsilin keyfiyyətinə müsbət təsir edəcəyini proqnozlaşdırırlar

 

Tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil edilib. 2015-2016-cı tədris ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbin 10-11-ci siniflərində təmayülləşmə tətbiq edilib. Ancaq tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi qərara alınıb. Belə ki, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi haqqında təhsil nazirinin verdiyi əmrə uyğun olaraq, 2016-2017-ci tədris ilindən Bakı və bir sıra rayonlar üzrə pilot ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunacaq. Təmayülləşmə Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, Lənkəran, Quba, Bərdə, Tovuz, İsmayıllı, Şəki, Ağcabədi, Yevlax, Xaçmaz, Samux, Neftçala, Zaqatala, Cəlilabad, Şamaxı, Siyəzən, Şabran, Qusar, Qəbələ, Balakən, Salyan, Masallı, Biləsuvar, Sabirabad, Saatlı, Kürdəmir, Göyçay, Zərdab, Beyləqan, Ağdaş, Goranboy, Göygöl, Tərtər, Şəmkir, Qazax, Ağstafa rayonları üzrə həyata keçiriləcək. Qeyd edək ki, pilot məktəblərində təmayül sinifləri Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.6-cı bəndinə uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. Həmçinin həmin məktəblərdə təmayül fənlərini tədris edəcək müəllimlər üçün öyrədici təlimlər keçirilməsi təşkil ediləcək. Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyil-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılacaq.

 

Təbii ki, suallar doğur: təmayülləşmənin məktəblərdəki tədris prosesinə xeyriolacaq? Bu istiqamətdə şagirdlərin təhsilində hansı irəliləyişlər əldə ediləcək?

 

Təmayül siniflərindəki tədris geniş yayılan repetitorluğun qarşısını alacaqmı? Ali məktəbə qəbulda hansı üstünlüklər əldə ediləcək?

 

