Üç ildir
gecikdirilən sığorta ödənişi
Müvafiq qurumlar vətəndaşı
get-gələ salıb, ona çatacaq ödənişin edilməsinə
əngəl yaradırlar
Ağsu rayonunun Qasımbəyli kəndinin sakini Ramil İnqilab oğlu Hacalıyev bu günlərdə redaksiyamıza müraciət edərək, atası İnqilab Tacəddin oğlu Hacalıyevin ölümünə görə onlara çatacaq sığorta pulunun bu günə qədər ödənmədiyini, müvafiq qurumlar tərəfindən get-gələ salındıqlarını bildirib. O, vəziyyətin nə yerdə olduğunu təsvir etmək üçün atasının ölümü ilə nəticələnən hadisə barədə ətraflı məlumat verib. Qeyd edib ki, atası İnqilab Hacalıyevin idarə etdiyi VAZ 2107 markalı 90-CZ-517 dövlət nömrə nişanlı avtomobil 28.12.2013-cü il tarixdə Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşı tərəfdən gələn 90-KU-103 dövlət nömrə nişanlı VAZ 2107 markalı digər avtomobil tərəfindən vurulub. 90-KU-103 dövlət nömrə nişanlı avtomobil sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozması, sürət həddini aşmaqla bərabər, qarşı yola çıxması nəticəsində ölümlə nəticələnən hadisə baş verib. Nəticədə İnqilab Hacalıyev və onun avtomobilindəki 3 sərnişin hadisə yerində ölüb. Digər avtomobildəki sürücü və bir sərnişin də qəzada həyatlarını itirib. Həmin vaxt hadisə ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 131500573 nömrəli cinayət işi açılıb, istintaq aparılıb.
Ramil Hacalıyev bizimlə söhbətində bildirib ki, qəza zamanı hadisə yerinə baxış keçirən yol polisi əməkdaşları tərtib etdikləri sənədlərdə günahın qarşı tərəfdə olduğunu qeyd ediblər. Şikayətçinin sözlərinə görə, atası İnqilab kişi dünyasını dəyişəndən sonra ailənin başı yas mərasimlərinə qarışıb. Adət-ənənədən irəli gələn bu yas mərasimlərini yola saldıqdan sonra o, atasının ölümünə görə onlara, daha dəqiq desək, mərhum İnqilab Tacəddin oğlu Hacaliyevin qanunu varisi - həyat yoldaşı Hacalıyeva Qonçabəyim Canbaba qızına çatacaq sığorta ödənişini almağa cəhd edib. Bunun üçün İcbari Sığorta Bürosuna müraciət edən Ramilə bildiriblər ki, bir sıra sənədlərlə yanaşı, ekspertizadan təsdiq olunmuş rəy də təqdim olunmalıdır. Həmsöhbətimizin dediyinə görə, ona təqdim olunan siyahı üzrə bütün sənədləri hazırlasa da, ekspertizanın rəyini əldə edə bilməyib. Hətta bu məqsədlə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə də müraciət edib. 17.12.2014-cü il tarixdə həmin istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Kamal Talıbov rəsmi məktubla Ramil Hacalıyevə bildirib ki, aparılan cinayət işi üzrə icraat Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılıb. Müstəntiqin şikayətçiyə ünvanladığı cavab məktubunda o da qeyd edilib ki, vətəndaşın bu qərardan şikayət etmək hüququ var.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin "Cinayət təqibi üzrə icraatın aparılması” adlı IV fəslinin 53-cü maddəsi "Cinayət təqibi üzrə icraatın dayandırılması əsasları”nı təşkil edir. Həmin maddənin 1.1 bəndində qeyd edilib ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir.
Şikayətçinin söylədiklərindən də aydın olduğu kimi, ölümlə nəticələnən hadisənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, zərərçəkən tərəf ona çatacaq kompensasiyanı ala bilmir. İcbari Sığorta Bürosu vətəndaşdan ekspertizadan təsdiq olunmuş rəy tələb edir, Baş Prokurorluğun müstəntiqi isə bildirir ki, iş hələ yekunlaşmayıb, aparılan cinayət işi üzrə icraat dayandırılıb və sair. Ramil Hacalıyev bizimlə söhbətində narahatlıqla onu da əlavə edib ki, atasının ölümünə görə onlara çatacaq sığorta pulunun ödənməsi üçün qanunla nəzərdə tutulmuş vaxt 3 ildir. Müvafiq qurumlar tərəfindən onlara qarşı süni əngəllər yaradıldığından, nəzərdə tutulan 3 illik vaxt bitəcək. Beləliklə də mərhumun ailəsinə çatacaq kompensasiyanı ala bilməyəcəklər. Şikayətçi qəzetimiz vasitəsilə problemi ictimailəşdirməyi, ona hər hansı köməklik göstərməyimizi xahiş edib.
