Əhməd bəy Ağaoğlunu
ram edən sevgi dolu böyük qadın
Qərənfil
Dünyaminqızı,
Əməkdar jurnalist
Tədqiqatçı alim Əziz Mirəhmədov görkəmli publisist, ictimai xadim, "tam əlli il qələm çalıb, qızğın mübarizə aparan” Əhməd bəy Ağaoğlu haqqında yazırdı: "Onun aşkarca bəxti gətirməmişdi”. Doğrudur, keşməkeşli ömür yolu keçmiş, vətənində "söyülmüş-döyülmüş”, təqiblərə, təzyiqlərə məruz qalmış, ömrünü mühacirətdə vətən həsrəti ilə başa vuran Əhməd bəyin bu sarıdan bəxti gətirməsə də, qayğıkeş, sədaqətli, vəfalı ömür-gun yoldaşı, fikir, amal sirdaşı sarıdan bəxti çox yaxşı gətirmişdi. Bir gün dostları "Əhməd, ən yaxın dostun kimdir” sualını verəndə, Ağaoğlu düşünmədən "Sitarəm. O, mənim ən sadiq dostumdur. Çətin, ağır, əzablarla dolu bir yol yoldaşımdır” demişdir.
"Ölümüm yaxınlaşdı, fəqət Əhmədi düşdüyü maddi və mənəvi sıxıntılar içində tək-tənha buraxmaq çox çətin. O, özünü toplayana qədər yaşaya bilsəydim” deyə ömrünün son anında belə həyat yoldaşını düşünən Sitarə xanım. Nə böyük sevgi, nə fədakar qadın! Əslində Sitarə xanım həmişə Allahdan onu ərindən əvvəl öldürməyi diləmişdi. Çünki onun üçün Əhmədsiz həyat yox idi. Təbiətən çox dəli-dolu, tündməcaz olan Əhməd bəyi sevgisilə ram edən bu qadın ömrünün sonuna qədər onun ən sadiq dostu, yoldaşı, məsləkdaşı oldu.
Tədqiqatçıların yazdığına görə, Sitarə xanım Qarabağda sayılıb-secilən, zəngin Vəzirovlar nəslindən olub. Bu nəslin ağsaqqalı Mir İmamverdi Qarabağ xanının vəziri olmuşdur. Onun övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, camaat arasında "vəzir” adı ilə tanınmışdır. Onlar sonralar "Vəzir” ifadəsini özlərinə soyad seçdiklərinə görə "Vəzirovlar” adlanmışlar.
Sitarənin atası Əbdürrəhman bəy uzun illər çar ordusunda qulluq edib, mayor rütbəsinə kimi yüksəlib. Savadlı, alicənab, nizam-intizamlı olan Əbdürrəhman bəy, Şuşa bəyləri arasında böyük hörmət, izzət sahibi idi. Sitarənin əmisi oğlanları Azad bəy və Fərrux bəy Azərbaycanda ilk Avropa təhsili almış mühəndislərdən idilər. Berlində, Sankt-Peterburuqda ali təhsil almış, xeyriyyəçi, mülkü müşavir kimi təkcə Qarabağda deyil bütün Qafqazda tanınan Azad bəylə Fərrux bəy Şuşada və Hindarxda məktəb və xəstəxana tikdirərək, təmənnasız olaraq xalqın istifadəsinə veriblər. Fərrux bəyin Şuşada elə yaraşıqlı, əzəmətli bir malikanəsi var imiş ki, ona "Ağ ev” deyirmişlər. Bu haqda Həmidə xanım Məmmədquluzadə (Cavanşir) "Xatirələrim”də yazırdı: "Fərrux bəy Vəzirov Hindarx kəndində çox gözəl və çox əzəmətli bir ağ imarət tikdirmişdi. Bu malikanəni zarafatla "Vaşinqton Ağ Evi” adlandırırdılar”.
