Aktyorlarımız Kalmıkiyadan əli dolu qayıtdı

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Rusiya Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrında qastrol səfərində  olduğu haqqında sizlərə məlumat vermişdik. Teatrın yaradıcı heyəti səfərdən əli dolu mükafatlarla ögeri dönüblər. Bu münasibətlə Gənc tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov mətbuat nümayəndələrini ətrafına cəm edib, qastrol səfəri və aktyorların qazandığı mükafatlardan danışdı: 

"Bildiyiniz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə B.Basanqov adına Kalmık Milli Dram Teatrı arasında 5 illik qarşılıqlı yaradıcılıq müqaviləsi imzalanıb. Bu müqavilənin bəndlərinə uyğun olaraq biz qarşılıqlı qastrol səfərləri təşkil edirdik. Ötən ay Kalmık teatrı şəhərimizin və teatrımızın qonağı idi. Bu günlərdə isə biz sözügedən teatrın səhnəsində öz tamaşalarımızla çıxış etdik. Bu dəfəki qastrol səfəri digərlərindən fərqlənirdi. Belə ki, səfərimiz Kalmık teatrının 80 illik yubileyinə təsadüf edirdi. Yubiley çox maraqlı və təntənəli surətdə baş tutdu. Bir sıra digər ölkə teatrları və ölkə rəsmilərinin iştirak etdiyi mərasimdə istedadlı aktyorlarımız Səbinə Məmmədova və İlham Əsədov ölməz Üzeyir Hacıbəylinin musiqilərindən ibarət kompozisiya ilə çıxış etdi”.

Mükafatlandırılanlar haqqında danışan direktorun sözlərinə görə, bu dəfəki qastrol səfəri olduqca məhsuldar keçib: "Qastrol səfərinin təntənəli bağlanış mərasimində Əməkdar Artist Şövqi Hüseynovaktyor İlham Əsədov Kalmıkiya Respublikasının Əməkdar Artisti fəxri adına, aktyor Elnur Kərimov "Stanislavski” medalına layiq görüldülər. Bundan başqa Əməkdar Artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, aktyorlar Elnur Hüseynov, Sona Babayeva, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova, Ramil Məmmədov "mədəni əlaqələrin genişləndirilməsi və inkişafındakı” xidmətlərinə görə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm NazirliyininTeatr Xadimləri İttifaqının diplomları və fəxri fərmanları  ilə təltif olundular”.

Teatrın rəhbəri çıxışının sonunda mükafat alan aktyorları təbrik edib, sözü onlara verdi. Mükafatçılar öz təəssüratlarını bölüşüb, mətbuat nümayəndələrinin suallarını cavablandırdılar.

 

Əməkdar artist Nəsibə Eldarova:  "Mən birinci dəfə idi ki, bu ölkəyə qastrol səfərinə gedirdim. Çox razı qaldım. Mənim üçün unudulmaz səfər oldu. Bizə belə şərait yaradığı üçün rəhbərliyimizə minnətdarlığımı bildirirəm”. Teatrın sevilən aktrisası Mehriban Hüseynova Kalmıkıya səfərindən çox razı qaldığını vurğuladı. Bildirdi ki, belə səfərlər mükafatlar onlara böyük stimul verir. 

Gənc aktrisa Səbinə Məmmədova isə təəssüratlarını həyəcanla bölüşdü: "Bu Kalmıkiya Respublikasına mənim ikinci səfərim idi. Kollektivin sonbeşiyi olmağıma baxmayaraq yaradıcı heyət mənə son dərəcədə qayğı göstərirdi. Onların mənə olan dost münasibəti mənim özümə qarşı inamımı bir qədər artırır. Kalmık tamaşaçıları bizi çox gözəl qəbul etdilər. Səfərimizin təəssüratları çoxdur. Gənclərə belə şans yaratdıqlarına görə rəhbərliyimizə minnətdarlığımı bildirirəm”.

