Norveçdə Azərbaycan musiqisinin təbliğatçısı

 

Aygün Səfərli Acarın əsas məqsədi “Leyli və Məcnun” operasının Osloda nümayiş etdirilməsinə nail olmaqdır

 

Deyirlər, musiqinin sərhədi yoxdur. Doğrudan da elədir. Bir ölkənin tanınması və imicinin yüksəlməsi üçün musiqinin rolu əvəzsizdir. Necə ki, zamanında Azərbaycanın ölməz sənətkarları öz musiqiləri və ifaları ilə ölkəmizi dünyada tanıdıblar. Bu gün də belə musiqiçilərimiz az deyil. Ancaq təkcə ölkəmizdə yaşayan mədəniyyət xadimləri ilə bitmir. Həm də xaricdə yaşayan sənət adamlarımız ən azı, çevrəsindəki insanlara musiqimizin zənginliyindən, qədimliyindən daim bəhs etməlidirlər ki, ölkəmiz daha çox tanınsın. Müsahibimiz Aygün Səfərli Acar da məhz belə insanlardandır. O, Norveçdə orta məktəbdə çalışır. Norveçə 2002-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq köçüb. Oslo şəhərində yaşayır və orada orta məktəbdə musiqi pedaqoqu olaraq işləyir.

 

Təhsil ilə gələn uğur

 

Aygün xanım 1973-cü ildə Sumqayıtda dünyaya gəlib. İlk olaraq  Sumqayıt musiqi kollecinə daxil olub, sonra Bakı Musiqi Akademiyasında "fortepiano” sinfində təhsilini davam etdirib. 1992-97-ci illərdə konservatoriyada oxuyub. 2002-ci ilə qədər isə Sumqayıt Musiqi Kollecində çalışıb.

Müsahibimiz deyir ki, Oslo çox gözəl şəhərdir. Bizim orada çox fəal diasporumuz var: "Biz oradakı diasporamızın üzvləri ilə demək olar ki, bütün milli bayramlarda və ölkəmiz üçün tarixi günlərdə bir araya gəlirik. Bayramlarımızı ənənələrimizə uyğun şəkildə qeyd edirikbu tədbirlərə yerli insanları cəlb etməyə çalışırıq. Mədəniyyətimizi burada geniş tanıda bilmək üçün əlimizdən gələni edirik. Burada, həmçinin türk diasporası ilə münasibətimiz çox yaxşıdır. Onlarla əlaqə saxlayıb, diskussiyalar edirik”.

 

Osloda Azərbaycan diasporunun uğurla fəaliyyət göstərdiyini deyən Aygün xanım bildirdi ki, onların sayəsində Norveçdə mütəmadi şəkildə Azərbaycan musiqisinə xüsusi yer ayrılır: "Diasporumuzun sədri Ramil Əliyev, fəal üzvlərimizdən Arzu Əliyeva və adını qeyd etmədiyim digərləri sayəsində bir çox layihələri gerçəkləşdirmişik. Gerçəkləşdirməkdə də davam edirik. Biz burada boş dayanmırıq”.

 

Kilsə konsertlərində piano çalan qız

 

Oslodakı fəaliyyətindən danışan müsahibimiz qeyd etdi ki, Norveçdə işləmək üçün ilk olaraq oranın dilini öyrənmək, bu dildə səlis danışmaq lazım idi. O da bu işin öhdəsindən tezliklə gəlib. Sonra Osloda könüllü olaraq kilsə konsertlərində piano çalmağa başlayıb. Daha sonra orta məktəbdə musiqi müəllimi olaraq işləyib. O gündən bu günə Aygün xanımın Osloda maraqlı həyatı başlayıb. O, norveçli şagirdlərə musiqi dərsi deyir, zaman-zaman ona yaradılan şəraitdən istifadə edib, yerli musiqilərimizdən də danışır. Hətta əlinə imkan düşən kimi, şagirdlərə Azərbaycan mahnılarını da ifa edir. Müsahibimiz bildirdi ki, musiqiçi bacısı qızı, Prezident təqaüdçüsü Cəmilə Əsgərzadə Osloya gələndə şagirdləri üçün kiçik konsert təşkil edir. 