Ramil Hacalıyevi dinləyib, onun bizə təqdim etdiyi müvafiq sənədləri nəzərdən keçirdikdən sonra, öncə şikayətdə adı hallanan İcbari Sığorta Bürosu ilə əlaqə yaratmağa, məsələyə aydınlıq gətirməyə çalışdıq. Qurumun www.isb.az saytının əlaqə bölməsində vətəndaşların müraciəti üçün nəzərdə tutulmuş (055) 213-30-43 mobil telefon nömrəsinə zəng vurduq. Operator xanıma situasiyanı izah etdikdən sonra, hüquq şöbəsində özünü təqdim etməyən bir xanımla danışası olduq. Həmin xanım fikrimizi dinlədikdən sonra hadisəni, yəni şikayətçinin müraciətini, danışdıqlarını, tələblərini olduğu kimi təsvir edib İcbari Sığorta Bürosunun info@isb.az elektron poçtuna sorğu şəklində göndərməyimizi xahiş etdi. Deyilən kimi də etdik. Ümid edirdik ki, sözügedən qurum hadisə ilə əlaqədar ciddi araşdırma aparacaq, redaksiyamıza şikayət edən vətəndaşa, eləcə də sorğu göndərən tərəf kimi bizə olduqca sadə dildə şərh verəcək, Ramil Hacalıyevin işinin asanlaşdırılması üçün hansısa tədbirlər görəcək. Ancaq nahaq yerə deməyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Sorğunun üstündən xeyli vaxt keçdikdən sonra elektron poçtumuza aşağıdakı mətndə ümumi cavab göndərildi: "İcbari Sığorta Bürosuna ünvanladığınız müraciətinizlə bağlı bildiririk ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişi zərərçəkən şəxslərə zərər vuran şəxsin müvafiq avtonəqliyyat vasitəsindən istifadə ilə bağlı mülki məsuliyyətini icbari qaydada sığortalayan sığorta şirkəti tərəfindən ödənilir. Ödənişin verilməsi üçün "İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulan sənədlərin sığorta şirkətinə təqdim edilməsi tələb olunur. Hadisədə zərər vuran nəqliyyat vasitəsinin hadisənin baş verdiyi tarixə və vaxta icbari sığorta müqaviləsi yoxdursa və həmin hadisə nəticəsində sağlamlığa zərər dəyərsə, İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilir. Həm sığorta ödənişlərinin, həm də kompensasiya ödənişinin verilməsi üçün hadisədə zərər vuran nəqliyyat vasitəsi (yəni cinayət işi üzrə təqsirləndirilən şəxs) müvafiq hüquq-mühafizə orqanı tərəfindən müəyyən olumalıdır”.
İcbari Sığorta Bürosuna təkrar müraciət edib, konkret hadisəyə, yəni, şikayətçinin vaxtilə onlara müraciətinə, müraciət edən tərəfin nə dərəcədə haqlı olub-olmamasına, onun hansı addımları atmalı olmasına aydınlıq gətirilməsini xahiş etdik. Ancaq budəfəki müraciətimizə hər hansı cavab ala bilmədik.
Mövzu ilə əlaqədar Baş Prokurorluğun mətbuat xidməti ilə də əlaqə saxlayıb vəziyyəti izah etdik. Ramil Hacalıyevin şikayətini, Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Kamal Talıbovun şikayətçiyə rəsmi məktubunda qeyd olunanları onların da diqqətinə çatdırdıq. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov tövsiyə etdi ki, zərərçəkən tərəfin nümayəndəsi vəkil vasitəsilə Baş Prokurorluğa müvafiq qaydalara uyğun şəkildə müraciət etsin.
Məsələ ilə bağlı sığorta məsələləri üzrə ekspert, tanınmış vəkil Samir İsayevin də fikirlərini öyrəndik. O, hadisə barədə öyrənib müvafiq sənədlərlə tanış olduqdan sonra bildirdi ki, vətəndaşın sığorta ödənişini alması üçün hələ də zamanı var. Bunun üçün o, bu proseslərdən məlumatlı olan bir vəkil tutmalı, onun vasitəsilə problemini həll etməlidir. Vəkil S.İsayev bildirdi ki, ilkin mərhələdə vətəndaş Ramil Hacalıyev rəsmi şəkildə Baş Prokurorluğa müraciət etməlidir. Müraciətinə rəsmi cavab aldıqdan sonra isə məhkəmə qaydasında problem həllini tapmalıdır.
Rufik İSMAYILOV
Kaspi.-2016.-5 oktyabr.-S.15.