“Yaşamaq və işləmək: mənim devizim budur!”

 

Aydın Kazımzadə: “Neçə ildir təqaüdə çıxmışam, amma dayanmağa vaxtım yoxdur”

 

Gözümü dünyaya açandan onu televiziya ekranlarında görmüşəm. Həmişə də kinodan danışırdı. Sonralar onun rəhbərliyi ilə çıxan "Kino” qəzeti və jurnalının oxucusuna çevrildim. Amma yenə ekrandan əskik olmurdu. Kino tariximizi onun qədər dəqiq bilən, araşdıran ikinci şəxs varmı? İndi onu ayda bir dəfə də olsa canlı görürəm. "Kaspi”nin pillələrini ağır-ağır qalxıb redaksiyamıza daxil olanda. Qəzetimizin səhifələrində yenə kinodan yazır. Qocaman jurnalist, kino tədqiqatçısı Aydın Kazımzadəilə "Həyat söhbəti” çoxlarına maraqlı olacaq.

 

Deyim ki problemlərim yoxdur?

 

- Biz həmişə «Qocalıq ucalıqdır» deyirik. Yaşlı insanlar isə həmişə qocalıqdan şikayətlənirlər. Siz də eləsiniz?

- Mən Allahıma dua edirəm ki, bu yaşa gəlib çatmışam. Anam 72 yaşında rəhmətə gedib. Mənimsə 76 yaşım var. Xəcalət çəkirəm ki, yaşda anamdan böyüyəm. Atam 34 yaşında rəhmətə gedib. O, müharibədə iştirak edib və Ukraynanın çöllərində həlak olub. Ona görə valideynlərimə baxanda «Necə ola bilər ki, övlad ata-anasından çox yaşasın?» - deyə utanıram. Digər tərəfdən, Əlisəttar Atakişiyev, Cəfər Cabbarlı kimi şəxsiyyətlər Əməkdar incəsənət xadimləri olublar. Mən də Əməkdar incəsənət xadimiyəm. Necə ola bilər? Hərdən oturub fikirləşəndə onların qarşısında da xəcalət çəkirəm. Sonra da fikirləşirsən ki, bu, Allahın sənə verdiyi paydır, bunu yaşamalısan. Və elə yaşamalısan ki, insanlar sənə baxıb hardasa, nəyisə götürsünlər. Belə bir ifadə var: «İnsan həyatda yaşayırsa, dünyasını dəyişəndən sonra yadda qalmalıdır». Əgər sənətin varsa, o sənət səni yaşadacaq, sənə ikinci ömür verəcək. Əgər sənətkar deyilsənsə, adi bir insansansa, əməllərinlə yaşayacaqsan. O əməllər də yaxşı olsa, həmişə deyəcəklər ki, «Allah rəhmət eləsin, çox gözəl insan idi». Yox, əgər pis əməllərin varsa, səni həmişə nifrətlə yad edəcəklər. Mən çox razıyam ki, belə bir həyatımız var: yaşayırıq, yaradırıq. Neçə ildir ki, təqaüdə çıxmışam, amma dayanmağa vaxtım yoxdur. Mən qarşıma məqsəd qoymuşam ki, nə qədər ömrüm var işləyəcəyəm. Kitablar, məqalələr yazıram. «Kaspi» qəzeti materiallarımı çap edir. Ona görə məndə həvəs daha da artır. İşləmək həvəsi məni bütün problemlərdən uzaqlaşdırır. Deyim ki problemlərim yoxdur, var. Məsələn, səhhətimlə bağlı problemlərim var. Əbülfəs Qarayevin və Kino İttifaqının sədri Şəfiqə Məmmədovanın təşəbbüsü ilə Prezident mənə təqaüd verdi. O pul mənim yaşamağıma kömək edir. Yaşamaq və işləmək: mənim devizim budur.  Mən buna əməl edirəm və gözəl nəticəsini də görürəm.

 

- Söhbətin əvvəlində atanızın müharibədə həlak olduğunu dediniz.  Heç şübhəsiz, atasız böyümək çətin olub...

