“Səhnədə çox
üşüsəm də, alqışlar hər şeyi unutdurdu”
Günel Məmmədova: “Bundan
sonra məni “Sarı gəlin” deyə çağırsalar, fəxr
edərəm və bu, ürəyimcə olar”
Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gənclər və İdman Nazirliyi tərəfindən 150-dək tələbə və aktyorun iştirakı ilə hazırlanmış "Sarı gəlin” tamaşası təqdim olundu. Tamaşada mahnının yaranma tarixi faktlar əsasında, yaradıcı şəkildə təqdim edildi. Tədbirdə muğam və milli musiqilər səsləndirilərək, "Sarı gəlin” mahnısının tarixi haqqında hazırlanmış videoçarx da nümayiş olundu. Tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru əməkdar artist Nicat Kazımovdur. Sözügedən tamaşada Sarı gəlin obrazını yaradan aktrisa Günel Məmmədova "Kaspi”-nin qonağı oldu. Hazırda "Günəşim ol” serialında əsas obrazlardan birini canlandıran aktrisa təəssüratlarını bizimlə bölüşdü. Gənc Tamaşaçılar Teatrının yetirməsi olan və teatrda bir-birindən maraqlı obrazları ilə könüllərdə taxt quran Günel arzularının bir-bir gerçəkləşdiyini deyir.
- İlk
olaraq sizi "Sarı
gəlin” kimi böyük
bir layihədə əsas qəhrəmanlardan
birini canlandırdığınıza
görə təbrik edirik. Təəssüratlarınızı
öyrənmək istərdik.
- Ağlımın ucundan belə keçməzdi ki, mən nə zamansa "Sarı gəlin” layihəsində əsas obrazlardan birini canlandıraram. Əslində, bu tamaşa çox qısa bir müddətdə ərsəyə gəldi. 10 gün ərzində belə möhtəşəm bir layihə ərsəyə gəldi ki, bu da rejissorumuz Nicat Kazımovun peşəkarlığından irəli gəlirdi. Belə qısa zaman ərzində möhtəşəm layihəni onun kimi rejissor ərsəyə gətirə bilərdi. Bunun üçün mən Nicat müəllimə təşəkkürümü bildirirəm. Layihənin nə qədər önəmli olduğunu nəzərə alırdıq və bunun üçün çox həyəcan keçirirdik. Mən uşaqlıqdan belə bir obraz canlandırmağı arzulamışam. Tez-tez "Sarı gəlin” mahnısını ifa edirdim. Xarici səfərlərimiz olanda bu obrazdan danışır, bu mahnının rəqsini edirdim. Hətta uşaqlıqda mənə "Sarı gəlin” deyirdilər. Beş il bundan qabaq Türkiyədə "Dağ Kartalları” adlı seriala dəvət almışdım. Orda da mənə Sarı gəlin obrazını vermişdilər. Sonradan bir çox problemlər yarandığı üçün bu layihə ləğv olundu. Neçə ildən sonra yenə də o obrazı yaratmaq mənə qismət oldu. Bu çox məsuliyyətli bir iş idi. Qürur hissi keçirirəm ki, belə möhtəşəm bir layihədə iştirak etmişəm. O ki qaldı tamaşaya, səhnədə böyük dekorasiya qurulmuşdu. Səhnədə dağlar, şəlalələr var idi. Biz Bəhramla o soyuq suya atılmalı idik. Mən 10 dəqiqə soyuq suyun içərisində qaldım. Səhnə də soyuq idi. Tamaşa zamanı çox üşüsək də, alqışlar bizə hər şeyi unutdurdu. Çox çətinliklə də olsa, bu layihəni ərsəyə gətirdik. Qeyd edim ki, əməkdar artistimiz Hüsniyyə Mürvətovanın da bu işdə rolu danılmazdır. İkimiz də bu tamaşaya ürək qoymuşuq. Belə ki, Sarı gəlin obrazını Hüsniyə xanım səsləndirdi. Onun səsləndirməsində və mənim ifamda obraz maraqlı alındı. Məlumat üçün bildirim ki, layihənin reallaşdırılmasında məqsəd gəncləri Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırmaq, adət və ənənələrin qorunub-saxlanılması və təbliğ edilməsindən ibarətdir. Üç hissədən ibarət layihənin ilk bölümündə qonaqlar foyedə "Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olacaqlar.
- "Sarı gəlin”
tamaşası xaricdə necə, nümayiş
olunacaqmı?
- Əslində çox istərdim. Gələcəkdə bu haqda düşünəcəklər. Ancaq hələ ki belə bir fikirləri yoxdur. Ola bilsin ki, bu tamaşanı biz gələn il Heydər Əliyev Sarayında oynadıq.
- Hər bir aktrisa istər ki, dünyaca məşhur "Sarı gəlin” layihəsində yer alsın və məhz uzun müddətdir ki, müzakirə obyektinə çevrilən bu mahnının türklərə məxsus olduğunu dünyaya bir daha sübut etsin.