Sitarə xanım görkəmli naşir, istedadlı publisist Haşım bəy Vəzirovun da qohumu olub. Bəzi tədqiqatçıların fikrincə Sitarə xanım Haşım bəyin baçısı olub. Amma tədqiqat əsərlərində bu faktla rastlaşmadım. Əksər tədqiqatlarda yazılıb ki: "Əhməd bəy Ağaoğlu qohumu Haşım bəyi Bakıya, qəzetində işləməyə dəvət edir. Ə.Ağaoğlunun H.Vəzirovu Bakıya dəvət etməsi, onların qohumluq əlaqələrilə bağlı olmayıb. Çünki dəvətə qədər də, H.Vəzirov bir publisist kimi artıq tanınmaqda idi.
Fərrux bəy Əhməd bəyin ən
yaxın dostu idi. Onlar Sankt-Peterburuqda,
Parisdə bir yerdə təhsil almışlar. Günlərin bir günü
Əhməd bəy dostu Fərrux bəyin qonağı olarkən, onun əmisi qızı Sitarəni görür.
Paris təhsili görmüş,
amma Paris gözəllərinə
bənd olmamış
Əhməd bəy alagözlü, ağ
buxaqlı, şux qamətli Qarabağ gözəlinə ilk baxışdan
vurulur. Deyilənə görə, Əhməd
bəy zamanın adətlərinə qarşı
çıxaraq. elçiliyini özü
edir. Bu da
Sitarə xanımın
nənəsinin xoşuna
gəlmir və elçiyə rədd cavabı verir. Əsəbiləşən Əhməd bəy
birbaşa Peterburqa gedir və dostu
Fərrux bəyi əhvalatdan hali edir (Fərrux bəy Peterburuqda yaşayaraq. bütün Qafqaz və Orta Asiya müsəlmanlarının
hüququnu müdafiə
edirdi). Fərrux
bəy əmisinə teleqram vuraraq, yazır: "Mən Sitarəni Əhməd bəyə verdim”.
Şuşa, 1903-cü il. Əhməd bəylə Sitarə xanımın ilk qız övladı dünyaya gəlir. Qəribədir,
Əhməd bəy kimi tündməcaz adam ilk övladının
qız olduğunu eşidcək, çox sevinir, muştuluq paylayır. Bu münasibətlə
xanımına on iki qızıl düymə bağışlayır.
İkinci övladı da
qız olan Sitarə xanım vəfalı ömür-gün
yoldaşına üç
qız, üç oğul bəxş edir. Təqiblərdən
təngə gələn
Əhməd bəy
1909-cu ildə vətəni
tərk edərkən, Sitarə
xanım "sən harda, mən də orda” deyir.
Bu da onların
təkcə ömür-gün
yoldaşı yox, həm də amal-əməl dostu olmasına sübutdur.
Maddi korluq çəkən Əhməd
bəy qəzet çıxarmaq üçün
Sitarə xanımın
cehizini satmaq istəyir. O. "Sitarə,
evdən bir neçə əşyanı,
məsələn, köhnə
xalıları sataraq,
qəzet çıxarmaq
istəyirəm” soruşduqda, "Əhmədcan, lap yaxşı”
cavabını alır.
Ən çətin anlarında Sitarə xanım "Üzülmə, Əhmədcan”
deyərək, onun əllərini sinəsinə
sıxar və gözlərinin üstünə
qoyarmış. Hövsələsiz Əhməd tam sakitləşənə
qədər onu ovundurar, ürək-dirək
verərmiş.
Qürbətdə çətin günlər
Ailənin cətin günləri vətəni tərk etdikdən sonra başlayır. Əvvəlcə yaşyarımlıq oğulları Bəşir
dünyasını dəyişir.
Bu qəfil hadisədən
Əhməd bəy bərk sarsıntı kecirir. Sonra İstanbulda yenicə
tikdirdikləri və təzəcə köcdükləri
evləri yanıb, külə dönür.
Bu zaman Əhməd
bəy Bakıda idi. 1918-ci ildə
Nuru Paşanın müşaviri kimi Azərbaycana gəlmişdi.
Bakıdan qayıdarkən onu
həbs edib, Maltaya sürgün edirlər. Sitarə xanım böyük
bir külfətlə,
qərib diyarda ilk dəfə Əhmədsiz
qalır. Nə edəcəyini, necə edəcəyini düşünərək...