- Onda mənim 3 yaşım vardı. Çox çətin idi. Çünki anam savadsız qadın idi. Amma çox müdrik insan idi. Bütün nəsildə yaxın və uzaq qohumlar hamısı məsləhəti ondan alırdı. Çünki həyat onu müdrikləşdirmişdi. Təsəvvür edin, o qadın 24 yaşında dul qalmışdı. Bir gün ona zarafatla: "Sən niyə ərə getmədin, 24 yaşında ərsiz qaldın?”,- deyə sual verdim. Cavab verdi ki, mən ərə getsəydim, sizin başınız aşağı olardı. Biz iki qardaşıq. Anam bizi oxutdurdu, hər ikimizə ali savad verdi. Anam internat məktəbdə aşpaz işləyirdi. Səhər 8-də işə gedir, axşam 10-11-də qayıdırdı. Sonra onda ürək xəstəliyi yarandı. 15 yaşım tamam olanda başa düşdüm ki, bu cür yaşamaq olmaz. 7 illiyi bitirmək haqqında sənəd aldım və gecə məktəbinə getdim. Gündüzlər isə işləyib ailəyə kömək edirdim. Xarrat sexində fəhlə işləyirdim, işim çox ağır idi. Gecə məktəbinə gələndə məni yuxu basırdı. Xalam qızı Səyyarə xanım mənəvi cəhətdən bizim əlimizdən tutdu. O, məni instituta daxil olmağa məcbur elədi. Yoxsa mənim instituta getməyə həvəsim yox idi. Əmim oğlu bir gün mənə dedi ki, pul yığ məktəbi qurtar, gedib SSRİ-ni gəzək. Mən gəzmək həvəsi ilə özümü toparlayırdım. Bu arzumu xalam qızına deyincə, «Sən nə danışırsan, vaxt gələcək, sən bütün SSRİ-ni gəzəcəksən. İndi isə oxu ki, sonra gedib havayı gəzə biləsən» - dedi. Mən universitetin Jurnalistika fakültəsinə daxil oldum. Həmçinin «Lenin tərbiyəsi uğrunda» qəzetində korrektor, daha sonra ədəbi işçi işlədim. Həmin qəzetdən 30 manat əmək haqqı, institutdan da eyni miqdarda təqaüd alır və evə kömək edirdim. İndi də «Tələbəlik illəri» mahnısını eşidəndə ürəyim çırpınır. Mən tələbə ola-ola tələbə olmamışam. Çünki uşaqlar dərsdən sonra yığışıb harasa gəzməyə gedirdilər, mən redaksiyaya qaçır, axşam da evə gəlib dərs oxuyurdum. Mənim 5 ilim bax belə keçdi. Mən jurnalistikaya reportyor olmaq üçün gəlmişdim. Ancaq sonra gördüm ki, jurnalistika başqa aləmdir. Mən gecələr də oturub qəzetlərdə müxtəlif məqalələri oxuyurdum. 60-70-ci illərdə «Bakı» qəzetində kino ilə bağlı məqalələrim çıxırdı. Bu yolla təsadüfən gəlib kinoya düşdüm. Kinostudiyada reklam istehsal edən redaksiyada fotoqraf kimi işə başladım. Bir müddət sonra həmin reklam bülletenini qəzetə çevirdim. 1966-cı ildə isə Mərkəzi Komitəyə müraciət etdik və «Film» jurnalı buraxdıq. Jurnalın ölkə üzrə böyük abunəçisi vardı. Ona görə Azərbaycanda kino mətbuatının yaradıcısı olmağımla fəxr edirəm. 53 ildir ki, kinodayam. Yenə də "Filmfond”, kinostudiya üçün kitablar yazıram. Hazırladığım Azərbaycan Kino Ensiklopediyası çapa getməlidir.

 

Atamı itirsəm də...

 

- Bəs SSRİ-ni gəzmək arzunuz necə oldu?

- Mən həmin xalam qızına həmişə duaçıyam. "Kubinka”da böyümüşəm. Anam işə gedirdi, bizdən xəbəri olmurdu. Yəni biz məhəllənin uşaqlarına qoşula bilərdik. Amma biz xalam qızının sayəsində o mühitdən çıxa bildik. Xoşbəxtliyim odur ki, atamı itirsəm də, özümə çoxlu atalar tapmışam. Kinematoqrafiyanın sədrləri mənə həmişə hörmətlə yanaşıblar. Azad Şərifov Kinematoqrafiya Komitəsinin sədri təyin olunanda «Plan tut, SSRİ-nin bütün şəhərlərində «Azərbaycan kinosu günləri» keçirəcəyik. Təşkilatçı da sənsən» - dedi. Beləliklə, mən Orta Asiya ölkələri, Arxangelskdən tutmuş BAM-a qədər gedib çıxdım. Getdiyimiz şəhərlərdən də nümayəndələr mübadilə əsasında Bakıya gəlirdilər. Bu minvalla bütün SSRİ-nin hər tərəfini gəzdim. Bircə məni xaricə aparmırdılar. Yalnız bir dəfə kino tədbiri ilə bağlı Finlandiyada oldum.

