SÖHBƏT FUAD POLADOVDAN GEDIR...
M.Əlizadə:
“O, xalqının milli sərvəti olan aktyordur. Biz buna biganə
yanaşmamalıyıq”
Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrı ilə
yollarını ayırdı. O, aktyor Hikmət Rəhimovun işdən
qovulmasına etiraz əlaməti olaraq belə bir addım
atdığını bildirib. Xalq artistinin ana
teatrın səhnəsindən uzaqlaşması teatr ictimaiyyətində
böyük rezonansa səbəb olub. Məsələ
ilə bağlı tanınmış incəsənət
xadimləri öz müvasibətini bildirib. Xalq artisti
Rasim Balayev Fuad Poladovun Akademik milli Dram Teatrından gedişi ilə
bağlı deyib ki, onun kimi aktyorun gedişi Akademik teatr
üçün xoş hadisə deyil: "Fuad Poladovun
gedişini eşitdim. Çox
üzüldüm. Görünür
incidiblər, bu da xoşuna gəlməyib. Əcəb edib gedib. Düz edib.
Yəqin ki, teatr bu gedişlə çox şey
itirəcək. Fuad kimi aktyor indi yoxdur,
azdır. Gündən-günə
azalırıq”.
Teatrşünas,
əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə: "Fuad
yanlış iş tutan adam deyil. Əgər bu
qərarı veribsə, deməli, güclü motivləri var.
Arzu edirəm ki, motivlər aradan götürülsün və
Fuad öz doğma teatrına qayıtsın. Biz teatr cameəsi, bütünlüklə Azərbaycan
tamaşaçısı onun gedişinə etiraz edək.
Onu gedişi adi hal kimi qəbul edilməməlidir.
Bu adam elə-belə aktyor deyil axı. O,
xalqının milli sərvəti olan aktyordur. Biz
buna biganə yanaşmamalıyıq. Mən
öz adımdan deyirəm ki, bizim teatr xadimləri - başda
Azər Paşa Nemət olmaqla -
çalışmalıyıq ki, böyük aktyorumuz öz
doğma, ana teatrına qayıtsın”.
Teatrşünas,
əməkdar incəsənət xadimi, professor
Aydın Talıbzadə:
"Bir Fuad Poladov bütöv bir aktyor truppasına bərabər
sənətçidir. Azərbaycanda Fuad Poladovdan bir dənədir,
bir nüsxədir, təkrarsızdır. Hər
bir teatr onu öz səhnəsində görməkdən şərəf
duyar. O, əgər bugün Milli Teatrdan gedirsə, kiməsə
görə getmir. Bu, aksiyadır, bir aktyorun teatr
sənətinin bu gününə etirazıdır, Milli Dram
Teatrında olan vəziyyətə etirazıdır, sənət
prinsiplərini pozanlara etirazıdır. Di
gəl ki, mənim üçün Fuad Poladov nə dərəcədə
dəyərli bir sənətçidirsə, Azərpaşa
Nemətov da bir o qədər dəyərlidir. Və mən
bu iki şəxsiyyəti "Hamlet” tamaşasından
üzü bu yana dost görmüşəm,
sənət tərəfdaşı görmüşəm. Azərpaşa son 10-15 ildə tamaşalarını
məhz Fuad üçün qurub, onun imkanlarını nəzərə
alaraq qurub. Əgər Fuad bugün teatrı tərk eləyirsə,
tamaşalarından imtina eləyirsə, deməli, bunun
çox mühüm və dərin səbəbləri var.
Lakin bununla yanaşı hamı bilməlidir ki, Fuad Poladovun
yeri Rus Dram Teatrı deyil, Milli Teatrdır və o, hər dəfə
məcbur qalıb əlacsızlıqdan, bekar dayanmamaqdan
ötrü Rus Dram Teatrını tərcih edir”.
Xalq artisti Fəxrəddin Manafov:
"Bu, mənə çox pis təsir etdi. Teatrda
xoşagəlməz hadisələr baş verir. Rəhbərlik dəyişilir, amma problem həll
edilmir. Yenə deyirəm, bilmirəm nə
baş verir, bilmirəm nəyə görə gənc aktyor
oradan çıxıb, yoxsa çıxarılıb. Mən, sadəcə, mediadan eşitdiklərimi,
gördüklərimi deyirəm. Deməli, orda nəsə
baş verir ki, Azərbaycan teatrında yeganə professional, -
bunu qorxmadan və tam məsuliyyətimlə deyirəm - və
dünya səviyyəsində peşəkar olan bir aktyor,
teatra o qədər töhfələr vermiş insan teatrdan
gedir. Demək o məcburiyyət
qarşısında olub. Təsəvvür
edə bilməzsiniz ki, Fuad necə gözəl insandır.
