“Millət atası”, yoxsa “istismarçı kapitalist”?

 

Hacı Zeynalabdin Tağıyev varidatını xalqının maarifi, mədəniyyəti, xoşbəxtliyi yolunda sərf etsə də, sovetlər onu tam başqa cür qələmə verirdilər

 

Hacı Zeynalabdin Tağıyev haqqında ilk dəfə tarixçi alim Mövsüm Əliyevdən eşitdim və Azərbaycan Sovet Ensiklopediyasından (IX cild, 1986, s. 121) oxudum. Eyni ildə (1986) eşitdiklərimlə oxuduqlarım arasında yerlə göy qədər ziddiyyət var idi. Tarixçi alimin "millət atası”, adlandırdığı, "təkcə milyonları ilə yox, şəxsi ləyaqəti, insanpərvərliyi, maarifpərvərliyi ilə yalnız Azərbaycanda deyil, Rusiyada da böyük hörmət-izzət sahibi olan Hacı Zeynalabdin Tağıyev”i sovetlərin "ən mötəbər” kitablarından olan Azərbaycan Sovet Ensiklopediyası "burjua” adıyla qamçılayaraq təhqir edirdi: "Fəhlələrin amansız istismarı nəticəsində H.Z.Tağıyev Rusiyanın ən varlı şəxsiyyətlərindən birinə çevrilmişdi. Ağır iş şəraiti, əmək haqqının azlığı, müdiriyyətin özbaşınalığı və s. Tağıyevin müəssisələrində bir sıra nümayiş və tətillərin baş verməsinə səbəb olmuşdu. Azərbaycan burjuaziyasının digər nümayəndələri kimi Tağıyev də inqilabi hərəkata qarşı mübarizə aparan irticaçı qüvvələri müdafiə etmişdir”.

 

Redaksiya heyətinə baxdım. Hamısı öz alimlərimiz idi. Hətta bir neçəsinin ata-babası Hacının hesabına oxuyub, əli çörəyə çatmışdı. Tarixçi alimlərimizin sovetlərə sədaqət nümayiş etdirdikləri bir vaxtda sovetlər artıq mərkəzdə, Moskvada "yenidənqurma, aşkarlıq” adı ilə son günlərini yaşayırdı. Bizdə isə hələ də onlara qarşı olan sevgininmi, yaxud qorxununmu nəticəsi olaraq ağa qara, qaraya deyilirdi...

 

Azərbaycan Sovet Ensiklopediyasının bu nəşri işıq üzü dörəndən  (1986) cəmi bir il yarım sonra tarixçi alim Mövsüm Əliyev ilk dəfə olaraq "Odlar yurdu” qəzetinin 14 iyul 1988-ci il tarixli sayında "Maarifpərvər H.Z.Tağıyev” adlı məqaləsində xalqımızın tarixində parlaq və unudulmaz iz qoymuş tanınmış maarifpərvər, millətsevər, vətənpərvər xeyriyyəci haqqında bütün qaranlıq mətləbləri işıqlandırdı. Bu məqalə bir tərəfdən on illər boyu təhrif edilmiş, qərəzli yanaşılmış tariximizin bərpası, haqqı tapdanan şəxsin bəraəti idisə, digər tərəfdən də milli heysiyyətin, milli mənlik hissinin, milli şüurun dirçəldilməsinə bir təkan oldu.

 

Bütün dərdlərin, yanlışlıqların məlhəmi olan ZAMAN sübut etdi ki, "H.Z.Tağıyev Bakı milyonçuları arasında yeganə şəxsiyyətdir ki, milyonlarını milli ziyalıların yetişməsinə sərf edib”. Tükənməz varidatını xalqının maarifi, mədəniyyəti, xoşbəxtliyi yolunda "uf”, demədən geninə-boluna sərf edən Hacı Zeynalabdin Tağıyev doğrudan da "millətinin atası” olub.

