Təzad dolu aktyor
ömrü
Təzadlarla dolu bir ömür
yaşayıb Rza Əfqanlı. Hələ uşaqlıq illərindən
üzləşdiyi itkilər,
ağır dərdlər
ahıl çağlarında
belə, varlığından
çəkilmirdi. Kədərli gözlərinini dərinliyində
bu görkəmli sənətkarın nələr
çəkdiyi sezilirdi.
Rza Əfqanlının mədəniyyət
tariximizdəki xidmətlərini
araşdırarkən, bir
fikrin təsdiqinə varırsan ki, o, son dərəcə istedadlı,
sənətinə bağlı,
cəfakeş aktyor olub. İstər mütəxəssislərin rəyinə görə, istərsə də müasirlərinin xatirələrində
Rza Əfqanlı fərqli aktyor kimi təqdim edilir. Onun bütün sevinci,
nəşəsi yaratdığı
obrazların uğurlu
alınmasında əks
olunardı. Səhnəni çox sevirdi. Sanki bütün dərdlərini
yaratdığı obrazlarda
unudurdu. Rza Əfqanlı
üçün rolun
böyüyü, kiçiyi
yox idi. O, həmişə libasını
geyindiyi obrazın canlı və təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən
maraqla qarşılanmasına
çalışırdı. Həyatdakı Rza Əfqanlı
ilə səhnədəki
rolları arasında böyük fərq var idi. O, hər bir obrazın
fərqli xüsusiyyətini,
daxili aləmini, sevinc və nifrətini təbii yarada bilirdi. Sənətşünas İnqilab Kərimov
söyləyirdi ki, Rza Əfqanlı bütün problemlərini,
dərdini teatrdan kənarda qoyardı.
Bu səbəbdən də həyatda nə qədər dərdli, qəmli hadisələrlə üzləşsə
də, səhnədə
hər bir obrazın öz geyimində, formasında, dəyərində olmağı
bacarırdı. Sadə, epizodik
obrazdan başlamış,
baş qəhrəmana
kimi bütün rollarını cani-dildən
yaradırdı.
O, 1899-cu ilin mayında Cənubi Azərbaycanın
Sərab şəhərində
anadan olub. İki yaşında atası Rüstəmi itirən Rza yetimliyin çox ağır ovqatı ilə üzləşib. Onun yaşıdları
valideynləri ilə birlikdə xoşbəxt həyat sürərkən,
Rza 9 yaşında qapılarda işləməyə,
qoyun-quzu otarmağa məcbur olub. Dolanışığın çətinliyi 1912-ci ilin baharında Rzanın Bakıya gəlməsinə səbəb
olub. O vaxtlar neft şəhəri kimi məşhurlaşan paytaxta bir parça
çörək dalınca
üz tutanlar çox olurdu. Bu səfərlərin də uğurlu və uğursuzu olurdu. Kimisi həqiqətən də xoş gün-güzəran sahibi
olur, bir başqası isə yenə də işsizlik girdabında əziyyət çəkirdi.
Bəlkə də elə bu səbəbə
görə, dörd il sonra
Rza Əfqanlı Pyatiqorsk şəhərinə
gedib. Burada da həyat onun üzünə gülməyib. Gah çəkməçi
şagirdi işləyib,
gah vağzallarda yük daşıyaraq, çörəkpulu qazanıb.
Sonra isə rus ordusunda
hərbi xidmətə
gedib.
Rzanın hələ uşaqlıqdan
xalq oyunlarına böyük marağı olub. Doğrudur, yaşıdlarına qoşulub "teatr çıxarmağa" vaxt
tapmazdı, amma sinəsinin altında qaynayan bir həvəs
daim fikirlərini xəyalında yaratdığı
bir aləmə çəkərdi. Bəlkə
də elə buna görə yenidən Bakıya qayıdıb, neft mədənlərində iş
axtaran Rza Əfqanlı, ilk növbədə
Sabunçu qəsəbəsindəki
dram dərnəyinə yazılıb.
Gənc oğlandakı
aktyorluq istedadını
ilk dəfə akademik
teatrın aktyoru Xəlil Hüseynov hiss edib. Dünya həqiqətən də yaxşı adamlardan xali olmur. Bu görkəmli
aktyorun Rza Əfqanlının qarşısına
çıxması, onun
gələcək həyat
yolunun düzgün müəyyənləşməsində əsas rol oynadı.
Beləliklə, Rza Əfqanlı
Mərkəzi Dövlət
Səyyar Teatrında işləməyə başladı.
