Azərbaycanda ilk qorxu
filmi çəkilir
Elvin Abdullayev: “Gecələr işləyirik”
Gənc rejissor Elvin Abdullayev
milli kinomuzda ilkə imza atmaq üzrədir. Belə ki, indiyə qədər heç kimin müraciət
etmədiyi qorxu janrında tammetrajli bədii film çəkilişlərinə
başlayıb. Film gələn ilin mart
ayında tamaşaçılara təqdim olunacaq.
Elvin "Xənnas” adlanacaq filmin ideya müəllifi və
rejissorudur. Baş prodüserlik missiyasını da öz üzərinə
götürən filmin quruluşçu rejissoru ekran əsərinin
yarısının artıq çəkildiyini deyir.
Müsahibimiz bundan öncə bir neçə filmdə
ikinci rejissor vəzifəsini yerinə yetirib, bununla bərabər
bir çox reklam çarxlarına quruluş verib. Bu onun
quruluşçu rejissor kimi tammetrajlı ilk bədii filmidir.
Gənc olmağına baxmayaraq, Elvin bir çox
uğurların sahibidir. Buna misal olaraq, lentə
aldığı "Məriz” qısametrajlı filmi ilə
"Bakı Oskarı” film festivalında "ən
yaxşı aktyor işi”, "ən yaxşı aktrisa
işi”, "ən yaxşı operator işi” və "ən
yaxşı film” nominasiyaları üzrə 4 mükafat
qazanmasını göstərmək olar.
Artıq 8 ildir ki, Elvin Abdullayevi tanıyıram, hər dəfə
onunla söhbət edəndə bir xüsusiyyətini kəşf
edirəm. Tələbəlik illərində Oskar
mükafatı alacağı günün xəyalını
qururdu. Hətta dostlarını ətrafına
cəm edib "Özgə günah” adlı film çəkdiyini
də yaxşı xatırlayıram. Rejissorlar
içərisində fərqli düşüncə tərzinə
və dünyagörüşə sahib olan biridir.
Beləliklə, gənc rejissorla Azərbaycanda ilk qorxu
filminin ərsəyə gəlməsi haqqında
danışırıq.
- Necə oldu ki, "Xənnas”
adlı qorxulu film çəkmək qərarına gəldiniz?
- "Xənnas” filminin ideyası haqqında çoxdan
düşünürdüm. Azərbaycanın kino sənayesində
qorxu janrı yoxdur. Hətta heç sovet
dövründə də çəkilməyib. Əslində bu layihə ilə heç də bir
ilkə imza atmaq kimi fikrimiz yox idi. Yeni bir
janr üzərində işləmək istəyirdik. Bildiyiniz kimi, komediya janrında kifayət qədər
filmlər və seriallar çəkildi. Onlardan
biri "Xoxan”dır ki, mən orada ikinci rejissor kimi fəaliyyət
göstərmişəm. Fərqli bir
şey etmək istəyirdik. Çox
düşündük və belə qərara gəldik ki,
madam, bizdə qorxu janrında film çəkilməyib, bu
janrda film çəkək. Bu işlə
məşğul olan dostlarımızın
motivasiyasının da rolu böyük oldu. Belə ki, bunun böyük risk olduğunu, əslində
bizim belə bir filmi çəkməyimizin imkansız
olduğunu bildirirdilər. Digər janrlarda
filmlər çəkildi, onlar o qədər də uğurlu
alınmadı deyə, dostlarımızın 90 faizi deyirdi ki,
bu işə girmək böyük risk tələb edir. Biz deyilənlərin heç birinə fikir vermədik,
öz işimizi gördük. Allahın da
köməkliyi ilə hazırda filmin 60 faizini çəkmişik.
- Çəkilişlər harada
aparılır?
-
Hazırda Şəkidəyik. Çəkilişlər
davam edir. Filmin 90 faizi Şəkidə, iki epizodu Qaxda, bir də Bakıda aparılacaq.
- Bəs aktyorları necə
seçdiniz?
- Baş
rolda 6 iştirakçı var. Onların potensiallarına
çox güvənirəm. Azərbaycanda
öz yaşıdları arasında istedadlı
uşaqlardır. Onlar Qorqud Cəfər,
Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz
Əliyeva, Hikmət Rəhimov, Zarina Qurbanovadır. Ölkədə rezonans doğuran, başı
qalmaqallardan açılmayan aktyorlar mənimlə
çalışır.
- Bəs filmin süjet xətti necə
olacaq?