 

Tağıyevşünasların yazdığına əsaslanaraq deyə bilərik ki, təkcə Bakının yox, Azərbaycanın tarixində elə bir hadisə olmamışdır ki, Hacı orada birinci şəxsiyyət kimi iştirak etməmiş olsun. "Nə etməli, nədən başlamalı, sönmüş qəlbləri nə ilə alovlandırmalı, kor olmuş gözü necə sağaltmalı, qəflət səhrasında sərilib, yatıb qalmış qoca bir milləti necə oyatmalı, necə ayağa qaldırmalı...?”. Məktəb açmalı, xeyriyyə cəmiyyətləri yaratmalı, teatr binası tikdirməli, anadilli mətbuatın yayılması və tərəqqisinə nail olmalı, xalqın, millətin tərəqqisi üçün mədəniyyəti, maarifi  inkişaf etdirməli...

 

Xalqın gün-güzəranını yaxşılaşdırmaq üçün Kür suyunun Bakıya daşınması, şəhərdə atlı nəqliyyat vasitəsinin (konka) yaranması, Zaqafqaziyada ilk toxuculuq fabrikinin tikilməsi (toxuculuq fabrikinin tikilməsi ilə Hacı Azərbaycan  yüngül sənayesinin bünövrəsini qoydu), un dəyirmanının tikilməsi, Şollar su kəmərinin çəkilişi, Peterburqda Müsəlman Xeyriyyə Cəmiyyəti binasının tikilməsinə maddi yardım, Avropada iri "iqtisadi və ticarət əlaqələrində görkəmli bir simaya” çevrilməsi, ən əsası onun müavinəti ilə təhsil alan gənclərin Azərbaycanın müstəqil bir dövlət olmasında və dünyaya tanıdılmasında böyük rol oynaması və daha nələr-nələr bu millət atasının adı ilə bağlı deyilmi?

 

Sovetlər Azərbaycanı işğal edənədək yazılan bütün əsərlərdə Hacı millət atası, maarifpərvər insan, xeyriyyəçi kimi hörmətlə-izzətlə təqdim edilirdi.

 

Nəriman Nərimanov 1900-cü ildə yazdığı "Hacı Zeynalabdin Tağıyevin əlli illik məişəti və camaata  xidmətləri” adlı əsərində Hacının müəssisələrində işləyən bir qrup fəhlənin dilindən yazırdı: "Hərçənd bizə rahatlıq yoxsa da, bununla belə, Hacının mülayimliyi və insaniyyəti bizim ona can-dillə xidmət etməyimizə səbəb olmuşdu. Bizə heç bir yaman söz deməyir, təqsirimizdən keçirdi, qayğımıza qalırdı”.

 

Əslində Hacı təkcə öz müəssisələrində işləyənlərin deyil, bütün xalqının qayğısına qalır, çətin anda əl uzadırdı. Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də yazırdı: "1907-ci ildə Qarabağda əkin-biçin adına nə varsa hamısını çəyirtkə vurdu. Dəhşətli bir aclıq və yatalaq bölgəyə hakim kəsildi... Ağdamdan poçtdan mənə 1.000 manatlıq vəsaitin qəbzini təqdim etdilər. Bu pulu "millət atası” (Hacı Zeynalabdin Tağıyev) göndərmişdi”.

 

Türkçülük tarixində yeni mərhələ açan, Qafqaz türklərini çox sevən və onların hər bir sahədəki nailiyyətlərini yüksək dəyərləndirən İsmayıl bəy Qaspıralı "Baxçasaraydan Daşkəndə səyahət” əsərində Hacını belə təsvir edirdi: "Hacı dedikdə böyük və qalın əmmaməli, uzun xalatlı, ya cübbəli uzun və ağ saqqallı adam göz önündə canlanır, elə deyilmi? Hacı imiş, amma xəyal etdiyimiz kimi deyilmiş! Kamal yaşında, qara saqqallı, qara papaqlı bir adamdır. Onu başı əmmaməli yox, başı ali fikirlərlə dolu, xalatlı, cübbəsi uzun yox, gözəl əməllərdən libaslı gördüm”.