 

- Siz çox görkəmli rejissor və aktyorlarla təmasda olmusunuz. Sizə elə gəlmirmi ki, o insanlardan sonra kino aləmi bir az yeknəsəq görünür?

- 1963-cü ildə ilk dəfə kinostudiyanın qapısından daxil olanda Tofiq Tağızadə, Muxtar Dadaşov və səs operatoru Ağahüseyn Kərimovu gördüm və yerimdə donub qaldım. Mən Tofiq Tağızadə ilə görüşməyə gəlmişdim. Amma kənarda qalıb onlara yaxınlaşmağa utanırdım. 23 yaşım vardı. Vaxt keçə-keçə mən kinostudiyanın bütün nəhəng insanları ilə tanış oldum. Hətta mənə kənardan yaxşı maaşlı iş təklifi gələndə də bu insanlara görə gedə bilmədim. Çünki onlardan ayrılmaq qeyri-mümkün idi. Sonra mən onlarla dostlaşdıqca aramızda ata-bala münasibəti yarandı. Onların biliyi, dünyagörüşü və sadəliyi məni tamamilə kinostudiyaya bağladı. Onlar məni kinonun dərinliklərinə varmağa məcbur etdilər. Onlar bir-bir rəhmətə getdikcə mən elə bilirdim ki, hər dəfə bir atamı itirirəm. Sonra bir də gördüm ki, artıq atam yoxdur... 90-cı illərdə kino çox ağır vəziyyətə düşdü. Kinonu dağıdan heç də o mühit deyildi, oradakı işçilər idilər. Kinonu hərə bir tərəfə dartdı, kinostudiyanı xanlıqlara böldülər. Tofiq Tağızadə kimi adamı sexə daxil olmağa qoymurdular. Mən onun "Bu kinostudiyanı yaradanlardan biriyəm  - deyə ucalan səsini dəhlizdə eşitdim. Mən «Bizim "Azərbaycanfilm» adlı bir kitab yazdım. Kinostudiyanın rəhbəri "Bu kitabı «Kinostudiyanın tarixi» adı ilə burax» - dedi. Ancaq mən "Bu, bizim, divarının uçuğunu götürüb yerinə yapışdıranların "Azərbaycanfilm”idir”, onu dağıdanların "Azərbaycanfilm”i deyil» dedim. Ona görə də kitabı «Bizim "Azərbaycanfilm» adlandırdım. Heydər Əliyev hakimiyyətə gələndən sonra «Vəziyyətimiz pisdir, ancaq biz kinostudiyanı bərpa etməliyik» - dedi. Kino Mədəniyyət Nazirliyinin tabeliyinə veriləndən sonra kinostudiyada dəyişikliklər baş verdi. Kinonun inkişaf etdirilməsi ilə bağlı Prezidentin sərəncamları oldu, Dövlət Proqramı hazırlandı, Filmfond tikildi. Hazırda dövlət filmlərin çəkilişinə 7 milyona qədər pul ayırır. Elə ölkələr var ki, dövlət kinoya bir manat da pul vermir. Yəni iş gedir. Düzdür, bizdə kino yaranandan ssenari problemi mövcuddur. Ona görə hər şey var, amma ssenari yoxdur. Çəkilən seriallar sabun köpüyüdür. Bugünkü rejissorlar belə işləyirlər. Bu filmlərə də kifayət qədər pul gedir. Daha çox kriminaldan filmlər çəkilir. İş ondadır ki, bu filmləri çəkən gənclərdir və özlərindən də çox razıdırlar.