- "Xənnas” sırf mistik trillerdir. Kəsmək,
vurmaq, doğramaq, gözünü və digər
orqanlarını çıxarmaq kimi elementlər bizim filmdə
yoxdur. Düzdür,
qorxu janrında bəzi elementlər var, ancaq insanlara mənfi
hisslər aşılaya biləcək hissələrə yer
verməmişik. Film gənc bir
oğlanın dostları ilə başına gələn bir
hadisədən bəhs edir. Belə ki,
baş rolda çəkilən oğlanın babası sovet
dönəmində Stalinin əmri ilə dindar və
inanclı insanları evin zirzəmisində
öldürürmüş. Kişinin insanları
öldürdüyü ev lənətə
gəlir. 2016-cı ildə həmin kişinin nəvəsi
yuxusunu qarışdırır. Babasını dəfələrlə
yuxusunda görür. Dostları ilə birgə
o evə getmək qərarına gəlir. Hadisələr
bundan sonra başlayır. Lənətlənmiş
evdə qəhrəmanlarımız qorxu dolu anlar
yaşayırlar. Belə ki, oğlanın
gözünə alnından güllələnmiş mollalar
görünür, babasının öldürdüyü
insanların ruhları onları rahat buraxmır.
- Maraqlıdır, "Xənnas”
sözünün mənası nədir?
- Qurani-Kərimdə Nas surəsi var. O surədə
deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən
şeytanın şərindən”. Xənnas cinin
balasına deyirlər. Xənnaslıq - istədiyini
səndən almayınca əl çəkməyən
varlığa deyirlər. Biz də ona
görə filmin adını "Xənnas” qoyduq.
- Filmə hər hansı sponsor dəstək
verirmi? Yoxsa yenə də dost-tanışın
sayəsində çəkməyə
çalışırsınız?
- Layihənin
yenə də dost-tanışın köməkliyi ilə
çəkilməyi planlaşdırılırdı. Çəkilişə iki gün qalmış
"Halal nemət” şirkəti bizə dəstək durdu.
O bizim baş sponsorumuzdur. Biz bu işimizə
başlayarkən öz dostlarımıza və
gücümüzə güvənmişdik.
- Bundan öncə Azərbaycanda ilk dəfə
olaraq "+18” film çəkmişdiniz. İndi
də Azərbaycanın ilk qorxu filmini çəkirsiniz.
Niyyətiniz Azərbaycanda ilklərə imza
atmaqdır?
- İnsanların yaddaşında ilklərə imza atan
rejissor kimi qalmaq istəmirəm. Bu layihəni sırf
ona görə həyata keçirmirəm. Sadəcə olaraq, kimisə təkrar etmək, təkrar
etmək, eyni mövzuda film çəkməyi
xoşlamıram. Düşünürəm
ki, əgər nəsə film çəkirəmsə, orada
rejissorun öz dəst-xətti olmalıdır. Təkəbbürlü səslənməsini istəmirəm,
ancaq deyəcəyəm - təbiətən fikirlərim fərqlidir.
Özüm də bilmədən ilklərə
imza ataraq yoluma davam edirəm. İnanın
ki, bunları bilərəkdən etmirəm.
- Bugünün
tamaşaçıları komediya janrına daha çox
meyillidir. Nədənsə dram və sosial
yüklü filmlər tamaşaçıların
marağını o qədər də cəlb etmir. Necə
düşünürsünüz, "Xənnas” komediya filmlərinin
bazarını öldürə biləcəkmi?
- Niyyətimiz
kiminsə bazarını öldürmək deyil. Ancaq biz komanda olaraq bu layihəyə çox
inanırıq. Heç də hesab etmirəm
ki, tamaşaçılarımız keyfiyyətsiz filmlər tələb
edirlər. Çox zaman deyirlər ki,
tamaşaçılarımızın baxış səviyyəsi
elə o komediyaların səviyyəsindədir. Bazar komediya filmləri tələb edir deyə,
qınamayın o rejissorları, onlar düz edib çəkirlər
- bu kimi ifadələr səsləndirirlər. Ancaq bu fikirlərlə razı deyiləm. Tamaşaçılarımız keyfiyyətsiz film tələb
etsəydilər, "Forsaj-7” filmi Bakıda o qədər sayda
satılmazdı. Özcan Dənizin filmləri
o qədər baxış sayı toplamazdı. Onların hamısı gözümüzün
qabağında olub. Türkiyə
komediyaları gəlir, Azərbaycandan çox böyük
pullar qazanır. Keyfiyyətə qiymət verən
tamaşaçımız hələ də var, sadəcə
olaraq daha keyfiyyətli iş qoyan olsun ki, o fərqi
tamaşaçı hiss etsin. Qorxu janrı da
komediya janrında çəkilən filmlərdən heç
də geridə qalmayacaq. Birincisi,
aktyorlarıma, ikincisi isə, tamaşaçılara güvənirəm
ki, onlar bu fərqliliyi gördükdə, izləmə
marağı yaranacaq. Üçüncüsü
də dostlarıma güvənirəm ki, filmin daha çox səs-səda
doğurmasında öz dəstəklərini bizdən əsirgəməyəcəklər.