Onun qədər öz peşəsinə sadiq,
öz peşəsinə dəlicəsinə sevgisi, münasibəti
bugünkü aktyorların heç birində görməmişəm.
O baxımdan düşünürəm ki, əgər belə
bir insan, belə bir böyük aktyor, mənim özümə
örnək hesab etdiyim bir adam teatrdan gedirsə,
deməli, orda nəsə baş verir. Və
baş verənlərin səbəbi məhz aktyorun
özündə deyil. Onu
tanımasaydım, bunu deməzdim. O məcburiyyət
qarşısında bu addımı atıb. Orda
nə baş verdiyini isə araşdırmaq lazımdır.
Yəqin bu Mədəniyyət və Turizm
Nazirliyinin teatr şöbəsi tərəfindən öyrənilməli,
araşdırılmalıdır. Fuad
Poladovun getməsi Azərbaycan teatrına, Akademik Milli Dram
Teatrına böyük zərbədir. Əgər o
gedirsə, bu teatda kim qalacaq? Bu məsələnin bir tərəfidir. O biri
tərəfdən mənə elə gəlir ki, Fuad müəllim
tamaşaçıları intizarda qoymaz,
tamaşaçıların Fuad müəllimə
böyük ehtiyacı var. Ümidvaram ki, o, bunları da nəzərə
alacaq”.
Akademik
Milli Dram Teatrının aktrisası Xalq artisti Firəngiz
Mütəllimova: "Bu yaxında Fuadla teatrda
görüşdük, söhbət etdik. Amma
olanlardan xəbərim yoxdur. Bir aktrisa kimi
onun getməyini istəməzdim. Açığı,
başqa nəsə bilmirəm, bilmədən də bir
söz deyə bilmərəm. Bir də
görürsünüz, sayt yazır, amma sonra başqa cür
olur. İşə gedəcəm, məsələni
orda dəqiq öyrənəcəm”.
Aktrisa
Fuad Poladovla uzun illər tərəf müqabili olduğunu
bildirib: "İndi repertuarda eyni tamaşada rol almırıq.
Amma vaxtilə biz çox tamaşalarda bərabər
oynamışıq. Elə "Təhminə
və Zaur” tamaşasını deyə bilərəm. Uzun illər bu tamaşada bərabər oynadıq.
Fuad qabiliyyətli, layiqli, ən sevdiyim
aktyorlardan, tərəf müqabillərindən biridir. İnsan kimi də onu çox istəyirəm”.
Əməkdar
artist Mehriban Zəki: "Fuad Poladovu teatrda saxlamaq
üçün teatr, mədəni ictimaiyyət mütləq
addım atmalıdır: "Söhbətlərdən xəbərim
var, eşitmişəm. Amma mən Fuad müəllimə
heç bir fikir, heç bir söz demədim. Hər insanın qərarı onun şəxsi
işidir. Amma mən hesab edirəm ki, bu addım şəxsi
iş olmaqdan çıxır. Fuad müəllim
boş yerə, ağlına gələn ilk fikirlə bu
addımı atmır, kapriz eləmir. Hansısa
bir fikri var və onu bu addımı atmağa vadar edib. Əvəzində hesab edirəm ki, teatr cəmiyyəti
onu bu mövqeyindən, bu fikrindən daşındırmaq
üçün addımlar atmalıdır. Çünki Fuad müəllim Azərbaycan
teatrına çox lazımdır. Şəxsən
mənə, bir çox aktyorlara, teatr cəmiyyətinə,
teatr tamaşaçısına lazımdır. Onu bu teatr mədəniyyətində, bu teatr sənətində
saxlamaq üçün teatr, mədəniyyət ictimaiyyəti
mütləq addım atmalıdır. Bu
sadəcə kapriz deyil. Bu bir mövqedir və
onu burda saxlamaq üçün ona qarşı mütləq
getmək lazımdır. Əks halda bu, bizim
üçün çox utancverici bir məqamdır”.