Təhsil Şurasının sədri Əjdər Ağayevin fikrincə, elmlər qruplara bölünəndə - riyaziyyat, humanitar, təbiət və s. təmayüllü siniflər üzrə keçirilən tədris fərqli olur: "Elmin özü bunu tələb edir. Burda daha çox uşaqların marağının nəzərə alınması rol oynayır. Məsələn, şagird məktəbi  qurtarır, nə qədərsə bal yığır, hansısa ixtisas üzrə düşüroxuyub peşman olur. Təmayüllü məktəblər isə buna imkan verməyəcək. Həm də bu məktəblərə hər kəs daxil ola bilməyəcək. Yalnız elm, yüksək təhsil dalınca gedənlər daxil olacaqlar. Orada oxuyanlar da tədris olunan elm sahələrini mükəmməl öyrənəcəklər”. Ekspert qeyd edir ki, təmayüllü siniflərdə müəyyən fənlərdən ixtisarlar olacaq və hazırda bununla bağlı müzakirələr gedir: "Tutaq ki, tədris planından informasiyanı çıxarmışdılar. Ancaq çox adamlar deyir ki, 10-11-ci siniflərdə də informasiya öyrədilməlidir. Yəni ümumi dünyagörüşü verən fənlər öyrədiləcək”. Ə.Ağayevin sözlərinə görə, təmayüllü məktəbləri bitirənlər savad baxımından digər ümumtəhsil məktəblərində oxuyanlardan fərqlənirlər. Belə ki, bir çox tanıdığımız siyasətçilər və təhsil, elm işçiləri, dövlət xadimlərinin əksəriyyəti məhz həmin təmayüllü məktəblərin məzunlarıdır: "Artıq təhsil həmin dövrdəki təhsil sisteminə qayıdır, yəni 12 illik təhsil sisteminə keçmək üzrədir. Artıq dünya praktikasında da təmayülləşmə 10-11-12-ci siniflərdə aparılır”. TŞ sədri hesab edir ki, Təhsil Nazirliyinin qərarı bütün hallarda təhsilin keyfiyyətinin artmasına şərait yaratmaq məqsədi daşıyır: «90-cı illərdən sonra bütün rus məktəbləri Azərbaycanda demək olar ki, yığışdırılmışdı. Hətta bütöv təlimi rus dilində olan məktəblər və rus dilində təlim keçirilən siniflər də yox idi. Hazırda təlim rus dilində keçirilən məktəblər olsa da, siniflərin sayı çox azdır. Təlim rus dilində olan siniflərin sayının artırılması əsas məqsəddir. Son bir neçə ildə siniflər xeyli artırılıb. Ancaq bu, bizə çox görünməsin. Bu o mənada yaxşıdır ki, onsuz da xarici dilləri bilməliyik. Həmçinin rus dilində olan təlim dərslikləri müasir tələblər səviyyəsində hazırlanmış vəsaitlərdir. Məktəb tanıyıram ki, müəllim tərcümə olunmuş dərslikləri partanın üstünə qoyur. Rusiyadan gətirilmiş dərslikləri isə partanın altında saxlayır, amma tədrisi həmin dərsliklərdən keçir. Çünki onların tələbləri yerindədir, materiallar ardıcıllıqla qoyulubs. üstün cəhətləri var. Həmin məktəblərdə təhsilin keyfiyyəti də diqqəti cəlb edir”. Ekspert bildirir ki, bu cür təmayüllü məktəblərdə keçirilən tədris və şagirdlərin hazırlığı digər məktəblərdən fərqlənir. Bundan əlavə, təlimin rus dilində olması şagirdin öz ana dilini bilməməsinə əsas vermir. Belə ki, digər bir göstərişə görə, təlim rus dilində olan məktəblərdə Azərbaycan dili dövlət dili olaraq mükəmməl öyrədilməlidir. Yəni təlim rus dilində olan  məktəbi bitirən hər bir uşaq öz ana dilini bilməlidir. Ə.Ağayevin fikrincə, təmayüllü siniflərin yaradılmasının repetitorluğun qarşısının alınmasına heç bir aidiyyəti yoxdur. O cümlədən, təmayül fənləri üzrə dərs deyən müəllimlər də seçilən pedaqoqlar olacaq. Belə ki, onların əksəriyyətinin elmi dərəcəsi olmalıdır. Yəni onlar həm tədqiqatçı, həm də ustad müəllim kimi seçilməlidir. TŞ sədrinin sözlərinə görə, həmçinin bu istiqamətdə çoxlu tədbirlər, müsabiqələr, yarışlar, müzakirələr keçiriləcək: "Məktəb yalnız 45 dəqiqəlik dərsdən ibarət deyil. Məktəbdənkənar çoxlu tədbirlər var. Hazırda həmin tədbirlər bizim məktəblərdə yox dərəcəsindədir. Bu tendensiyanı gücləndirəcəklər. Görüləcək bütün işlər şagirdlərin biliyinin inkişafına xidmət edəcək».

 