- Elədir. Fikirlərinizlə tamamilə razıyam.
-
Maraqlıdır, səhnəyə çıxarkən
hansı hissləri keçirdiniz?
- Səhnədə çox həyəcanlı idim. Özümlə qürur duyurdum. Fəxr edirdim ki, belə bir obrazı canlandırıram. Bizim xudbin qonşularımız hər nə qədər onu öz adlarına çıxarmaq istəsələr də, tarix öz sözünü deyir. "Sarı gəlin” türk xalqına məxsusdur. Bu obrazı uşaqlıqdan arzuladığıma görə, bəlkə də bu qədər sevinməmişəm. Bilirsiniz ki, mən bir çox obrazlar canlandırmışam. Düzdür, bütün obrazlarım mənə əzizdir, amma "Sarı gəlin”in qəlbimdə tamam başqa yeri var. İndiyə qədər də eyforiyadayam. Bu tamaşanı çox qısa müddətdə ərsəyə gətirdiyimiz üçün çox həyəcanlı idim. Açığını desəm, bu obrazıma görə özümdən tam razı qalmadım. Deməzdim ki, obrazın öhdəsindən mükəmməl gəldim, amma ən azından 10 gün ərzində əlimdən gələni etdim.
- Tamaşanı ikinci dəfə izləmək imkanımız
olacaqmı?
- Əfsuslar olsun
ki, bu tamaşa
repertuarda olmayacaq.
-
Rusiya Federasiyası
Teatr Xadimləri İttifaqının və
Mədəniyyət Nazirliyinin
təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində obraz yaradarkən də məhz "Sarı gəlin”ə müraciət etmişdiniz. Xatırladınızmı?
- Bəli. Mən orada həm
"Sarı gəlin”
mahnısını ifa,
həm də o mahnıya uyğun rəqs etmişdim. Həmin məktəbdə
ermənilər də
vardı... Hara gedirəmsə, "Sarı
gəlin” rastıma çıxır. O, sanki
mənim həyatımın
bir hissəsidir. Hər yerdə mənimlədir.
- Hər bir aktrisanın həyatında möhür
vurduğu bir obrazı var. Bundan sonra sizə "Sarı gəlin” deyə xitab edə bilərikmi?
- Açığı, mən
deyə bilmərəm
ki, bu obraza
möhür vurmuşam.
Amma çox istərdim ki, belə olsun.
Bundan sonra məni "Sarı gəlin” adlandırsalar, fəxr edərəm və ürəyimcə olar.
- Vizual olaraq xarici qızlara
bənzəyirsiniz. Bu sizə seriallarda, filmlərdə, tamaşalarda
əsas obrazlara çəkilmək üçün
avantaj yaradırmı?
- Xarici görkəmimin sənətimə çox
böyük təsiri
olub. Hər zaman mənə
deyiblər ki, simanız avropalılara bənzəyir. Xarici ədəbiyyatla
bağlı əsərlərdə
əsas rollara çəkilməyimin səbəbi
əcnəbilərə bənzəməyimdir.
Şükürlər edirəm ki,
fərqli görkəmim
var. İstər səhnədə,
istər filmlərdə
bu mənə çox uğur gətirir. Standart azərbaycanlı simam yoxdur.
- Siz həm də hazırda ATV-də yayımlanan "Günəşim
ol” serialında əsas obrazlardan birini canlandırırsınız.
İlk dəfədir ki, bir bölgə
teatrının əsas
aktyorları seriala çəkilir və o
serial da böyük reytinq toplayır. Hazırda vəziyyət necədir?
- Serial çəkilişləri başlayarkən
bəzi problemlərimiz
oldu, ancaq onlar da qaydasına
düşdü. Bir çox
aktyorlar kamera qarşısına təzə
çıxsalar da, uğur qazandıq. Serialın uğuru varsa, bu, rejissorun uğurudur. Şahin Qəhrəman çox
çalışır. Çox istedadlı aktyorlarımız
var. Aktyorluq bir kənara, əsas odur ki, insani
keyfiyyətlərə məxsusdurlar.
Mən bir şeyi diqqətə
çatdırmaq istəyirəm
ki, bölgə teatrlarımızın aktyorları
heç də paytaxtda çalışan
aktyorlardan geri qalmırlar. Onlar öz
rollarını ürəklə
oynayırlar. İndi də
cahil düşüncəli
insanlar var. İstəyirik
ki, insanlara fərqli bir mövzu göstərək.
Elə insanlar var ki,
heç övladlarını
oxutmur, təhsilə önəm vermirlər.
Serialımızda belə problemləri
göstərməyə çalışırıq.