 

"Tazə həyat” qəzeti 10 aprel 1907-ci il tarixli sayında yazırdı: "Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti üçün elədiyi xidmətlərini durub burada bir-bir saymaq fikrinə düşsək, hec olmasa bir ay qəzetəmizi ancaq bu təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik”.

 

                                           ***

Həm qəribə, həm də acınacaqlı olan odur ki, sovet dövründə bizim "başbilənlərimiz” bu yaxşılıqların əvəzi olaraq Hacının varidatını Moskvaya daşıdaraq özünü kiçik bir daxmaya məhkum etdilər. Hacı dünyasını dəyişəndən sonra vətəndə qalan yeganə övladı Sara xanıma "ruhi xəstə” kimi yalnız Mərdəkandakı ruhi xəstəxanada yer oldu. Evini-işini əlindən alaraq ac-yesir küçələrə salsalar da (Azərbaycanda düz otuz beş il Sara xanıma iş "tapılmayıb” – müəl.), Azərbaycan SSR Səhiyyə Nazirliyindən fərqli olaraq, Tanrı onu "ruhi xəstə” etmədi və bütün bu haqsızlıqlara dözməyə güc verərək haqqın bərpasını görməyi qismət etdi.

 

 

Hacı xalqına göstərdiyi misilsiz xidmətləri millətinə, vətəninə olan sevgisi sayəsində öz maddi sərvəti hesabına etmişdi. Təbii ki, Hacıya bu sərvət nə atadan-babadan qalmış, nə rüşvət yolu ilə, nə də kimsənin əlindən zor gücünə almışdı. On yaşından palçıq daşıyan, daş yonan, bənnalıq edən Hacı zəhmətinin, ağlının, səbrinin gücünə milyonçu Tağıyev olmuşdu. Tanrının da ona ən böyük hədiyyəsi o olmuşdu ki, "varlandıqca onun daxili və mənəvi keyfiyyətləri daha da durulurdu” (çoxlarından fərqli olaraq). Güclü ağıl və iradə onu sözdə yox, əməldə Qafqaz müsəlmanlarının fəxrinə çevirmişdi.

 

Tarixi mənbələrdən belə aydın olur ki, Hacının çar Rusiyasında böyük hörməti olub. Çar ailəsinin bütün yüksək mərasimlərinə Bakı milyonçuları arasından çox vaxt onun dəvət olunması çoxlarının, xüsusən də erməni milyonçusu Tumanyanın ürəyincə olmur. Hacıya qarşı gizli kin-küdurət bəsləyən, onu xalq arasında hörmətdən salmaq istəyənlər bu işi özümüzünkülərin əli ilə həyata keçirmək istəyirlər.

 

Belə hadisələrdən biri 1912-ci ildə baş verib. "O dövrdə fövqəladə bir hadisə kimi böyük hay-küyə səbəb olan” bu olay haqqında dövri qəzetlərdə yazılar çap olunsa da, erməni və rusdilli mətbuat məsələni qərəzli olaraq şişirdərək, yanlış məlumatlar verərək Hacını nüfuzdan salmağa çalışırdı.

 

Hadisə haqqında qoçaman tədqiqatçı–yazıçı Qılman İlkin "Bakı və bakılılar” əsərində yazırdı: "1912-ci ilin əvvəllərində Bakının ictimai həyatında elə bir hadisə baş verir ki, nəinki azərbaycanlıları, bəlkə də bütün müsəlmanları həyəcana gətirdi. Bu, H.Z.Tağıyevin mühakimə edilməsi idi. Hadisə belə olmuşdu. Vaxtı ilə H.Z.Tağıyevin pulu ilə ali texniki təhsil alıb qayıtmış Lütfəli bəy Behbudov səkkizinci ilə keçirdi ki, Hacının yanında mühəndis kimi işləyirdi. Evinə gedib-gələn, məhrəm bir adamdır. Necə olursa Hacı Lütfəli bəyin Sona xanıma (Hacının arvadına) olan münasibətindən şübhələnir və onu cəzalandırmağı qərara alır. Bir gün (bu hadisə 1911-ci il may ayının 16-da olmuşdu) Lütfəli bəyə xəbər göndərir ki, yaşadığı evin otaqlarında nə isə dəyişiklik eləmək istəyir. Lütfəli bəy də gəlib, əlində arşın otaqları ölçə-ölçə bir otağa girəndə orada beş-altı nəfərin toplaşdığını görür. Lütfəli bəyin daxil olması ilə Hacının: "Vurun, əzişdirin bu yaramazı” deməsi bir olur. Adamlar da Lütfəli bəyin üstünə düşüb onu o ki var əzişdirirlər”.