Mətn əzbərləmək qabiliyyəti,
onu obrazın xarakterinə uyğun şəkildə söyləməsi,
səhnədəki jestləri
artıq rejissorların
da diqqətini çəkirdi. 1923-cü ildə Milli Dram Teatrın truppasında işə götürülən
Rza Əfqanlı, eyni zamanda təhsil
almağı da unutmur, 1926-ci ildə Bakı Teatr Məktəbini bitirir.
Həmin dövrdə azərbaycanlıların
sıx yaşadığı
şəhərlərdə geniş teatr şəbəkəsi yaratmaq
məqsədilə Bakıda
çalışan müqtədir
sənətkarları tez-tez
bölgələrə dəvət
edirdilər. 1929-cu ildə
görkəmli rejissor
və aktyor İbrahim İsfahanlının
dəvəti ilə Rza Əfqanlı Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə
gedib. Artıq onun şöhrəti
başqa respublikalara da yayılırdı.
1933-34-cü il teatr mövsümündə
Rza Əfqanlı Türkmənistanın paytaxtı
Aşqabaddakı Azərbaycan
Teatrında baş rejissor işləyib. Bir müddət burada çalışdıqdan sonra
yenidən Bakıya qayıdıb. Milli teatrın
səhnəsində çalışan
Rza Əfqanlı o dövrdə tamaşaya qoyulan əsərlərin əksəriyyətində müxtəlif
rollar yaradıb.
Həm yerli dramaturqların, həm də dünya klassiklərinin əsərlərində yaratdığı
obrazlar janr əlvanlığı, estetik
zənginliyi ilə seçilirdi. Bir müddət
Sumqayıt Dövlət
Dram Teatrında da aktyorluq edən Rza Əfqanlının sənət yolu müxtəlif təzyiqlərdən,
maneələrdən, bəzən
də haqsızlıqlardan
keçməli olub.
Həyatı kimi səhnə
taleyi də hamar deyildi. Amma bütün bunlara baxmayaraq, Rza Əfqanlının Azərbaycan
teatrına bəxş
etdiyi obrazlar cazibədarlığı ilə
yaddaşlarda iz salıb. Mütəxəssislərin fikrincə, hətta
eyni tamaşada bir neçə surəti oynayan Rza Əfqanlı, onları elə səpkidə, məharətlə
təqdim edirmiş ki, tamaşaçılar yalnız proqramdakı adların siyahısına
görə onun üç rol yaratdığından xəbər
tuturmuşlar.
Səhnədəki səmərəli fəaliyyətilə əlaqədar 39 yaşında əməkdar, 44 yaşında isə xalq artisti fəxri adlarına layiq görülən Rza Əfqanlı, 1948-ci ildə Ənvər Məmmədxanlının "Şərqin səhəri" tamaşasında yaratdığı Fərhad roluna görə Stalin mükafatı almışdır. O, 1973-cü ildə dünyasını dəyişmişdir.
Azərbaycan kino sənətinin inkişafında da Rza Əfqanlının özünəməxsus xidməti var. O, həm də görkəmli kino xadimi sayılırdı. Rza Əfqanlı "Bakılılar", "Kəndlilər", "Yeni horizont", "O olmasın, bu olsun", "Aygün", "26-lar", "Dağlarda döyüş", "Qanun naminə", "Mən ki gözəl deyildim" və digər filmlərdə yaratdığı obrazları ilə tamaşaçı rəğbətini qazanıb. Yaxşı ki, aktyorun sənət dünyasından yadigar qalan bu filmlər var. Yoxsa, teatrda yaratdığı rolları lentə alınmayan Rza Əfqanlı haqqında müasir tamaşaçılar heç bir təsəvvürə malik olmazdılar. Bu da aktyor taleyidir.
Rza Əfqanlı həm də
ailəsi ilə birlikdə Azərbaycan mədəniyyətinin
inkişafına kömək edirdi. Həyat
yoldaşı Bədurə Əfqanlı (ötən
saylarımızın birində bu
xanım barəsində geniş yazı təqdim etmişik-F.X.)
uzun illər müxtəlif teatrlarda geyim rəssamı
olub. Onun bədii tərtibat
verdiyi tamaşalar
orijinallığı və milliliyi ilə
seçilirdi. Övladı Ofeliya Aslan uzun
illər həm teatrın, həm
də kino sənətinin
inkişafında özünəməxsus fədakarlıq
göstərib. Ofeliya Aslanın Musiqili Komediya Teatrında
yaratdığı obrazlar bir-birindən duzlu və məzəli olub. Unudulmaz Rza Əfqanlının arzu
və düşüncələrini səhnədə təcəssüm
etdirən Ofeliya Aslan
görkəmli səhnə ustalarından biri
kimi, tamaşaçılar tərəfindən böyük məhəbbətlə
sevilirdi.
Flora XƏLİLZADƏ.
əməkdar jurnalist
Kaspi.-2016.-2 noyabr.-S.15.