O dedi ki, Norveçdə ölkəmizi kifayət qədər tanıyırlar. Əsasən də "Eurovision” və "Bakı 2015 Avropa Oyunları”na görə. Ancaq musiqimizi də eşidiblər. Belə ki, xalq artisti Siyavuş Kərimi burada müəyyən layihələrdə yer alır. Keçən il isə Norveçdə məşhur xanəndə, xalq artisti Alim Qasımovun konserti gerçəkləşib. Həmyerlimiz norveçli musiqiçilərin muğamımıza böyük marağının olduğunun müşahidə edib.

 

"Turku Az Jazz” layihəsi ilə

 

Aygün xanım asudə vaxtlarında Osloda türk xanımlardan ibarət xora bədii rəhbərlik edir. Deyir ki, əslində ilk olaraq bu xor həvəskarların xaricdə öz mədəniyyətini yaşatması məqsədi ilə yaranmışdı: "Həvəskar olaraq başladığımız işimizə rəğbət gördükcə, uğurlarımızın sayı artmağa başladı. Belə ki, Türkiyə və Norveç mətbuatında gördüyümüz işlərdən bəhs etdilər və yüksək qiymətləndirdilər. Bu da bizə stimul verdi. Ötən ilin baharında sevilən sənətkarımız Anar Şuşalı ilə birlikdə konsert təşkil etdik. Bu il isə daha fərqli bir layihədə "Azərbaycanın Cəngi Jazz qrupu” ilə  "Alaturkatürk qadın xoru ortaq səhnə təşkil edəcəyik. Layihənin çox mənalı adı var. "Turku Az Jazzbu layihədə Türkiyə və Azərbaycan dostluğunun simvoludostluq, eyni zamanda sülhün rəngidir. Bizdə isə bu rəng firuzəyidir. "Alaturka” həvəskarların türk klassik musiqisini Norveçdə tanıtmaq arzusu ilə yola çıxmış bir xor qrupudur. 2010-cu ildə belə bir xorun fəaliyyət göstərdiyini öyrəndim. Əslində bunu eşidəndə çox sevindim. O ildən etibarən "Alaturka” ilə işbirliyimiz başladı. Bu illər ərzində getdikcə böyüyən xor Oslo musiqi mədəniyyətində öz rolunu göstərdi. Xorumuz Norveç xorlar birliyinin üzvü olmaqla yanaşı, burada türk klassik musiqisini ifa edən yeganə musiqi qrupudur”.

 

Musiqinin bəşəri olduğunu deyən Aygün xanım söyləyir ki, musiqiçilər dünyada eyni dildə danışmadan bir-birilərini başa düşən yeganə insanlardır. Bu baxımdan, Norveç musiqisi ilə bizim musiqi arasında heç bir fərq görmür.

Qürbətdə vətən üçün darıxdığını deyən Aygün xanım qeyd edir ki, ən çox uşaqlığının xiffətini çəkir: "Burada xoşbəxt yaşamaq üçün hər şey var. Hətta Osloda "Bakı” adında mağazamız belə var. Burada hər cür yeməklər verilir. Ona görə yeməklərimiz üçün o qədər də darıxmıram. Bundan başqa, çox istəyərdim Bakıda konsertlərə gedim. Bəzən buradakı rəfiqələrimlə bunun xəyalını qururuq. Doğma diyarda doğma musiqiləri izləməyin yerini heç nə verməz”.

 

Kaş "Leyli Məcnun”a baxa biləydim

 

Ən böyük arzusu isə Opera Balet Teatrında "Leyli Məcnunoperasını görməkdir. Hətta bir müddət həmin operanı Osloya da gətirmək istəyiblər. Bu üçün çox əziyyət çəksələr , alınmayıb. Aygün xanımın ürəyində bu istək hələ ki arzu olaraq qalıb. Deyir ki, həmin operanın Osloya gələcəyinə ümidi sonsuzdur.

 

Oslo haqda ağızdolusu danışan Aygün xanım qeyd etdi ki, ailə dəyərləri burada da önəmlidir: "Ancaq bizdə ailəyə daha çox dəyər verirlər. Xaricilər bizim ən çox bu xüsusiyyətimizi mənimsəmək istəyirlər”.

 

Müsahibimizə Azərbaycana geri dönüb-dönməyəcəyi barədə sual verdik. Dedi ki, hər qədər qürbət cənnət olsa da, ölməyə vətən yaxşı...

 

Xəyalə Rəis

Kaspi.-2016.-4 oktyabr.-S.12.