- Gələcəyə doğru hədəfləriniz
nələrdir? 10 ildən sonra
özünüzü harada təsəvvür edirsiniz?
- 10 ildən
sonra özümü xaricdə tələbatlı rejissor kimi
görürəm. Düzdür, xaricdə
yaşamaq istəmərəm. Ancaq əminəm
ki, hansısa xarici şirkət tərəfindən dəvət
olunub dünya bazarına çıxarılacaq filmlər
çəkəcəyəm. Bir rejissor
kimi əsas istədiyim odur ki, "Leyli və Məcnun”,
"Təhminə və Zaur”u unutduracaq əsl sevgi filmi
çəkim. Hazırda "Xənnas”ı
çəkə-çəkə yeni bir filmin ideyaları gəlir
beynimə. O da sevgidən bəhs edir.
- Tələbə olarkən deyirdiniz
ki, "Oskar Azərbaycana mənimlə gələcək”. Bəs
indi necə, o, hədəfləriniz sırasında deyilmi?
-
(Gülür) İndi bir az
böyümüşəm. Başa düşürəm ki,
keyfiyyətli ekran əsəri çəkməklə iş
bitmir. Orada bir çox siyasi və bizim anlaya bilməyəcəyimiz
məsələlər var. Amma ümidim ölməyib. Azərbaycan Oskar mükafatını mütləq
alacaq. Demirəm ki, onu mütləq mən
gətirəcəyəm, ancaq mütləq alacaq. Özü də o gün yaxındadır.
- Xaricdə rejissor deyəndə, ilk
olaraq ağla saqqallı, qısa gödəkçə
geyinmiş insanlar gəlir. Uzun müddətdir ki, siz də
saqqal saxlayırsınız. Rejissor olmaq
üçün saqqal şərtdirmi?
- Bizimlə
çalışan yaradıcı heyətdən soruşun ki,
Elvinin iki dəqiqə boş vaxtı varmı? Əgər
"hə” desələr, mən saqqalımı
qırxdırıb, sizə saqqalsız şəklimi göndərəcəyəm,
çap edərsiniz (gülürük). Həqiqətən
vaxtım yoxdur. Ötən gün maşınıma
baxıram ki, palçıqdan markası dəyişib... Bu işin ancaq təqdimatda səliqəsi olur. İnsanlar elə bilir ki, biz çox möhtəşəm
bir həyat yaşayırıq. Günümüz
otellərdə, barlarda, kübar tədbirlərdə
keçir. Təsəvvür edin ki,
hazırda üzərimdə bir ay bundan qabaq Şəkiyə
gələndə geyindiyim gödəkçə var.
Bunların hamısı vaxt qıtlığındandır.
İşimiz çoxdur. Fikrimiz
başqa yerlərdədir. Ona görə də
fiziki görünüş ikinci-üçüncü, hətta
deyərdim ki, yeddinci-səkkizinci plana keçir.
- Qəbulunuza düşmək
çox çətindir. Bu nə ilə əlaqədardır?
- Yatanda
10-15 nəfərin zənginə oyanıram.
Bacardığımla danışıram,
bacarmadığımı da iş vaxtına salıram. Bir həftədir ailəmlə danışmıram,
necə olduqlarından da xəbərsizəm. Həqiqətən
də burda iş çoxdur, çox ağır bir işin
altına girmişik. İnşallah, sonu
yaxşı olar. Çəkilişlər axşam
vaxtına düşür, hava qaraldısa, iş
başlayır, Günəş çıxanda işimiz bitir.
Artıq 23-cü gündür ki, bir gün belə
dayanmadan bu rejimlə işləyirik. İşimiz
çox gərgindir. Nə bu janrda Azərbaycanda
kino çəkilib, nə də bu janrda bir aktyor oynayıb.
Xəyalə Rəis
Kaspi.-2016.-2 noyabr.-S.12.