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı
aktrisa Məlahət Abbasova Fuad Poladovun Akademik Dram
Teatrını tərk getməsinə sərt reaksiya verib. Aktrisa fikirlərini sosial
şəbəkədə bölüşüb: "İndi
saytlardan Fuad Poladovun teatrdaxili bir münaqişə, həm də
bəsit bir münaqişə səbəbindən
"Azdrama”dan getdiyini oxuyuram. Dahi, xalqın qəlbində
taxt qurmuş bir aktyorun bəsit bir məsələyə
görə teatrdan gedişini alqışlayanları başa
düşə bilmirəm. Səhnəmiz,
teatrımız, tamaşalarımız,
tamaşaçılarımız yetim qaldı. Bunu alqışlayırsınız? Bizim səhnədə necə Fuadımız var?
Çoxu dünyasını dəyişdi.
Həyatda qalanlar da o qədər azaldı ki…Və
ən dəhşətlisi gedənlərin yeri doldurulmadı.
Bu gedişatla uzun illər də
doldurulmayacağını düşünürəm. Əlimizdə qalan bu nadir aktyor və aktrisaların
teatrdan getməsini necə alqışlaya bilirsiniz? Səfurə xanım da, Zərnigar xanım da
küsüb getmişdilər. Hər kəs
alqışladı. Nəyi
alqışlayırsınız? Və
neçə gün alqışladınız? Üç gün. Sonra
hamısı unuduldu. İndi harda olduqlarını
bilən də yoxdur. Hardadılar, nə
edirlər? Səhnəmizin ulduzları əlimizdən
tək-tək sürüşüb gedir, siz isə
alqışlayırsınız. Soruşuram,
nəyi alqışlayırsınız? Fuad
müəllimin qürurunu, mərdliyini
alqışlayırsınız? Kim itirir?
Yenə biz itirmirikmi? Səhnəmiz
itirmirmi? Tamaşaçımız,
tamaşaçılarımız itirmirmi? Bunu
alqışlayırsınız? Üç gün
sonra hər şey unudulacaq, eynilə teatrdan küsüb gedən
digər aktyor və aktrisalar kimi”.
Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artisti Azər Paşa Nemət APA-ya açıqlamasında xalq artisti Fuad Poladovun teatrdan işdən getməsi qərarına belə münasibət bildirib: "Məsələnin mahiyyəti ondan ibarətdir ki, Fuad Poladov teatrdan getmək haqqında rəsmi müraciət etməyib. Əmək Məcəlləsinə görə, hər hansı dövlət və özəl qurumun əməkdaşı işdən gedəndə ərizə təqdim etməlidir. Fuad Poladov bizə ərizə təqdim etməyib. Əgər Akademik Milli Dram Teatrındakı işindən getmək istəyirsə, bu onun qərarıdır, şəxsi fikridir. Bunu demək vacibdir ki, Fuad Poladovun əsas iş yeri Dövlət Rus Dram Teatrıdır. O, Akademik Milli Dram Teatrında əvəzçilik üzrə çalışır.
Mənim Fuad Poladova münasibətim bəllidir, görkəmli aktyor kimi onun sənətini hər zaman qiymətləndirmişəm. Quruluşçu rejissor kimi hazırladığım "Hamlet”, "Şah Qacar”, "Afinalı Timon”, "Boy çiçəyi” tamaşalarımda Fuad Poladov baş rollarda iştirak edib. Təvazökarlıqdan uzaq qəbul etməyin, bu tamaşalar həm sənət faktı, həm rejissor işi, həm də aktyor oyunu baxımından çox böyük maraqla qarşılanıb. Bunu teatrşünaslar da yazıb, sıravi tamaşaçılar da deyib. Bu mənim rejissor kimi Fuad Poladova münasibətim deməkdir. Yeri gəlmişkən, onu da deyim ki, "Afinalı Timon” tamaşasını mən Fuad Poladovun 60 illik yubileyinə hədiyyə kimi hazırlamışdım və bunu hələ illər əvvəl müsahibəmdə demişdim. Bu fakt da mənim Fuad Poladova münasibətimin göstəricisidir. Əgər Fuad Poladov bizimlə birgə çalışmaq istəmirsə, ona yalnız uğurlar arzu edə bilərəm, fikrinə hörmətlə yanaşıram. Bu cür hadisələr yaradıcı mühitdə, teatrlarda tez-tez olur və mətbuatın bu məsələdə həssas olmasını, şou yaratmamasını arzu edirəm”.
Xəyalə Rəis
Kaspi.-2016.-3 noyabr.-S.11.