Serialın ssenarisini oxuyanda
çox bəyəndim
və bu obrazı canlandırmağa
qərar verdim. Çox istərdim ki, digər rejissorlar da bu serialdan
sonra bölgələrimizə,
əyalətlərimizə üz tutsunlar. Həm gözəl təbiətimizi
nümayiş etdirsinlər,
həm də bölgələrdə fəaliyyət
göstərən aktyorlarımızı
üzə çıxarsınlar.
Bu bir yenilikdir.
- Bölgədə
çəkilən serial hazırda
hansı çətinlikləri
yaşayır?
- Azərbaycanda belə
serial olmayıb ki, o, sırf bölgədə çəkilsin və orada məhz bölgə problemləri əks olunsun. Bir çox problemlər yaşayırıq, ancaq onların hamısı həll olan problemdir. Əsas problemimiz hava
ilə bağlıdır.
Bilirsiniz
ki, biz həftəiçi
yayımlanırıq. Çəkiliş zamanı yağış
yağır, neçə
saat onun bitməsini gözləyirik.
Ancaq Lənkəran Rayon İcra
Hakimiyyəti bizə çox kömək edir. Nə lazım olubsa,
yardım göstəriblər.
- Qarşıdakı
bölümlərdə Nərgizi
nələr gözləyəcək?
- Qarşıdakı süjet
haqqında öncədən
məlumat verməyə
ixtiyarımız yoxdur.
Sizi əmin edirəm ki, çox maraqlı olacaq. Onu deyim ki, müəllimənin
başına çox
pis hadisələr gələcək. Məni oğurlayacaqlar,
hətta ölüm təhlükəsi ilə
üz-üzə qalacam.
O ailədə bir itki baş verəcək,
hər kəs elə hesab edəcək ki, həmin ailə üzvü ölüb. Ancaq o insan gəlib Nərgizi xilas edəcək.
- Siz bizə serialdakı sevgidən danışın.
Nərgiz Fərhadı,
yoxsa Kənanı sevəcək?
- Hazırda Nərgiz
Fərhadı yavaş-yavaş
sevməyə başlayır. Xoşbəxt olan zaman Kənan
gəlib çıxacaq.
Kənan
hələ ki Nərgizlə görüşməyib.
Görüşmə anı olduqdan
sonra Nərgizin başqa problemləri ortaya çıxacaq.
Kənan
Nərgizin nişanlısı
olub zamanında, onu sevib. Nərgiz daxili sarsıntılar keçirəcək və
seçim qarşısında
qalacaq. Növbəti bölümlərdə siz onun qərarını
görəcəksiniz.
- Qabaqdan nar bayramı gəlir. Yenə də sizi
"Nar qızı” obrazında
görəcəyik?
- Bu dəfə "Nar qızı” mən olmayacam. Hazırda «Günəşim ol» serialı ilə əlaqədar çəkilişlər davam edir. Bu serialda rol aldığım üçün başqa bir layihədə iştirak etməyə vaxtım yoxdur. O qədər yorğun oluram ki...
- Siz
Gənc Tamaşaçılar Teatrının repertuarında yer alan tamaşalarda
ən çox oynayan
aktrisalardansınız. Teatrdakı obrazlarınızı
canlandırmağa necə vaxt
tapırsınız?
- Yeni tamaşalar götürə bilmirəm. Təsəvvür edin ki, günüm Lənkəranla Bakı arasında yollarda keçir. Ən böyük çətinliyim yol yorğunçuluğudur. Uzun müddətdir ki, yuxuya həsrətəm. Teatrımızın rəhbəri Mübariz müəllimə dərin minnətdarlığımı bildirirəm. Məni başa düşür, serialda iştirakım üçün hər bir şərait yaradır. Lənkəran Bakıdan bir az uzaq olduğu üçün mənə ikiqat çətindir. Hələ ki təzə tamaşalarda yoxam, ancaq köhnə tamaşalarımı vaxtaşırı gəlib oynayıram. Ancaq tamaşaçı alqışları üçün çox darıxmışdım. O alqışlar nəyə desən dəyər. Tamaşaçı alqışından sonra adamın bütün yorğunluğu çıxır, yatmaq da istəmirsən.
- Lənkəran
Teatrında səhnəyə çıxmaq təklifi
almısınızmı?
- Lənkəran Teatrının aktyor heyəti ilə yaxından tanış oldum. Onlarla birlikdə işləyirəm. O teatrda mənə mono-tamaşa oynamağı təklif etdilər. Ancaq teatrın səhnəsində oynamaq üçün o qədər də vaxtım yoxdur. Lənkəranda səhər açılandan axşama qədər çəkilişlərdə oluruq. İndi havalar bir qədər soyuq keçdiyi üçün biz daha çətinliyə düşürük. İndi olmasa da, gələcəkdə bu təklif yenə olunarsa, çıxış edərəm.
Xəyalə Rəis
Kaspi.-2016.-1 noyabr.-S.12.