Teatrın tanınan aktyoru Elnur Kərimov: "Biz əvvəlcədən  belə bir mükafatın veriləcəyini bilmirdik, heç birimiz gözləmirdik. Mükafatlandırma tamaşanın ilk günü oldu biz buna çox sevindik. Kalmık Milli Dram Teatrının rəhbəri bizim komandanı çox sevir, onların truppasına da yaradıcı təkan olmuşuq. Onlar gəlib bizim truppanı görəndən sonra özlərini toparladılar, birgə işimizə can yandırdılar. Bizim üçün çox maraqlı qastrol səfərlərindən idi. Əlaqələrin yaranmasında rəhbərliyə təşəkkürümüzü bildiririk. Əldə etdiyimiz hər bir uğurda rəhbərliyimizin böyük rolu var. Biz sərhədi keçdiksə, Azərbaycan mədəniyyəti adından çıxış edirik. Teatr sənətində böyük bir tarixə imza atdıq. Kalmık Respublikasının Əməkdar artisti adına layiq görülmək bizim üçün sevindirici haldır”.

Konfransda Gənc Tamaşaçılar Teatrının qocaman aktrisası Sona Babayevanın 75 illik yubileyinin Kalmık Teatrında qeyd edildiyi bildirildi. Aktrisanın Mədəniyyət Turizm Nazirliyinin təşəkkür məktubuna layiq görüldüyü mətbuat nümayəndələrinin diqqətinə çatdırıldı.

Sona xanım Babayeva isə çıxışında 54 ildir ki, bu teatrda işlədiyini qeyd etdi: "Gözləməzdim ki, 75 illiyim belə təntənə ilə qeyd olunar. Mənim ürəyimcə oldu. Birinci dəfə idi ki, Kalmıkiyaya gedirdim. Bizim aktyorların şən, dinamik, çevik obrazlarını deməklə deyil, gərək görəsiniz. Bizim aktyorların göstərdiyi tamaşaya böyük reaksiya gördüm. Bu qastroldan çox ləzzət aldım. Hər zaman da deyirəm ki, bizim kollektivimiz hər cəhətdən güclü kollektivdir”.

Əməkdar artist Şövqü Hüseynov  Kalmıkiyanın da əməkdar artisti olmağın duyğusunun məsuliyyətli olduğunu dedi: "Bu ad çox böyük məsuliyyət cavabdehlikdir. Güman edirəm ki, bu adı şərəflə gəzdirəcəyik. Mövsüm açılandan bu bizim üçüncü beynəlxalq səfərimizdir. Çox işgüzar kollektivik. İşgüzarlığın nəticəsi həmişə olub olacaq da”.

İlham Əsədov isə çox xoşbəxt olduğunu sevindiyini dedi: "Hər bir aktyor ad almağı xoşlayır, hər qədər bunu inkar etsə . Məni bu ada layiq gördüklərinə görə rəhbərliyə minnətdaram. Sağ əlimi bütün aktyorların başına qoyuram”.

Kalmıkiyada nümayiş olunan ikinci tamaşa - "Dörd əkizin nağılı”nın quruluşçu rejissoru Ağalar İdrisoğlu çıxışında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının respublikanın ən aparıcı teatrlarından olduğunu dedi:"Burada yüksək aktyor, rejissor potensialı var. Mübariz müəllim teatr sənətini yaxşı bildiyinə görə hər bir işə əlindən gələn köməkliyi edir ki, teatr respublikadan kənarda uğurlar qazansın.  Mənim hazırladığım "Dörd əkizin nağılıtamaşası sayca 120-ci tamaşam idi. 40 ildir ki, rejissorluq edirəm. Bu tamaşa da Kalmıkyada çox gözəl qarşılandı. Çox sevinirəm ki, bu tamaşa yüksək qarşılandı oynanıldı. Teatrımızın uğurlarına çox sevinirəm. Bu teatrda böyük mehribançılıq var”.

Konfransın sonunda Mübariz Həmidov onu da əlavə etdi ki, onların hazırladıqları tamaşa anşlaqla gedir. 5 illik əməkdaşlığa iki il fasilə vermək qərarına da gəliblər: "Biz onlarla əməkdaşlığa 2 illik fasilə vermişik. Gələn il Azərbaycanda Rusiya Mədəniyyət günləri çərçivəsində Kalmık Milli Dram Teatrı ola bilsin ki, qonağımız olsun. Bir də 2018-ci ildə bizim "dünya premyerası” adlı layihəmizdə Kalmıkiyaya  gedəcəyik”.

Xəyalə Rəis

Kaspi.-2016.-17 noyabr.-S.12.