 

"İqbal” qəzeti 6 iyun 1912-ci il tarixli sayında hadisəni belə şərh edirdi: "... Lütfəli bəy içəri girəndə Hacı ona təklif edir ki, təcili yığışıb Bakıdan getsin. Lütfəli bəy buna etirazını bildirdikdə Hacının adamları onu yaxşıca əzişdirib, qanı axa-axa faytona mindirib, evinə gətirirlər və arvadını çağıraraq qana bulaşmış ərini göstərərək demişlər: "Sona xanıma xain gözü ilə baxdığı üçün onu bu günə salıblar”.

 

Hadisənin sonrakı təfərrüatını Q.İlkin belə yazırdı: "Aradan bir müddət keçir. Tağıyevin düşmənləri (onların arasında erməni varlıları daha çox idi) Lütfəli bəyi qızışdırırlar  o da aradan xeyli keçəndən sonra Tağıyevi məhkəməyə verir. Məhkəmə çox uzanır və nəhayət, 1912-ci il mart ayının 6-da Tağıyevin işinə baxılır. Məhkəmə mart ayının 9-dək davam edir. Məhkəmənin gedişi bütün müsəlman aləminə səs salmışdı. Rusiyanın hər yerindən teleqramlar gəlir, Rusiya müsəlmanları Hacının mühakimə edilməsinə qarşı qəzəb və təəssüflərini bildirirdilər. Məhkəmənin getdiyi günlərdə şəhərin bütün məscidlərində Hacının bəraət qazanması üçün namaz qılınır, dua oxunurdu. Məhkəmə prosesi yenidən uzanır. Tağıyevin əfv edilməsi üçün Bakıdan Peterburqa xüsusi nümayəndə heyəti yola düşür. İmperator H.Z.Tağıyevin günahından keçir”.

 

Sovetlər yenicə hakimiyyəti zəbt etmişdilər. Bu dəfə də vaxtilə Hacının çörəyini yeyən, pulu ilə oxuyan biri ona qarşı xəyanətə əl atır. Bu haqda yazıçı Manaf Süleymanov "Son bahara çatdıq...” adlı əsərində bəhs edirdi: "Altıbarmaq Baba "ÇEKA” idi. Yüzlərlə adam güllələyib. Ağına-bozuna baxmırdı. Qumarbaz, lotu, arvadbaz. Uşaq vaxtı Hacı Zeynalabdin onu evində saxlamış, məktəbə qoyub oxutmuşdur. Altıbarmaq Baba sonra əclaflıq elədi. "ÇEKA” olanda Hacının qızı, Əli Əsədullayevin arvadı Leylanı ələ keçirmək istədi. O da evlərindəki aşpaz arvadla bərabər İrana, Ənzəliyə qaçdı, oradan da getdilər Türkiyəyə. Danışırdılar ki, Hacı Mərdəkandakı bağda olur, xəbəri eşidəndə bağrı çatlayıb ölür”.

 

Arxiv sənədlərindən aydın olur ki, H.Z.Tağıyevi "Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti-xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər”.  Lakin onlar Hacının sərvətindən geninə-boluna istifadə etsələr də, onun zənginliyini və uğurlarını həzm edə bilmirdilər.

 

Qərənfil Dünyaminqızı,

Əməkdar jurnalist       

Kaspi.-2016.-4 oktyabr.-S.15.