Azərbaycanda Təhsil haqqında qanunda təmayülləşmə haqqında bəndin olduğunu deyən ekspert Etibar Əliyev təmayülləşmənin genişlənməsini labüd hesab edir: "Çünki şagirdlər geniş şəkildə məktəbdən yayınırlar. Məktəbdə təmayülləşmə həyata keçirilmədiyi üçün onlar seçdikləri ixtisas qrupu üzrə daxil olan fənlərdən daha yaxşı hazırlaşmaqdan ötrü məktəbdən yayınırlar”. Ekspertin fikrincə, təmayülləşmə 12 illik təhsilə hazırlıq mərhələsi kimi qəbul oluna bilər. Belə ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında 12 illik təhsilə keçid məsələsi yer alıb: "Biz  dünya standartlarından geri qalırıq. Bütün dünya ölkələrində 12 və 13 il təhsil tədris olunur. Bizdə 10-11-ci siniflərdə təmayülləşmə prosesinin həyata keçirilməsi üzrə problemlər yaranır. Ona görə də hesab edirəm ki, təmayülləşməyə keçid, təmayüllü məktəblərin yaradılması və onların inkişafı 12 illik təhsilə keçidin sürətlənməsinə kömək edən məsələdir. Biz mütləq bu prosesə keçməliyik. Fikrimcə, hələ xeyli yubanmışıq”. Ekspertin fikrincə, təmayüllü məktəblərin sayının artırılması repetitorluqdan uzaqlaşmağa xidmət edir: "Nə qədər orta məktəblərdə təmayülləşmə prosesi aparılmayıb, repetitorluq xidməti güclənəcək. Ona görə də bütün orta məktəblərdə təmayülləşmənin tətbiqi zəruridir. Həmçinin «Təhsil haqqında” qanun buna imkan verir”. E.Əliyev hesab edir ki, təmayül fənləri üzrə tədris edən müəllimlər də kifayət qədər təkmilləşməlidirlər: "Heç şübhəsiz ki, bu təkmilləşmə 12 illik təhsilə keçidlə bağlı daha sürətli xarakter daşımalıdır. Müəllimlərin təlimi daha yaxşı tədris etmək üçün saatları artacaq. Tutaq ki, birinci ixtisas qrupu üzrə imtahan verənlərdə fizika, riyaziyyatkimya fənlərindən hazırlıq gücləndiriləcək, o cümlədən digər fənlərə olan saatlar azalacaq. İdman üzrə yetişən şagirdlər varsa, onları o istiqamətə yönləndirmək lazımdır.ya 4-cü ixtisas qrupu üzrə hazırlaşan şagirdlərdən əgər ədəbiyyat fənnindən böyük bir şeiri əzbərləmək tələb olunursa, o, vaxtının çoxunu ona sərf edirdi. Ola bilər ki, müəllimlər də həmin böyük əsərin və ya şeirin qısa məzmununu uşaqlara başa salmağa məcbur olacaqlar. Əgər şagird təbiət elmlərini seçirsə, sinifdə 4-5 fənn üzrə gücləndirilmiş proqramlar həyata keçiriləcək. Digər fənlərin saatları azalacaq və şagirdlərin maraqlarına uyğun olaraq fənn seçimləri yaranacaq”. Fənləri tədris edəcək müəllimlərə gəlincə, onlar öz fənlərini daha yaxşı tədris etmək üçün öz uzərlərində işləməlidirlər. Həmçinin dərs yükünün artmasına uyğun olaraq onların əmək haqlarında dəyişikliklər baş verə bilər: "Tədris olunan fənnin saatından asılı olmayaraq müəllim öz fənninə olan marağı uşaqlarda artırmalıdır. Bu mənada, müəllimlərdən çox şey asılıdır. Yəni müəllimlər əlavə edilən saatlarla şagirddə marağı artıra bilərlər. Təmayülləşmə o deməkdir ki, daha çox uşaqların istəklərinə uyğun olaraq fənlər tədris olunmalıdır. Bu, dünyada baş verən prosesdir. Fənnə olan marağı müəllimlər yaratmalıdır”. Ekspert hesab edir ki, təmayülləşmə siniflərə təzə tətbiq olunduğundan hələlik qəbul imtahanlarında şagirdlərin topladığı yüksək ballar hiss olunmur: "Ancaq hesab edirəm ki, təmayülləşmə yaxın gələcəkdə öz təsirini göstərəcək. Necə ki, təmayüllü orta məktəb mövcuddur. Məsələn, riyaziyyat, fizika, biologiya, kimya təmayüllü orta məktəblər fəaliyyət göstərir və onların təsiri yüksəkdir. Bu cür təmayüllü siniflərin yaradılmasının da təsirini hiss edəcəyik».

  

Təranə Məhərrəmova

Kaspi.-2016.-27 may.-S.6.