Amma səbrlə, təmkinlə
bu çətin günləri arxada qoyur. Hətta Əhməd bəyə ünvanladığı məktublarında
da yaşadığı
çətinlikləri ona
hiss etdirmir.
"Şükür olsun
Allaha, sizdən məktub aldım. Biz salamatıq. Uşaqlar yaxşıdır.
Bu gün poçt
günüdür. Çox şadam
ki, səndən məktub alaçağam.
Çünki məktub
alan gün
elə bilirəm ki, səninlə görüşmüşürük. Allah səni bizə
tez göndərsin.
Gecə səni yuxumda görəndə, çox
şad oluram. Öpürəm üzündən, gözündən, Əhmədcan”.
Bu cansız kağız
parşasında nə
böyük sevgi, sayğı, qayğı
var. Əhməd bəyin
can yoldaşının dodaqlarından
süzülən dadlı
bir səsin cazibəsi var bu sətirlərdə.
Ona görə məktubu sinəsinə sıxdı,
Sitarənin xoş ətrini, isti nəfəsini duydu Əhməd bəy. Gözlərini yumdu, bir anlıq unutdu Maltanın soyuq, əzablı günlərini.
İsitdi bu kağız parcası Əhməd bəyin qəlbini...
Amma sənədlərdən və xatirələrdən belə aydın olur ki, Sitarə xanım Əhməd bəyə bu məktubu ünvanlayanda ailə çox ağır günlərini yaşayırmış. Sitarə xanım uşaqlarını yedirtmək üçün evdə nə var hamısın satıbmış. Qərib, böyük bir məmləkətdə, başsız və çarəsiz bir ailə... Dərin bir kədər bütün varlığına hakim kəsilsə də, bunu sevimli Əhmədinə söyləməyə qıymayan Sitarə xanım övladlarını Əhməd bəyin adına-sanına layiq böyütdü, tərbiyə etdi. Qızı Sürəyya türk-islam dünyasının ilk qadın hüquqşünası, Tezər elm xadimi, Gültəkin isə uşaq həkimi oldu. Böyük oğlu mühəndis Abdurrəhman həm də Türkiyədə tanınmış iş adamı idi. Səməd bəy isə Türkiyə Cümhuriyyəti baş nazirinin müavini” vəzifəsinədək yüksəlmişdi. Hər biri Ağaoğlu soyadına layiq böyümüş, tərbiyə almış övladlar idi. Onların Ağaoğlu soyadına layiq övlad olması üçün Sitarə xanım dünyanın hər bir əzabına qatlaşmışdır. Xüsusən də Əhməd bəy sürgündə olarkən. "Kirpiklərilə od götürən” qadın bunları sürgündə olan Əhməd bəy bildirməmiş, əksinə, "üzülmə. hər şey yaxşı olacaq” deyərək, ona təsəlli vermişdir. Artıq qorxmurdu, Can yoldaşı - Əhmədi yanında idi. Nə qədər inadcıl, tündməcaz, dəli-dolu olsa belə, o, qayğıkeş, ailəcanlı Əhmədini sevirdi, ona inanırdı, güvənirdi. Bir qadın üçün bundan böyük, bundan qiymətli nə ola bilər ki?
Şuşadan başlayan bu böyük, bu ülvü sevgi İstanbulda iztirablar icində başa catdı. Əhməd bəyi bir an belə tək qoymağa qıymayan Sitarə xanım onu birdəfəlik tərk etdi. 1933-cü ilin yağışlı bir payız gecəsi. Oktyabr ayının 16-sı. "...Anamın gözləri qapanmışdı. Babam birdən özünü itirdi. Anamın öləcəyini düşünsə də, fəqət, bu anı əsla təsəvvür etmirdi. Hər birimizin üzünə baxdı, sonra anamın dizlərinə qapanaraq, hıçqıra-hıçqıra ağlamağa başladı”. Əhməd bəy təkcə ömür yoldaşını deyil, həm də ən vəfalı dostunu birdəfəlik itirdi. Bu itki bütün ömrü boyu onu yandırdı...
Kaspi.-2016.-1 noyabr.-S.15.