 

"Aydın müəllimi geri qaytarın”

 

 

- Sizin pedaqoji fəaliyyətinizə toxunmaya bilmərəm. Haqqınızda deyirlər ki, siz gözü tələbənin cibinə baxan müəllimlərdən olmamısınız…

- Bunun da kökü var. Atam əsgərliyə gedəndə anama tapşırmışdı ki, «İşləmə, gözlə məni, qayıdıb gələcəyəm. Evdə nə qır-qızıl varsa, onları yavaş-yavaş xərclə, qayıdandan sonra hər şeyi bərpa edəcəyəm. Əgər gəlməsəm, bu iki uşağı elə böyüt ki, onlar heç kimin əlinə baxmasınlar». Tələbələr mənə universitetdə ruh verirdilər, əhval-ruhiyyəmi qaldırırdılar. Tələbələrlə münasibətim ata-bala münasibəti idi. Onlar kinostudiyaya gəlib çatanda çox pessimist olurdular. Onların çoxu təsadüfən kino sahəsinə düşmüşdü. Mən onları həvəsləndirir, «Hər birinizin içində istedad var» deyirdim. İmtahana çatanda mən onları incidirdim. Mən çox tələbkar idim. Heç kimin auditoriyada mobil telefondan istifadə etməyə və yaxud qızların güzgüyə baxmağa ixtiyarı yox idi. Mən qızlara həyatı başa salır, hətta onları makiyajla dərsə gəlməyə qoymurdum. «Sizin öz gözəlliyiniz var» - deyirdim. Mən tələbələrə həmçinin təlim-tərbiyə dərsi keçirdim. Onlar gəlib: "Filan müəllim diplom işi yazmaq üçün filan qədər istəyir» - deyə şikayətlənirdilər. Mən onlara diplom işi yazmağa istiqamət verirdim. Elə uşaqlar vardı ki, heç «çox sağ ol» da demirdilər. Hansı müəllimin gözünün harda olduğunu yaxşı bilirdim. Belə məqamlara görə çox əsəbiləşirdim. Ona görə ərizə yazıb universitetdən çıxanda tələbələr rektora məktub ünvanlayaraq «Xahiş edirik, Aydın müəllimi geri qaytarın»- deyə yazmışdılar. 

 

- Yazı ilə bağlı müsahiblərimizin evinə çox telefon açırıq. Sizin evə zəng vuranda çox vaxt dəstəyin o başında qayğıkeş bir qadın səsi eşidilir. Onda da düşünürəm ki, Siz seçiminizdə yanılmamısınız.

- Yox… Evlənmək məsələsində xalam köməyimə çatdı. Evlərində kirayədə qalan iki şuşalı bacını mənə göstərdilər ki, hansından xoşun gəlsə, de. Mən xalamgilə çox gedib-gəlirdim. Ancaq kirayənişin qızları heç vaxt görməmişdim. Bir də belə bir xasiyyətim var ki, heç vaxt başqa qız-gəlinə pis gözlə baxmaram. Bir gün yenə xalamgilə gedərkən qızlar evdə yox idilər. Xalam onların pasportlarını mənə göstərdi. Mənlə yaşıd olan bacını bəyəndim. Xalam onun işgüzarlığından xeyli danışdı. Qızlardan biri oxuyur, biri isə işləyirdi. Hərçənd anam «Mən hara, Şuşa hara, ora necə gedib çıxım- deyə narazılıq elədi. Şuşaya getmək onun gözünə durmuşdu. Bu dəfə yenə xalam qızı köməyimizə gəldi: bir maşın tutdu və qohum-əqrəbanın hamısını Şuşaya apardı. Sonra xalam qızının evində toy etdik. 53 ildir ki, bir yerdə yaşayırıq. Nəticəmiz var. 76 yaşındayıq. Həyatımdan çox razıyam. Ona görə hərdən  mebellər, akseasuarlar, hansısa dəbdəbəli saraylarda toyları görəndə çaşıb qalıram. Bunlar mənasız şeylərdir. Əsas xoşbəxtlikdir. İndi bu gün evlənib sabah ayrılırlar, çünki uyğunlaşma yoxdur. İnsanlar çox dəyişiblər.

 

- Ürəyinizdən şikayət edirsiniz. Niyə biz ürəyimizi qoruya bilmirik?

- Ürəyimə stent qoyulmalıdır, damarlar tutulur. Ürəyimdə 43 faiz qidalanma gedir. Ürəyimizi ona görə qoruya bilmirik ki, qəlb təkcə sənin ağrılarını yox, başqalarının da ağrısını çəkir. İnsan başqalarının dərdini çəkə-çəkə hamısı ürəkdə yığılıb qalır. Mən ona görə təqaüdə çıxandan sonra dayanmadan işləyirəm ki, problemlərdən uzaq olum.

 

Təranə Məhərrəmova

Kaspi.- 2016.- 5 oktyabr.-S.9.